Tanıyaq və tanıdaq ( Portret cizgiləri)

Vətəndən uzaqda yaşayanlar silsiləsindən

Dostluğumuzun təməli hələ 1990-cı illərdən qoyulan və bu günə kimi ailəvi olaraq davam edən bir insan haqqında danışmaq istəyirəm. Bu günlərdə 75 yaşı tamam olacaq bu insanın haqqında danışmazdan əvvəl mən onun yubiley yaşını təbrik edirəm. Ona sağlam ömür arzulayıram və belə bir insanla sözün həqiqi mənasında DOST olduğumla qürur duyuram. Qürur duyduğum bu insanla sizləri də tanış etmək istəyirəm. Bu, Kiprdə təhsil alan azərbaycanlı tələbələrin, orada yaşayan həmyerlilərimizin yaxın dostu, ağsaqqalı olan, Sankt-Peterburq şəhərindəki Smolnı Universitetinin rektoru, akademik Heydər Məmmədrza oğlu İmanovdur.

Aramızda nə az, nə çox, düz 17 il yaş fərqininin olmasına baxmayaraq, bu gözəl insanla sözümüz-söhbətimiz həmişə tutub və mehriban dostluğumuz bu gün də davam edir. Heydər Məmmədrza oğlu İmanov 1944-cü ildə Qubadlı rayonunun Qayalı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə bitirərək 1962-ci ildə Leninqrad Texniki İnstitutuna qəbul olan Heydərin sevinci həmin vaxt yerə-göyə sığmırdı. Axı, o, kəndlərindən ilk gənc idi ki, SSRİ-nin şimal paytaxtında ali təhsil alacaqdı.

1967-ci ildə təhsilini uğurla başa vuran H. M. İmanov məzunu olduğu institutda qalıb elmi iş üzrə təhsilini davam etdirmək təklifini alır. O, düşünmədən bu təklifi qəbul edir və elmi işlərə başlayır. Elmi işini uğurla müdafiə edən H. M. İmanov “Texnika elmləri namizədi” elmi adına layiq görülür. Bir neçə il Leninqrad şəhərinin yüngül sənayesi sahəsində çalışan Heydər İmanovun sorağı Azərbaycana da gəlib çıxır. Bir müddət Azərbaycan Sənaye Nazirliyində çalışdıqdan sonra onu, Gəncə Çini Qablar zavoduna direktor təyin edirlər. O, 1991-ci ilə qədər bu zavoda rəhbərlik edir. Lakin həmin ərəfədə ictimai-siyasi vəziyyət dəyişdiyindən və bununla da SSRİ-nin süqutundan sonra bir çox müəssisələr kimi bu zavod da öz fəaliyyətini dayandırmağa məcbur olur. Bununla əlaqədar Gəncədən Bakıya qayıdan Heydər İmanov, burada “Azərkeramika” Elmi İstehsalat birliyini yaradır. Qeyd edim ki, bu birlik yarandıqdan sonra Azərbaycanın bir sıra bölgələrində çini qablar istesal edən müəssisələr də inşa olundu. Hətta bəziləri məhsul da istehsal etməyə başladı. Ən əsası onu da deyim ki, bu proses Heydər İmanovun hazırladığı konsepsiya əsasında hökumətin çıxardığı qərara uyğun aparılırdı. Amma çox təssüflər olsun ki, erməni faşistlərin Qarabağa təcəvüzü ilə bağlı olaraq bu konsepsiyanı sonadək həyata keçirmək mümkün olmadı. Bundan sonra yenidən o, Sankt-Peterburq şəhərinə dönməli olur. Burada savadını və iş bacarığını nəzərə alıb onu Komilov adına Çini Qablar zavoduna direktor vəzifəsinə təyin etdilər. Bir müddət sonra o, həmin zavodun nəzdində “Elektrokeramika” Elmi-Tədqiqat İnstitutunu və eləcə də “Elektrokeramika” Birliyini yaratmağa nail oldu. Bütün bunlarla yanaşı təhsilə, elmə önəm verən Heydər İmanov, 2003-cü ildə Rusiya Təhsil Akademiyasının prezidenti Nikolay Dimitryeviç Nikonorovun təklifi ilə Sankt-Peterburq şəhərində Smolnı Universitetini yaratmağa nail olur və bu təhsil ocağının rektoru təyin olunur. Professor H.İmanov rektor təyin olunandan sonra

onlarla azərbaycanlı tələbələr həmin universitetin məzunu olaraq bu gün də öz fəaliyyətlərini istehsalatda uğurla davam etdirirlər. 50 ildən çox orada yaşayan, Sankt-Peterburqdakı Azərbaycan diasporunun təşkilatlanmasında yaxından iştirak edən Heydər İmanov, oradakı azərbaycanlıların ilk mətbu orqanı olan “Tolko vmeste” qəzetini yaradır. Bir müddət sonra həmin qəzet “Azəri” adı altında nəşr olunmağa başlayır. Onun təşəbbüsü və maddi dəstəyi ilə dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri yenidən tərcümə və çap olunaraq rus oxucuların ixtiyarına verilib. Bundan başqa Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ilk kitablardan biri olan “Politika eqo sudba” kitabı da onun təşəbbüsü ilə nəfis şəkildə çap olunaraq oxucular arasında yayılmışdır.

Hal-hazırda işlərinin bir hissəsini həm də Şimali Kipr Türk Respublikasında quran və uğrla davam etdirən Heydər İmanov, burada da universitet açmaq haqqında düşünür və geniş fəaliyyət göstərir. Yaxın zamanlarda həmin universitetin fəaliyyətə başlamasının şahidi olacağımıza əminəm...

Mən 2012-ci ilin avqust ayının sonlarında istirahət üçün Kiprə yollanmışdım. İmkan tapan kimi hazırda həm də orada yaşayan akademik Heydər İmanovla tez-tez görüşür və görüşlər zamanı maraqlı, geniş dünyagörüşə malik olan bu insanla yaranan söhbətlərimizdən xüsusi zövq alırdım. Bir gün Heydər müəllimlə Kiprin Fa Maqosa şəhərində yerləşən Doğu Ağdəniz Universitetinin yaxınlığında, azərbaycanlı iş adamı Fuad Səfərəliyev tərəfindən yenicə açılmış “Qədim Bakı” restoranında əyləşib qəhvə içərək şirin-şirin söhbət edirdik. Onu da deyim ki, Heydər müəllim vaxt tapan kimi məni nahar etməyə və yaxud da sadəcə qəhvə içərək söhbət etmək üçün tez-tez bu restorana dəvət edirdi. O, bu restorana özünün də tez-tez gəldiyini və burada olmaqdan xüsusi zövq aldığını söyləyirdi. Restoranın yerləşdiyi məkan həqiqətən adama çox gözəl təsir bağışlayırdı, hər tərəf hündür palma ağacları ilə əhatələnmişdi. Üç mərtəbəli restoranın foyesi də adına uyğun olaraq Bakının qədim mənzərələrini əks etdirən şəkillərilə bəzədilmişdi. Restoranın ən gözəl yerindən asılmış üçrəngli bayrağımız insanda qürur hissi yaradırdı. Divar boyu klassik şair və yazıçılarımızın portretləri vurulmuşdu. Restorana daxil olarkən müştəriləri ilk olaraq milli Azəebaycan paltarları geydirilmiş manikenlər “qarşılayırdı”. Sağ tərəfdə qədim sandığın üstündə yerləşdirilmiş milli musiqi alətlərimiz olan tar, kamança və qaval restoranın interyerinə xüsusi gözəllik verirdi. Divardan asılmış qədim Qarabağ, Şirvan və Quba xalçaları isə bura gələnlərin qəlbində isti və doğma bir aura yaradırdı. Ölməz sənətkarımız, pianoçu Vaqif Mustafazadənin fasiləsiz olaraq səsləndirilən həzin musiqisi də bura gələn müştərilərin əhvalına xüsusi bir rəng qatırdı. Burada adam özünü sanki Vətəndə olmuş kimi hiss edirdi. Restoranın müştərilərinin çoxu azərbaycanlı tələbələr idi. Onlar bura milli mətbəximizin dadlı-ləzətli yeməklərini yeməkdən əlavə, həm də çay-qəhvə içərək bir-biriləri ilə söhbət etmək, ünsiyyət qurmaq üçün yığışırdılar.

Mən qəhvə içə-içə danışır, olanlardan-keçənlərdən söhbət açırdım. Birdən Heydər müəllimin fikirli halda qaşlarının çatıldığını görüb soruşdum:

-Heydər bəy, əhvalınız niyə dəyişdi?

Heydər müəllim məndən üzr istəyib, yaxınlığımızdan keçən restoranın süfrəçisini yanına çağırdı:

-İndi sizinlə söhbət edib gedən oğlana mən üç gündür fikir verirəm, hər dəfə gəlib səninlə danışır, sonra məyus halda çıxıb gedir. Bəs niyə yemək üçün oturmur?

Süfrəçi çiyinlərini çəkərək cavab verdi:

-Hə, siz o oğlanı soruşursunuz? Narahat olmayın, o, həmişə elədir. Gəlir, qiymətləri soruşur, uzaqbaşı bir stəkan çay içir və biz də ondan heç çayın pulunu da almırıq. Deyilənə görə onun atası Qarabağda şəhid olub.

Heydər müəllim gedən oğlanı əli ilə süfrəçiyə göstərib, onu yanına çağırmasını xahiş etdi. Oğlan Heydər müəllimə yaxınlaşıb salam verdi. Heydər müəllim ona yanımızda əyləşməyi təklif edib, onun neçənci kursda, hansı ixtisas üzrə oxuduğu ilə maraqlandı. Mən müdaxilə etmədən, bu söhbətin səbirsizliklə gözləməyə başladım. Söhbətdən məlum oldu ki, həqiqətən də oğlanın atası Qarabağ döyüşlərində şəhid olub. Evdə özündən başqa iki bacısı da var və onlar orta məktəbdə oxuyurlar.

-Bacıların harda və kiminlə qalır? – deyə, Heydər müəllim oğlandan soruşdu.

Oğlan əllərini ovuşduraraq, utana-utana cavab verdi:

-Bacılarım anamla birlikdə yaşayır. Anam Sumqayıtdakı məktəblərin birində xadimə işləyir. Qarabağdan qaçqın gələndən biz uşaq bağçasında yerləşmişik. Mən bu universitetə dayımın məsləhəti ilə qəbul olmuşam. Çünki, dayım təhsil pulunu, yataqxana və yemək üçün aylıq xərclərimi öz üzərinə götürmüşdü. Mən bura gələndən on gün sonra isə dayımın avtomobil qəzasında həlak olmasını anam xəbər verdi. İndi mənim nə burada qalıb təhsilimi davam etdirməyə, nə də geri qayıtmağa pulum yoxdur. Anam deyir ki, bir az döz, evə qayıtmaq üçün borc tapıb göndərəcəyəm.

Heydər müəllim fikirli halda dilləndi:

-Deməli belə. Bəs indi fikirin nədir?

-Nə olacaq? Anam yol pulunu göndərən kimi geri qayıdacam. İşləyib anama kömək edəcəm. Axı, bacılarımın gözəl təhsil almağı üçün mən pul qazanmalıyam. Mən də artıq uşaq deyiləm, 17 yaşım var.

Heydər müəllim uzaqdan bizi izləyən süfrəçini yanına səslədi. O, tələsik bizə yaxınlaşdı.

-Xahiş edirəm, bu oğlan üçün nahar süfrəsi açın. Bir də mümkündürsə patronunuz Fuad bəyi çağırın. Onunla söhbətim var, - deyə, Heydər bəy dilləndi.

Heç iki dəqiqə keçmədi ki, süfrə açıldı və bu zaman restoranın sahibi Fuad bəy də bizə yaxınlaşdı:

-Buyurun Heydər bəy, məni soruşmuşsunuz?

-Bəli, sizi soruşmuşam. Əyləşin və mənə diqqətlə qulaq asın. Deməli, bu oğlan hər gün gündə üç dəfə burada yemək yeyəcək. Pulunu isə hər ayın sonunda mənim şirkətim ödəyəcək. Bir də bu oğlana dərsdən sonra süfrəçi kimi burada işləməyə şərait yarada bilərsənmi?

-Əlbəttə yaradaram, Heydər müəllim.

-Lap yaxşı, qazandığı pulu isə vaxtında ödəyin ki, bu cavan oğlan onu evlərinə göndərə bilsin.

Restoranın müdüri sabahdan etibarən, günorta saat dördən, axşam saat səkkizə qədər işdə olmasını oğlanın yadına salıb, bizdən uzaqlaşdı. Oğlan iştahla yeməyini

yeyir, biz isə Heydər müəllimlə söhbət edirdik. Heydər müəllimin nədənsə fikirli olduğunu, nə haqqında isə düşündüyünü onun qayğılı gözlərindən də sezmək olurdu. Oğlan yeməyini bitirdikdən sonra, təşəkkür edərək qalxmaq istəyndə, Heydər müəllim onu saxladı və əl çantasından kağız-qələm çıxardıb oğlanın qarşısına qoydu:

-Sən bu kağıza adını, atanın adını, soy adını, oxuduğun fakultənin adını, qrupunun nömrəsini yaz. Mən sənin bu universitetdə qalıb oxumağın üçün bütün xərcləri öz üzərimə götürürəm. Şirkətin icraçı direktoru sabahdan bu işlərlə bağlı işləri yoluna qoyub, mənə məlumat verəcək. Bununla bağlı sən narahat olma, səndən ancaq oxumaq tələb olunur. Amma bir şərtim var! Dərslərinin oxumağından və nizam-intizamından mənə şikayyət daxil olmasın.

Oğlan deyilənləri kağıza qeyd etdikdən sonra minnətdarlıq edib, bizdən uzaqlaşdı.

Artıq həmin söhbətdən bir neçə gün keçmişdi. Heydər müəllimlə yenidən həmin restoranda görüşdük. Bizi həmin gənc oğlan gülərüzlə qarşıladı. Sonra hər ikimizə qəhvə gətirdi. Heydər müəllim oğlana təşəkkür edərək dilləndi:

-Hə, qoçaq, işə alışmısanmı? Bəs dərslərin necə gedir?

-Çox sağ olun, Heydər müəllim. Təşəkkür edirəm, hər şey qaydasındadır.

-Lap yaxşı, onda işində ol. Bir çətinliyin olsa müraciət edə bilərsən.

Biz qəhvəmizi içərək ordan-burdan söhbət edirdik. Amma bir sual məni düşündürürdü:

- Heydər müəllim, siz bu tanımadığınız oğlanın təhsil pulunu, yataqxanada yaşamaq haqqını və bu restoranda gündə üç dəfə yemək haqqını öz üzərinizə götürdünüz. Lakin bütün bunlarla yanaşı, oğlanın dərslərini yaxşı oxumasını və işləməsini də tələb etdiniz. Olmazdımı ki, oğlan işə sərf etdiyi həmin vaxtı da dərslərinə sərf edərdi?

- Arif müəllim, Leninqrad Texniki İnstitutuna qəbul olunanda mənim də 17 yeddi yaşım vardı. Müharibədən sonra ölkə aclıq, səfalət içərisində yaşayırdı. Əyani şöbədə oxumağıma baxmayaraq, axşamlar işləməyə məcbur idim. Elə gənclik illərindən zəhmətə alışqanlığım da mənim həyatda formalaşmağımda böyük rol oynadı. Karl Marksın belə bir sözü var, yəqin ki, siz də eşitməmiş deyilsiniz, “Təbiət insanı yaradır, cəmiyyət onu formalaşdırır.” Bu oğlan işləyib öz zəhməti ilə qazandığı pulu kömək məqsədi ilə ailəsinə, evlərinə göndərəndə, o zaman özünü həm ailəsinə, həm də cəmiyyətə yararlı bir insan olduğunu dərk edəcək, ayaq üstə möhkəm dayanmaq üçün daima özünə güvənəcək...

Heydər İmanovun elmi nəaliyyətlərindən, ixtiralarından da çox yazmaq olar. Amma mənə elə gəlir ki, sizləri yormamaq üçün, bu gözəl ziyalının insani keyfiyyətlərinin bəzi məqamlarını göstərməklə də kifayətlənmək olar.

Vətənimizdən uzaqlarda yaşayıb-yaradan, dövlətimizin, xalqımızın təssübünü çəkən, onun uğurları ilə sevinən bir ziyalımızla, Sankt-Peterburq şəhər Smolnı Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, akademik Heydər Məmmədrza oğlu İmanovla yaxından DOST olmaq mənə nəsib olmuşdursa da, qiyabi də olsa tanımaq xoşbəxtliyindən sizlərə də pay düşməsini arzulayaraq bu portret cizgilərini yazdım. Yazdım ki, siz də Vətənin layiqli ziyalılarından birini yaxından tanıyasınız!

Arif ƏRŞAD

Yazışı-tərcüməçi

Bütün xəbərlər Facebook səhifəmizdə