DAHA RUHUMDASAN - Elmar Vüqarlıdan yeni şeirlər

Daha ruhumdasan, ürəyimdəsən,

Bununçün ürəyim axtarmır səni.

Elə bilirsən ki, sən özündəsən?

Özümdən özünə salanmır səni.

Mən səni axtarıb tapacam bir gün,

Son dəfə ağlayıb ayrılan yerdə.

İçimdə peşmanlıq, kirpiyimdə nəm

Çökəcəm məhəbbət qırılan yerdə.

O ötən günlərə qayıtmaq üçün

Qərib duman kimi saracam səni.

Bahar yağışıtək gözdən, könüldən

Yuyacam həsrəti, kədəri, qəmi.

Düşünmə, Vüqarlı unudub artıq

Sevgindən alışan, yanan günləri.

Mən daha özümdə itib batmışam,

Görə bilməyirəm solan günləri.

SƏN ELƏ ORDASAN, HARDA MƏN VARAM

Sən elə ordasan, harda mən varam,

İdrakım, düşüncəm köklənib sənə.

Zamansız məhəbbət, zamansız inam...

Bunlar bil, əbəsdir, bu dəli könül

Sonsuz ümidlərlə bağlanıb sənə.

Üzümdə küskünlük, qəlbimdə kədər

Qanayan ürəklə yollar uzunu

Hərdən dolaşıram, boğsa da qəhər,

Hər yana boylanıb, hər yana baxıb

Axtarar gözlərim sənin üzünü.

Bəzən də qoynuna götürüb məni

Sənli xatirələr alıb aparar.

Ağrısı sinəmdə qalan günləri

Könlümün sağalmaz yaralarına

Həsrətlə yoğurub yenə qaytarar.

Duymaqçün sevgimin həqiqətini

Səp-sovur Göylərə məni sən daha.

Anlayıb ülviyyət hərarətini

Səhər mehindən də xəfif eşqimi

Göstər hər bir şeydən təmiz Allaha.

Sən elə ordasan, harda mən varam,

İdrakım, düşüncəm köklənib sənə.

Zamansız məhəbbət, zamansız inam...

Bunlar bil, əbəsdir, bu dəli könül

Sonsuz ümidlərlə bağlanıb sənə.

XƏZƏRLƏN QƏLBİMDƏ

Bəyaz gecələrin qoynunda

sevimli körpələrtək əzizlən, oxşan!

Mürgü yuxulardan süzülüb gələn

zülmətli işıqsan,

aydınlan, nurlan!

Gəl susma, gül, danış, unut hər şeyi,

xəzərlən qəlbimdə, ey əziz Neva!

Xəzan gəncliyimi boğub suyunda

ağlat gözümdəki donmuş yaşları!

Axı sən bilirsən:

Ruhumda boşluğu doldurmaq üçün

qəlbimdən nəyisə boşaltmalısan,

ağlat, göz yaşlarım qoy yusun onu,

bu hissin nə adı, nə ünvanı var...

Bu tutqun səmanın altında səssiz

öpüşək, dərdləşək qərib dost kimi.

Keçib hər şeyimdən alt-üst dünyamla

atıram ruhumu sənə daş kimi!

Xəzərlən qəlbimdə, ey əziz Neva!

(Sankt-Peterburq 2010-cu il)

GERİYƏ BAXMADAN

Titrəyərsənmi toxunsam dodaqlarına?

Ölərsənmi gözlərini qırpmadan səni sevən birisi üçün?

Qaçarsanmı geriyə baxmadan mənimlə

son dayanacağı bilinməyən sonsuzluğa?

Gəl and içək,

yalan danışaq,

aldadaq bir-birimizi….

Onsuz da hər şey yalandı!!!

Kimsənin deyə bilməyəcəyi yerə aparır bizi bu gecə,

saxlaya bilməz bu yoldan göylərin hökmü!

Gəl bu gecəni bir ömür kimi yaşayaq,

gəl rəqs edək qəlbimizin ritmi ilə,

al məni qollarına…

Axı sən mənim yazmadığım şeirsən,

oxumadığım ən həzin nəğməm!

Hər şeyi alt-üst etməyə,

məni yarı yolda qoymağa tələsmə belə…

Əlini əlimə ver,

qaçaq,

gizlənək bizi izləyən səhərin qayğısından,

Günəşin şüasından,

Allahın dünyasından…

Qapanaq dünyamızın zülmətinə,

qaradan artıq boya olmaz ki…

Bəlkə, mən çox dərinə getmişəm?!

Bəlkə, ağlımı mən itirmişəm?!

Boş ver məni, əzizim!

Sən mənimləsən bu gecə,

mən də səninlə…

UNUT MƏNİ, ƏZİZİM!

Hər şeyin bir sonu var, unut məni, əzizim!

Qoy utansın o analar, unut məni, əzizim!

Həsrətinlə yoğurulmuş kədərli nəfəsinlə,

Həyəcanlı səsinlə, unut məni, əzizim!

Verdiyimiz vədləri yaddaşından çıxart, sil,

Sözlər həqiqət deyil, unut məni, əzizim!

Ehtirasdır coşduran mümkünsüz yalanları,

Saxtakar duyğuları, unut məni, əzizim!

İlk ayrılıq havası göz yaşında səslənər,

Boş ver, o da köhnələr, unut məni, əzizim!

Vüqarlını qınama, cilovla hisslərini,

Daha sil gözlərini, unut məni, əzizim!

Dua

Sakit görünüşümə aldanma, inan,

Ağrıdan, kədərdən çağlaya billəm.

Cavabsız suallar sıxmasın səni,

Danışdırma məni, ağlaya billəm.

Zülmət qaranlıqda inilti kimi

Sızlayan ruhumun ümidi Sənsən.

İtib düşüncəmdə varlığım bütün,

Məkansız sevgimin məkanı Sənsən!

Al, götür yerlərdən göylərə məni,

Bu qəlbin sahibi Sən deyilsənmi?!

Məhv elə, parçala, dağıt, ya susdur,

Bu qəlbin sahibi Sən deyilsənmi,

Bu qəlbin sahibi Sən deyilsənmi?!

BİZƏ NƏĞMƏ OXUSUN

Sevgimizin son anı, bizə nəğmə oxusun,

Silkələyib dünyanı bizə nəğmə oxusun.

Sinəmizdə daş olan qəlbimizin qəhəri

Bu ayrılıq səhəri bizə nəğmə oxusun.

Payızın nəfəsindən xışıldayan yarpaqlar,

Şaqqıldayan budaqlar bizə nəğmə oxusun.

Gözümüzə yığılmış keçənlərin yanğısı,

Tənhalığın qayğısı bizə nəğmə oxusun.

Yolların ayırıcında dərk edilər qəbahət,

Ondan doğan həqiqət bizə nəğmə oxusun.

Ölüm ayağındadır etdiyimiz hər arzu,

Buna olmayan pozu bizə nəğmə oxusun.

Bəlkə heç görüşmədik taleyin səhnəsində,

Həsrət özü-özündə bizə nəğmə oxusun.

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə