(1-3 aprel)

Hörmüzün hökmüylə yaz fəsli girdi,
Susmuş şimşklər də saçmadı atəş.
Havalar get-gedə istiləşirdi,
Martın sonlarında doğmuşdu Günəş.

Yaşıla bürünmüş düzlər, meşələr,
Narın damcısını bulud atırdı.
Şaxta sovuşmuşdu, qeyzlənmişdi şər,
Əhrimən dişini şaqqıldadırdı.

Hörmüz Əhriməni salmış kəməndə,
Fərəh gətirməkdə bahar yenə də.
Oğlaqlar atılıb-düşür çəməndə,
Sevinc içindəydi qarı nənə də.

Şərlər "Yetiş dada, Əhrimən!" deyib,
Pisliklər yaymaqçün əlləşirdilər.
Şəngül, Şüngül, Məngül şehli ot yeyib,
Atılıb-düşərək, mələşirdilər.

Marta çevirərək gülər üzünü,
Dedi qarı nənə ürək sözünü:
- Görüm, xoş olmasın, a mart, güzarın,
Xirtdəyə dirəndi azar-bezarın.
Yaşıla bələnib oylaqlarım da,
Oynaşır çəməndə oğlaqlarım da.
Xəstə nəfəsini dərd-azar alsın,
Şaxtalı ruzgarın sovxaya qalsın!

Martın bu məqamda çatıldı qaşı,
Qarı dağdan ağır şələ veribdi!
Gördü ki, qarışıb bəlalı başı,
Şaxtalı günləri yelə veribdi.

Rəzillik olmuşdu irsən ona xas,
Xeyli pozulsa da martda hal-əhval.
Qarıdan almaqçün layiqli qisas,
Apreldən o, üç gün borc aldı dərhal.

Mart idi qarıyla eyləyən dava,
Etdi səxavətlə ehsan yağışlar.
Külək çövlan etdi, pozuldu hava,
Şıdırğı yağırdı leysan yağışlar.

Tutqun havaları görüncə qarı,
Dərhal oğlaqları tövləyə saldı.
Mart üç gün ləngitdi gələn baharı,
Qarıdan dəhşətli intiqam aldı.

Soyuq küləklərin boğanağında,
Şəngül, Şüngül, Məngül büzüşürdülər.
Üç gün ötüb keçdi... erkən çağında,
Oğlaqlar tövlədə "üzüşürdülər".

Dərhal boğulmuşdu yağış selində,
Qarının gözündə Şəngül-bir inci.
Səməni göyərir Şüngül dilində,
Məngülün üzündə donmuş sevinci.

Üzümü çevirib qisasçı martdan,
Bu yerdə sözümü edirəm qısa.
Pəjmürdə olaraq bu partapartdan,
Qarı kədərlənib batmışdı yasa.

Düzü, bir az əvvəl çönmüşdü beyni,
Qarıya baxaraq açıldı eyni.
Mart dedi: "Gəbərdib oğlaqlarını,
Ərşə bülənd etdim ahu-zarını.

Öldü oğlaqların, sağ olsun başın,
Mənə rişxənd etdin, bitdi savaşın.
Güclü rəqibinə gəlmə badalaq,
Dəyər sifətinə qəfil şapalaq.

Ay eybəcər qarı, aldın payını?
İndi get köməyə çağır dayını.
Kim aşmaq istəsə daş hasarımdan,
Ağır zərbə alar ruzigarımdan.

Süzüb nifrət ilə acı ruzgarı,
Tənha daxmasına çəkildi qarı.
Oldu o, bu gündən kədərə sirdaş...

Altına-üsdünə qoyaraq sal daş,
Biz bu əhvalata veririk rəvac,
Pis günə qoy Zərdüşt eləsin əlac.

03.04.2019
Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə