Dörd ünsür hələ çim halında idi,
Su şırıltı salıb axmırdı hələ.
Od özü qığılcım halında idi,
Külək vıyıltısı qalxmırdı hələ.

Əyilmək bilmirdi qışın biləyi,
Çəmənə Səməni ələnməmişdi.
Baxsa da qar altdan novruzçiçəyi,
Torpaq yaşıllığa bələnməmişdi.

Qulaq kəsilmişdik Suyun səsinə,
Yeddi gün qalırdı ilk çərşənbəyə.
Düşüb Yalançının gur həvəsinə,
Qəfil urcah olduq qəlp çərşənbəyə:

"Şaxtası-boranı qışın bir yuxu,
Yazın hərarəti məndə olub cəm.
Adımı Yalançı qoysa da çoxu,
Mən bahar fəslinin müjdəçisiyəm.

Suya şırıltını bəxş edən mənəm,
Mənəm qurdalayan Odun közünü.
Yelin əsməsinə mən verdim yönəm,
Torpaq münbitlikdə tapır özünü.

Adımı Yalançı qoydunuz nədən?
Yazın gəlişini mən gətirmişəm.
İsti nəfəsimdi qarı əridən,
Novruzgülünü də mən bitirmişəm.

Adıma deməyin bir də Yalançı,
Təsəvvür eyləyin tovuzdu gələn.
Gerçəlir min illər xalqın inancı,
Qarşıdan hay-küylə Novruzdu gələn".

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə