Ana, Vətən çağırır məni (Elegiya)

Vətən! Bu kəlmə nə qədər mənalı və dərindir. Deyilişi şirin, olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Əzizlərim, biz hər birimiz vətən dedikdə ana, ana dedikdə vətənimizi düşünürük. Bizim vətənimiz Azərbaycandır!

Azərbaycanın-bu Odlar yurdunun gözəllikləri haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yaz;b, bəstəkarlarımız çoxlu mahnılar bəstələyiblər. Son dövrlər zorla cəlb edildiyimiz Qarabağ savaşı göstərdi ki, Azərbaycanda indi də canını vətən yolunda qurban verməyə, onun uğrunda ölümə getməyə hazır olan igid oğullarımız və qızlarımız çoxdur. Bu mərd, mübariz Vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda etmiş və gələcək nəsillərin də vətəni dərin və atəşin məhəbbətlə sevməsinə numunə ola biləcək şərəfli iz qoyublar. Belə fədakar oğullarımızdan biri də, 4 mart 2019-cu il tarixində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşüb həlak olan gizir Hafiz Məhəd oğlu Abdullayevdir.

Hafizin ürəkləri param-parça edən acı həyat hekayəsi belə başlayır. O, 1984-cü il yanvar ayının 1-də Sumqayıt şəhərində sadə bir ailədə anadan olmuşdu. Atası Məhəd zavod da fəhlə işləyirdi, anası Şövkət xanım isə evdar qadın idi. Ailədə 3 qardaş idilər. Hər üç uşaq Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbdə təhsil alırdı. Ailənin durumu o qədər də yaxşı deyildi. Çətinliklə dolanırdılar. Evləri məktəbə çox yaxın idi. Valdeyinləri həmişə məktəbə gələr, uşaqları ilə maraqlanırdılar. Hafiz ailədə böyük qardaş idi. O, idmanla məşğul olurdu. Uşaq yaşlarından hərbiçi olmaq istəyirdi. Həmişə hərbçi paltarı geyinər, oyuncaqları tapanca, tüfəng, top olardı. Məktəbdə tədbirlər olanda həmişə istəyirdi ki, bayraq onun əlində olsun. Səhərlər himn oxunanda səsi hamıdan uca olardı. İdman dərslərində çox fəallıq göstərərdi. Axır ki, Hafizin illər boyu gözlədiyi zaman gəlib çatdı. 2002-ci ildə hərbi xidmətə yola düşdü. Evdə qohumlar, qonşular, dostları şadlıq məclisi təşkil etdilər, gülə-gülə onu yola saldılar.

Hafiz məktəbə də gəldi hamımızla, bütün müəllimlərlə görüşdü. O, çox sevincək olmuşdu.

“Əsgər gedirəm e, müəllimə,”- deyə sevinə - sevinə bildirdi. Hamımız ona xeyir -dua dilədik. Heyif ki, deyirlər: “sən saydığını say, gor fələk nə sayır”.

Həmin zamanlar Hafizin ana nənəsi qəflətən Yuxar Salahlı kəndində dünyasını dəyişdi. Babası tək qaldı. Məhəd qardaşla Şövkət qohum idilər . Sumqayıtda da ailənin güzəranı o qədər də yaxşı deyildi. Ona görə qərara aldılar ki, evlərini satıb rayona köçsunlər, orda dədə-baba yurdunda təsərrüfatla məşğul olsunlar. Bir müddətdən sonra Hafiz də əsgərlikdən qayıdacaq və onlara kömək edəcəkdi. Ortancıl oğul Pərviz də orta məktəbi bitirmişdi, xırda ticarətlə məşğul idi. Ailənin sonbeşiyi Əziz isə 6-cı sinifdə oxuyurdu. Ailə evlərini satıb Qazax şəhəri Yuxarı Salahlı kəndinə köçdü. Orada satdıqları evlərinin puluna kiçik bir ev tikdilər.

Bir müddət sonra Hafiz hərbi xidmətdən qayıtdı. Yenə dost-tanış, qohum-əqraba onu sevinclə qarşıladı. Gədəbəy rayonun Başkənd kəndində qulluq edirdi. Əsgəri xidmətdə olanda heç evə gəlmək istəmirdi. Valdeyinləri istəyirdilər ki, onu münasib bir işlə təmin etsinlər. Hafizə nə qədər dil tökdülərsə, xeyri olmadı. Son sözü bu oldu:

-Əzizlərim, mən qəti qərarımı vermişəm. Öldü var döndü yoxdur. Ana, ata, qurban olum. Məni başa düşün. Biz müharibə şəraitində yaşayırıq. Mən vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da, qanımdan da keçməyə hazıram. Mənim qəlbim vətənə xalqa, elə, obaya məhəbbətlə doludur. Bilin, agah olun, burda qalan deyiləm - Vətən çağırır məni.

O gözəl valdeyinlər də gördülər ki, Hafizin fikiri qətidir. Onu qucaqlayıb öpdülər və xeyr–dua ilə yola saldılar. Hafiz Naxçıvan şəhəri N saylı hərbi hissəyə yola düşdü. Orda hamı bütün heyət onu mehribanlıqla qarşıladı, ürəkdən alqışladı. Onu Bakı şəhəri Salyan Kazarmasına kursa gondərdilər. Müvəffəqiyyətlə kursu bitirib geri döndü. Naxçıvanda N saylı hərbi hissədə çalışdı. 2007-ci ildə öz kəndlərində Validə xanımla ailə həyatı qurdu. Bu evlilikdən 2 oğul, 1 qız övladı dünyaya gəldi. Çox mehriban ailə idilər. Hafiz 2011-ci ilə qədər Naxçıvan şəhərində, 2011-ci ildən-2013-cü ilə qədər Lənkəran şəhərində, 2013-cü ildən 2015-ci ilə qədər Pereküşkül qəsəbəsində, 2015 –ci ildən 2017-ci ilə qədər Tovuz şəhərində məxvi hissə rəisi vəzifələrində çalışdı. 2017-ci ildə isə Daşkəsən rayonuna dəyişdirilmişdir.

Bu illər ərzində xidməti vəzifəsini məsuliyyətlə icra etmişdi. Ona görə də bir dəfə “Qüsursuz xidmətə görə”, sonra isə Milli ordunun 100 illiyinə həsr olunmuş medallarla təltif olunmuşdur.

Həmişə iş yoldaşları, dostları, yaxınları arasında özünə hörmət qazanmışdı. Böyüklərlə, kiçiklərlə həmişə xoş münasibət qurardı. Heç kimin xətrinə dəyməzdi.

Hamının sevimlisi, əzizi idi. Oğlu İsmayıl və qızı Mahizər, hər ikisi bir sinifdə- II sinifdə oxuyurdular. Kiçik oğlu isə yaş yarım idi. Mart ayının 6-da növbəti məzuniyyət vaxtı idi. Yoldaşı, uşaqları sevinirdilər. Nənə-babaları ilə birlikdə Novruz bayramını qeyd edəcəkdilər. Özü isə heç yerə getmək istəmirdi. Həmişə şərəflə, vicdanla xidməti vəzifəsini yerinə yetirməyə çalışırdı. Mart ayının 4-ü idi. Həmin gün atası Məhəd kişinin də ad günü idi. Bacıları, yaxınları onlara toplaşmışdılar. Atası nədənsə fikir içində idi. Soruşanda deyirmiş: “Bilmirəm, artıq saat neçə olur. Hafizdən çıxmayan iş, niyə məni təbrik eləmir? Ola bilməzdi. Həmişə Hafiz bütün bayramlarda, ad günlərində bizi birinci təbrik edərdi”. Doğrudan da, necə qanlı bir olaydır. Birdən qəflətən Məhəd kişiyə bir zəng gəlir ki, oğlunuz Hafiz bu gün qar uçqununa düşüb, tapılmayıb, itgin düşüb. Ata o qədər vüqarlı dayanır ki, evdəkilər hec onu başa düşmürlər. Daşkəsən rayonuna gəlir, hadisə ilə tanış olur. Çox məğrur dayanır və deyir: “Mən qurban olum vətənimə, prezdentimə, Mehriban xanıma, müharibə şəraitidir. Mənim oğlum xidməti vəzifəsini yerinə yetirərkən bu faciənin qurbanı olub. O, vətəni sevirdi. Vətən yolunda da şəhid oldu. Ancaq onun nəşini istəyirəm aparım dəfn edim.

Doğrudan da, Hafizin xidmət etdiyi hərbi hissənin qərargah rəisi palkovnik-leytinat Ədalət Hacıyev böyük bir axtarış qrupu yaratdı. Ədalət Hacıyev çox qabiliyyətli alicənab bir insandı. Hərbi hissədə hamı onu çox sevirdi. Əslən o da Qazaxın birinci Şıxlı kəndindəndir. Bir müddət sonra aprel ayının 12-də Hafizin nəşi tapıldı və ailəsinə təhvil verildi. Hafiz də illər boyu ürəyində bəslədiyi arzusuna çatdı, şəhid oldu. O, həmişə deyirdi :

-Şəhidlər ölmürlər, onlar xalqımızın vüqarıdır, qürurdur. Mən də xalqımızın ailəmizin qurur mənbəyi olacağam.

Oldu da!

Ailəsinin dediyinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı, çox dəyərli ziyalı Rəcəb Babaşov bir gün də ailəni tək buraxmayıb. Həmişə bütün el-oba ilə ailəyə böyük dəstək olub, yardımlar edib.

Aprel ayının 14-də Hafizin dəfn mərasimi keçirilib. Bu dəfndə minlərlə insan əllərində bayraq, gül-çiçəklə mütəşşəkil iştirak edirdi. Yer göy qan ağlayırdı.

Hafiz el yolunda, Vətən yolunda şəhid oldu. Şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşdu. Vətənini belə dərin məhəbbətlə sevən, Vətən yolunda canından keçən oğullar heç vaxt unudulmur!

Hafizin dəfn mərasimində şəhər icra hakimiyyəti nümayəndələri, Müdafiə Nazirliyinin işçiləri, qulluq etdiyi hərbi hissənin nümayəndələri iştirak edirdilər. Bütün yol boyu toplaşan insanlar onun tabutunu gül-çiçəklə, bayraqla yola salırdılar.

Hafiz Yuxarı Salahlı kəndinin qəbirstanlığında uca bir təpədə dəfn olundu və çox sevdiyi bayraq valdeyinlərinə verildi. Atası uca səslə “Şəhidlər ölməz, Vətən bölünməz!”,- deyə bayrağı öpdü. Hamıya ailəyə dəstək olduqlarına görə minnətdarlığını bildirdi. Biz də təhsil aldığı Sumqayıt şəhəri16 nömrəli tam məktəbin pedaqoji kollektivi ilə Hafizin ailəsinə baş çəkdik.

16 nömrəli tam orta məktəbin direktoru Niyaz Süleymanovun dediklərindən:

- Hafiz Məhəd oğlu Abdullayev, 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, 1991-ci ildə 16 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuş və 2001-ci ildə XI sinfi bitirmişdir. O, əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir. Sonralar ailəsi ilə birlikdə həmin kəndə köçüb və orada yaşayıb. Hafiz oxuduğu illərdə özünü nizam-intizamlı, tərbiyəli olduğunu göstərmiş, cəsur və mərd bir gənc kimi böyümüşdür.Yaşayış evi məktəbə yaxın olduğundan onun valideynləri müəllimlərlə daim əlaqə saxlayırdılar. Hafiz müddətdən artıq hərbi qulluqda xidmət edirdi, Vətənin sərhədlərini və təhlükəsizliyini qorumaqla özünün və ailəsinin, həm də el-obasının şərəfi keşiyində dayanmışdır.Vətən torpağını qoruyarkən hərbi vəzifəsini şərəflə yerinə yetirmiş və Şəhid olmuşdur.Allah rəhmət eləsin! Qəbri nurla dolsun! Bu bizim məktəbin doqquzuncu Şəhid məzunudur. Ailəsinə, qohumlarına, Yuxarı Salahlı kənd camaatına dərin hüznlə baş sağlığı verir və bütün Şəhidlərimizin ailələrinə səbr və təmkinlik diləyirəm. Əziz qardaşım Məhəd, başını dik tut, sənin oğlun Vətən uğrunda həlak olub. Onun üç övladını mərdliklə böyüt, onların qayğısını çək, gələcək üçün nüfuzlu insanlar kimi tərbiyyə et, qoy onlar həmişə qəhrəman ataları ilə fəxr etsinlər. Təəssüflər olsun ki, mən ölüm hadisəsini gec eşitdim. Vaxtında hüzr məclisində iştirak edə bilmədim. İnşaallah, qəhrəman övladımızın xatirəsini məktəbimizin pedaqoji kollektivi həmişə yad edəcək. Onun həyat və döyüş yoluna dair foto-stend hazırlayacaq, şagirdlərimizin bu sahədə məlumatlandırılmasını təmin edəcəyik. Şövkət anaya dözüm və səbr diləyirəm. Vətən üçün böyütdüyü övladı Vətən uğrunda qəhrəmancasına Şəhid oldu. Başını dik tut, Hafizin yadigarlarını, onun adına, nəslinizin adına layiq böyüt. Hafizin qoxusunu həmişə onlardan al!

5-6 altı il bundan əvvəl Hafiz məktəbə, yanıma gəlmişdi. Görüşdük, söhbət etdik, evi və ailəsi barədə hal-əhval tutdum. Dedi ki, Naxçıvanda hərbi hissədə işləyirəm. Məzuniyyətdə idim, indi geri qayıdıram. Ona uğurlar dilədim, salamlarımı ailəsinə çatdırmağı xahiş elədim. Eh, həyatdır də, nə etmək olar ?! Təsadüfi hadisələrin qarşısını əvvəlcədən almaq mümkün olsaydı, onda Hafiz də sağ qalardı. Amma belə olmadı ... Allahdan sizə səbr və dözüm diləyirəm.

Həyətdə bizi ilk qarşılıyan qarabuğdayı, şirin–şəkər, 7-8 yaşlı oğlan uşağı oldu və bizə dedi:

-Məni tanıyırsınızmı ? Mən Hafizin oğluyam!

Dəhşətə gəldim. Uşaq o qədər qürurlu danışırdı ki, adam az qalırdı onu möhkəm sinəsinə sıxsın. Ailə çox qürurlu bir ailə idi. İlk dəfə bizi görəndə ağladılar. Bizi qarşılayanlar arasında Yuxarı Salahlı kəndinin İcra nümayəndəsi Nəsib müəllim də var idi.Yaşca çox cavan idi. Ancaq söhbətə qoşulanda ağsaqqal kimi danışırdı. O, da ürəkdolusu bu ailənin məğrurluğundan, Hafizin vətənpərvər olmağından danışırdı. Sonra dövlətimizlə, prezdentimizlə, oğulları ilə fəxr elədiklərini söylədilər. Elə bu zaman mənim də yadıma bir şeir düşdü.

Bu ki, bir qanundur, əbədi qanun,

Gələn getməlidir, gedən gələcək.

Vətənin uğrunda şəhid olanın,

Hər gün görüşünə Vətən gələcək

Qanlı tarixlərə düşdü izləri,

Harda döyüşdülər harda qaldılar.

Həqiqət budur ki, onlar özləri,

Vətənin döşündə orden oldular

Biz-16 nömrəli tam orta məktəbin kollektivi də bütün şəhidlərimizin xatirəsini hər zaman üstün tuturuq. Məktəbin ikinci mərtəbəsində hərbi otaqda şəhidlərin böyüdülmüş şəkilləri, divarda Milli Qəhrəmanlarımıza, Şəhidlərimizin adına stendlər asılıb. Hər zaman bu şəhidlərin ailə üzvləri ilə əlaqə saxlayırıq, məktəbdə təşkil edilən tədbirlərə onları dəvət edirik.

Hafiz məktəbimizin doqquzuncu şəhid məzunudur. 2 aprel 2016-cı ildə də məktəbimizin sevimli şagirdi Əbdül Məcid Axundov öz xidməti vəzifəsini yerinə yetirərkən Şəhid oldu. Allah bütün şəhidlərə rəhmət eləsin! Onlar bizim and yerimizdir! Onlar bizim müqəddəs qibləgahımızdır.

Ruxsarə SÜLEYMANOVA,

Sumqayıt şəhəri, 16 nömrəli tam

orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...