Tanınmış yazıçı, şairə, jurnalist İlhamə Məhəmmədqızının iyun ayının 11-də doğum günüdür. O, lap yeniyetməlik illərindən həm bədii əsərləri və həm də maraqlı məqalələrilə oxucular tərəfindən sevilib. Hər bir yazısı oxunaqlı olduğuna görə Kütləvi İnformasiya Vasitələrinin rəhbərləri onun yazılarını öz qəzetlərində, jurnallarında, saytlarında böyük həvəslə çap ediblər. Ömrürün 50 illik baharında biz, bir daha sevimli yazıçı-jurnalist İlhamə Məhəmmədqızı ilə çoxminli oxucularımızı yaxından tanış etmək istəyirik. Çünki belə bir yazıçı- jurnalisti oxucular daha yaxından tanıyıb, onun əsərlərini oxumalıdırlar.

Qısa arayış: İlhamə Məhəmmədqızı 1969-cu il iyun ayının 11-də Sumqayıt şəhərində anadan olub. 1976-1986-cı illərdə Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə onun bədii əsərləri və məqalələri qəzetlərdə çap olunurdu və böyük maraqla da qarşılanırdı. Orta məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Sumqayıt şəhər radio verilişləri redaksiyasında diktor kimi başlayıb. Həmin radio verlişləri redaksiyası özünün operativliyinə və maraqlı verilişlərinə görə sumqayıtlaların ən sevimli verilişlərindən biri idi. Bu radio verilişlərində də İlhamə xanım əmək adamları haqqında yazdığı maraqlı oçerklər, portret yazılarını elə maraqla söyləyirdi ki, hamı ona diqqətlə qulaq asırdı. İlhamə Məhəmmədqızı 1995-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini biitirib. Bundan sonra peşəkar jurnalist kimi daha böyük yaradıcılıqla işləyib. Belə ki, onun yazıları təkcə respublika mətbuatında deyil, bir sıra xarici ölkələrdə də maraqla çap olunub. O, müxtəlif illərdə dövri mətbuatda böyük uğurla çalışıb. Çoxtirajlı “Sintez”, “Kauçuk”; “168 saat”, “Hər şey sizin üçün”, “Borçalı”, “Azad Azərbaycan”, “Əsrin Sədası” qəzetlərində, “Azərbaycan dünyası”, “İTMagazine”, “Formula uspexa” jurnallarında böyük müvəffəqiyyətlə fəaliyyət göstərib. Hər bir yazısı da həmişə maraqla qarşılanıb.
İlhamə xanım bir neçə il ETM “Təfəkkür” Universitetinin filologiya fakültəsinin müəllimi olub. Bu gün İlhamə Məhəmmədqızı “İdeal Market” qəzetinin təsisçisi və Baş redaktoru, İstedad MMC-nin təsisçisi və direktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Uğurlu yaradıcılığına görə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomuna layiq görülüb. Onun məqalələri ilə bədii yazıları həmişə paralel addımlayır. Yüksək vətənpərvərlik ruhunda yazdığı şeirləri, mənsur şeirləri oxucuların dillər əzbəridir.
İlhamə Məhəmmədqızı “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar və yaxşılıqlar”, “Hikmət dünyası”, “Bəs kimə deyim”, “Zirvəyə doğru” kitablarının müəllifidir. Bir çox kitabların isə tərtibçisi və redaktorudur. Harada işləməsindən, harada çalışmasından asılı olmayaraq İlhamə xanım həmişə özünə və yaradıcılığına qarşı çox cavabdeh insan olub. Məhz buna görə də hamı tərəfindən hörmətlə, istəklə qarşıalnıb. Ona görə də İlhamə xanımın həmfikirləri, dostları çoxdur.
Biz də onu ad günü və yubileyi münasibətilə təbrik edib, yaradıcılıqda daha böyük uğurlar arzu edirik. Onun bir neçə mənsur şeirini isə çoxminli oxucuların ixtiyarına veririk. İnanırıq ki, bu mənsur şeirlər hamı tərəfindən maraqla oxunacaq. Və bu mənsur şeirlər sizin yaddaşınıza köçəcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

İlhamə MƏHƏMMƏDQIZI

(Mənsur şeirlər)

O, bir düha, bir dünyadı

Ulu öndər Heydər Əliyevə ithaf

Dövr, zaman sınağından dönə-dönə çıxmış, çıxa-çıxa ucalmış, ucala-ucala sevilmiş, sevilə-sevilə ürəklərdə özünə əbədi iz qoymuş dühadır Ata Heydər. Nər görkəminə, iti, nüfuzlu baxışına, qürurlu yerişinə, zəhmli səsinə hər kəs ehtiram etmiş, ömrünü xalqına şam etmiş, axşam-səhər daim düşünmüş, düşünə-düşünə də xalqını işıqlı sabahlara səmt etmiş dəryadır Ata Heydər. Nə qədər ürək dolusu kəlmələr şəninə söylənsə də yenə azdır. Yaşayır onu sevənlərin qəlblərində əməlləri, diləkləri Ulu Öndərin. Bütün dünyanın həsəd apardığı Ata Heydər nə qədər biz millət kimi varıqsa beləcə böyük məğrurluqla anılacaq, işıqlı dünya sanılacaq, adına nəğmələr, dastanlar bir daha qoşulacaqdır. Yeganə həqiqətdir ki, xalqımız üçün səadətdir: Ata Heydəri böyük, sönməz sevgiylə əbədi yaşatmaq, firavan günlərə İlhamla çatmaq!

İtiririkmi özümüzü, tapırıqmı

Qəribə talelər var bu dünyada. Yarımçıq ömürlər var bu dünyada. İnsanlığını itirənlər, mənəviyyatsızlar, çürük fikirlilər var bu dünyada. Şəxsiyyətini qiymətləndirənlər, uca tutanlar, sevilənlər, sevənlər var bu dünyada. Təəssüflənənlər, təəccüblənənlər, təsirlənənlər var bu dünyada. Haqlılar, haqsızlar var bu dünyada...
Axı bu dünyada insanları iki qüvvə idarə edir?: - Xeyir və Şər qüvvəsi! Kimidə xeyir çox qalib gəlir. Kimidə şər. Biz bu az-çoxluğu ömrümüz boyu ölçürük, taleyə, qismətə çəkirik. Umuruq, küsürük, gileylənirik, yaxud razılaşırıq, “şükür!” deyirik, sevinirik. Bir vaxt gəlir ki, ruhumuzu yaşatmaqla əzəli-əbədi, gəlimli-gedimli dünya ilə cismən vidalaşırıq. İtiririkmi özümüzü, tapırıqmı?.. Bax insan həmişə hər bir işi görəndə gərək bu sualın cavabını da özü üçün aydınlaşdırsın.

Tənha çinar ağacı

Eyvanımızın qarşısında bir çinar ağacı boy atırdı, boylanırdı. Onu nə səbəbdənsə soyuq ürəklər məhv etdilər. Tənha çinar ağacı, bilinmirdi neçəydi yaşın. Nə qədər illər yola salmışdın qoynundan, fəsillər sallamışdın uca boynundan. Soyuğa, istiyə sinə gərmişdin, neçəsini kölgənə çəkmişdin. Çox zaman təkbətək idik səninlə, təsəlli verirdin, deyirdin: məsləhəti dinlə, nə sızla, nə inlə, yaşama kinlə. Sirdaşımıydın, qardaşımıydın. Baxdıqca doymurdum vüqarından, pay alırdım qürurundan. Səbrlə dinləyirdin ürəyimin səsini. Yarpaqların meh əsdikcə quştək dənləyirdi dərdi-sərimi. Sinəndən gələn cəh-cəh səsləri pərvazlandırırdı diləklərimi, hüsnündən saçan yaşıl işıq yaşadırdı ümidlərimi. Ömrün sərt yelləri əsəndə dəyişirdin ovqatımı. Dərd dilə gəlməyəndə baxışlar söz söyləyirdi. Sonra isə hər şey müəyyən andaca unudulurdu, Tanrıdan xoş günlər umulurdu. Ucalsan da göyün qatına mənəm demirdin, ayam, günəm demirdin. Arxanam, dayağınam deyirdin. Sənin xətrinə niyə dəyildi? Sənə necə qıyıldı? Qol-budağın qırıldı, varlığın yox oldu, gözlərim yaşla doldu. İndi xəyalımdasan. Ruhunla ruhumdasan, tənha çinar ağacı!

Tənhalıq

İlahi, gecə də, gündüz də bərabərləşir gözümdə tənha qalanda. Gecələr gözlərim dikilir göyə, ulduzlarla həmsöhbət olum deyə. Beləcə qarşılayıram dan üzünü. Səhərimlə salamlayıram dənizimi. Gecələr ən etibarlı həmdəmim olan ulduzların lal sükutunda qorunur kədərim, qəmim. Sirdaşım, dərddaşım olan dənizim sirrimi heç vədə verməz kimsəyə. Mavi ləpələrlə bölüşürəm sevincimi, kədərimi. Dəniz nəğmə oxuyur tənhalıq adında. Yadımda qalan sənin adın və sənli xatirələr... Anıram və bu an ömrümə nur saçılır. Açılır bənizim. Dənizim də, göy üzüm də, ulduzlar da, duyğular da pak, dupduru. Hamımızın arxasında Tanrı durur!

Bir qərib axşamda xatırla məni

Üşüyən qəlbin isinsin deyə, bir qərib axşamda xatırla məni...
Zərif xəyalım qonağın olsun, könlünə qonsun. Varlığım dumanlı, pərişan fikirlərini qovsun. Həzin baxışlarım həzin baxışlarına qovuşsun. Ən yaxşı, ən şirin röyana çevrilim. Saf, ülvi məhəbbətimlə sevdalı dəqiqələrini bəzəyim. Əzablı günlərin qərib axşamın qərib pıçıltısıyla unudulsun. Sevinc dolu təbəssüm qismətin olsun...
Üşüyən qəlbin isinsin deyə, bir qərib axşamda xatırla mənim...

Mənim çiçək yalnızlığım

Alaq otları, kol-kos ətrafımı bürüyüb. Bir çiçəyəm, bağrı qandır ürəyim. Yolçulardır mehmanım, əlçatmazdır vüsalım. Söz bulağım təmizliyi, qaynarlığı çox sevir. Daş atana nifrətini, qəzəbini sezdirir.
Sərt həyat sərt qayada sərt küləklə üşüdür, soyuq qar altında gizlədir məni, dəli buludların olmur son həddi.
Ərköyün-ərköyün, qərib-qərib, süzgün-süzgün baxır, sübh şehinə batır mənim çiçək yalnızlığım. Səadətə, məhəbbətə əl uzadır, əli çatmır. Arzu, istək aynasına yaxınlaşır, pərdə qalxmır...
Xoşbəxtlik şəlaləsi, sevda selləri axıb tökülsə, yeni həyat bahar səmasıtək üzümə gülsə, nəğməli bəzəyə çevrilər mənim çiçək yalnızlığım, mənim gerçək yalqızlığım...

Bil ki, mənəm

Nigaran bir gül görsən, bil ki, mənəm. Dilsiz, lal, ümidsiz, gümansız bir gül. Bülbülünün təranəsi susmuş bir çiçək.
Heç olmasa könül səsimi duyaydın. Durnaların qanadında olaydım. Soyuğuna dözməyib uçaydım kaş. Üzüləydim yerdən. Uca-uca dağların başına qalxaydım. Ayın yalqızlıq qəminə, tənhalıq dərdinə şərik olaydım. Geniş göy, təmiz səma uzadaydı ömrümü. Unudaydım kədərimi, qəmimi...
Nigaran bir gül görsən, bil ki, mənəm. Dilsiz, lal, ümidsiz, gümansız bir gül. Bülbülünün təranəsi, cəh-cəhi susmuş bir çiçək...

İnamım, ümidim, qürurum mənim

Seyrə çıxıram xəyal dənizimi. Bəzən coşub-çağlayan, bəzən də lal-dinməz görünən şıltaq dənizimi. Məni qoynuna səsləyən dənizimi.
Mavi ləpələr xoş dəqiqələr bəxş edir mənə. Sevinc qarışıq nur ələnir çöhrəmə. Həzin bir musiqi dinləyirəm.Dəniz mehli, həyat eşqli musiqi.
Musiqi təranələri altında xəyal dənizimin ayna donuna tamaşa edirəm və sənin əksini görürəm. Günəşin zərrin şəfəqləri dalğın saçlarının bəzəyidir, mənim mavi gözlü qonağım. İlıq nəfəsin gəlir. Gözlərim gözlərinə dikilir...
Heyran edir məni sadəliyin, təvazökarlığın. Aydınlığa aparır bütün varlığın. İti baxışların qəlbimi pərvazlandırır. Şirin, bal kimi söhbətlərin inamımı, ümidimi artırır, qürurum mənim.
Ayrıla bilmirəm xəyal dənizimdən. Bir daha, bir daha seyrə çıxmaq istəyirəm. İnamımı,ümidimi, qürurumu görmək üçün baş vurmaq istəyirəm xəyal dənizimə. Məni qoynuna səsləyən dənizimə. Çünki orada mən səninlə görüşürəm. Sən və dəniz- hər ikiniz ayrılmazsınız, əzizsiniz mənimçün...

İLHAMƏ MƏHƏMMƏDQIZI
(Şeirlər)

MƏHƏBBƏT ADLI
Bir duyğu canlanır ürəyimizdə,
Sənin də, mənim də məhəbbət adlı.
Könül laylalanır gözlərimizdə,
Sənin də, mənim də səadət adlı.

Eşqin şən sədası var səsimizdə,
Sənin də, mənim də məhəbbət adlı.
Ümid dalğalanır həvəsimizdə,
Sənin də, mənim də şəkərdən dadlı.

Sevib-sevilməkdi gərəyimiz də,
Sənin də, mənim də məhəbbət adlı,
İstək alovlanır sözlərimizdə,
Sənində, mənim də sevgiyə bağlı.

Ömür xatirədir izlərimizdə,
Sənin də, mənim də məhəbbət adlı.
Dirilir arzular nəfəsimizdə,
Sənin də, mənim də bahar ovqatlı.

QALDI
Taleyim küsdürdü qəlbimi mənim,
Göynədikcə sinəm, hey susdu dilim,
İstədim dərdimin sirrini bilim,
Arzu-istəklərim sözümdə qaldı.

Bahar, yayım qarlı qışdı könlümdə,
Sevinc payım qəm-kədərdi ömrümdə,
İstədim ki, görəm xoş gün ilimdə,
İntizar həsrəti gözümdə qaldı.

İmtina eylədim məhəbbətimdən,
Eşqim kədərləndi səxavətimdən,
Axtardım, yenə də tapım sevgimdən,
Qəmli bir xatirə izimdə qaldı.

EŞQƏ DÜŞMƏDİM

Sevgisi ağladar əsl sevəni,
Mən özümü, nə özgəni sevmədim.
Ya qulu olmadım, ya da ağası,
Eşqin hüzurunda boyun əymədim.

Tapılmaz dərmanı, olmaz əlacı,
Çünki kədəri var, zəhərdən acı.
Sevgi-məhəbbətdən həsrət adlı
Qəlbimə intizar donu geymədim.

Dalmadım xəyala, qalıb nigaran,
Hicranın qəmindən etmədim üsyan.
Dilimdə sus dedim bəxtimə dayan,
Könül sındırmadım, xətrə dəymədim.

Bil ovçudur ki, eşq şikar olduğun,
Gör nələr çəkibdir cəfadan Vurğun,
Bildim əfsanədir Leyli və Məcnun,
Bunca mən özümü belə öymədim

SORUŞMA MƏNDƏN

Atəşim, öz odum yandırsın məni,
İstəmirəm oda çəkəm özgəni.
Mən necə danışım sənə sirrimi,
Dindirib dərdimi soruşma məndən.

Yazılıb sinəmdə oxunmaz dastan,
Hərdən ürək sirrin dil susur demir.
Qəflətdə lal olur günahsız insan,
Dindirib dərdimi soruşma məndən.

Saflığın sandığı bağlandı qaldı,
Loğman cəllad olub qılıncı çaldı.
Sən də dərd oduna alışma qəmdən,
Dindirib dərdimi soruşma məndən.

Dünya hər gələnin qibləgahıdı,
İnsan nəfsinin qul övladıdı,
Hər kim ki, yıxıldı öz günahıdı,
Dindirib dərdimi soruşma məndən.

ACI TALEYİM

Könlüm qəmləndikcə gözüm qan ağlar,
Açılmaz üzümə nurlu sabahlar.
Yoxdur mənə qəlbən həmdəm insanlar,
Mehrimdən varımı itirmişəm mən.

Talanıb taleyim, tapdalanıbdı,
Gözümdə zülmün mehri qalıbdı.
Fələk uğurumu məndən alıbdı,
Cənnətdən narımı itirmişəm mən.

Xəzan baharımı qışa döndərdi,
Bəxtim dərd üzünü mənə göstərdi.
Ruzi çiçəyimi müxənnət dərdi,
Bağımdan barımı itirmişəm mən.

Qəlbimin avazı dondu qəlbimdə,
Sükut özünə yurd saldı qəlbimdə,
Haqq sözüm dilimdə, mizrab əlimdə,
Sinəmdən tarımı itirmişəm mən.

Zaman zalım oxun sancdı sinəmə,
Yüz min loğman gəlsə bir əlacı yox.
Sevgi-məhəbbətdən şikayətim çox,
Qəmxaram, nazımı itirmişəm mən.

Canım cansız qalıb can otağımda,
Şəfqət daşa dönüb dil-dodağımda,
Qalmışam tabutum öz qucağımda,
Ümid sabahımı itirmişəm mən.

Sən bir təsəlli de, xəyala dalım,
Unudub bir anlıq acı kədəri,
Şirin arzuların qoynunda qalım,
Səbri-qərarımı itirmişəm mən.

İlhaməyəm, ömrüm zülmətə düşdü,
Zülmətdən zülmlü qürbətə düşdü.
Qürbətdən bəlalı möhnətə düşdü,
Ürək sirdarımı itirmişəm mən.

YAZIĞIM GƏLİR

Baxanda bəşəri qəlbən duymayan,
Xəbis niyyətindən uzaq durmayan,
Görə-görə miskinlikdən doymayan,
Kor olan gözlərə yazığım gəlir.

Şairlik yükünü çəkmək istəyən,
Özünü əbədi əkmək istəyən,
Sözü sözə qatıb içmək istəyən,
Doğranmış sözlərə yazığlm gəlir.

Üzündə müdriklik nuru olmayan,
Kamil insanlıqdan soraq almayan,
İlk gündən əlamət izi qalmayan
Bozarmış üzlərə yazığım gəlir.

Nizami, Nəsimi gör nələr yazıb,
Quran da qələmlə xəzinə qazıb,
Bəs kimdi o həzrət yuxular yozub,
Əsilsizlər, sizlərə yazığım gəlir.

Könül laylasında qış baharımdı,
İlahi bəxş edən ruh avazımdı,
Şeir aləmində vəhdət lazımdı,
Nəfsi əlillərə yazığım gəlir,
Saxta şairlərə yazığım gəlir.

QALDI

Taleyim küsdürdü qəlbimi mənim,
Göynədikcə sinəm, hey susdu dilim,
İstədim dərdimin sirrini bilim,
Arzu-istəklərim sözümdə qaldı.

Bahar, yayım qarlı qışdı könlümdə,
Sevinc payım qəm-kədərdi ömrümdə,
İstədim ki, görəm xoş gün ilimdə,
İntizar həsrəti gözümdə qaldı.

İmtina eylədim məhəbbətimdən,
Eşqim kədərləndi səxavətimdən,
Axtardım, yenə də tapım sevgimdən,
Qəmli bir xatirə izimdə qaldı

Könlüm qəmləndikcə gözüm qan ağlar,
Açılmaz üzümə nurlu sabahlar.
Yoxdur mənə qəlbən həmdəm insanlar,
Mehrimdən varımı itirmişəm mən.

Talanıb taleyim, tapdalanıbdı,
Gözümdə zülmün mehri qalıbdı.
Fələk uğurumu məndən alıbdı,
Cənnətdən narımı itirmişəm mən.

Xəzan baharımı qışa döndərdi,
Bəxtim dərd üzünü mənə göstərdi.
Ruzi çiçəyimi müxənnət dərdi,
Bağımdan barımı itirmişəm mən.

Qəlbimin avazı dondu qəlbimdə,
Sükut özünə yurd saldı qəlbimdə.
Haqq sözüm dilimdə, mizrab əlimdə,
Sinəmdən tarımı itirmişəm mən.

Zaman zalım oxun sancdı sinəmə,
Yüz min loğman gəlsə bir əlacı yox.
Sevgi-məhəbbətdən şikayətim çox,
Qəmxaram, nazımı itirmişəm mən.

Canım cansız qalıb can otağımda,
Şəfqət daşa dönüb dil-dodağımda,
Qalmışam tabutum öz qucağımda,
Ümid sabahımı itirmişəm mən.

Sən bir təsəlli de, xəyala dalım,
Unudub bir anlıq qəmi, kədəri,
Şirin arzuların qoynunda qalım,
Səbri-qərarımı itirmişəm mən.

İlhaməyəm, ömrüm zülmətə düşdü,
Zülmətdən zülmlü qürbətə düşdü.
Qürbətdən bəlalı möhnətə düşdü,
Ürək sirdarımı itirmişəm mən

BAĞIŞLAYA BİLMƏRƏM

Ayrılıq hey döyür könül qapısın,
Döyünür ürəyim de, necə dözüm,
De, səndən əlimi de, necə üzüm,
Daha bağışlaya bilmirəm səni.

Cəfa çəkir məni öz ocağına,
Həsrət atır məni qəm qucağına,
Dönsəm də bir anlıq eşq qonağına,
Daha bağışlaya bilmirəm səni.

Sənin məhəbbətin deyil mənimlə,
Tənha qovuşuram qəmli qəmimlə,
Mən necə yaşayım, sevib səninlə,
Daha bağışlaya bilmirəm səni.

Bütün gündüzlərim zülmətə dönsə,
Məhəbbət günəşim ruhumda sönsə,
Eşqim üz döndərib məndən incisə,
Daha bağışlaya bilmirəm səni

XƏYALLAR, XATİRƏLƏR

Xəyallara qoşulublar
Ürəyimdə xatirələr.
Bir-biriylə danışırlar,
Necə keçdi ötən illər.

Xatirələr bənzəyirlər
İsti, soyuq fəsillərə.
Xəyallarım izləyirlər
Ürəyimdən keçsə nələr.

Xatirələr, xatirələr,
Hər günüm sizinlə ötər.
Xatirələr, xatirələr,
Ömrün arxasıyla gələr.

Xəyallarım xatırlayar
Keçmişimin mənzərəsin.
Xatirələr yada salar
Məhəbbətdən söz incisin

ŞAİRİN

Bir bulud dayanıb başımın üstə,
Hər il yaş gətirir yaşımın üstə.
Kədərin izi var qaşımın üstə,
Görmürəm dərdinə qalan şairin.

Sirrimi heç kimə yarı bölmərəm,
Qürbətdə məzarım, deyib ölmərəm,
Yanmaram, od tutub yansam sönmərəm,
Varmı ki, halına yanan şairin?

Zəlimxan, Osman da bizim ellidir,
Şeir sənətində ürəkdillidir,
Hamının yazdığı xalqa bəllidir,
Olur hərdən qəlbi duman şairin.

Cəlladdan cəllada şikayətim yox,
Nə varım, dövlətim, imarətim yox,
Kimsənin yanında qəbahətim yox,
Kimdi dediyini qanan şairin.

Zövqüm təbiətin zövqünə uyğun,
Duymazsan ürəkdə yoxdusa duyğun,
Xəyallara dalğın olsa da yorğun,
Olmaz yazdığında yalan şairin

FAYDASI YOXDUR

Bir gün gələcəksən məzarım üstə,
Baxıb məzarıma ağlayacaqsan.
Gözlərindən axan göz yaşlarının
Özün biləcəksən faydası yoxdur.

Məzarım üstünə qoyub getdiyin
Güllər solacaqdı sən gedən kimi.
Mən ki, yoxam, daha məni sevməyin
Özün biləcəksən faydası yoxdur.

Çəkmə bu əzabı, bir daha gəlmə,
Yoxluğu özünçün bir varlıq bilmə.
Bir gün də gələcək, gəlib-getməyin
Özün biləcəksən faydası yoxdur.

Onsuz da bir zaman unudacaqsan,
Qəbrimin üstünə gəlməyəcəksən.
Asta pıçıldayıb sən deyəcəksən,
Axı, bu getməyin fadası yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...