O, zəfər dastanını yazmaq istəyirdi... (Elegiya)

2017-ci ilin dekabr ayının 2-də sevimli şairimiz, publisistimiz, gözəl insan Aydın İsmayılovun 70 yaşı tamam olanda mən ona “Zəfər dastanını yazmaq istəyən şair” adlı oçerk həsr etmişdim. Həmin oçerki oxuyub, çox sevinmişdi. Bu arzu ilə də yaşayırdı və zəfər günümüzə aid poemanın da bəzi parçalarını mənə oxumuşdu. Amma sən saydığını say, gör fələk nə sayır...

2018-ci ilin fevral ayının 1-də dostumuz Aydın İsmayılov bu dünyaya əlvida dedi. Heyif, çox heyif... Bu insanda yaşamaq eşqi o qədər güclü idi ki, artıq beş il idi ölümlə vuruşur, mübarizə aparırdı... 2019-cu ilin fevral ayının 1-də dünyasını dəyişməsinin bir ili tamam olur əziz dostumun. Mən də ürək ağrısı, böyük nisgillə onun haqqında elegiya yazdım...

O, bizim redaksiyanın ən sevimli insanı, ağsaqqalı idi. Onun redaksiyamıza hər gəlişi böyük toy-bayram olurdu. Özünün maraqlı söhbətləri, duzlu-məzəli zarafatları, lətifələri ilə hamını ətrafına yığa bilirdi. Aydın İsmayılov əsl el ağsaqqalı idi. Çox zaman Bakıdan, redaksiyadan Sumqayıta bir yerdə gəlirdik. Yol boyu elə maraqlı söhbətlər edirdi ki, Bakıdan Sumqayıta iki saatlıq yolun necə tez gəlib keçdiyinə heyfislənridim...
İndi onun həyatını kino lenti kimi gölərim qarşısında canlandırıram...

Dostumuz Aydın İsmayılov 1947-ci ildə Ucar rayonunun Qarabörk kəndinin Bəylik bölgəsində dünyaya gəlmişdi. Anadan olduğu 2 dekabr atası Həbibulla kişinin Böyük Vətən Müharibəsindən tərxis olunduğu 1945-ci ilin 2 dekabr tarixinə düşdüyünə görə atası bəzən yarızarafatla Aydına deyərmiş: “Hər oğulun işi deyil ki, bir ay tez dünyaya gəlib, atasını təbrik etsin və ad günü də atasının ən gözəl, sevimli günündə olsun”.

O, həyata gəlişi ilə ailəni sevindirmişdi. Sonralar da sübut etdi ki, bu nəslin ən tarixi şəxsiyyətlərindən biri olmaqla gələcəkdə İsmayılovlar soy adını insanlara daha çox sevdirmək missiyası da məhz Aydının üzərində qaldı. O, Aydın İsmayılov imzası ilə Azərbaycan ədəbiyyatında özünün maraqlı şeirləri, poemaları, publisit yazıları ilə əbədilik qaldı.

Uşaqlıq illərindən hamının sevimlisi olan Aydının məktəb illəri başladı. O. məktəbdə də hamının sevimlisi oldu. Aydın orta məktəbi bitirəndən sonra birinci il ali məktəbə daxil ola bilmədi. Taleyini Sumqayıt şəhəri ilə bağladı. Sintez Kauçuk zavodunda işə düzəldi. Sonra isə onun ordu həyatı başladı. Orduda xidmət etdiyi vaxt Aydın İsmayılov ali məktəbə qəbul olmaq üçün ciddi hazırlaşdı. Məhz ona görə də ordudan tərxis olunandan sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil oldu. Az bir vaxtda da öz biliyinə, təşkilatçılığına görə tələbə yoldaşları arasında seçildi. İş yerində də öz işini yaxşı bacardığına və maraqlı şeirlər yazdığına görə respublika qəzetlərində həm şeirləri və həm də qabaqcıl işçi kimi haqqında tez-tez yazılar çap olundu. Burada da hamının qəlbində özünə böyük məhəbbət qazandı. Əslində elə belə də olmalı idi. Üzündən nur yağan bu gənc oğlan müqəddəs ocaqdan çıxmışdı. Ulu babası böyük din xadi, şeyx olmaqla yanaşı, həm də Ucar bölgəsində hamının ziyarət etdiyi müqəddəs ocaq idi.

Belə müqəddəs ocağın yetirməsi Aydını işlədiyi Sintez Kauçuk zavodunda hamı yaxşı tanıyır və ona yaxşı mütəxəssis kimi hörmət edirdi. Onun qəzetlərdə çap olunan şeirlərini iş yoldaşları böyük maraqla oxuyurdu. Hələ o dövrdə Aydın İsmayılov Vətənlə bağlı çox maraqlı bir şeir yazmışdı. Həmin şeirdən iki bəndi oxucuların diqqətinə çatdırıram.

Vətənə bağlılıq ana südü də,
Ana laylasının havasındadı.
Vətən məhəbbəti, Vətən duyğusu,
Ananın südünün mayasındadır.

Ana, Vətən adlı ülvi dilbərin,
Döyüyən qəlbidir, dinən səsidir.
Vətən məhəbbəti ana eşqinin,
Ürəklər fəth edən təntənəsidir.

Keçmiş iş yoldaşları danışır ki, “1975-ci ilin oktyabr ayında Azərbaycanda Sovet ədəbiyyatı günləri keçirilirdi. Sovetlər Birliyində tanınan çoxlu məşhur şəxsər, ədəbiyyat, incəsənət xadimləri Sumqayıta da gəlmişdilər. Həmin görüşdə Sintez Kauşuk zavodunun işçisi kimi Aydın İsmayılova da söz verildi. O, zavod kollektivi adından gələn qonaqları təbrik etdi və özünün yazdığı “Şairin abidəsi” şeirini söylədi. Onun bu şeiri odlu-alovlu deməsini və böyük, dərin mənalı olduğunu zalda əyləşənlər gurultulu alqışlarla qarşıladılar. Gələn qonaqlara rəhbərlik edən Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov belə maraqlı şeirinə görə Aydın İsmayılovu təbrik edib, ata kimi alnından öpdü. Ona öz tövsiyələrini verdi. Sosialist Əməyi Qəhrəmanı, məşhur şair Yevgeni Dolmotovsi, məşhur yazıçı Valentin Katayev, yunan şairi Ferero da Aydın İsmayılovun həmin şeiri haqqında öz ürək sözlərini dedilər. Çünki şeiri tərcüməçilər sətiri formada rus dilində onlara dedilər. Hətta Ferero fikrini bu sözlərlə tamamaladı: “Heyif ki, Azərbaycan dilini bilmirəm. Yalnız tərcüməçinin dediyi sətiri tərcümədə şeirin mənasını başa düşdüm. Amma mənə elə gəldi ki, mən sizin dilinizi bilirəm. Bu dil çox mülodik dildir. Çünki Aydın İsmayılov şeiri elə odlu-alovlu dedi ki, mənə hər şey aydın oldu. Mən bu gənc mühəndisi təbrik edirəm və ona böyük yaradıcılıq uğurları arzu edirəm”.

Bu tədbirdən sonra Aydın İsmayılov artıq Sumqayıtda tanındı. Şəhərdə keçiriln hər tədbirə onu dəvət edirdilər. Həmin tədbirlərdə də Aydın İsmayılovun dediyi şeirləri hamı həvəslə dinlədi.

Yadıma gəlir ki, ulu öndər Heydər Əliyevə Böyük Atatükün adını daşıyan mükafatın verilməsi münasibəti ilə Sumqayıtda da maraqlı bir tədbir keçirilirdi. Orada Aydın İsmayılova da söz verildi. O, “Mükafatın mübarək” şeirini dedi. Zalda böyük alqış səsləri eşidildi. Həmin vaxtı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Şakir Abuşov üzünü tamaşaçılara tutub dedi: “ Mən Aydın İsmayılov yaxşı tanıyıram. Biz, onunla Sintez Kauçuk zavodunda bir yerdə işləmişik. O, yaxşı mühəndis olmaqla yanaşı həm də gözəl şairdir. Ona görə də istəyirik ki, o, Vətənlə, torpaqla bağlı yenə bir neçə şeir desin”. Aydın İsmayılov yenə də iki şeir dedi. Bu vaxt zalda əyləşənlər ayağa durub, onu alqışladılar. Bax, bu Aydın İsmayılivun böyük qələbəsi idi.

Müstəqillik dövrümüzün ilk illərində Aydın İsmayılov öz qələmini süngüyə döndərib, çox kəskin şeirlər yazdı. Həmin şeirlər “Səs”, “Azad Azərbaycan”, “Azərbaycan müəllimi”, “Yeni Azərbaycan”, “Ədalət” və başqa qəzetlərdə çap olundu. Həmin vaxtı onun hər bir şeiri oxucu marağına səbəb oldu.

2016-cı ildə Moskvada Aydın müəllimin ürəyindən cərrahiyyə əməliyyatı aparıldı. Həkimlər onun bir müddət yaradıcılıqla məşğul olmamasını, öz həyatı ilə oynamamasını tövsiyyə etsələr də o, yaradıcılıqdan bir an belə kənarda qala bilmirdi. Az bir vaxtda “Ürək yaman şeydir” poemasını, çoxlu esselər və məqalələr yazdı. Çünki o, xalq, cəmiyyət üçün yaşayır və beynində, təxəyyülündə olanları hökmən yazıya köçürüb, gələcək nəsillər üçün ərmağan qoymaq istəyirdi. O, din, müdrik kəlamlar, tibb sahəsinə aid çoxlu yazılar yazıb və “Təbabətin poeziyası” adlı üç cildlik kitabını tamamlamışdı və həmin kitabları çapa hazırlayırdı. Bu kitablar çap olunandan sonra inanırdım ki, onlar hər bir insanın stolüsütü kitabları olacaqdı. Çünki onun bu yazıları hələ on iki il bundan qabaq, “Səs” qəzetində hissə-hissə çap olunanda oxucuların böyük marağına səbəb olmuşdu. Əfsus ki, dostumuz bu arzusunu reallaşdıra bilmədi. Həmin kitabları çap etdirə bilmədi...

Aydın İsmayılov həddindən artıq sadə, təvazökar insan idi. O, heç vaxt özünü təbliğ etməyi xoşlamırdı. Onun belə sadəliyinə, təvazökarlığına hamımız yaxşı mənada həsəd aparırdıq. O, sadəlik, təvazökarlıq yolunu özünə həyat kredosu seçmişdi. Hətta bu haqda belə yazmışdı:

Sadəlik ən böyük arzum, istəyim,
Sadəlik fikrimin özəyi olsun.
Sadəlik bəzəkdir özü insana,
Sadəlik ömrümün bəzəyi olsun.

Aydın İsmayılovun şeirləri, poemaları, esseləri biri-birindən maraqlıdır. Amma mənə elə gəlir böyük şairimiz Səməd Vurğunun 70 illik yubileyinə həsr etdiyi və 1975-ci ildə yazdığı “Ürək ayrılmayanda” poması daha maraqlıdır. Çünki bu poemada Aydın İsmayılov Səməd Vurğunun xarakterini, insanlara necə böyük məhəbbəti olduğunu və xalqımızın da onu necə sevdiyini çox maraqlı, obrazlı ifadələrlə, detallarla qələmə alıb. Bu poema ilə Aydın İsmayılov böyük Səməd Vurğuna xalq məhəbbətinin sonsuz olduğunu sübut edib. Eləcə də onun Böyük Vətən Müharibəsi iştirakçısı və təkcə bir döyüşdə komandiri olduğu əsgərlərindən 17 nəfəri Sovet İttifaqı Qəhrəmanı olmuş Məlik Məhərrəmova həsr etdiyi “Qeyrət rəmzi” poeması da çox maraqlıdır. Bu poemanı oxuyan hər bir kəsdə Vətənə qarşı istək daha da artır. Vətən uğrunda vuruşan qəhrəmanlarımıza, Azərbaycan dövlətinə, dövlətçiliyinə həsr etdiyi şeirlər həddindən artıq çoxdur Aydın İsmayılovun. Qarabağ müharibəsinin qəhrəmanlardan Çingiz Mustafayevə, Əliyar Əliyevə, Mübariz İbrahimova və başqalarına həsr etdiyi bədii əsərlər həmişə oxucular tərəfindən maraqla oxunurdu. Mübariz İbrahimova həsr etdiyi “Zirvələrin zirvəsi” poeması mənim daha çox xoşuma gəlir. Həmin poemada belə maraqlı sətirlər var:

Ey Vətən, oğlunla fəxr eylə, öyün,
Ey ürək, bu eşqlə sən də vur, döyün.
Sevilən ürəkdədir Vətən qoxusu,
Vətənin ətrindən kim duysa fərəh.
Yolunda ölməyi sanar şan-şərəf.
Şəhidlik zirvəsi sayılar bu ad,
Kim Vətən yolunda edərsə cihad.
Onun əməli də, eşqi də pakdır,
O, öz sevgisi ilə yaşayacaqdır...

Uzun illər böyük müəssisələrə rəhbərlik etmiş, həmişə insanlara çörək vermiş, hər bir işçisinin güzəranının yaxşı olmasına çalışan Aydın İsmayılovu Sumqayıtda hamı sevirdi. Hamı onunla öz doğması, qardaşı kim görüşürdü. Yadıma gəlir ki, ömrünün 70 illik zirvəsinə həsr etdiyim oçerkdə də Aydın İsmayılovun son sözü özü haqqında yox, millətimiz, xalqımız, dövlətimiz, dövlətçiliyimiz haqqında oldu. Həmin vaxtı o, belə dedi: “ Mübariz İbrahimovun böyük qəhrəmanlığını 2016-cı ilin aprel ayında rəşadətli ordumuz bir daha təsdiqlədi və ermənilərə sübut etdi ki, əgər ruslar sizin arxanızdan çəkilsə, biz, istədiyimiz vaxt bütövlükdə İrəvan da daxil olmaqla torpaqlarımızı geri ala bilərik. Cocuq Mərcanlıya insanlarımızın qayıdışı artıq sübut edir ki, tezliklə Qarabağ torpaqlarımızı bütövlükdə Ali Baş komandanımızın rəhbərliyi ilə geri qaytaracağıq. Bax, həmin vaxtı Zəfər dastanını Ulu Tanrının köməkliyi ilə mən yazacam. Bu dastanı Şuşada, İsa bulağının yanında oturub, həmin bulağın suyundan içə-içə yazacam. Artıq bütün düşmənlərimiz də başa düşüb ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Ərzurun qaz kəmərinin, Bakı, Tiflis, Qars dəmir yolunun reallaşması onların hamısını gec-tez məcbur edəcək ki, bizim ölkə ilə hesablaşsınlar. Həmin günlər heç də uzaqda deyil”.

O vaxtı dostum, qardaşım Aydın İsmayılov bu sözləri böyük inamla demişdi. İnam isə hətayın sərmayəsidir. Mən də inanırdım ki, onun Zəfər dastanını yazması vaxtına elə də çox qalmayıb. Əfsus ki, Böyük Yaradan bu dastanı yazmağı dostuma imkan vermədi. Nə deyim Tanrının əməlinə...

Amma inanıram ki, həmin zəfər dastanı başqa yazarlarımız tərəfindən tezliklə yazılacaq. Həmin vaxtı dostum Aydın İsmayılovun da ruhu şad olacaq. Onun ruhu uçub Qarabağ torpağımıza gələcək. Qarabağın dilbər guşlərində, üç rəngli bayrağımızın ucaldığı yerlərdə rəşadətli ordumuzun qələbəsinə baxıb sevinəcək.
Ruhun şad olsun əziz qardaşım. Allah sənə qəni-qəni rəhmət eləsin. İnanıram ki, səni Azərbaycan xalqı heç vaxt unutmayacaq. Çünki sən adın kimi aydın, işıqlı insan idin. Sənin kitabların oxunduqca, şeirlərin səsləndikcə əbədi yaşayacaqsan.

Ağalar İDRİSOĞU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə