İstedadından güc alıb, zəhmətilə ucalan (Portrtet cizgiləri)

İlhamə Məhəmmədqızı: “Respublikamızın sayılıb-seçilən media qurumlarında fəaliyyət göstərən tələbələrimin xoş sorağını eşitdikcə çox sevinirəm və onlarla qürurlanıram”

Yadıma gəlir ki, 1977-ci ilin əvvəlində Sumqayıtda yaratdığım “Ümid” Teatr –Studiyası və az bir vaxtda Sumqayıt Gənclərinin Xalq Teatrı olan bu kollektiv artıq 1979-80-cu illrədə tam məşhurlaşmışdı. Çünki bu kollektivdə 2-3 illik aktyor sənəti, səhnə danışığı və teatrla bağlı lazım olan bütün dərsləri keçən yüzdən çox həvəskarlar mənim quruluş verdiyim tamaşalarda peşəkar aktyorlar səviyyəsində rollar oynayır və oynadığı bu rollara görə Sumqayıt məktəblilərinin öz yaşıdları olan bu “balaca aktyorlara” marağı çox böyük idi. Ona görə də həftənin 4-5 günü “Oktyabr” ( indiki 28 May) Mədəniyyət evindəki 300 nəfərlik tamaşaçı zalı həmişə dolu olurdu. Həmin Teatr-Studiyada və Sumqayıt Gənclərinin Xalq Teatrında biz, həvəskar aktyorlara təkcə teatr sənətindən yox, həm də ədəbiyyatdan, tarixdən, psixologiyadan, musiqidən, rəqslərdən və jurnalistikadan da dərslər keçirdik. Jurnalistikadan dərsləri o vaxtlar təkcə Sumqayıtda yox, həm də Respublikada jurnalist kim çox tanınan, istedadlı insan və bu gün ömrürün 84-cü ilini yaşayan Ələsgər Qurbanov keçirdi. O, özü də bir vaxtlar teatrda aktyor işləmişdi və həm də çox maraqlı xarici pyesləri dilimizə orijinal formada tərcümə eləyirdi. Ələsgər müəllim həm də bizim kollektivin ən böyük təbliğatçılarından biri idi. Belə ki, Respublika və Sumqayıt mətbuatında bu kollektiv haqqında tez-tez maraqlı yazılar yazırdı. Həmin vaxtlar Ələsgər Qurbanov Sumqayıt şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət evində də “Gənc müxbirlər” adlı dərnək yaratmışdı. O, tez-tez həmin məktəbli jurnalistləri bizim kollektivin tamaşalarına gətirir və tamaşaya baxandan sonra onlar həmin tamaşalar haqqında öz təəssüratlarını ressenziya formasında yazırdılar. Bax, yadımdadır ki, həmin məktəbli jurnalistlər arasında 12-13 yaşlı bir qız da vardı. O, özünün orijinal sualları, dilli-dilavər olması, maraqlı şeirlər, mənsur şeirlər, məqalələr yazması ilə mənim də diqqətimi cəlb eləmişdi. O, tamaşalara da çox maraqla baxır və həmin tamaşalardan sonra xeyli sual verirdi. Bir tamaşaya isə o, daha tez-tez baxırdı. Bu tamaşa mənim quruluşumda məktəblilərin həyatına həsr olunan Feyruz Məmmədovun “Anasının gül balası” tamaşası idi. Bu tamaşada isə baş rolu həmin məktəbli qızla eyni məktəbdə - 21 nömrəli tam orta məktəbdə, amma ondan iki sinif yuxarıda oxuyan Əli Abdullayev oynayırdı. Əlini oynadığı həmin Eldar roluna görə Sumqayıtın bütün məktəbliləri çox sevirdi. Əfsus ki, Əli Abdullayev cəmi 16 il yaşadı. Onun qanında leykoz olduğuna görə dünyasını vaxtsız dəyişdi. Onun ölümü təkcə mənə, teatr kollektivinə və valideynlərinə yox, bütün tamaşaçılara çox pis təsir eləmişdi. Mən və bütün sumqayıtlılar onu gələcəyin ən maraqlı aktyorlarından biri kimi görürdük. Həmin vaxtı Ələsgər Qurbanov və onun “Gənc müxbirlər” dərnəyinin yetirrmələri Əli haqqında maraqlı yazılar da yazdılar. Həmin dilli-dilavər qız da Əli Abdullayevin ölümündən çox kövrəlmişdi. Bu qızı mən 1981-83-cü illərdə Sumqayıtdakı “İnşaatçılar” stadionunun qış zalında hazırladığım Yeni il və Novruz bayramı şənliklərində də görmüşdüm. O, özünün maraqlı şeirlər söyləməsi, yaxşı rəqslər oynaması ilə öz yaşıdlarından seçilirdi. Söylədiyi şeirlərin çoxu da özünün yazdıqları idi. Artıq həmin vaxtlar onun şeirləri, mənsur şeirləri və məqalələri Sumqayıt, Respublika mətbuatında çap olunurdu. Mən artıq inanmışdım ki, bu qız gələcəkdə hökmən ədəbiyyat, incəsənət və ya jurnalistika sahəsində öz sözünü deyəcək.

1985-ci ildən mən Moskvada təhsil aldığım Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinin son kurs tələbəsi kimi Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatıyla Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərildim və az bir vaxtda da bu teatrın direktoru-baş rejissoru oldu. Daha həmin qızın yaradıcılığı ilə əlaqələrim kəsildi. Heç adı və soyadı da tam yadımda qalmadı. 1989-cu ilin yanvar ayından mən yenidən Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik eləməyə başladım. Səhv eləmirəmsə, 1992-ci ilin mart ayında katibə mənə yaxınlaşıb dedi ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi mənimlə görüşmək istəyir. Dedim ki, gəlsin. Bu vaxt kabinetə 20-22 yaşlarında bir qız gəldi. O, məni hələ 1978-79-cu illərdən tanıdığını, o vaxtlar rəhbərlik elədiyim Sumqayıt Gənclərinin Xalq Teatrının tamaşalarına müəllimi Ələsgər Qurbanovun vasitəsilə tez-tez gəldiyini, “İnşaatçılar” stadionunda mənim hazırladığım bayram şənliklərində çıxış etdiyini, Sumqayıt radiosunun əməkdaşı olduğunu dedi və sonra özünü təqdim etdi:

-Mən İlhamə Məhəmmdqızıyam.

Onun bu sözlərindən sonra yadıma həmin dilli-dilavər qız düşdü. Və eşidəndə ki, o, artıq Bakı Dövlət Universitetin jurnalistika fakültəsində əla qiymətlərlə təhsil alır, fikirləşdim ki, zənnim məni aldatmayıb. İlhamə xanım onu da dedi ki, Sumqayıt yerli radiosunda tez-tez çıxış edir.Yadıma saldım Sumqayıt radiosunda onun peşəkar aktrisasayağı məlahətli çıxışlarını və qəzetlərdən oxuduğum məqalələrini...

Həmin gündən sonra İlhamə xanım tez-tez Sumqayıt teatrına gəldi. Teatrın tamaşalarına baxdı. Tamaşalar haqqında orijinal ressenziyalar və aktyorlarla bağlı maraqlı portret yazıları yazdı.

Beləliklə, o, bu 28-30 ildə özünün fitri istedadı, yüksək zəhmətkeşliyi, yaxşı təşkilatçılığı ilə mənim və mətbuatı, ədəbiyyatı sevən sumqayıtlıların gözləri qarşısında böyük sürətlə inkişaf etdi. Ən əsası isə bu illərdə onu yenilikçi insan, orijinal düşüncəli jurnalist, şairə kimi gördüm. Hətta bir vaxtlar “Dünya TV” Sumqayıtda yarananda və ilk addımlarını atanda İlhamə Məhəmmədqızı da orada özünün orijinal müəllif verlişləri olan “Həmsöhbət “ adlı maraqlı proqramını hazırlayırdı. Həmin proqramda Sumqayıtlı ziyalıları, istedadlı insanları bizə yaxından tanıdırdı. Onun özünün apardığı həmin verilişlər İlhamə xanımın təmkinli, məlahətli, səlis danışığı, orijinal suallar verməsi, dərin biliyi və maarifçilik fikirləri irəli çəkməsilə çox maraqla baxılırdı. Sonra İlhamə xanım özü qəzet, jurnal təsis elədi. Bu qəzet və jurnallar da böyük tirajla çap olunmaqla maraqla oxunurdu. Ətrafına çoxlu oxucular cəlb eləmişdi.

Artıq ömrünün 50 ilini arxada qoyan və mətbuat sahəsində sözünü deyən, ilk şeirləri, mənsur şeirləri, məqalələri 40 il bundan qabaq işıq üzü görən və bu gün Sumqayıtın ilk ali təhsilli xanım jurnalisti, Sumqayıtın qəzet tarixində ilk qadın Baş redaktor olan, mənim haqqımda ən azından 20-dən çox məqalə yazan, bütün bu illərdə məndən dəfələrlə müsahibə götürən İlhamə Məhəmmədqızından ömrünün 50-ci baharında bu dəfə mən müsahibə götürdüm.

Öncə çoxminli oxucularla İlhamə xanımı daha yaxından tanış etmək istəyirəm:

Qısa arayış: İlhamə Məhəmmədqızı 1969-cu il iyun ayının 11-də Sumqayıt şəhərində anadan olub. 1976-1986-cı illərdə Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə bədii əsərləri və məqalələri qəzetlərdə çap olunurdu və böyük maraqla qarşılanırdı. Orta məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Sumqayıt şəhər Radio verilişləri redaksiyasında diktor kimi başlayıb. Həmin Radio verlişləri redaksiyası özünün operativliyinə və maraqlı verilişlərinə görə sumqayıtlaların ən sevimli verilişlərindən biri idi. 1995-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bundan sonra peşəkar jurnalist kimi daha böyük yaradıcılıqla işləyib. Belə ki, yazıları təkcə respublika mətbuatında deyil, bir sıra xarici ölkə mediasında da maraqla çap olunub. Müxtəlif illərdə dövri mətbuatda çalışıb. Çoxtirajlı “Sintez”, “Kauçuk”; “168 saat”, “Hər şey sizin üçün”, “Borçalı”, “Azad Azərbaycan”, “Əsrin Sədası” qəzetlərində, “Azərbaycan dünyası”, “İTMagazine”, “Formula uspexa” jurnallarında böyük müvəffəqiyyətlə fəaliyyət göstərib. ETM “Təfəkkür” Universitetinin filologiya fakültəsinin müəllimi işləyib. Qafqaz Media İctimai Birliyinin sədr müavinidir. “İdeal Market” qəzetinin təsisçisi və Baş redaktoru, İstedad MMC-nin təsisçisi və direktorudur. Azərbaycan Jurnalistlər Birliyinin və Dağıstan Yazıçılar Birliyinin üzvüdür. Uğurlu yaradıcılığına görə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomuna və müxtəlif mükafatlara layiq görülüb. “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar və yaxşılıqlar”, “Hikmət dünyası”, “Bəs kimə deyim”, “Zirvəyə doğru” kitablarının müəllifidir. Bir çox kitabların tərtibçisi və redaktorudur.

-Necə oldu ki, siz jurnalist oldunuz?

-Hələ orta məktəbin aşağı siniflərində oxuyarkən abunə olduğumuz qəzet və jurnalları xüsusi həvəslə mütaliə edirdim. Tanış imzalara rast gələndə jurnalistikaya marağım daha da artırdı. Eşidəndə ki, qocaman, istedadlı jurnalist, bir neçə Respublika səviyyəli qəzetlərin müxbiri Ələsgər Qurbanovun rəhbərliyi ilə Sumqayıtda “Gənc müxbirlər” dərnəyi fəaliyyət göstərir, bu dərnəyin üzvü olmağa çalışdım, məşğələlərində mütəmadi iştirak etdim. Bugünki uğurlarıma görə öncə Ələsgər Qurbanova, daha sonra Bakı Dövlət Universitetində təhsil aldığım illərdə mənə dərs deyən görkəmli müəllimlərim Qulu Xəlilova, Nəsir İmanquliyevə, Famil Mehdiyə, Akif Rüstəmova, Cahangir Məmmədliyə, Nəsir Əhmədova və digərlərinə dərin minnətdaram.

-Yaradıcılığınızda daha çox Sumqayıta yer ayırırsınız. Bu nə ilə bağlıdır?

-Sumqayıtda doğulub boya-başa çatdığım üçün bu şəhərin hər qarışı mənə çox doğmadır. Buradakı insanlar çox sadə, təvazökar, işgüzar, halal və fədakardırlar. Sumqayıt və sumqayıtlılardan yazmaqdan həmişə zövq alıram, xüsusi qürur hissi keçirirəm. Acılı, şirinli xatirələrim burada, bu şəhərdə çox olub. Sumqayıt gözlərimin önündə böyüyüb, gözəlləşib. Demək olar ki, Sumqayıtın əksər ziyalılarını, zəhmət adamlarını yaxından tanıyıram. Onların barəsində həmişə çalışmışam layiq olduqları xoş sözləri yazım və onları oxucularıma tanıdım. Sumqayıtda görülən layiqli işlər barədə respublika mətbuatında da vaxtaşırı yazılar dərc etdirməyi özümə mənəvi borc bilirəm.

-ETM “Təfəkkür” Universitetində jurnalistukadan dərs demisiniz. Layiqli tələbələriniz olub. Sizi müəllimliyə bağlayan hansı amil olub?

-Bəli, bir müddət pedaqoji fəaliyyət göstərdim. Tələbələrimə bilik və bacarığımı əsirgəmədim. Həmişə arzu etmişdim ki, yetirmələrim də jurnalistikanın incəliklərinə yaxşı yiyələnsinlər və müsbət keyfiyyətləri özlərinə əxz etsinlər. Hal-hazırda respublikamızın sayılıb-seçilən media qurumlarında fəaliyyət göstərən tələbələrimin xoş sorağını eşitdikcə çox sevinirəm və onlarla qürurlanıram. Mənə elə gəlir ki, müəllim üçün bundan böyük sevinc ola bilməz.

-Yaradıcılığınızda Qarabağ problemi qırmızı xətt təşkil edir. Qarabağla bağlı yazılarınız ayrı-ayrı dillərə tərcümə olunub. Bütün bunlardan sizdə təskinlik olurmu?

-Ümumiyyətlə, Qarabağ problemi hamımızın yaralı yeridir. Bəli, hər bir yazar üçün Qarabağ facisəsini, problemlərini qələmə almaq, şəhidlərimizin ruhuna ehtiramla yanaşmaq mənəvi borcdur. Təskinliyimizi heç olmazsa , oxucularımızın qəlbinə yol tapmaqda, dərdlərimizi bölüşməkdə, səbr və təmkinlə bu həssas məsələyə yanaşmaqda tapırıq və inanırıq ki, yaxın zamanda Qarabağ çözümü açılacaq, işğal altında olan torpaqlarımıza qovuşacağıq! Çünki həmin torpaqları tezliklə geri qaytarmaq bizim mənəvi, müqəddəs borcumuzdur. Torpağı əsarətdə qalan xalq üçün bundan böyük utanc yoxdur.

-Siz həm jurnalist, həm də şairəsiniz. Bu iki yaradıclıqla məşğul olmaq sizi yormur ki?

-Xeyr, mən xoşbəxtəm öz yaradıcılığımla! Yorulmuram, əksinə qəlbimin dərinliklərində olan fikirlərimi, arzularımı, düşüncələrimi ağ vərəqlərə süzəndə mənəvi rahatlanıram. Sevinirəm ki, dəyərli oxucu yazdıqlarıma nəzər salaraq öz layiqli dəyər və qiymətini verir...

-Sumqayıt şəhərinin 70 illiyi ərəfəsində, bu şəhərdə son 4 ildə görülən işlər barədə nə deyə bilərsiniz?

-Bir kəlmə ilə qeyd edim ki, Sumqayıtda son dörd ildə aparılan işlər möhtəşəmdir və böyük möcüzədir. Hamısı barədə qeyd etsək, çox vaxt aparacaq. Amma hər görülən iş göz önündədir. Bu hamımızı çox sevindirir. Var olsun qadirlər, yaxşılar və yaxşılıqlar!

-Bu il Sumqayıtın 70 və sizin də anadan olmanızın 50 illik yubileyidir. Ömrünüzün 40 ilini jurnalistikaya və ədəbiyyata həsr edən bir xanım kimi gələcək fəaliyyətinizi necə görürsünüz?

-Hələ indən belə yaradıcılığmda demək istədiklərimi yazmaq üçün əzmlə çalışmaq istəyirəm. Yarıməsrlik həyatımda nələr yazıb-yaratmışamsa, oxucu sevgisi qazanmışamsa, Ulu Tanrıma, valideynlərimə və müəllimlərimə çox borcluyam! Sözsüz ki, istedad üstəgəl zəhmət və üstəgəl şans dolanbac həyat yollarımda məni uğura doğru inamla addımladır. Bu yollarda mənə dayaq və dəstək olanlara da dərin təşəkkürümü bildirmək istəyirəm. Nə yaxşı ki, varsınız və həmişə mənə dəstək olursunuz. Ümumiyyətlə insanın ətrafında nə qədər təmiz fikirli və heç bir təmənna ummayan pak adamlar çox olsa, onun böyük uğurlar qazanmaq şansı daha çox olur. Ulularımız da deyir ki, yaxşılıq elə möhtəşəm, uca ağacdır ki, o hər yerdən görünür.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadim

Bütün xəbərlər Facebook səhifəmizdə