Öz dəsti-xətti olan sənətkar (Portret cizgiləri)

Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 69 yaşı tamam olur. Ömrünün müdrik çağını yaşayan və böyük məhsuldarlıqla işləyən Ağalar İdrisoğlu həyatdakı uğurlara özünün istedadı, böyük zəhmətinin, yuxusuz gecələrinin, dərin biliyinin, təxəyyülünün, səbrinin və yaxşı təşkilatçılığının hesabına nail olub.

Onun həyat tarixçəsinin qısa məzmunu ilə tanış olduqda bunun tam şahidi oluruq. Ağalar İdrisoğlu ( Mehdiyev) 1950-cı ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. İlk əmək fəaliyyətinə Masallıdakı Maşın Traktor Stansiyasında dispetçer kimi başlayıb. Sonra iki il ordu sıralarında xidmət eləyib. Hələ orta məktəbdə oxuduğu illərdə Adil Səfərov və Şakir Həsənovun Masallı şəhər Mədəniyyət Evində yaratdıqları Miniətür Teatrında Ağalar İdrisoğlunun həvəskar aktyor kimi çalışması onu 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) darm və kino aktyorluğu fakültəsini gətirib. Dörd il SSRİ Xalq artisti Mehdi Məmmədovun sinifində təhsil alıb. O, 1975-ci ildə həmin ali məktəbin dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Şəki Dövlət Dram Teatrına getsə də altı aydan sonra Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyinin təklifi ilə bu teatra gəlib və aktyor kimi öz işini burada davam etdirib. 1981-ci ildə Moskvadakı A. V. Lunaçarski adına Dövlət Teatr Sənənti İnsitutunun ( indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsinə daxil olub və 1986-cı ildə isə həmin ali məktəbin musiqili teatrlar rejissorluğu fakültəsini əla qiymətlərlə bitirib.

Ağalar İdrisoğlu 16 yaşından bədii yaradısılıqla, jurnalistika ilə məşğul olur. İlk miniətürləri və məqaləlri 1966-67-cı illərdən “Azərbaycan pioneri” və Masallıda çıxan “Çağırış” qəzetlərində çap olunub. O, 44 ildir ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor kimi 40-dan artıq rollarda oyanıb və rejissor kimi 120-dən çox bir-birindən maraqlı tamaşalara orijinal üslubda, yüksək peşəkarlıqla quruluş verib.

O, 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub. Harada işləməsindən asılı olmayaraq, həmişə çalışıb ki, öz işini yüksək peşəkarlıqla yerinə yetirsin. Məhz buna görə də onun rəhbərlik elədiyi teatrlar Ağalar İdrisoğlunun sayəsində həmişə respublikanın aparıcı teatrları olub.

Ömrtünün 50 ilindən çoxunu bədii yaradıcılığa həsr eləyən Ağalar İdrisoğlu nasir, daramatur, publisist, jurnalist kimi “Ramiz İslanoğlu sorağında”, “Sərhədsiz dünyamız”, “Ömrün akkordları”, “Şahidin şahidləri, şəhidləri”, “Qaranlığı yaran işıq, “Bir alim ömrünün səlmaməsi” pomanlarının, “Vicdan mühakiməsi”, “Ulu Tanrı və ağ gəmi əhvalatı”, “Bura Vətəndir”, “Kəfənini geymiş qoca”, “Ömür yolları”, “Teatr sənətinin aşiqi” povestlərinin, “Həyatin astanasında”, “Qonaq”, “İnan mənə”, “Məhkəmədən əvvəl məhkəmə”, “Şah İsmayıl”, “İmam Şamil”, “Çarəsiz oyun”, “Öz qanunları olan şəhər, “Hörmüçək toru”, “Qibləgahım Xocalı”, “Azadlığa gedən yol” və başqa pyeslərin, 20-dən artıq teatrlaşdırılmış tamaşalarçün ssenarilərin, 100-dən çox hekayələrin, esselərin, elegiyaların, pritçaların, novellaların, 1000-dən çox publisist yazıların, məqalələrin, oşerklərin, ressenziyaların, portret yazıların, müsahibələrin müəllifidir.

Ağalar İdrisoğlunun “İnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Dünya azərbaycanlıları” (müştərək), “Qaranlığı yaran işıq” ( Maarif Teymurla birgə), “Bir alim ömrünün səlnaməsi”, “Vicdan mühakiməsi”, “Dözə bilmədi” ( Sadıq Murtuzayevlə birgə), “Könüllərdə yaşayan sənətkar” (müştərək), “General Xudu Borçalı” ( Veys Xudiyevlə birgə), “Milyonları xalq üçün xərcləyən İnsan” ( Rəhman Orxanla birlikdə), “İmam Şamil” ( Sadıq Murtuzayevlə birlikdə) kitabları çap olunub. Altı kitabı – “Şah İsmayıl” ( pyeslər toplusu), “Əbləhlərin son oyunu” ( hekayələr, novellalar, esselər, elegiyalar toplusu), “Sərhədsiz dünyamız” sənədli, publisit romanı, “Hər biri bir dünya olan insanlar” ( publisit əsərləri), “Kəfənini geymiş qoca” ( povestlər toplusu) və Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin 70 illik yubileyinə həsr olunan “Teatr sənətinin ağişi” kitabları çapa hazırlanır. 10-dan çox topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə eləyib.

Onun özünün yazdığı pyesləri və tərcümə elədiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.

Ağalar İdrisoğlunun “İnan mənə” pyesi 1985-ci ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında 3-cü dərəcəli mükafata layiq görülüb. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ( indiki Mədəniyyət Nazirliyi) 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafata layiq gərülüb. (Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib.) “İnan mənə” pyesi 1986-cı ildə SSRİ daramaturqlarının “Məhəbbət və başqaları” adlı antalogiyası kitabında çap olunub.

Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Quruluş verdiyi tamaşalardan bir neçəsi isə Mədəniyyət Nazirliyinin pul mükafatına, diplomlarına layiq görülüb.

1980-cı ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadıqları, Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası 15 respublikanın kollektivləri arasında ən yaxşı tamaşa kimi “Qızıl” medala layiq görülüb. Bu tamaşanın quruluşçu rejissoru kimi Ağalar İdrisoğlu da “Qızıl” medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun rəhbərlik etdiyi Sumqayıt Gənglərinin Xalq Teatrına bu maraqlı tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhənəsində yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivin bir neçə üzvünə də “Qızıl”, “Gümüş” medallar verilib. 2005-cı ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər rejissoru kimi “Avropa Mətbuu Evi”nin təsis etdiyi “Qızıl” medala layiq görülüb.

O, 50 ildən artıq yaradıcılığı dövründə həmişə çalışıb ki, birinci olsun və gedilməyən yollarla getsin. Belə ki, Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və teatr sahəsində ilk Əməkdar incəsənət xadimidir. Məhz onun böyük təşkilatçılığının, ideyasının sayəsində Sumqayıt Dövlət Dram Teatrı, Musiqili-Dram Teatrı olub və Azərbaycan Nazirlər Kabinetinin əmrilə bu teatra əlavə 90 ştat verilib.

Gənc dramaturq kimi ilk dəfə Azərbaycan respublikasını Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa yerlərdə seminarlarda məhz o, təmsil eləyib.

Ağdam və Sumqayıt Dövlət teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olsa da, Ağalar İdrisoğlu bu teatrdan işdən çıxandan sonra teatr Musiqili-Dram Teatrı kimi işləyə bilmədiyinə görə həmin 90 ştat Azərbaycan Maliyyə Nazirliyinin əmrilə geri alınıb.

1977-ci ilin mart ayının 16-da Sumqayıt şəhərinin və Azərbaycan respublikasının tarixində “Ümid” adlanan Teatr-Studiyanı da məhz Ağalar İdrisoğlu yaradıb. 13 il bundan qabaq Şabran rayonunda Mədəniyyət və Turizm Şöbəsinin nəzdində yaraılan “Şabran” Teatr-Studiyası da məhz onun ideyası və təşkilatçılığı ilə yaradılıb. 2018-ci ildə bu kollektivə Xalq teatrı adı verilib. Hər iki Teatr-Studiyaya uzun illər Ağalar İdrisoğlu özü rəhbərlik eləyib. Orada bir-birindən maraqlı tamaşalara quruluş verib və çoxlu istedadlı gəncləri kəşf eləyib. Onların peşəkat teatr sənətinə, incəsənətin başqa növlərinə, ədəbiyyat aləminə gəlməsində böyük işlər görüb.

Azərbaycan peşəkar teatrları içərisində ilk dəfə məhz onun rəhbərlik elədiyi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Qazaxıstan respublikasının Cambul və Çimkənt vilayətlərində, Gürcüstan respublikasının Qabal, Telavi rayonlarında, Vladiqazqazda və bütövlükdə Dağıstan respublikasında çox böyük uğurla qastrol səfərlərində olub. Bu kollektiv həmin yerlərdə Azərbaycan mədəniyyətini ilk dəfə yüksək peşəkarlıqla təmsil eləyib və çoxlu Fəxri- Fərmasnlarla respublikamıza qayıdıb.

Azərbaycan peşəkar teatr sənətinə dünyanın tanınmış dramaturqları, Nobel mükafatı laureatları Alber Kamyunun, Slavomir Mrojekin, dramaturqlar Aleksandr Suxovo-Kabılınin, Vasili Şukşinin, Georgi Xuqayevin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Leonid Juxavitskinin, Kiril Obalenskinin, Oskar Ualydın və başqalarının gəlişi də məhz Ağalar İdrisoğlu ilə bağlıdır. O, həmin dramaturqların bəzilərinin pyeslərini dilimizə tərcümə eləyib və bəzilərinin pyeslərinə Azərbaycan teatr səhnəsində ilk dəfə quruluş verib. Eləcə də bir neçə cavan Azərbaycan dramaturqlarının pyeslərinin peşəkar teatr səhnəsinə gəlişində də Ağalar İdrisoğlu az iş görməyib.

2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə həmin ilin iyin ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Ağalar İdris oğlu Mehdiyev) Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.

Ağalar İdrisoğlu hal-hazırda quruluşçu rejissoru olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetrinda bir-birindən maraqlı tamaşalara quruluş verir və uzun illər şöbə müdiri işlədiyi “Azad Azərbaycan” qəzetinin səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri, esseləri, elegiyaları, ressenziyaları, problemli məsələlərə həsr olunan məqalələri, portret yazıları ilə çıxış edir. “Az.PRESS. az”, “Sia. az”, “Axar”az, “AZİM” az, “Təzadlar” az, “Ədalət” az və başqa saytlarda, “Ədəbiyyat”, “Mədəniyyət” , “Ədalət”, “525”, “Səs”, “Azad qələm”, “Sərbəst düşüncə” və sairə qəzetlərdə, “Azərbaycan”, “Ulduz”, “Qobustan”“Naxış” və başqa jurnalında biri-birindən maraqlı hekayələri, esseləri, elegiyalari, pritçaları, publisist yazıları, məqalləri, ressenziyaları çap olunur.

Biz də çoxminli oxucularımız, tamaşaçılarımız adından, Respublikanın Əməkdar İncəsənət Xadimi, dəyərli ziyalı, uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf eləyən, bu mövzularda çoxlu maraqlı yazılar yazan, Qarabağ müharibəsinə həsr elədiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və saytlar vasitəsi ilə dünya xalqlarına çatdıran Ağalar İdrisoğlunu ad günü münasibəti ilə təbrik edib, ona həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik. 69 yaşınız mübarək. Bundan sonra da quruluş verəcəyi tamaşaları, bədii əsərlərini, məqalələrini, publisist yazılarını səbirsizliklə gözləyirik. İnanırıq ki, Ağalar İdrisoğlu bundan sonra da heç kimə bənzəməyən öz yaradıcılığı ilə oxucularını, quruluş verəcəyi orijinal üslublu tamaşaları ilə tamaşaçılarını sevindirəcək. Bundan sonra da Azərbaycan ədəbiyyatını, incəsənətini dünya xalqlarına çatdırmaq, həmin ölkələrdə respublikamızı təmsil eləməkçün uğurlu, orijinal işlərini davam etdirəcək. Həmişə olduğu kimi millətimizin milli birliyinin təbliğinə çalışmaqla böyük işlər görəcək.

Fəridə RƏHİMLİ

Jurnalist-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə