Yazıçının Türkiyədə möhtəşəm uğurları FOTOLAR

Hümbət Həsənoğlu: “Türkdilli xalqlar obrazlı desək elə bil ki, bir qatardır. Həmin qatarın vaqonlarını da bir-birinə bədii söz birləşdirəcək”

Artıq qısa vaxtda üç kitabı çap olunmaqla Azərbaycan ədəbiyyatında öz sözünü demiş və heç kimi təkrarlamadan öz yolunu yaradan Hümbət Həsənoğlunun qardaş Türkiyə Respublikasında iki kitabı çap olunub. Bunlar- “Kelebek mutluluğu” (“Kəpənək xoşbəxtliyi”) və “Aforizmlər” kitablarıdır. Onu da vurğulamaq istəyirəm ki, Hümbət Həsənoğlu Azərbaycan və Türkiyə ədəbiyyatında sırf aforizmlər yazan yeganə yazıçıdır. Doğrudur Azərbaycan və Türkiyə ədəbiyyatında bəzi şair və yazıçılar maraqlı aforizmlər, sitatlar yazıblar. Həmin aforizmlər xalq tərəfindən də maraqla qarşılanıb. Amma sırf bu sahə ilə məşğul olan az yazarlardan biri də Hümbət Həsənoğludur. Onun 1000-dən çox aforizmləri var. Türkiyədə çap olunan kitabları ilə bağlı Hümbət Həsənoğlu qardaş Türkiyə Respublikasından çox təmtəraqlı görüşlərdən yenicə qayıdıb. Biz, Hümbət Həsənoğlundan Türkiyə və onun müasir ədəbiyyatı ilə bağlı fikirlərini öyrənmək üçün fikir mübadiləsi apardıq. İlk öncə Hümbət Həsənoğlu ilə oxucularımızı bir daha yaxından tanış etmək istəyirəm.
Qısa arayış: Hümbət Həsənoğlu (Quliyev) 1972-ci ildə Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. 1972-1973-cü illərdə Sumqayıt Kompressorlar zavodunda cilalayıcı vəzifəsində çalışıb. 1973-1977-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ( indiki Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsində təhsil alıb. Sonra 1977-1979-cu illərdə Rusiya Fedorasiyasının Saratov şəhərindəki Tibb Universitetinin hərbi-tibbi fakültəsində təhsilini davam etdirib. 1979-1985-ci illərdə Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim və sonra baş həkim vəzifəsində işləyib. 1985-1987-ci illərdə Leninqrad (indiki Sankt-Peterburq) Hərbi-Tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında çalışıb. Özünü yenilikçi həkim kimi sübut edib. Məhz bundan sonra ona Sovetlər ölkəsi üçün daha cavabdehli işi tapşırıblar. Belə ki, 1987-1992- ci illərdə Hümbət həkim Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində işləyib. Orada özünü yüksək ixtisaslı həkim kimi bir daha sübut edib. 1991-ci ildə Berlin Biznes Məktəbini bitirib. Hümbət Həsənoğlu (Quliyev) bu sahədə Almaniyada təhsil alan ilk azərbaycanlıdır.
1993-1997-ci illərdə Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub.
1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezident Adminstrasiyası Nəzdində Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində departament rəhbəri vəzifəsində çalışıb. 1999-2004-cü illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Sumqayıt Sahibkarlar Assosiasiyasının sədri olub. Elə həmin vaxtlar “Sumayıt market” qəzetinin təsisçisi və baş redaktoru kimi də çalışıb. 2004-2008 -ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Abşeron Regional İnkişaf Şöbəsinin Müdiri işləyib. 2008-ci ildən Regional Sahibkarlığın Araşdırma Mərkəzinin sədri, “Cökəli” firmasının təsisçisi və direktorudur.
Hümbət Həsənoğlu (Quliyev)Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə iştirak etməklə, Azərbaycanı layiqincə təmsil edib.
Özünün yüksək erudisiyası, savadı, iti ağlı, maraqlı təxəyyülü, böyük məntiqi düşüncəsilə Hümbət Həsənoğlu hələ orta məktəb illərindən Professor ləqəbi adını alıb. Sonra harada oxumasından və işləməsindən asılı olmayaraq o, bu ləqəbi həmişə doğruldub. Təkcə orta məktəb və tələbə yoldaşları, müəllimləri yox, həm də rəhbərlik etdiyi kollektivlər də həmişə Hümbət Həsənoğluna Professor deyib və belə müraciət eləyiblər.
Keşməkeşli, maraqlı həyat təcrübələri ilə dolu çox zəngin bir ömür yaşayan, dünyanın çoxlu ölkələrində olmuş və ən nəhayət yüksək biliyə, savada, təxəyyülə malik, dərin fəlsəfi düşüncəli Hümbət Həsənoğlu (Quliyev) kimi bir insan deməli, bütün bu illərdə ədəbiyyata yol gəlirmiş.O, təxminən üç il bundan qabaq bu sahəyə gəldi və qısa vaxtda bir-birindən maraqlı üç kitab yazdı. 1000-dən çox aforizmləri, iki yüzdən çox maraqlı hekayələri, pritçaları, növellaları, esseləri ərsəyə gətirdi. O, tibb, sahibkarlıq sahəsində yeni sözlər deməyi, özünün orijinal fikirlərilə çoxlu insanları öz ardınca aparıb, Azərbaycanda sahibkarlığın əsasını qoyanlardan biri olduğu kimi, bu üç kitabı ilə yazıçılıq, publisistika sahədə də yeni söz deməyi bacardı. Hətta qardaş Türkiyədə də özünü maraqlı bir yazıçı kimi sübut edib, Vətənə böyük uğurla qayıtadı. İnanıram ki, Hümbət Həsənoğlunun Türkiyədə çap olunan hər iki kitabı az bir vaxtda orada da böyük oxucu marağı qazanacaq və müəllifinə layiqli şöhrət gətirəcək. Hətta, Hümbət Həsənoğlunun bu maraqlı əsərləri tezliklə bütün türkdilli xalqların və bir sıra əcnəbi ölkələrin də dildinə tərcümə olunmaqla Azərbaycan ədəbiyyatını dünyada təmsil edəcək. İnanıram ki, o günlər heç də uzaqda deyil.

-Siz tibb və sahibkarlıq sahəsində belə böyük uğurlar qazanmışdınız. Bəs necə oldu ki, ədəbiyyat sahəsinə də gəldiniz?
-Ədəbiyyata mənim marağın orta məktəb illərindən olub. Orta məktəb illərində ədəbiyyatdan həmişə yüksək qiymətlər almışam. Hətta yadımdadır ki, Sumqayıt şəhərindəki 17 nömrəli tam orta məktəbin direktoru Səməd Şəfiyev bizə gəlib atama dedi ki, “mən bilirəm Hümbət Tibb İnstitutuna girmək istəyir. Amma bu uşağın ədəbiyyat sahəsində böyük istedadı var. O, ədəbiyyat sahəsində məşğul olsa daha böyük uğurlar qazanar”. Təbbi ki, mənim atam da Səməd müəllimə dedi ki, “bu Hümbətin öz arzusudur. Mən də onun arzusunun qarşısını ala bilmərəm”. Hətta Azərbaycan Dövlət Tibb İnstitutuna girəndə də çox riskli olsa da mən, ədəbiyyatdan sərbəst mövzu yazmışdım və əla qiymət aldım.

-Söhbət orta məktəb illərindən düşdüsə, onda yadınıza bir maraqlı məsələni də salmaq istəyirəm. Sumqayıtdakı 31 nömrəli tam orta məktəbin direktoru, həmin vaxtı sizdən bir sinif aşağıda oxuyan Əməkdar müəllim Xanım Əhmədova deyir ki, siz məktəbin ədəbiyyat müəllimi və sonralar “Ədəbiyyat və İncəsənət” qəzetinin şöbə müdiri işləyən çox məşhur ədəbiyyatşünas, teatrşünas olmuş Nadir Cabbarovla bütün məktəbin şagirdlərinin qarşısında ədəbiyyat sahəsində böyük debat keçiribsiniz. Qələbə isə heç-heçə bitib. Həmin tədbir yadınızdadırmı?
-Bəli, yadımdadır. Məktəbdə böyük bir ədəbi diskussiya oldu.O əlbəttə, yarış deyildi. Sadəcə diskussiya idi. O vaxtı bizim məktəbdə “Diskussiya klubu” fəaliyyət göstərirdi. Orada müxtəlif məsələlərin müzakirəsi keçirilirdi. Mən də həmin diskussiyada şagirdləri təmsil eləyirdim, Nadir müəllim də müəllimləri. Əlbəttə, mən lap uşaq yaşlarımdan təkcə Azərbaycan ədəbiyyatının yox, dünya ədəbiyyatının da böyük yazıçılarının əsərlərni çox oxumuşdum. Özü də həm Azərbaycan və həm də rus dillərində. Onu da vurğulayım və səmimi etiraf eləyim ki, mənim ədəbi zövqümü əsasən rus ədəbiyyatı formalaşdırıb. Elə orta məktəb illərindən də mən əsasən kiçik formalı əsərləri oxumağa daha çox üstünlük vermişəm. Kiçik hekayələri, esseləri oxumaq mənim daha çox xoşuma gəlib. Rus ədəbiyyatında Anton Pavloviç Çexov və qərb əbəbiyyatında isə Edqard Po mənim ən çox sevdiyim yazıçılar olub. Ədəbiyyatın incəliklərinə marağımı bu iki məşhur ədib formalaşdırıb. Bilirsiniz ki, həkimlik sənətində xəsətni uzun müayinə etdikdən sonra ona bir cümlədən ibarət olan diaqnoz qoymaq lazımdır. Ümumiyyətlə böyük fikirləri bir cümlə ilə yekunlaşdırmaq istəyi lap yeniyetməlik illərindən mənim həvəsində olduğum iş olub. Həmişə fikirləşmişəm ki, çox fikiri bir cümlədə demək necə olar? Az sözlə böyük fikirləri, hadisələri necə demək olar? Buna görə spartalıların tarixi mənum üçün maraqlı olub. Ümumiyyətlə kiçik formalar mənim xoşuma gəlib. Qısa fikirlər məni həmişə özünə cəlb eləyib. Çox qalın, uzun romanlar məni az maraqlandırıb. Onu da açığı səmimi etiraf eləyim ki, elə əsərlər oxumuşam, içimdən bu fikirlər də keçib: “Mən yazıçı olsaydım, bundan da maraqlı yazardım”. Harada işləməyimdən asılı olmayaraq, həyat mənimçün həmişə maraqlı olub. Budda təlimində belə bir fikir var ki, insan bir dəfə həyata ağac, bir dəfə böcək kimi, bir dəfə heyvan kimi və belə-belə təkmilləşə-təkmilləşə sonra insan kimi gəlir. Mənimçün maraqlı olub ki, bir həyat dövründə bir neçə həyat yaşaya biləsən. Yəni ömrünü yalnız bir sahəyə həsr eləməyəsən. Məsələn mən çox yaxşı və uğurlu həkim olsam da, həkimliyi qoyub, başqa sahələrlə məşğul olmuşam. Həmişə risk etməyi xoşlamışam. Amma insanların çoxu risk etməyi xoşlamır. Fikirləşirlər ki, çalışdığı sahəni qoyub başqa işlə məşğul olsalar, sənətlərini, çörəklərini itirərlər. Lakin mən həmişə özümə arxayın olmuşam ki, yeni hansı işə başlasam, mən onu bacararam. Ona da sevinirəm ki, hansı yeni işə başlamışamsa həmişə uğurlu olub.

Uğurlu həyat yaşayan insan

-Bəs necə oldu ki, siz yazmağa başladınız?
-Mənim bir dostum var. Sahib Fərzəliyev. O, Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professordur. Sahib müəllim uzun cəhdlərdən sonra məni feysbuka təhrik eləyib dedi: “Sən həyatda çox maraqlı və obrazlı danışırsan. Hamı sənin danışıqlarını maraqla dinləyir. Həm də çox maraqlı məsələlər, fikirlər bilirsən. Sən gəl feysbukda bildiklərini insanlarla bölüş. İnanıram ki, hamı tərəfindən maraqla qarşılanacaq”. Bilirsiniz ki, mənim bir neçə ali təhsilim var. Dünyanın qırxa yaxın ölkəsində olmuşam. Həyat təcrübəm çox böyükdür. Həmişə mütaliə eləməyi xoşlamışam. Sahib müəllim də dedi ki, “ elə bu fikirlərini də insanlarla bölüş”. Beləliklə, həmin fikirlərimi feysukda insanlarla bölüşməyə başladım. Mən feysbukun yaradıcısı və sahibkarı Tsukerberqə buna görə minnətdaram. Bəlkə də feysbuk olmasaydı mən yazıçılıqla məşğul olmayacaqdım. Çünki müasir həyat çox sürətlə keçir. İstədiyin işlərin çoxunu reallaşdıra bilmirsən. Sizə bir maraqlı fikri də deyim ki, mən Nyu-Yorkada olanda qaça-qaça burger yeyən adam görmüşəm. Deməli, həyat o qədər sürətlə keçir ki, bir fast-fud, yəni tez yemək ənənəsi ortaya çıxıb. Mən də fikirləşərək, feysbukda fast vord qoydum ortalığa. Fast- tez və vord söz deməkdir. Yəni tez söz və qısa fikir demək məsələsini ortalığa qoydum. Mən bu fikri Türkiyədə də ortalığa qoyub, vurğuladım ki, indi dünya savaşı telefonun, ayfonun ekranında gedir. Orada da insanlar qısa fikirlərə daha çox üstünlük verirlər. İnsanlar az müddətdə daha çox informasiya almaq istəyirlər. Ona görə də mən aforizmlər üstündə dayandım. Fikirləşdim ki, aforizmlər mənim təfəkkürümə daha çox uyğundur. Beləliklə, kiçik hekayələr, esselər, pritçalar, novellaralar yazmaqla yanaşı aforizmlərə daha çox üstünlük verdim.

-Mən istəyirəm oxucularımız da bilsin ki, Türkdilli xalqlar arasında aforizmlər yazan yazıçılar olub. Amma tam bir janr kimi aforizmlərlə mütəmadi məşğul olan ilk yazıçı səhv eləmirəmsə sizsiniz. Daha doğrusu mən bu sahədə ilk olaraq sizi bilirəm.
- Mən bunu tam bilmirdim. Amma onu bilirəm ki, dünyanın hər ölkəsində minlərlə aforizmlər yazan yazarlar var. Lakin tam bu janrla məşğul olanların az olduğunu bilirəm. Çünki bu, çox çətin janrdır. Bu insanlara da aforistlər deyirlər. Azərbaycanda isə bu janrla məşğul olan yazıçılar 5-10 nəfər olar. Bu, mənim də sevimli işimdir. Hər gün ən azından 5-10 aforizmlər yazıram. Məni gündəlik yazmağa da siz təhrik eləyibsiniz. Çünki bir dəfə söhbətlərimizdə, daha doğrusu mən yaradıcılığa ilk başladığım illərdə siz dediniz ki, yazar gündə yazmalıdı. Siz bu sözləri deyənda yadıma məşhur bir piano çalanın sözləri də düşdü. O, deyib: “Mən bir gün çalmayanda özüm hiss eləyirəm. İki gün çalmayanda dinləyicilərim hiss eləyir”. Ümumiyyətlə beyin elə bir mexanizmdir ki, o gündə işləməlidir. Onu hökmən işlətməlisən. Düşünmək də mənim sevimli məşğuliyyətimdi. Ona görə də düşündüklərimi aforizmlər kimi yazıya köçürürəm. Mənim 1000-dən çox aforizmlərim var. Artıq Türkiyədə də “Aforizmlər” adlı kitabım çapdan çıxdı. İndi Azərbaycanda da “Aforizmlər” adlı çox qalın bir kitabım çapa hazırlanır. Orada 1300-dən çox aforizmim toplanıb.

-Sizin Azərbaycanda üç kitabınızın Sumqayıt şəhər Poeziya evində təqdimatı yüksək səviyyədə senssayiyalı keçdi. Bəs necə oldu ki, Türkiyədə “Aforizmlər” və “Kelebek mutluluğu”, ( “Kəpənək xoşbəxtliyi”) kitablarınız da türk dilində çap olundu?
-Burada sizə maraqlı bir fikir demək istəyirəm. Bizim çox istedadlı bir şairəmiz var. Nazilə Gültac. Nazilə xanımla biz həkim yazarların forumunda tanış olmuşuq. O, mənim hekayələrimi, novellalarımı, pritçalarımı, esselərimi, aforizmlərimi oxumuşdu. Nazilə Gültac da Türkiyə ilə geniş əlaqələri olan yazarlarımızdandır. Onun Türkiyədə kitabları çap olunub və həm də orada bəzi ədəbiyyat dərnəklərinin üzvüdür. O, mənə dedi ki, “doktor mən sizin yazılarınızı çox bəyənirəm. Mənə elə gəlir ki, Türk oxucuları da sizin yazılarınızı bəyənəcək. Gəlin sizin hekayələrinizi, novellalarınızı, esselərinizi, pritçalarınızı və aforizmlərinizi Türk dilində çap etdirək. Fəthiyəddə mənim bir dostum var. Fəthiyyə ədəbi qrupunun rəhbəri Coşkun Qarabulut. İcazə verin mən, sizin yazılarınızın bəzilərini Türk dilinə çevirib ona göndərim və onun fikirini öyrənək”. Mən razılaşdım. Bir həftədən sonra Nazilə Gültac mənə zəng vurub dedi ki, “ Coşkun Qarabulut sizin “Kor xoşbəxtliyi” hekayənizi oxuyub və ağlayıb”. Açığı bir yazarı başqa bir yazarın tərpətməsi çox çətindir. Ona görə də Coşkun Qarabulut Nazilə xanıma deyib ki, “istəyirəm bütün Türkiyə bu insanı tanısın. Buna görə mən hər şey eləyəcəm”. Və beləliklə, mənim kitablarımın Türkiyədə çap olunmasında bu fədakar insan olan Coşkun Qarabulutun böyük əməyi var. Onu da vurğulayım ki, Coşkun Qarabulut əslən azərbaycanlıdır. Şəkidəndir. Bir vaxtlar onun babaları Türkiyəyə gedib. O da özünü yarı azərbaycanlı sayır. Məhz buna görə də Coşkun bəyin Azərbaycana və azərbaycanlılara böyük məhəbbəti var. Beləliklə, o, bu missiyanı öz üzərinə götürdü. Təbbi ki, onun üçün birbaşa Azərbaycan dilindən Türk dilinə tərcümə eləmək çətin olduğuna görə mənim Türkiyədə bir dostum var, Elşən Qurbanlı. O, Türkiyədə Universitetdə Yahudi dilindən dərs deyir. Elşən Qurbanlı mənim iki kitabımı Türk dilinə tərcümə elədi və həmin kitabları göndərdim Coşkun Qarabuluta. O da kitabları oxuyandan sonra dedi ki, bu kitabları azərbaycanlı tərcümə eləyib. Həmin adam da Türk dilinin incəliklərini yaxşı bilmədiyinə görə, icazə verin mən həmin kitabları tam Türk dilinə tərcümə eləyim. Mən razılaşdım və beləliklə də Coşkun Qarabulut həmin kitabları tam Türk dilinə tərcümə elədi. Bu kitablar da Türkiyədə “Aforizmlər” və “Kelebek mutluluğu” ( “Kəpənək xoşbəxtliyi”) adları ilə çap olundu. Bu kitablar da “Güncə” Yayımçılıq Şirkəti, başda onun rəhbəri ədəbiyyatçı yazar, Universitetin doktoru, xoca Oktay Yivli olmaq şərtilə həmin kitabları bəyənib, çap elədilər. Sonra onlar Türkiyənin müxtəlif şəhərlərində mənim kitabımın təqdima mərasiminə məni dəvət elədilər. Mən də Nazilə xanım Gültacla Tükiyəyə gedib, Türk dilində çap olunan kitablarımızı gördüm. Bekəliklə, bir həftə müddətində Adana, Antakiya, Muğla, Mersin, Fətiyə kimi şəhərlərdə mənim kitablarımın və Nazilə Gültacın “Sevgi yağmuru” kitabının təqdimatı oldu. Onlar bizi çox yaxşı qarşıladılar. Bizə çox böyük diqqət göstərdilər. Onlar üçün aforizmlər çox maraqlı idi. Çünki Türkiyədə aforizm yazan demək olar ki, yoxdur. Hər halda mən olduğum şəhərlərdə cəmi bir nəfər aforizm yazar adam gördüm. O da sadəcə öz aforizmlərini sahibkarı olduğu restoranında divar boyu yazıb. Mən də ona təklif elədim ki, bunları bir kitab kimi çap etdirsin. O da çox maraqlı insan idi. Məlum oldu ki, Türkiyədə bu sahədə böyük boşluq var. Mən də orada vurğulayırdım ki, bu gün ədəbiyyatın önündə kiçik formalı əsərlər getməlidi. Çünki bu gün dünyadakı insanlar romandan çox telefonun ekranında kiçik formalı əsərlər istəyirsə, biz də Türk toplumu olaraq həmin “ ədəbi savaşda” hökmən iştirak etməliyik. Ədəbiyyat sahəsində nəyimiz varsa da onu qısa formaya salıb, həmin telefon ekranına yerləşdirməliyik. Mənim aforizmlər yazmağım da müasir günümüzçün yerinə düşdü. Elə bil ki, torpaq münbit idi. Mən də həmin torpağa aforizmləri əkdim və onlar tezliklə cücərdi. Məhz buna görə də Türkiyədə mənim kitablarım çox maraqla qarşılandı. Televiziyalar, yerli mətbuat bu haqda tez-tez yazdı və televizorda dəfələrlə göstərildi.

Dünyada olan kəpənək vadiləri

-Siz hər dəfə deyirsiniz ki, dünyada dörd kəpənək vadisi var.
-Bəli, elədi. Bu vadilər- Yunanıstanın Rodos adasında, Çində, Tailandda və Türkiyənin Fəthiyə körfəzində. Fəthiyyədəki Kəpənəklər vadisi üç tərəfdən dağla əhatə olunan bir diyardır. Ora cəmi bir yol var, o da dəniz yoludur. Ora yalnız gəmi ilə getmək olur. Orada iki balaca şəlalə var. Həmin şəlalələrin ətrafinda çoxlu ağaclar bitib. Orada da milyonlarla kəpənək yaşayır. Mənim kitablarımdan birinin adı “Kəpənək xoşbəxtliyi” olduğuna görə bu kitab Fəthiyəlilərə böyük maraq yaratdı. Məhz buna görə də onlar dəniz turu ilə məni həmin vadiyə apardılar. Beləliklə, kəpənək xoşbəxtliyinin mutluluğunu onlarla birlikdə yaşadıq. Hətta onlar deyirdilər ki, hələ kəpənək mövsümü deyil. Amma çox təəccüblüdü ki, mənim gəlişimlə ora kəpənəklər də gəlmişdi. Türklər də, biz də bundan çox sevindik.

-Biz eşitmişik ki, siz orada olduğunuz şəhərlərdə TRT televiziya kanalı çəkilişlər aparıb.
-Bəli, elədi. Beş şəhərdə aparılan çəkilişlərlə bağlı biz bir televiziya filmi hazırlamaq istəyirik. Fəthiyədə kəpənəklərlə qarşlaşanda onlar mənim başımın üstündə uçurdular. Açığı mən buna çox sevindim. Mənim “Kəpənək xoşbəxtliyi” hekayəmdəki kəpənəklər də cəmi bir gün yaşayırlar. Onların ağzı olmur. Gedib öz cütünü tapır. Onunla sevişir və günün axırında dişi kəpənək yumurtalarını qoyur yarpağın arxasına və günün sonunda onların hər ikisi ölür. Mən də həmin hekayəmdə kəpənəyin bir günlük həyatını insanın yüz illik həyatı ilə müqayisə eləmişəm və “Kəpənək xoşbəxtliyi” hekayəsini yazmışam. Oxuyanlar deyir ki, çox maraqlı hekayədir.

- Eşitmişik ki, siz orada, hər şəhərdə ədəbiyyatçılarla görüşübsünüz. Onlar haqqında nə deyə bilərsiniz?
- İlk öncə onu vurğulayım ki, oradakı yazarlar yaxşı peşə sahibləri olan həkimlər, hüquq işçiləri, keçmiş millət vəkilləri və sairə sənətin sahibləridir. Bu insanların içində bir ədəbiyyat istəyi, meyli olduğuna görə yazıçılıqla da məşğul olurlar. Onlar da həmin ədəbiyyat dərnəklərində hər ay bir neçə dəfə yığışıb, bir-birinin yazılarını müzakirə eləyirlər. Deməli, orada bir ədəbi mühit var. Bilirsiniz ki, Türk ədəbi mühiti yüz illərlə formalaşıb. Onların böyük ənənələri var. Əlbəttə, əgər mən ora romanla, poema ilə getsəydim, çox çətin olardı. Çünki bu sahədə onların çox maraqlı yazarları var. Mənim aforizmlərlə getməyim böyük boşluq olduğuna görə maraqla qarşılandım. Bu da elə bil ki, onların üçün yenilik oldu və tam inandılar ki, bu gün dünyada kişik həcmli əsərlərə daha çox fikir verilir. Belə əsərlər daha çox oxunur. Mən burada fürsətdən istifadə eləyib kitablarımın Türk dilində bədii tərcümə olunmasında əvəzsiz işlər görən dostum Coşkun Qarabuluta və onun həyat yoldaşı Füsun xanıma bütün səfər boyu bizə göstərdiklər diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm.

Oğurlanan atalar sözlərimiz

-Kişik formalar deyəndə siz nələri nəzərdə tutursunuz?
-Bunlar atalar sözləridi, sitatlardı, deyimlərdi, aforizmlərdi, kişik həcimli hekayələrdi, esselərdi, prtiçalardı, novellalardı. Türkdilli xalqların da müştərək atalar sözləri, sitataları, deyimləri çoxdur. Elə götürək Molla Nəsrəddinin lətifələrini. Bu, bütün türkdilli xalqlara məxsusdu. Məsələn eşidirsən ki, bəzi adamlar deyirlər Nizami Gəncəvinin aforizmləri. Əslində biz əgər hasısa müəllifin əsərindən qısa sətirləri götürürüksə bunlar aforizmlər yox, sitatlardı, deyimlərdi. Aforizm isə ayrıca yazılmış bir fikirdi. Atalar sözləri də müəllifi olmayan aforizmlərdi. Amma atalar sözləri min illərin süzgəcindən gəlib keçdiyinə görə ümumiləşdirilib. Və onlar bir vaxtla bağlı deyil. Amma müəllifin yazdığı aforizmin tarixi bəlli olduğundan görə onu zamana bağlamaq olur. Lakin atalar sözlərini zamana bağlaya bilmirsən. Böyük təəssüflə onu da vurğulayım ki, biz, öz atalar sözlərimizə yiyə də çıxa bilmirik. Çünki ermənilər bizim atalar sözlərimizi öz atalar sözləri kimi tərcümə eləyib, bütün dünyaya yayıblar. Əgər onlar bizim dolmamızı, bütövlükdə mətbəximizi, musiqimizi həyasızcasına oğurlayırlarsa, atalar sözlərimizi elə-belə götürüb apardılar və xəbərimiz də olmadı. Hətta bizim mətbuatda bu haqda heç nə yazılmadı. Çünki biz özümüz ona yiyə dura bilməmişik. Atalar sözlərimizi nəinki dünya xalqlarının dillərinə, heç latın qarfikasına da tam keçirməmişik. Onu da deyim ki, son yüz ildə Azərbaycanda heç atalar sözləri də yazılmayıb. Sözlərimi təsdiq etmək üçün deyim ki, XX və XXI əsrin texnikası, maşınları və sairə müasir şeylər haqqında demək olar ki, atalar sözlərimiz yoxdur. Beləliklə, son vaxtlar atalar sözləri yaranmır və ortaya qoyulmur. Bu boşluqları biz yalnız aforizmlərlə doldura bilərik. Əlbəttə, mən çox istərdim ki, dahi klassiklərmizin əsərlərindəki siatatlar çox yayılsın. Amma bunların altından aforizmlər yox, sitattlar sözü yazılmalıdı. Ümumiyyətlər sitatlar ilk dəfə hüquq elmində yaranıb. Onlar ayrı-ayrı qanunlarda sitatlar yazırdılar ki, filan qanun bunu deyir. Sonra elmi əsərlərdə sitatlar yarandı. Dedilər ki, filan alim belə deyir. Sitat da dəqiq yazılmalı və onun müəllifi dəqiq göstərilməlidi. Mən çox istərdim ki, alimlərimiz, yazarlarımız tərəfindən bizim ədəbiyyata bir də yaxşı-yaxşı baxılsın və orada bizim bugünkü həyatımıza, davranışımıza dəstək olan bütün sitatlar toplansın və ayrı-ayrı kitablar kimi çap olunsun. Sosial şəbəkələrdə yayılsın. İnanıram ki, dünya xalqlarının buna böyük marağı olacaq. Eləcə də müasir aforizmlər yaransın.

Əfsus ki, biz hal-hazırda qəhrəmansızlaşmışıq

- Bir vacib məsələni də vurğulamaq istəyirəm. Bu gün sosial şəbəkələrdə əsasən Avropadan, Amerikadan olan yazarların sitatları yerləşdirilir. Həmin əcnəbilər də dünyaya sübut etmək istəyirlər ki, guya ağıllı adamlar yalnız həmin ölkələrdədir. İnsanlarda təsəvvür yaratmaq istəyirlər ki, ağıllı sözü yalnız qərblilər, amerikalılar deyə bilir. Bu gün biz artıq özümüzün “başbilənlərimiz” tərəfində qəhrəmanlarımızın hanısına bir damğa vurmaqla, qəhrəmansızlaşmışıq. Bu gün bizim uşaqların qəhrəmanları Betmandı, Halkdı, Spaydermandı və başqalarıdı. Sən indi uşaqlarımıza desən ki, Koroğlu qalib gələr ya Spayderman? Qaçaq Nəbi qalib gələr ya Halk? Əlbəttə, uşaqlarımız ikinciləri deyəcək. Çünki artıq uşaqlarımızın qəhrəmanları Qərbdə yaşayır. Onlara elə gəlir ki, qərblilər ağıllı ola bilər. Bax biz qəhrəmanlarımızı xalq düşməni eləməklə bu yolla uşaqlarımızı korazehin eləmişik. Mən demirəm ki, uşaqlarımız Bernad Şounu oxumasın. Oxusun. Amma onu oxumaqla yanaşı Nizami Gəncəvini, Əfzəllədin Xaqanini, İmadəddin Nəsimini, Məhəmməd Füzulini də oxuyub, onların sitatlarını mükəmməl mənimsəsin. Bizim aforizmlər yazanlarımız da qəhrəmanlar ortaya qoymalıdır. Mən aforizmimdə Sumqayıtla bağlı Sum adlı bir qəhrəmanı ortaya qoymuşam. Hansı ki, əfsanəyə görə əjdahanı öldürüb, suyun qarşısını açıb və insanlara su verib. Orada yazmışam ki, gəlin həmin qəhrəman Suma zirehli uçan bir qurğu verək və o, Halkdan da güclü olsun. Gəlin onunla bağlı cizgi filmləri yaradaq. Beləliklə də özümüzə və qəhrəmanlarımıza inamı geri qaytaraq. Bu gün uşaqlarımız sosial şbəkələrdə, ayfonun ekranının qarşısındadır. Bəs biz həmin ekrana nə verə bilirik? Bu çox vacibdir. Biz həmin ekrana hökmən öz dəyərlərimizi qoymalıyıq. Artıq gecikirik. Həmin dəyərlərdən ən yaxşılarından biri aforizmlərdir və mən də onları yazıram. İnsanlar da bunu bəyənir. Kitablarım çap olunanda orada axırda boş vərəqlər qoydurmuşam ki, həmin kitabları oxuyanlar özləri də həmin boş səhiflərə aforizmlər yazsınlar. Bununla mən aforzmlərə maraq yaradıram və həm də insanlarımızı düşünməyə vadər eləyirəm. Çünki nə qədər çox aforizmlər yazan olsa daha yaxşı olar və daha yaxşı seçim yaranar. İstəyirəm ki, bu işə daha çox gəncləri cəlb eləyim.

-Deyirlər Muğla şəhərində sizin Universitetin ədəbiyyat kafedrasındakı tələbələrlə də maraqlı görüşünüz olub.
-Mən oradkı görüşümdə yazarları aforizmlər yazmağa yönəltdim. Onlara inandırdım ki, gələcəyin ehtiyacı başqadı. Elə bil ki, gənc yazarların gözünü açdıq və onlar bundan sonra kiçik yazılara daha çox üstünlük verəcəklər. İstərdim Azərbaycanda da belə olsun. Çünki mən ilk öncə iş adamıyam. Hansı iş adamı desə ki, mən istəyirəm filan şey eləyəm, o, artıq bankrotdu. Çünki onun istəməyi heç kimi maraqlandırmır. Bazar bunu istəyirmi? Kim ki, bazarın ehtiyacını ödəyə bilirsə o, öz işində uğurlu ola bilər. Belə götürəndə ədəbiyyat da bu gün bir bazardır. Əgər yazıçı istəyirsə böyük uğur qazansın, bu bazarda o, hökmən oxucularını tapmağı bacarmalıdı.

Mubariz İbrahimov Türkiyə-Suriya sərhəddində

-Siz Türkiyənin Suriya ilə sərhəddində mili qəhrımanımız Mübariz İbrahimovun portretini görüb bundan bir vəcdə gəlibsiniz.
-Bəli, elədir. Biz Antakiyada olanda Türkiyənin Suriya ilə olan sıfır nöqtəsində məktəbin direktoru olan Mahmut Özkoca bizi öz doğmaları kimi qarşıladı. Mahmut Özkoca yazıçıdır. 48 yaşı var və 48 də kitabı çap olunub. Bu alicənab insan şagirdlərin təlim-tərbiyəsi üçün əlindən gələni edir. O, bizə bildirəndə ki, Suriya ilə sərhəd bölgəsindəki məktəbin direktorudur və təklif elədi ki, əgər istəyiriksə bizi həmin məktəbə apara bilər və biz bu təkliflə məmnuniyyətlə razılaşdıq. Beləliklə, biz iki sərhəd postu keçib həmin məktəbə getdik. Bu məktəbdə dərs keçən şagirdlərin 30 faizi suriyalılar, 70 faizi türklərdir. Hamısı bir yerdə Türk dilində dərslər keçirlər. Məktəbin divarında yağlı boya ilə milli qəhrəmanımız Mübariz İbrahimovun portretini görəndə çox sevindik. Bu portreti rəsm müəllimi olan Arif adlı rəssam çəkmişdi. Mən bu portreti görəndə orada olan Türk qardaş-bacılarımıza dedim: “Azərbaycana gedəndə orada bildirəcəm ki, Mübariz ölməyib. Türkiyə-Suriya sərhəddində keşik çəkir”. Bu sözlərimdən həm özümün və həm də orada olanların gözləri doldu. Mən həmin sıfır nöqtəsi deyilən yerdə insanlara çatdırdım ki, o, təkcə Azərbaycan oğlu yox, həm də Türk dünyasının qəhrəman oğludur. Həm də Azərbaycanın harada yerləşdiyini, torpaqlarımızda vuruş, döyüş getdiyini, Qarabağ kimi cənnətməkan yurdumuzun erməni işğalında olmasını, Azərbaycanın Mübariz kimi böyük qəhrəman oğullar yetişdirməsini danışdım. Uzaq bir Türkiyə kəndində bizə bu qüruru yaşadan Mahmut Özkocaya yüksək dərəcədə təşəkkürümüzü bildirdik. Mahmut müəllim də bildirdi ki, Mübariz hamımızın qəhrəmanıdır. Həqiqətən də məktəblilərə, gənc nəsilə qəhrəmanlıq məktəbidir Mübariz. Mən həmin məktəbin şagirdlərinə öz ədəbiyyatımızdan danışdım. Həmin uşaqlar da bildilər ki, Mübariz İbrahimov abstrakt bir türk əsgəri deyil. O, böyük bir xalqın oğludur. O xalqın yetirməsidi. Həmin şagirdlərə başa saldım ki, məhz belə bir böyük xalq belə bir igid yetişdirə bilər. Mən həmin həqiqətləri bacardığım kimi onlara çatdırdım. Bir yerdə şəkillər çəkdirdik. Operator bütün bu səhnələri lentə köçürdü. Çox istəyirəm ki, bütün çəkdiklərimizdən bir televiziya filmi hazırlayaq və Azərbaycan xalqı bunları görsün. Çünki bizə dəyər verənlərə biz ikiqat artıq dəyər verməliyik. Bu, bizim vətənpərvərlik borcumuzdur. Həmin gün axşam Mahmut Özkoca bizi öz evinə iftar süfrəsinə dəvət elədi. Onun evində həyat yoldaşı Gözəl xanımla və oğlu ilə də tanış olduq. Biz, bir daha bu yazı vasitəsilə onlara təşəkkürümüzü bildiririk.

Türkdilli xalqları necə birləşdirmək olar?

-Siz deyirsiniz ki, türkdilli xalqların möhkəm birləşməsi yalnız ədəbiyyat və incəsənətlə daha realdır. Elədirmi? Bununla bağlı gələcəkdə hansı işləri görməyi planlaşdırırsınız?
-Biz olduğumuz 5 şəhərdə həm Nazilə Gültaca və həm də mənə çox yaxşı münasibət gördüm. Yəqin ki, bizdən əvvəl orada olan həmvətənlərimiz də orada xoş təəssürat qoyublar ki, bizə də belə xoş münasibət vardı. Türkiyədə də bizim çoxlu həmvətənlərimiz böyük uğurla işləyirlər. Türk qardaş-bacılartımızın da hamısı vurğulayırdı ki, “biz, bir millət iki dövlətik”. Mənim işbirliyi qurduğum və quracağımız ədəbiyyat işçiləri Fəthiyyə, Mersin, Antakiya, Adana ədəbi qruplarıdı. Muğla Universitetidi. Onlardan da Azərbaycana gəlib, öz kitablarını çap etdirmək istəyən insanlar çoxdur. Bu iş də əlbəttə, qarşılıqlı olmalıdı. Necə ki, onlar bizim kitablarımızı Türkiyədə çap etdirirlər, biz də onların kitablarının Azərbaycanda çap olunmasına köməklik etməliyik. Onların həmin kitablarını burada yüksək səviyyədə təbliğ edə bilərik. Əlbəttə, bu da vacibdir onların hansı əsərlərini Azərbaycan dilində çap etmək olar ki, maraq çox olsun. Bu gün gül-çiçəklə bağlı əsərlərdən daha çox vətənpərvərlik mövzuları xalqa daha çox lazımdır. Çünki bizim torpağımızda müharibə gedir, Qarabağ kimi böyük problemimiz var. Bu mövzularla bağlı daha çox yazılmalıdı. Artıq iyun ayından onlar qrup-qrup Azərbaycana gələcəklər. Onların çoxu Azərbaycanda olub və məmləkətimiz haqqında təəssüratları da çox yaxşıdır. Amma olmayanlar da çoxdur. Mən onların məmləkətimizə böyük həvəsini gördüm ki, istəyirlər əsərləri Azərbaycan dilində çap olunsun. Biz də bundan istifadə eləyib, Azərbaycan yazarlarının əsərlərinin Türkiyədə çap olunmasına geniş imkan yarada bilərik. Çünki artıq biz bilirik ki, Türkiyədə kimlər həmin kitabları çap eləyə bilər. Bunun artıq maliyyə tərəflərini də bilirik. Biz artıq həmin pərdəni açıb, orada nələrin olduğunu bildik və mən də Azərbaycana gəlib, yazar dostlarıma Türkiyədə necə kitab çap etməyi danışdım. Bizim Sumqayıtda bir Dostlar klubumuz var. Həmin klubun üzvləri ilə onların əməkdaşlığını yaratmaq istəyirik. Onlarla bir anlaşma aktı imzalamaq istəyirik. Ola bilər ki, Sumqayıt şəhər rəhbərliyi səviyyəsində maraqlı bir iş quraq. Türkiyədəki Altunözü rayon mədəniyyət evində biz şəhər ictimaiyyəti, liseyin müəllim, tələbə kollektivilə görüşdə iştirak etməmişdən əvvəl bizi həmin rayonun İcra Hakimiyyətinin nümayəndəsi Bülənt Uyğur özü qəbul elədi. O, dost və qardaş ölkə olan Azərbaycana özünün sevgi və salamlarını bildirdi. Sonra həmin görüşə Bülənt bəy özü də qatıldı. 500 nəfərlik zalda boş yer yox idi. Hətta ayaqüstə də duranlar vardı. Bu, çox səmimi və yaddaqalan bir görüş oldu. Həmin tədbirin sonunda Bülənt Uyğur bizə təşəkkürnamə və fəxri fərman verdi. Deməli, bizim bu görüşümüz dövlət səviyyəsində oldu. Bu görüşdən həm Türkiyə və həm də Azərbaycan ölkələri qazandı. Mən də çox istərdim ki, bunun qarşılığını biz də buarada təşkil eləyə bilək. Biz də onların qəhrəmanlarını tanıyaq. Yüksək səviyyədə əməkdağlıq eləyək. Onlar da bütün bunları görsünlər, sevsinlər və Türkiyəyə gedəndən sonra bizim haqqımızda yazıb, Azərbaycanı yüksək səviyyədə təbliğ eləsinlər.

-Bəs bağqa türkdilli xalqlarla onalrın görüşünü təşkil etmək istəyərdinizmi?
-Əlbəttə. Onlar artıq mənim kitablarımı Qazax, Özbək və bağqa türkdilli xalqların dilində çap etmək haqqında planlar qururlar. Həmin ölkələrdə olan tərcüməçilərlə danışıqlar aparırlar. Mən də çox istərdim ki, onlarla Orta Asiyadakı türkdilli xalqların görüşlərini təşkil elyək. Türkdilli xalqlar obrazlı desək elə bil ki, bir qatardı. Həmin qatarın vaqonlarını da bir-birinə bədii söz birləşdirəcək. Mən əlbəttə, təkcə yazıçı yox, həm də bir iş adamıyam. Bu işə bir iş adamı kimi də yanaşıram. Bizdə bir millət iki dövlət sadəcə sözlərdi. Bu sözlərin arxasınca hökmən əməl gəlməlidi. Əgər bunun arxasınca əməl gəlməyəcəksə o elə söz də olaraq qalacaq. Bunu da hökmən reallaşdırmalıyıq. Bununla bağlı çoxlu imkanlar var. Sadəcə bunu hökmən və özü də gecikmədən etmək lazımdı.

-İndi sizə bir həkim kimi sual vermək istəyirəm. Dediyiniz bu qlobal məslələri, türkdilli xalqlara qarşı dünyanın aparıcı dövlətlərinin münasibətinin heç də yaxşı olmadığı bir dövrdə insan beyni bütün bunları reallaşdırmağa qadirdirmi?
-Mən sizə həkim kimi bir faktı demək istəyirəm. Yer kürrəsində olan bütün çimərliklərdəki qum dənəciklərini saysaq, kainatdakı ulduzalrın sayı həmin qum dənəciklərindən çoxdur. İnsan beynində neyron əlaqələri var. Onlara sinaps deyirlər. Hüceyrələr və onların əlaqələri. Bax həmin hüceyrələrin, yəni sinapsların sayı kainatda olan ulduzların sayından çoxdur. Deməli, bizim beynimiz bir kainatdır. Biz beynimizdə bu qədər kamil bir mexanizmi gəzdiririk, amma ondan lazım olan kimi istifadə eləmirik. Bu, bir cinayətkarlıqdı. Onu işlətmək lazımdı. Mən də aforizmlər yazmaqla onun heç olmasa kiçik bir hissəsini işlədirəm. Onu da vurğulayım ki, aforizmlərdə bir cümlənin içərisində çox böyük, qlobal bir fikri qoymaq lazımdır ki, insanları düşündürə biləsən. Özü də aforizmlərdə hər adam öz ağlına uyğununu götürə bilir. Bir həkim kimi mən bir sirri də deyim ki, əvvəllər elə bilirdilər ki, beyin yalnız düşünən orqandır. Amma indi sübut olunub ki, beyin bir vəzdir. O hormon ifraz eləyir. Onlar da yalnız beyin işləyəndə ortaya çıxırlar. Bununla da bütün orqanları normada saxlayırlar. Ona görə də beyini işlətmək lazımdır. Axı hər şey beyinə tabedir. Əgər beyin işləmirsə, həmin hormonlar ifraz olunmur, bədən yavaş-yavaş süstləşir və ölümə doğru gedir. Ona görə də beynini işlədən insanlar çox yaşayır. İnsan öz beynilə dostluq eləməli, onu işlətməlidir ki, sağlam olsun. Deməli, biz türkdilli xalqlar da beynimizi işlətsək, hökmən birləşə bilərik və yer kürrəsindəki 300 milyondan çox türklər birləşib, dünyanın ən inkişaf etmiş toplumlarından biri ola bilər. İnanıram ki, dediklərimizi reallaşdıra bilsək, XXI əsr türkdilli xalqlarçün çox uğurlu olar.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə