Vasifin ölümü yaman sarsıdıb məni. Qardaşı qardaş itgisi sarsıdan kimi. Çünki o, təkcə mənim qardaşımın kürəkəni yox, həm mənə dost və həm də qardaş idi. Mən onu kiçik qardaşlarım Sabirdən və Rafətdən heç də ayırmırdım. Onlar qədər onu sevir və ona inanırdım. Hətta çox sirrlərimi onunla daha tez anlaşırdım. Çünki Vasif bunu öz əməllərilə, hərəkətlərilə, sevgisiylə, dəyanətilə qazanmışdım. O, hamıya qarşı diqqətcil və etibarlı idi. Ona görə də təkcə mən yox, onu yaxından tanıyanlar Vasifsiz keçən bu günlərində özlərinə yer tapa bilmirlər... Onun ölüm günü Vasifi son mənzilə yola salmaqçün gələn mindən çox adamın dəfn mərasimində olması bunu bir daha sübut eləyir. Bu da bir daha sübut elədi ki, Vasif 66 il, 3 aylıq ömrünü çox mənalı yaşayıb. Özündən sonra əbədi yaddaşlarda qalan çox yaxşı ad qoyub getdi. Bu da hər insana nəsib olmur.

Mən ondan iki yaş böyük idim. Vasifi də 13-14 yaşlarında olan vaxtdan tanıyırdım. Həmin vaxtlar mən, Masallıda Adil Səfərovun və Şakir Həsənovun yaratdıqları Miniətür teatrdında, Vasif isə həmin mədəniyyət evindəki uşaq xalq çalğı alətləri ansambılında məşğul olurduq. Tez-tez Masallı rayonunun kəndlərinə birlikdə qastrola gedirdik. Vasifin qarmonda solo mahnılar çalması tamaşaçıları həmişə heyran elədiyinə görə onu tez-tez sürəkli alqışlarla qarşılayırdılar. Vasif həddindən artıq hazırcavab və yumoru çox sevən idi. Fikirləşirdim ki, Vasif istəsəydi həm də yaxşı aktyor ola bilərdi. Bu sahədə də öz istedadını sübut eləyə bilərdi. Çünki o, həm də həmin Miniətür teatrında hazırlanan tamaşalarda kiçik epizodlarda da oynayırdı. Çox duzlu, məzəli obrazlar yaradırdı.

Vasifin dəfnindən sonra onun keşməkeşli həyatı bir kino lenti kimi gəlib gözlərim qarşısından keçir...

Vasif Sahib oğlu Abiyev 1952-ci ilin noyabr ayının 9-da kasıb bir ailədə anadan olmuşdu. Onlar ailədə 4 qardaş, 1 bacı olublar. Babası Kərbəlayi Abı kişi və atası Sahib kişi Cənub bölgəsində məşhur sınıqçı idilər. Buna görə də insanlar həmin vaxtı həkimlərdən çox onlara müraciət eləyirdilər. Hətta sınıq-çıxığı olanlar yox, başqa xəstəlikləri olanlar da onlara pənah gətirirdilər. Çünki Kərbəlayi Abı və Sahib kişi əsl təbib idilər.

Vasif, lap uşaq yaşlarından qarmona böyük həvəsi oduğuna görə, Masallı rayon Pionerlər evində gözəl musiqiçi, Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovdan və məşhur qarmonçalan Abutalıb Sadıqovdan qarmonun sirrlərin öyrənmişdi. O, artıq 8-ci sinifdə oxuyandan el şənliklərinə gedirdi. Masallıda keçirilən bütün tədbirlərdə də öz qarmonu ilə hamını rövnəqləndirirdi. Orta məktəbi bitirəndən sonra ordu sıralarında xidmət elədi. Yaxşı xidmət elədiyinə görə o, vızvod komandirinin müavini olmuşdu. Hətta ordudan kiçik leytenant hərbi rütbəsi ilə tərxis olunmuşdu. Sonra Bakının Razin qəsəbəsindəki ( indiki Bakıxanov qəsəbəsi) Neft Texnikumunun qazın nəqli və istismarı fakültəsini bitirmişdi. Yaxşı musiqiçi olduğuna görə 5 il Masallı rayon Mədəniyyət evində qarmon müəllimi işləmişdi. Bir il Bakıda hərbi hissədə kurs keçəndən sonra ona hərbi müəllim işləmək üçün icazə verilmişdi. O, 27 il Masallı rayon Sərçuvar orta məktəbində yüksək səviyyəli hərbi müəllim işlədi. Masallının ilk milli qəhrəmanı Səfəralı Məmmədov onun şagirdi olmuşdu. Onun yüksək hazırlıqlı şagirdlər yetişdirməsi haqqında dəfələrlə mətbuatda yazılmışıdı. Vasif Abiyev müəllim işləməklə birlikdə heç vaxt özünün sevimli qarmonundan ayrılmamışdı. Masallıda elə bir toy şənliyi olmazdı ki, həmin toy Vasifsiz keçsin. Hətta insanlar eşidəndə ki, Vasif onların kəndinə musiqiçi kimi toya gəlib, hətta toya dəvət olunmayan adamlar belə gəlib, onun çaldığı musiqilərə böyük həvəslə tamaşa eləyirdilər. Onun barmaqları böyük sənətkarlıqla qarmonun şirmayı dillərini virtuoz səviyyədə dilə gətirir və qarmonu danışdırırdı. Bəli, qarmon onun əlində dil açıb danışırdı. Tamaşaçılar da bu danışığı başa düşür, feyziyab olurdular. İndi o qarmon Vasifsiz yetim qalıb. O qarmon bir dafa Vasifin əlində dillənməyəcək... Danışmayacaq...

Mən çox istəyirdim ki, Vasif Bakıya gəlsin və məhz burada musiqilə məşğul olsun. Əgər o, Bakıya gəlsəydi indi ən azından Əməkdar artis ola bilərdi və Azərbaycanın ən üzdə olan müsiqiçilərindən, mahir qarmonçalanlarından biri sayılardı. Amma Vasif Masallıya çox bağlı insan idi. Oradan ayrılmadı. Masallı torpağı da onu öz övladı kimi qoynuna aldı.

Vasif həm də balıq həvəskarı idi. Mən hər dəfə Masallıya gedəndə biz onunla balıq tutmağa gedərdik. O, təkcə qarman çalmaq üzrə yox, həm də balıq tutmaq üzrə usta idi. O, elə bil balıqların da dilini bilirdi. Onları çox asanlıqla ovlayırdı. İndi çox hüyfislənirən ki, biz daha onunla Masallıdakı “Yanar daş” Sağlamlıq İstirahət Mərkəzinə birlikdə getməyəcəyik. Onun bacanağı və mənim qardaşım Həzərxanın kürəkəni, dostum Rahim Zeynalovla onların maraqlı zarafatlarını eşitməyəcəm. Orada, Viləş çayından çoxlu balıq tutub, onları oradakı yeməkxanada bişirtdirib, üçümüz birlikdə deyə-gülə yeməyəcəyik. Heyif, heyif... Nə deyim Tanrının belə yazısına?..

Yas yerində olanda görürdüm ki, Rahim də elə bil ki, qocalmışdı. Vasifin ölümü ona da çox pis təsir eləmişdi. Çünki onlar təkcə bacanaq yox, həm də əsl dost idilər. Rahim də bizim kimi “Lələ” dediyi Vasifin xiffətini hələ çox çəkəcək... Onun dərdindən göyüm-göyüm göynəyəcək...

Vasif dünyasını dəyişdiyi üçüncü günün axşamı ailə üzvləri, qohumlar, dostlar birlikdə oturub, bir daha onu yad eləyirik. Hamımız göyüm-göyüm göynəyirik. Mən görürəm ki, onun həyat yoldaşı, qardaşım qızı, ömrünün 40 ilindən çoxunu Masallının təhsilinin inkişafına həsr eləyən, Masallı rayon Əlil Qadınlar Cəmiyyətinin sədri Aminənin ürəyi daha doludur. Vasif, bu Əlil Qadınlar Cəmiyyətində ona əlindən gələn bütün köməklikləri eləyirdi. Aminə ilə birlikdə Masallının bütün kəndlərini gəzir və orada olan əlil qız uşaqlarına və qadınlara birlikdə yardım eləyirdilər. Aminə və Vasif onların bütün bayramlarını yüksək səviyyədə keçirirdilər. Bu, Masallıda çox böyük ictimai iş sayılırdı. Masallı rayon rəhbərliyi də onların bu işini həmişə yüksək qiymətləndirib. İstəyirəm ki, Aminə xanım Vasiflə bağlı ürək sözlərini deyib, ürəyində yığılıb qalan bütün nisgilləri boşaltsın. Onun ürək sözlərini də tarixdə qalmaqçün bu elegiyaya yazım. Məhz buna görə də ona bir neçə sual verirəm.

- Aminə xanım, Vasif bir həyat yoldaşı kimi sənin yaddaşında necə qalıb?

- Mənim gördüklərimin çoxunu siz də görübsünüz və bilirsiniz. Amma yaddaşı təzələməkçün deyim ki, o, məni üç il istəyib, atam verməyib. Axırda böyük əmim Balaməmməd verib. Atam da onun sözündən çıxa bilməyib.

Biz, onunla 41 il ömür sürmüşük. O, mənə çox önəm verirdi və çox inanırdı. Acı olsa da deməliyəm ki, Vasif, öz sevgisinin qurbanı olub. Çünki bizim övladımız olmayıb. Mən, ona dəfələrlə demişdim ki, sən get ailə qur, qoy övladın olsun.

Amma o, heç vaxt buna razı olmayıb və deyib: “ Mən heç vaxt belə hərəkət eləmərəm. Biz ailə quranda bilmirdik ki, taleyimiz belə olacaq. Deməli, bu da bizim alın yazımızdı. Elə sənin qardaşlarının, bacılarının və mənim öz qardaşlarımın, bacımın övladları hamısı bizim övladlartımızdı”. O, bu sözləri elə-belə söz gəlişi demirdi. Heç vaxt da övladı olmamasından giley eləmədi. Həmişə də mənə təsəlli verib deyirdi: “Ola bilər ki, Allah bizə övlad verərdi, amma ikimizdən birimizin həyatına qıyaydı. Sən ya da mən həyatda olmazdıq”. Həqiqətən də öz qardaşlarının, bacısının və mənim qardaş-bacılarımın uşaqlarına o, öz övladı kimi baxırdı. Onları öz övladı kimi sevirdi. Onlar da hamısı ona “Lələ” deyə müraciət edir və hamısı da onu çox sevirdilər. Hətta kürəkən Kərbəlayi Həzərxanın və bacım Kərbəlayi Zəhranın oğlu Seymur çox cavan, 26 yaşında faciəli surətdə dünyasını dəyişəndən sonra Vasif mehrini onun oğlu Uğura salmışdı. O, Uğurla elə bil ki, nəfəs alırdı. Uğur da onu dəlicəsinə sevirdi. Uğur ona “Vasif baba” deyirdi. Hər dəfə Uğurun dilindən “Vasif baba” sözünü eşidəndə ona “can”, “sənə qurban olum”, “mənim ağıllı balam”, “mənim noğul balam”,- deyə cavab verirdi. Vasif çox istəyirdi ki, Uğur onun sənətini davam etdirsin. Deyirdi ki, “ mən Allahın köməkliyilə Uğura qarmon çalmağı öyrədəcəm”.

O, bütün qohumlara qarşı həddindən artıq diqqətcil idi. Qardaşım Vurğunun həyat yoldaşı dünyasını dəyişəndən sonra onun dörd qızına da Vasif daha çox diqqətcil idi. Vurğunun kiçik qızı Leylanın ad günü olanda ona dedim ki, bu gün Leylanın ad günüdü. Vasif tort alıb gedib Masallının Digah məktəbinə. Leylanı və bütün sinif yoldaşlarını yığıb məktəbin bufetinə. Həmin tortu orada kəsiblər və qızın ad gününü orada keçiriblər. Leyla bunu mənə elə böyük həvəslə, sevinclə danışdı ki, hətta sevincdən ağladı. Vasif, çox istəyirdi ki, evimizə həmişə qonaq gəlsin. Qonaqların qulluğunda da yüksək səviyyədə dururdu. Mənim müəllim işlədiyim Masallı şəhər 1 nömrəli orta məktəbin bütün pedaqoji kollektivi də onu çox istəyirdi. Onun uzun illər həmişə maşını olub. Həmin maşınlar da mütəmadi məktəbin müəllimlərinə xidmət eləyirdi. Vasif, həddindən artıq nikbin xasiyyətli, çox zarafatcıl insan idi. O, heç vaxt söz üçün “cibə” girməzdi. Çox hazırcavab idi. Masallı musiqiçilərinin hamısının yanında özünə böyük hörmət qazanmışdı. Bütün musiqiçilər ona “Lələ” düyə müraciət eləyirdilər. Vasif 7 ay xəstə olanda bütün musiqiçilər tez-tez gəlib ona baş çəkirdilər. Səxavət Ağayev və Rahib Abbasov demək olar ki, hər gün gəlib, onu darıxmağa qoymurdular. Səxavət onun üzünü qırxırdı. Atamoğlan Zahidov isə tez-tez gəlib bizdə qarmon çalır, mahnılar oxuyurdu ki, Vasif darıxmasın və xəstəliyini unutsun.

- Vasifə müsiqiçilərin də “Lələ” deməsini eşitmişəm. Və onu da eşitmişəm ki, bunun bir maraqlı tarixçəsi var. Elədirmi?

- Elədi. 1992-ci ildə onun 40 yaşını qeyd elədik. Çox təmtəraqlı bir tədbir keçirildi. Həmin vaxtı rəhmətlik Mirsəid təklif elədi ki, bütün musiqiçilər bu gündən Vasif müəllimə “Lələ” deyə müraciət eləyəcək. Beləliklə, həmin gündən bütün musiqiçilər, hətta qonşuların, qohumların uşaqları, həmyaşıdları da ona “Lələ” deyə müraciət eləməyə başladılar.

- Vasifin çoxlu dostları vardı.

- Bəli. Özünə dost qazanan insan idi Vasif. Onun çoxlu təmənnasız dostları vardı. Təkcə Masallıda yox, Azərbaycanın çox rayonlarında, hətta Rusiyanın Moskva, Murmansk şəhərlərində də onun dostları çox idi. Vasif xəstə olnanda onun İmişlidən, Astaradan olan dostları dəfələrlə gəlib onu yoluxurdular. Vasif, dayısı oğlu Mehdi Məmmədovla , xalası oğlu Hikmət Əliyevlə çox yaxın idilər. Onlar da demək olar ki, hər gün bizə gəlib, Vasifin hal-əhvalını öyrənirdilər. Xalasını da çox istəyirdi. Çünki Vasifin 12 yaşı olanda anası dünyasını dəyişdiyindən sonra onun mehrini xalasına salmışdı. Xalası Nəfisə xanım dünyasını dəyişəndə bu, Vasifə çox pis təsir eləmişdi. O, uzun müddət özünə gələ bilmirdi. Hətta anası dünyasını dəyişəndən sonra atası Sahib kişi gedib arvad almışdı. O da Vasifgilə öz övladı kimi baxdığına görə Vasif həmin qadını öz anası kimi sevirdi. O da dünyasını dəyişəndə Vasif onun dəfnində yüksək səviyyədə iştirak elədi.

Anası Mənsurənin zərli, qəşəng bir paltarı olub. Həmin paltar Vasifin xoşuna gəldiyinə görə qayçı ilə həmin paltardan bir parça kəsib. Vasif fikirləşib ki, anası buna görə onu döyəcək. Əslində isə anası hər yerdə hamıya böyük həvəslə deyirmiş ki, “ paltarım xoşuna gəldiyinə görə mənim ağ balıq, göyçək oğlum Vasif ondan bir parça kəsib”.

- Vasif necə olub ki, qarmon çalmağı öyrənib?

- Vasifin lap uşaq yaşlarında qarmon çalmağa böyük həvəsi olub. Amma kasıb yaşadıqlarına görə atası ona qarmon ala bilmirmiş. Nənəsi Lalə xala bilib ki, Vasifin qarmona böyük həvəsi var, kravatın üstünə salınan gözəl bir adyalı satıb 60 manata. Həmin pulu verib Vasifə. Vasif də həmin pula həvəckar qarmon alıb. Ona görə Vasif nənəsi Laləni çox istəyirdi. Onunla nəfəs alırdı.

- Atan Həzərxan da onu çox istəyirdi. Taleyin hökmünə bax ki, Vasifin dünyasını dəyişməyinin 40-cı günü mart ayının 25-də sənin atanın dünyasını dəyişdiyi gündür.

- Amma onun ölümü təkcə bu tarixi günlə bitmir. Çox maraqlıdır ki, Vasif torpağa tapşırılan gün fevral ayının 14-də qardaşım Vurğunun qızı Hüriyyənin ad günü idi. Fevralın 15-də Hüriyyənin həyat yoldaşı Seymurun dünyasını dəyişdiyi gün idi. Vasifin dünyasını dəyişdiyi 7-ci gün isə bacanağı Rahimin ad günü idi. Atamın ildönümü günü də Vasifin dünyasını dəyişməsinin 40 günü tamam olacaq. Bəli, Vasif də atamı (Lələmi) çox istəyirdi. Həm də çətin məqamda ona ərk eləyirdi. Bir dəfə Vasif gedib, atamın Şərəfə kəndindəki mağazasına və deyib ki, “nə pulumuz var, nə də maşınımın benzini”. Atam aparıb onu sovxozun həyətindəki nefbazaya. Maşınına bir bak benzin vurdurub və özünə də pul verib. Atam evə gələndə anam Xanıma deyib ki, “Vasif məni özünə ata, arxa-dayaq bilib, yanıma gəlmişdi. Ona pul da verdim, maşınına da benzin vurdurdum. Bundan sonra onlarla həmişə əlaqə saxla. Çalış ki, onlar korluq çəkməsinlər”. Vasif də atamı öz doğma atası qədər çox istəyirdi. Atam infarkt keçirib Sumqayıtda xəstəxanada yatanda, siz də görürdünüz ki, həmişə mənimlə birlikdə Sumqayıta gəlirdi. Onu yuluxurdu. Mən onu deyə bilərəm ki, Vasif evdən yox eldən getdi. Çünki yas mərasiminə gələn insanların çoxluğu və hamının heyfislənməsi bunu bir daha sübut elədi.

Mənim yanımda əyləşən cavanlıq dostum Kərbəlayi Nadir Adıgözəlov Aminə xanımın sözlərinə qüvvət verir:

- Vasif haqqında danışmaq çox çətindi, ağırdı. Yadına gəlir. Biz səninlə ayrı-ayrı millətlərin duet mahnılar oxuyanda Vasif Abiyev bizi yüksək peşəkarlıqla müşayət eləyirdi. Vasif insanlığın tacı idi. Bu, dostlar, qohumlar üçün çox ağır itgidi. Biz, Böyük Yaradanın işinə qarışa bilmərik. Deməli, Vasifin də alın yazısı beləymiş... Allah qəni-qəni rəhmət eləsin. Yeri behiştlik olsun.

Çox maraqlı müğənni olan, Azərbaycanda və Rusiyada tanınan Atamoğlan Zahidov bizim söhbətimizə müdaxilə eləyir:

- Vasiflə bizim tanışlığımız da 30 ildən çoxdur. Mən müğənni kimi fəaliyyətə başlayanda ilk dəfə Vasifgilin ansambılı ilə oxumuğam. O, Mədəniyyət evinin bütün tədbirlərində yüksək səviyyədə iştirak eləyirdi. Bu 30 ildə də aramızda heç vaxt bir inciklik olmayıb. O, çox alicənab insan idi. Yaxşı yol yoldaşlığı vardı. O, həddindən artıq təmizkar insan idi. Özünün geyimi, keçimi, səliqə-səhmanı ilə bütün musiqiçilərdən seçilirdi. Vasif, musiqiçilərin yanına gələn kimi özü ilə xoş ovqat gətirirdi. Elə bil ki, hamı onun gəlişini gözləyirdi. Vasif, mənim atam, məşhur aşıq Atabala Zahidovla da birlikdə çıxış eləyib. Yaxşı yoldaşlıqları olub. Onun dünyasını dəyişməsi bütün musiqiçilərə çox pis təsir eləyib. O, bacardığı qədər hamıya əl tuturdu. Hamının möhübünü düzürdü. Allah ona rəhmət eləsin.

... Mən Aminə və bütün qohumlarla xudafizləşib, qardaşım Rafətin maşınında Sumqayıta qayıdanda, Azərbaycanın tanınmış şairi, Əməkdar mədəniyyət işçisi Əfrəf Veysəlli mənim mobil telefonuma zəng vurub, bağsağlığı verdi. Vasifin ölümünə heyfisləndiyini bildirdi. Çünki o da Vasifi tanıyırdı və onun sənətinin vurğunu idi. Əşrəf müəllim mənə bildirdi ki, “Vasif haqqında bir şeir yazmışam. Sumqayıta gələndə sizə verəcəm”. O, şeiri mənə telefonda dedi. Mən bu şeiri eşidəndə çox kövrəldim...

Yol boyu Əşrəf Veysəllinin dediyi şeirdən bu sətirlər isə beynimdə dəfələrlə təkrar olunurdu və məni tez-tez qəhər boğurdu:

Əcəl çoxmu gördü sənə sənəti,

Nə tez əllərindən aldı qarmonu?

Ruhun uçub getdi əbədiyyətə,

Vasif deyə-deyə qaldı qarmonun.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə