(Şairə Gülabə Cəfərovaya sevgi, nisgil dolu məktub)

Bu da bir sınaqdı keçə biləcəm,

Sənin bulaqların suyun içəcəm.

Torpağına əyiləcəm, çökəcəm,

Danışacam çiçəklərlə, güllərlə.

Tanrı bizi yurdumuza döndərər,

Dərd atəşin su çiləyib söndürər.

Gülabəni Qərvəndində güldürər,

Qovuşaram neçə-neçə ellərlə.

Ağdamdan, doğma yurddan qayıdırdım. Mənə Gülabə Cəfərovanın “Gözlərimdə qışdı bahar” şeirlər kitabını vermişdilər. Sumqayıta qayıdana qədər yol boyu “nəfəsimi dərmədən” bu kitabı oxudum. Buradakı nisgil dolu şeirlər məni elə kövrətmişdi ki, gözümün yaşı “ovcumun içində” idi. Şeirləri oxuduqca başa düşürdüm ki, Gülabə xanım da bu şeirləri yazanda yəqin mənim kimi çox kövrəlib. Əgər kövrəlməsəydi belə sızltılı, ürəkləri “dağlayan” şeirləri yaza bilməzdi...

Mən jurnalistika ilə məşğul olduğumdan, hələ uşaq yaşlarımdan ədəbiyyta bağlı insanam. Klassiklərin şeirlərindən tutmuş, müasir şairlərə qədər çoxlu şeirlər, poemalar və başqa bədii əsərlər oxumuşam. Elə şairlər olub ki, onların kitablarını çox səbirsizliklə sona qədər oxuyub, kitabın bütün məğzini öyrənmişəm. Elələri də olub, bəsit, mənasız olduğundan, sona qədər oxumağa səbrim çatmayıb. Gülabə Cəfərovanın kitabını Ağdamdan Sumqayıta çatana qədər tam oxudum və bir şeyə fəxr elədim ki, mənim belə istedadlı, yüksək təfəkkürlü, hər misrası, sözü yerində olan maraqlı, dərin sözaltı mənalarla zəngin şeirləri ərsəyə gətirən el qızım var. Bu şeirlərin çoxu da yüksək vətənpərvərlik ruhunda, torpaq, Vətən həsrətilə yazılmış şeirlərdir. Bu kitab bir növ Qarabağa bir ağıdır, elegiyadır desəm daha doğru olar. Bu ağının, elegiyanın içində düşmənin məkirliyi, şəhid olanlarımızın müqəddəs ruhu, gavurlara girov qalan torpaqlarımızın, düşmən əsirliyində qalan qız-gəlinlərimizin ah-naləsi, Vətəndən didərgin düşüb, Qarabağ həsrətilə özgə ellərdə ölənlərin son bayatıları yer alıb. Elə kitabın ilk şeiri olan “Qalıb” şeirindəki ilk sətirlərlə Gülabə xanım oxucunu öz təsiri altına alır.

Yenə gülüşlərim itib üzümdə,

Canımı isitmir isti közüm də.

Üzülüb ümidim qəlbdə, gözümdə,

Ömrüm nəfəsimdən asılı qalıb.

Yetər bu ayrılıq bəs edər mənə,

Söz demək vaxtıdır qarı düşmənə.

Məni həsrət qoyub doğma Vətənə,

Ürəyim vüsaldan asılı qalıb.

Şairənin kitabının adı da çox maraqlı bir tapıntıdır. “Gözlərimdə qışdı bahar”. Bu şeir elə bil ki, şairənin torpaqla bağlı bir oxşaması, nisgili, dərdidi. Həmin dərdi Gülabə xanım bu misralarla tamamlayır:

Bir qəribəm min dərdim var,

Ən böyük dərdim intizar.

Fəsillərim bilinməyir,

Gözlərimdə qışdı bahar.

Gülabəyəm, yurda həsrət,

Didir məni bu rəzalət.

Vətənimdə Vətənsizəm,

Bu başıma olub töhmət.

Şairənin “Kaş” şeirinin elə ilk bəndi adamı kövrəldir. Qarabağ mənim həyatımın mənası, laylamın çalındığı bir dünya olduğuna görə “Kaş” şeirinin ilk bəndini oxuyanda çox kövrəldim...

Bu əsən küləklər, bu əsən yellər,

Qəlbimin həsrətin aparaydı kaş.

Vətəndə Vətənsiz olduğum günlər,

Nağıl tək oxunub qurtaraydı kaş.

Əziz bacım Gülabə, mən də Ağdam həsrətilə tez-tez o yerlərə gedirəm. Erməni gavurlarının əlində olan anamın yurdu Baş Qərvəndə və doğulduğum Yusifcanlı kimi gözəl yerlərə bir oxşama deyib, kövrəlirəm. O yerlərdə mənim əzizlərimin, şəhid olan doğmalarımın qəbri qalıb. Mənim də uşaqlığım anamın doğulduğu Baş Qərvən kəndində keçib. Sənin gəzdiyin o yerləri mən də qarış-qarış gəzmişəm...

Bu günlərdə mən yenə də Ağdamda oldum. Ora gedəndə sənin kitabını da özümlə aparmışdım. Orada sərhəd tərəfə baxıb, göz yaşları ilə sənin bu bayatılarını dedim:

Əslim Qarabağlıdır,

Sinəm yaman dağlıdır.

Yurdum oda qalandı,

Getməyə yol bağlıdır.

Bu el bizim elimiz,

Köçüb yurddan elimiz.

Neçə ildir ay Allah,

Yanır iman, dilimiz.

Əzizim tək qalmışam,

Qəlbimə dərd salmışam.

Qarabağsız yaşamaqdan,

Yarpaq kimi solmuşam.

Sən də Ağdamın Qərvənd ərazi nümayəndəliyinin Şıxlar kəndində anadan olubsan. Qarabağ müharibəsi başlayanda, yəni 1988-ci ilin fevral ayında artıq 9-cu sinifdə oxuyurdun. Sən orta məktəbi 1989-cu ildə bitirəndə artıq səni hamı şairə kimi tanıyırdı. Çünki həmin vaxtlar sən yazdığın və “Ağdam”, “Qeyrət qalası” və “Evrika” adlı qəzetlərdə çap olunan şeirlərinlə özünə qarşı böyük maraq

yaratmşdın. Çünki bu şeirlərin qarabağlıları Vətəni erməni gavurlarından qorumaq üçün döyüşə səsləyirdi. Əfsus ki, bəzi dönüklərimizin, “stul davası” aparanların, erməniyə havadar olanların ucbatından itirdik Qarabağı bacım. Sən də həmin vaxtı “Qarabağım heç yox imiş” adlı sızıltılı bir şeir yazdın. Şeirin bu sətirləri məni yaman kövrəltdi.

Qarabağı əzizlədik,

Cənnət deyib hey səslədik.

Biz Vətəndə dərd çəkmədik.

Bunlar niyə xəyal imiş,

Qarabağım viran imiz.

Aldanmışıq xəyallara,

İnanmışıq yuxulara.

Tələsmişik sabahlara,

Biz qoşulduq boş başlara,

Qarabağsız el yox imiş.

Sənin “Qardaş” şeirini oxuyandan sonra mənim də qəlbimdə, beynimdə bir dəli inam var ki, biz, tezliklə doğma yurdumuza qayıdacağıq. Sən həmin vaxtı qalib ordumuzun qarşında bu şeirini deyəcəksən.

Vətənə borcunu qaytarmaq üçün,

Yaxşı xidmət eylə elinə qardaş.

Düşmənin niyyətin yaxşı bilirsən,

Gödəklik gətirmə dilinə qardaş.

Vuruş, qoy çəkilsin düşmən ayağı,

Şuşada ucalsın Vətən bayrağı.

Fəxrlə sən göstər ana torpağı,

Azadlıq gətir sən, güllərə qardaş.

Şairlər qələmin alsın əllərə,

Babəkin adını salsın dillərə.

Bu geniş dünyanı qoru bizlərə,

Qoymayaq düşmənə Vətəni qardaş.

Əziz bacım Gülabə Nəriman qızı. İnanıram ki, biz, rəşadətli ordumuzun sayəsində tezliklə Qarabağda üçrəngli bayrağımızı ucaldacağıq. Həmin vaxtı sən qələbə şeirini, mən də qələbə oçerkimi yazacam. Mən, qətiyyətlə inanıram ki, o günlər heç də uzaqda deyil. Təki millətimizin arasında birlik olsun. Milli birliyi olan xalq öz düşmənini susdurub, tezliklə qələbə çala bilər.

Azadə MƏHƏMMƏDQIZI,

Jurnalist-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə