Günah işlətməyən insan Musa Quluzadə - 80

(Esse)

Yaradıcılığım dövründə ilk dəfədir ki, yazıma belə bir başlıq seçirəm. Yəqin bundan sonra heç vaxt onu təkrar olaraq başqasına ünvanlamayacam.

Müəllif

Görkəmli şəxsiyyət, xalqımızın sevimli şairi, əsərlərində oxuculara saflıq, ülvi məhəbbət, billur rəngli nur baxışlar, halallıq və düzlük, mərhəmətlilik və sədaqətlilik, rəvanlıq və mübarizlik ruhda qızıl qələmi ilə bizlərə müraciət edən dahi sənətkar Nəriman Həsənzadə şeir üstündə ağlayan, həyat eşqilə yanan, halal şöhrət və qürurla ədəbiyyat tariximizə, ədəbi salnaməmizə belə ali insani xüsusiyyətli cizgilərlə möhür vuran təkrarolunmaz sətirlər yazmışdır. Bu böyük söz ustasının dost adlandırdığı “Musa qağa” haqqında hekayəmi və xatirələrimi beləcə başladım.

Həmyerlim, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin və ədəbiyyatçı alim Salatın Əhmədlinin redaktorluğu ilə Xalq şairimiz Nəriman müəllimin 80 illiyinə həsr etdikləri “Şeirimizin Nərimanı” toplumu Vaqifin Masallıda keçirilən 70 illik yubiley gecəsinin aparıcılığı mənə həvalə edildiyindən həmin gün paylanılan kitabdakı bir geniş cümlə diqqətimi çəkdi : “Vallah, inanmağım gəlmir ki, Nəriman Həsənzadə kiminsə paxıllığın çəkə, kiməsə badalaq vura, öz şəxsi mənafeyi və istəkləri üçün məkrli yollardan keçib məqsədinə nail ola” (Vaqif Yusifli).

Fikirlərinin və xasiyyətlərinin çoxunun ustad sənətkarımız və alimimiz Nəriman müəllimin amalına oxşar olan, onun dostu Musa müəllimin şəxsiyyətinə, xidmətlərinə və yaradıcılığına xas olan xırda təhlilimi beynimdə ani olaraq planını cızdım. Atalar demişkən: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim”. Musa müəllim və onun dostları kimi ağsaqqal və müdrik insanlarla söhbətləşib-dərdləşmək, geniş dairəli məsələlər üzrə diskussiyalara real cavab tapmaq və bu təmaslardan razılıq və həzz duymaq çox vaxt mümkün və dayanıqlı olur. Həmyerlimiz yaradıcı filosof, ədəbiyyatşünas və professor 2017-ci ilin alimi seçilmiş Rahid Ulusel belə yazıb: “Alimlə şair arasında bir yaşıl zolaq uzanıb gedir: onu adlayan alim-müdrik olur, onu adlayan şairsə-peyğəmbər”.

Təxminən on il əvvəl rayona növbəti gəlişi zamanı Musa müəllim RİH-də öyrənmişdi ki, məzuniyyətdəyəm. Təbiətinə, ədəb-ərkanına görə başqasını narahat etmək istəmədiyini icra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbəsi olmuş, təcrübəli dövlət qulluqçusu, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevə bildirir. Xəbər mənə çatanda məmnuniyyətlə həsəd apardığım, yaradıcılığına və şəxsiyyətinə qibtə etdiyim əziz qonaq Nəriman Həsənzadə ilə rayonumuza təşrif buyurduqları bu tarixi görüşə böyük sevinclə yubanmadan tələsdim. Şübhəsiz, bu iki alim, söz ustasının söhbətlərini uzun müddət izləməyi üstün tutdum. Diqqətlə dinlədim. İllərin dostu kimi səmimi, xeyirxah, faydalı, müasir problemlər baxımından dərin təhlilli nəticələrə düzlənən analitik təhlillərinə əhatəli nəzər saldım. Geniş dünyagörüşlü, intellektual səviyyəyə malik, xarakter, xasiyyət, qarşılıqlı hörmət sınaqlarından çıxmış dostluq münasibətlərinə, məslək və əqidəyə ədəb-ərkanla xidmət edənlər necə də xoşbəxtdirlər! Belə görüşlər qoy hər birimizlə gündəlik olsun. Bu təmaslardan yalnız sağlam əhval-ruhiyyə, müsbət aura, pozitiv enerji və fayda almaq nə qədər xoşdur.

Sonradan “Elm” nəşriyyatı tərəfindən nəşr olunmuş bu görüşümüzdən, təəssüratlar, ədəbiyyatımızın partiarxlarından Nəriman Həsənzadə və tanınmış tarixçi alim, dəyərli yazar Musa Quluzadənin haqqında fikirləri də “Ömür yolu-nur yolu” kitabında geniş əhatəsini tapdı.

Müdriklər deyir ki, çox kitab oxuyan və kitabları sevənlər yaxşı anlayırlar ki, onlar zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəsilə öz qiymətli, bahalı yükünü ehtiyatla aparan fikirlərin zəmanətli gəmisidir. Mən belə nəhəng gəmilərin təcrübəli və peşəkar sükançısı Nəriman müəllimin fəal oxucusu olduğumdan fəxr duyuram, hər əsərini, şerini oxuduqdan sonra özümdə mənəvi təskinliyimin artdığını hiss edirəm. Daha mənə heç şübhə qalmır və digər əsas axtarmaq lazım gəlmir ki, bu iki şəxsiyyətin dostluq və yaradıcılıq körpüsündəki addımlarından bəhrələndiyimiz dövlətçiliyimizə sədaqət, aralarındakı insani münasibətlərdə oxşarlıq, həyat amallarında xalqa xidmət, milli-mənəvi əxlaqi dəyərlərimizə hörmət və nüfuz qazandırmaq kimi xeyirxah əməllərinə ürəkdən qoşulmayım və qibtə etməyim.

Musa Nizam oğlu Quluzadə 1939-cu ildə Masallı rayonunun Xıl kəndində anadan olub. Ali təhsil aldıqdan sonra xidməti sahələrdə təşəbbüskarlığı, elmi axtarışları, işgüzarlıq və əməksevərliyi sayəsində aldığı tərbiyə, qazandığı əxlaqi dəyərlərə uyğun qərara gəlir ki, respublikamızda “Dövlət və din münasibətləri” mövzusunda ilk olaraq tədqiqatlar və tarixi faktlar əsasında bu mühüm mövzuya aydınlıq gətirsin, sanballı məxəz hazırlayıb əhalinin bütün təbəqələri üçün gərəkli olan bu vacib elmi axtarışları başa vurub, doktorluq dissertasiyası müdafiə etsin. Onun bu doktorluq işi yüksək səviyyədə qarşılanır. O, 40 ilə yaxın müddətdə ali məktəblərdə tarix fənnini tədris etmiş, “Əməkdar müəllim” adına, bir neçə yaradıcılıq müsabiqəsi mükafatlarına, professorluq vəzifəsinə layiq görülmüşdür. Onun yaradıcılıq yoluna nəzər salarkən deyə bilərəm ki, hekayə, povest, pyes və esselərdən ibarət 15-ə yaxın kitabın, yüzlərlə elmi-pedaqoji, publisistik yazıların müəllifi, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun 2009-cu ildə “Nurlan” nəşriyyatında çap olunmuş “Bu da bir ömürdür” kitabına ön sözündə Azərbaycanın Xalq şairi və ağsaqqal ədibimiz Nəriman Həsənzadə yazır : “Masallı gözəl ziyalıları ilə seçilən bir diyardır. Böyük-kiçik, ana-bacı, ağsaqqal-qarasaqqal nüfuzu, əvəzsiz mənəvi sərvətimiz kimi bu tərəflərdə qiymətli tutulur. Bütün bunlar ümumilikdə götürəndə Azərbaycan mədəniyyətidir, milli, mənəvi mentalitetdir. Musadan bunların cəmini, demək olar, mən həmişə müşahidə edirəm. Bu insan saflaşır...”.

Hesab edirəm Musa Quluzadənin xidmətinin, ömür yolu və ədəbi fəaliyyətinin əsas qayəsini bu qiymətdən doğan xeyirxahlıq və digər dəyərlər təşkil edir və əsərlərinin əsas mövzusuna çevrilir. Həmin kitabda “Ötən günlərin sorağında”,

“Haqq yollu insan” başlıqlı hekayə və şeirləri sanki müəllifin şəxsiyyətindən və təfəkküründən irəli gələn ideyalardır.

Yaradıcı ziyalımızın mənsur şeirləri, televiziya pyesləri, fəlsəfi istiqamətli esseləri, böyüklər və uşaqlar üçün yazdığı şirin-şəkər, bir az duzlu hekayələri bilavasitə həyatdan götürüldüyündən oxunaqlı, ibrətamiz və oxucu tərəfindən maraqla qarşılanmaqla rəğbət qazanan ədəbi nümunələrdir.

Son illərin əbədi məhsulu olaraq Musa Quluzadənin daha məsuliyyətli, xüsusi istedad tələb edən tanınmış şəxsiyyətlərin portret cizgilərini qələmə alması onun ictimai siyasi və həyat təcrübəsinin mükəmməlliyindən, sınaqlardan çıxmış səriştəsindən və təcrübəsindən qaynaqlanıb. Buna misal ulu öndər Heydər Əliyevə həsr etdiyi “Kəhkəşanda parlaq ulduz” (müsabiqədə qalib gəlib), əvəzolunmaz şairimiz Səməd Vurğuna ithaf etdiyi “Ad günü”, musiqi və vokal sənətimizin incisi Şövkət Ələkbərovadan bəhs edən “Əsgər paltarı” hekayəsi, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadənin xidmətləri və şəxsiyyəti barədə ətraflı elmi məlumatlı ədəbi nümunəni göstərmək olar. “Meşə yolu”, “Dünya bir qədər maviləşmişdi”, “Təndir”, “Nənəm Allaha tapşırdı məni” və s. hekayələrində el-obaya, doğma kəndinə bağlılıq, təbiətə vurğunluq qələmə alınmaqla şirin xatirələrə yol açır, nostalji hisslərinizin yenilənməsiylə əziz tutulmasına, milli adət-ənənələrimizin qorunub-saxlanmasına rövnəq verir. Yazarın “Necə bağışlayım” pyesi də bu xüsusda yurda sevgi, ailə həyatı, insani münasibətlərə dəyər verilməsinə, əxlaqi normalarımızın xeyirxah nəticələrinə inam ruhunu canlandırır.

Xarici görkəmi, baxışları saf, qəlbi kimi cəlbedici, sadə, lakin xeyirxahlıq və mərhəmətlə dolu zəngin daxili mənəvi aləmindən səs verən yazarımız Musa müəllimin lirik şeirlərində sevgiyə, gözəlliyə və məhəbbətə coşqun münasibətini, həssas qələm sahibi kimi duyğu və hisslərinin səmimi olduğunu təsdiq edir.

Hörmətli və nüfuzlu şəxsiyyət və etibarlı dost Musa Quluzadə mənim 10 kitabımın üçündə redaktor, məsləhətçi və rəyçi olmuşdur. Onun imzası və xidməti həmin kitabların hörmətini, reytinqini artırmağa səbəb olmuşdur.

İnan mənə, əzizim,

Cənnət mənim yerim olsa,

Dünya təkcə mənə qalsa,

Gözəllər mehmanım olsa,

Dönməz üzüm, sönməz eşqim, - lirik şeirlərindən birində deyilir.

“Dəniz bir nəğmə deyər” digər şeirində şair dəniz mənzərəsi fonunda mavi gözlərin dikildiyi ümidlərə :

Dəniz bir nəğmə deyər

Hicran tez vüsal olar.

Dəniz bir nəğmə deyər

Yar da mənimlə olar

cavabını verir.

İxtisasca tarixçi olmasına rəğmən yazılarını mədəniyyətimizlə, tariximizlə ədəbi janrlarda müxtəlif forma və priyomlardan istifadə etməklə təbii axınla və təravətlə təsvir edərkən bu, yazıçı Musa Quluzadə stilində yaxşı alınır, inandırıcı görünür və əsərin məntiqi, bədii gücünü artırmaqla məzmununu zənginləşdirir.

Biz bu xüsusiyyətlərinə “İki fateh, iki sərkərdə - Makedoniyalı İskəndər Aleksandr və Ərdəbilli Şah İsmayıl Xətai” ədəbi nümunəsində də açıq-aydın görürük.

Təcrübəli və səriştəli yazar kimi, zəngin həyat səriştəsinə, cəmiyyət problemlərinə, Azərbaycanımızın keçmişi, dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrə siyasi baxışlarına, tarixi situasiyanı və dövrləri yaxşı təhlil etməyi bacaran tanınmış ziyalı alimimiz Musa müəllim 1990-1993-cü illərdə ölkədə yaşanan məlum hadisələrə biganə qalmamışdı. O, 1993-cü ilin ortalarına respublikamızda yaranmış xaos, özbaşınalıq, parçalanma, idarəetmənin başlı-başına buraxılması dövründə xalqın çaşbaş vəziyyətdə qalması ərəfəsində siyasi həmfikirləri, alim dostlarından Zeydulla Ağayev, Vəsadət Əzizov, Cəlil Xəlilov, Əsədulla Cəfərov və Masallı rayonunun digər ziyalı zümrəsi ilə birgə respublika televiziyası və radiosunda, mətbuatda çıxışlar edir, bölgədə gedən xalq etirazçılarına qoşularaq vəziyyətdən çıxış yollarında xilaskar axtarılması, kütləni bu bəladan xilas etmək üsulları barədə tez-tez tədbirlərə qatılır, Masallının mərkəzində fasiləsiz davam edən etiraz mitinqlərində xalqın haqlı səsinə həmrəyliyini bildirərək təşkilatçılıqda, səfərbərlik tədbirlərində yaxından iştirak edirdi.

Bu ictimai siyasi xadimin dövlətçiliyimizə sədaqət nümunəsi həmçinin 1994 (oktyabr), 1995 (mart) hadisələrində dövlət müstəqilliyimizə qəsd cəhdlərinə qarşı etiraz aksiyalarında da davam etdirilmişdir.

Həmçinin Musa Quluzadənin Azərbaycanımızın müstəqillik tarixinin Heydər Əliyev dövründə, habelə son on beş ildə Ulu öndərin yetirməsi olan ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin strategiya və taktikasının nəticəsi olaraq beynəlxalq aləmdə əldə edilmiş misli görünməmiş böyük layihələrə imza atılması, respublikamızın ən ucqar guşələrində belə sosial iqtisadi inkişafın təntənəsinin təbliğində, xalqın təhsili, səhiyyəsi, mədəniyyəti, sosial rifahının günü-gündən yaxşılaşdırılması, həyat və yaşayış şəraitinin və s. sahələrin kökündən dəyişməsi istiqamətində, həmçinin gənclərin hərbi-vətənpərvərlik, beynəlxalq təhlükəsizliyin, iqtisadi əməkdaşlığın, sabit və dayanıqlı ölkə kimi investisiya qoyulması hesabına istehsalın artırılması və ixracın gücləndirilməsi ilə bağlı əhali arasında maarifləndirmə tədbirlərində və mətbuat səhifələrində çıxışları ilə fəal iştirak edir.

Musa müəllim ötən illərdə multikulturalizm, İslam həmrəyliyi, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi və s. mühüm məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından, habelə əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı bu ilin fevral ayında və sonralar qəbul olunan qərarlarla bağlı respublikada , Masallı rayonunda və Masallı Ağsaqqallar Şurasının tədbirlərində müntəzəm çıxışlar edir.

2019-cu il Nəsimi ili elan olunması da beynəlxalq aləm üçün, o cümlədən hər bir azərbaycanlı üçün önəmli olduğu kimi yaradıcı insanlar üçün də məsuliyyətli və məhsuldar il olmalıdır.

Beləliklə, bu esse yazımla dostumuz, fəxr etdiyimiz alim, ziyalı, yazıçı-publisist Musa Quluzadənin bu ilin 20 mayında 80 illik yubileyini təbrik etmək, xətri bizim üçün yüksək qiymətə malik olan ağsaqqalımıza öz səviyyəmdə dəyər verməyə çalışdım.

Hörmətli və əziz həmyerlimizi bu münasibətlə Masallı rayon ağsaqqalları və yaradıcı ziyalıları adından səmimi sevgi və sayğımızla ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, firavan həyat, ictimai-siyasi və pedaqoji fəaliyyətində, bədii yaradıcılığında yeni-yeni uğurlar diləyirik.

Ələşrəf NİFTİYEV,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,

III dərəcəli “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu veteranı,

Masallı Rayon Ağsaqqallar Şurasının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə