Kökə bağlı olan şair Firdovsi ƏLƏMOĞLU -65

(Portret cizgiləri)

Bu gün məmləkətimizdə bədii yaradıcılıqla məşğul olanlar həddindən artiq çoxdur. Və bu çoxluğun içərisindən yaxşiları, əsl bədii əsərləri seçmək də çətindir. Amma bütün bunlara baxmayaraq, yaxşı əsərlər daha tez özünə oxucu cəlb edə bilir və dillərdə əzbər olurlar. Çünki bu əsərlər özünün bədii, fəlsəfi tutumu, sözaltı mənaları, obrazlı ifadələri, oxunaqlı olması, xalqın problemlərini özündə lazım olan səviyyədə əks etdirməsi və ən əsası da milli ruhda yazılması ilə seçilirlər.

Belə maraqlı şairlərdən biri də fitri istedadlı Firdovsi Ələmoğludur. Baxmayaraq o, 50 ildir ki, bədii yaradıcılıqla məşğul olur, amma mətbuatda tez-tez çıxış etməyi sevmir. Çünki həyatda çox ciddi insan olan Firdovsi həkim, öz yaradıcılığına da çox ciddi yanaşır. Hər bir şeirini dəfələrlə işləyib, sonra mətbuata verir. Məhz buna görə də onun yaradıcılığına yüksək səviyyəli ədəbiyyat tənqidçiləri, maraqlı şairlər yaxşı qiymət verir və onun yaradıcılığı mətbuatda maraqla təhlil olunur. Hətta onun “Xocalı” poeması bir il bunda qabaq saytlarda yerləşdiriləndə minlərlə oxucuların marağına səbəb oldu. Bu poema haqqında oxucular xoş sözlər yazdılar. Çünki Firdovsi Ələmoğlunun bu poemasında Xocalını yer üzündən silən erməni vandallığı və onlara kömək edən gavurlar haqqında şair çox maraqlı, orijinal səhnələr, epizodlar yazıb. Bu poema mən deyərdim ki, Xocalı ilə bağlı çox maraqlı odadır. Bu poemanın əsasında maraqlı kinofilm çəkmək və səhnə əsəri yaratmaq olar. Ümumiyyətlə Firdovsi Ələmoğlunun şeirlərinin çoxunda kino və səhnə üçün lazım olan dramatizm, konflik yüksəkdir.

Siyəzəndə yaşayıb-yaradan şair-həkim Firdovsi Ələmoğlu (Hacısoy) özünün "Kökə bağlıdır" adlı ikinci şeirlər kitabını keçən il mənə təqdim edəndə, bu kitabı böyük maraqla oxudum. Kitabda ən çox xoşuma gələn müəllifin şeirlərinin axıcılığı, xalq adət-ənənələrinə yaxşı bələd olması, mənalı sətiraltı ifadələr tapması, maraqlı konfliktlərin olması və mövzu rəngarəngliyi oldu. Kitabla bağlı fikirlərimi ayrıca ressenziya kimi yazdım. Onu da vurğulamaq istəyirəm ki, Firdovsi həkim çox gözəl, peşəkar təbib olmaqla yanaşı, poeziya aləmini də dərindən və incəliklərinə kimi bilir. Ona görə də 65 yaşlı dəyərli ziyalı, gözəl həkim, maraqlı şair Firdovsi Ələmoğlu (Hacısoy) ilə oxucularımızı bir daha yaxından tanış etmək istəyirəm.

Firdovsi Ələmoğlu (Hacısoy) 1954-cü ilin yanvar ayının 17-də Siyəzən rayonunun Kiçik Həmyə kəndində anadan olub. 1969-cu ildə həmin kənddə 8 illik təhsilini başa vurduqdan sonra 1969-1971-ci illərdə Bakı şəhərindəki Kimya-Biologiya Təmayüllü orta məktəbdə təhsil alıb. Bədii yaradıcılığa da həmin Kimya-Biologiya Təmayüllü orta məktəb illərindən başlayıb. İki il ordu sıralarında xidmət etdikdən sonra təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda ( indiki Dövlət Tibb Universiteti) davam etdirib. Ali təhsilli həkim kimi 1982-92-ci illərdə Şabran rayon Mərkəzi xəstəxanasında baş həkimin müavini və cərrah- həkim vəzifələrində uğurla işləyib.
Hal-hazırda isə Siyəzən rayon Mərkəzi Poliklinikasının baş həkiminin müavini vəzifəsində işləyir. Firdovsi həkim öz işinin peşəkarı olduğuna görə demək olar ki, hər gün təkcə Siyəzəndən yox, respublikamızın şimal bölgəsindən çoxlu xəstələr ona müraciət edir və onun şəfalı əllərinin sayəsində sağalırlar.

Biz inanıriq ki, çoxminli oxucularımız Bu maraqlı şairin şeirlərini də oxumaqla, onları düşündürən suallara bu şeirlərdən cavab tapmaqla, belə maraqlı bədii əsərlərdən layiqincə bəhrələnəcəklər. Bununla onların ruhu da sağalaq.

65 yaşlı dostum Firdovsi Ələmoğluna (Hacısoy) bir dost kimi məsləhətim budur ki, ömrünün bu müdrik çağında, gənclik həvəsilə yazıb-yaratsın. Çünki deyilən və yazilan hər bir söz, gələcək nəsillərə bizdən yadigar qalir. Gələcək nəsillərimiz də bu günün tarixini, ab-havasını , əsl həqiqəti bizim yazdiqlarmızdan öyrənə bilərlər. Axı, əsirlər boyu hər bir hökmdar tarixi özünə, öz düşüncə tərzinə, öz marağına uyğunlaşdirib və yazdırıb. Amma əsl, düzgün tarixi biz yalnız bədii əsərlərdən öyrənə bilirik. Necə ki, dahi yazarlarımız Əfzələddin Xəqaninin, Nizami Gəncəvinin, İnadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Məhəmməd Hadinin və başqalarinın əsərlərindən həmin dövrlərin həqiqətlərini, o dövrlərdə baş verən haqsızlıqları, faciələri layiqincə öyrənə bilmişik.

Beləliklə, 65 yaşlı yubiliyar - Firdovsi Ələmoğlu Hacısoyun son vaxtlar yazdığı şeirlərdən bir neçəsini çoxminli oxucularımıza təqdim edirik. Buyurun tanış olun əziz oxucular. İnanırıq ki, bu şeirlər sizin də xoşunuza gələcək.

Şeir də doğulur
(həyat yoldaşıma)

Dedin şerlərimi yandıracaqsan,
Sakit ol, özünü ələ al bir az.
Onsuz da onlarsız, qalmayacağam,
Ondansa özümdən gəl sən al qisas.

Sən necə, sevirsən öz övladını,
Mənim də şeirim qanım, canımdı.
Çəkirsən nazını, qoyub adını,
Onlar da bil mənim övladlarımdı.

Çətindir övladı böyütmək bir az,
Ona çörək verib, bəsləyirsən sən.
Mən də asta-asta, yazıram az-az,
Ona da lazımdır, sığal çəkəsən.

Sən də öz canını verirsən ona,
Canından ayrılan payındı övlad.
Şeir də doğulur, fikir ver ona,
Doğulur, sonradan bil qoyulur ad.
Salma ürəyinə dünyanın qəmin

Salma ürəyinə dünyanın qəmin,
İnsanın arzusu qurtaran deyil.
Daş-qaş hərisliyi tutmasın gözün,
Heç kim o dünyaya aparan deyil.

Nə qədər hökümdar olub cahanda,
Hamının dövləti, varı olubdur.
Bu fani dünyadan köçən zamanda,
Apardığı quru canı olubdur.

Ən böyük var dövlət can sağlığıdır,
Onun çətin yolu nəfisdən keçər.
Gözü toxluq canın sağlamlığıdır,
Ağıllı adamlar bu yolu seçər

Torpaqdan yaranan, torpağa gedər,
Yorma sən özünü, öldürmə hədər.
Dünya öz varından heç nə itirməz,
Nə getsə insanın canından gedər.

Ana müqəddəsdir

Doğulub dünyaya gəldiyim andan,
İsti nəfəsini duymuşam ana!
Sən məni xəlq etdin şirin canından,
Mən çirin canına qurbanam ana!

Gecələr yatmadın sübhə qədər sən,
Layla çaldın mənə şirin yatım mən.
Öpdün gah üzümdən, gah gözlərimdən,
Çəkmədin nəfəsin, ayılaram mən!

Dünyanın ən nadir incisi bildin,
Dedin həyatımsan, canımsan bala!
Ən şirin sözlərə məni dindirdin,
Damarımda axan qanımsan bala!

İlk addım atanda tutdun əlimdən,
Dedin yerişinə qurban olum mən.
Sənə ana deyib, çağıranda mən,
Sevinc göz yaşları axdı gözündən!

Kim deyir qaytardım ana borcunu?!,
İnciyər analar bu sözdən bilin.
Dünyaya gəlməymiz deyin borcdumu?!,
Bu borcu qaytarmaq olarmı? Deyin ?!.

Firdovsi analar borca qalmayıb,
Ana borclu saymaz öz övladını.
Analar borc ilə övlad almayıb,
Ana müqəddəsdir, qoru adını!

Vicdan varmıdır?!...
(İnsanlara mesaj)

Aşıq gördüyünü çağırmır əgər,
Körpə çağa kimi bağırmır əgər,
Şair öz içindən ağrımır əgər,
“Yaşamaq ay ana yaşamaqmıdır,
Məgər həyat ancaq kef damaqmıdır”

İnsanın başına od ələnirsə,
Doğru söz üstündə güllələnirsə,
Ata övladıyla bir bələnirsə,
“Yaşamaq ay ana yaşamaqmıdır,
Məgər həyat ancaq keyf damaqımdır”

Doymur milyonlardan gözü heç zaman,
Bu nədir insana zülm edir insan,
Azadlıq təbilin vuraq durmadan,
İnsan bu həyatda ot, alaqmıdır,
Belə insanlarda vicdan varmıdır?!...

Ömrümüz uzansın

Hər gələn yeni il bir xatirədir,
Yaşayıb hər ili vururuq başa
Yaşımız üstünə yenə yaş gəlir,
Dözürük soyuğa borana, qışa .

Arzular tükənmir, arzular bitmir,
Uşaq böyüdürdük toyda edirdik.
Nədənsə həyatdan insan bezikmir,
Həyat axarına doğru gedirik.

Yaşımız üstünə yenə yaş gəlir.
Ağarır saçımız bəyaz qar kimi.
İllər ötüşdükcə ömür gödəlir,
Ömrümüz uzansın arzular kimi.

Mənim ağ xalatım

Mənim ağ xalatım, bəyaz xalatım,
Səninlə başladı işdə həyatım.
Çalışdım mən sənə ləkə düşməsin,
Çalışdım günaha, qana batmayım.

Çatsa da bil yaşım altımış beşə,
Yenə də əynimdə şux dayanmısan,
Mən belə görmüşəm səni həmişə.
Sən məni özünə dayaq sanmısan.

İndi vidalaşmaq vaxtı gəlibdir.
Mən necə çıxarım səni əynimdən
Elə bil başıma hava gəlibdir
Bir dəli ağlamaq keçir könlümdən

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə