Rəna təbəssümün söz dünyası Rəna TƏBƏSSÜM – 50

(Esse)

Rəna xanımla tanışlığım və dostluğumun tarixi 30 ilə yaxındır. Bu illər ərzində onu sadə, cəfakeş, iradəli, zəhmətkeş, sədaqətli, istedadlı və mərd insan kimi tanımışam. Həmişə düzgünlüyü, etibarlığı ilə başqalarından seçilib. Bir yaradıcı xanım olaraq da öz dəsti-xətti ilə oxucularının qəlbinə yol tapa bilib.

Söz dünyasına hələ orta məktəb illərindən qədəm qoyub.

Əsl istedadlı bu xanım ən qısa vaxtda da həqiqi sənət əsərləri yaratmağa qadir olduğunu sübut eləyib. Bu baxımdan Rəna Təbəssümün (İmanova) əsərlərini təqdirəlayiq sənət nümunələrindən hesab etmək olar. O, yaratdığı obrazların timsalında cəmiyyətin insanı öz kökü, iradəsi, təbiəti, mənəvi-əxlaqi-psixoloji tamlığı ilə qəbul etməsini ehtiva edir. Öz məninə, idealına inanan insanın daxili gücünü, qadirliyini nümayiş etdirməklə, istər-istəməz, qəhrəmanının yaşamaq haqqının müdafiəçisinə çevrilir.

Rəna Təbəssümü insan və cəmiyyət problemi daha çox düşündürür. Odur ki, əsərlərindəki obrazlarında, publisistik qeydlərində, məqalələrində - məhəbbətində və nifrətində onun obyekti konkretdir, idealı müəyyəndir, dili sadə və anlaşıqlıdır. O, milli ruha köklənərək, söykənərək yazılarında həqiqətin işıqlı tərəfini qabarıq şəkildə əks etdirməyə çalışan qələm sahibidir. Onun yaradıcılığından söhbət açanda məhz bu xarakterik cəhətlər nəzərimdən yayınmır. Rəna xanım müasirlik baxımından aktual, bədii dəyəri maraq doğuran yazıları ilə oxucu qəlbini oxşayır, yazıçı stixiyasına sadiq qalır, həqiqətdən geri çəkilmir.

Bəli, Rəna xanımın da taleyinə qələm əhli olmaq düşüb. O bu yolda inamla və məsuliyyətlə addımlayır.

2010-cu ildə “Eşqin gücü varsa” adlı ilk kitabı ilə oxucularının görüşünə gələn Rəna xanıma Təbəssüm təxəllüsünü onunla bir müddət çiyin-çiyinə çalışan tanınmış qələm sahibi, “Azərbaycan” qəzetinin əməkdaşı olmuş Qalib Əhmədov yaraşdırıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rəna xanımın indiyədək həmmüəllifi olduğu “Mənəviyyat məbədi”, “Corat. Qloballaşan dünyanın daş yaddaşı” adlı kitabları publisistika sahəsində çox dəyərlidir. Həmçinin məqalələri, publisistik yazıları, oçerkləri də öz maraq dairəsinə görə fərqlənir. Öz orijinallığı ilə süçilir.

Yarıməsrlik ömrü acılı-şirinli xatirələrlə zəngin olan Rəna xanımı yubileyi münasibətilə ürəkdən təbrik edir, öz dünyasında və söz dünyasında təbəssüm dolu günlər, bolluca uğur arzulayıram! Və ona bir bənd şeir ərmağan edirəm.

İlhamə MƏHƏMMƏDQIZI

Şairə-jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə