1968-ci ildə Dağıstanın Dərbənd şəhərində Azərbaycan Xalq Teatrını yaratmış, bu Xalq Teatrı da Dağıstançün Dövlət teatrlarından heç də az iş görmüş, çox maraqlı rejissor, aktyor, Dağıstan Respublikasının Əməkdar artisti Nəsir Həşimoğluna və onun ömür-gün yoldağı, teatr aləmində əsl silahdaşı olmuş, Azərbaycan və Ləzgi xalqları arasında böyük dostluq körpüsü yaratmış, Dağıstanın Xalq artisti Düriyyə Rəhimovanın əziz xatirəsinə itfah edirəm.

2019-cu ildə Dağıstan Respublikasının rəhbərliyinin sərəncamı ilə Dağıstanda Düriyyə Rəhimovanın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və həm də onunla bağlı xatirə kitabı yazılmasına sərəncam verilib.

Onu da vurğulayım ki, 1998-ci ildə yenidən bərpa olunmuş Dağıstan Azərbaycan Dövlət Dram Teatrı, məhz Nəsir Həşimoğlunun yaratdığı həmin məşhur Xalq Teatrının bazası əsasında formalaşıb. Bu gün həmin Dövlət Dram Teatrında çalışan aktyorların, aktrisaların da çoxu məhz Nəsir Həşimoğlunun və Düriyyə Rəhimovanın yetirmələridir.

Müəllif

- Nəsir hey!.. Nəsir!.. Nəsir! Niyə cavab vermirsən? Niyə dillənmirsən? Ay mənim dostum! Ay mənim gülüm. Ay mənim ömür-gün yoldaşım. Bu çətin, keşməkeşli, sonu bilinməyən dünyada məni tək qoyub hara gedirsən? Bundan sonra sənsiz mən necə yaşayacam? Necə yaşayacam?! Necə?! Necə?!.. Cavab ver səsimə!.. Cavab ver... Nəsir hey!..

... Düriyyə xanım beləcə ağı deyir, evdəkilər hamı hönkür-hönkür ağlayırdı. Nəsir isə divanın üstündə elə bil yuxuya getmişdi. Dərin, əbədi yuxuya. Nəsir müəllimin ölümüylə belə nur yağan çöhrəsinə baxdıqca fikirləşirdim ki, indi o, yuxudan ayılacaq və başını qaldırıb deyəcək:

- Niyə ağlayırsan, Düriyyə? Niyə ağlayırsan, ay gülüm? Niyə bura yığışmısız? Nə olub mənə? Yatmışdım, ayıldım... Mən ölmək istəmirəm. Ölməyəcəm. Ölməyə hələ haqqım yoxdur. Hələ qarşıda gör nə qədər görüləsi işlər var... Hələ Dağıstanda mədəniyyət qalasını tikib qurtarmamışam…

Divanda əbədi yuxuya getmiş bu müdrik ağsaqqalın, Nəsir müəllmin nur yağan çöhrəsinə, ağ saçlarına baxdıqca, onun haqqında dostlarımdan, tanışlarımdan eşitdiklərim, özü ilə etdiyim söhbətlər yadıma düşür və kino lenti kimi beynimdə canlanırdı…

... Mən 1976-cı ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında (indiki Musiqili-Dram Teatrı) aktyor işləməyə gələndə, teatrın yarandığı 1968-ci ildən orda işləyən aktyorlar, keçmiş işçilər artıq işdən getmiş aktyorları, rejissorları yada salanda, istedadlı aktyorlar Nəsir Haşımoğlu və Düriyyə Rəhimovanı hamı hörmətlə yada salır, onlar haqqında ağız dolusu xoş sözlər danışırdılar. Hamı onların Sumqayıt Dövlət Dram Teatrından getməsinə çox heyifslənirdi. Bütün işçilər Nəsir müəllimin müdrikliyindən, aktyorluğundan, dostcanlılığından, sadiqliyindən, Düriyyə xanımın maraqlı aktrisa, gözəl müğənni olmasından böyük həvəslə, istəklə danışırdılar...

Həmin vaxtlar isə Nəsir müəllim Azərbaycanın qədim şəhəri Dərbənddə, özünün yaratdığı Azərbaycan Xalq Teatrına rəhbərlik edirdi. Yorulmaq bilmədən həvəskar aktyorlarla tamaşalar hazırlayır, Dağıstanda Azərbaycan mədəniyyətini, teatr sənətını yüksək səviyyədə təbliğ edirdi. Quruluş verdiyi tamaşalara:- Səməd Vurğunun "Fərhad və Şirin", Cəfər Cabbarlının "Solğun çiçəklər", "Sevil", Süleyman Rüstəmin "Beş manatlıq gəlin", Georgi Xuqayevin "Arvadımın əri", "Elbrus evlənir", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadü", Nəsir Haşımoğlu və Düriyyə Rəhimovanın "Alı xan və Pəri xanım" dastanı əsasında səhnələşdirdikləri "Pərixanım" və başqa əsərlərə millətindən asılı olmayaraq, bütün dağıstanlılar böyük maraqla, həvəslə tamaşa edirdilər.

Nəsir müəllimin hörməti, ad-sanı günü-gündən artır, hətta onun tamaşalarına baxmaqçün peşəkar teatr xadimləri Bakıdan Dərbəndə gedirdilər.

İyirmi yeddi il rəhbərlik etdiyi Xalq Teatrında çoxlu istedadlı aktyorlar, aktrisalar, müğənnilər, musiqiçilər yetişdirən Nəsir Haşımoğlu, 1948-ci ildə bağlanan Dağıstan Azərbaycan Dövlət Dram Tetrının ənənələrini davam etdirməklə, burada teatr aləmində böyük inqilablar edirdi. Quruluş verdiyi tamaşalarla Dağıstan xalqlarının sıx birliyinə, dostluğuna, mehribançılığına var qüvvəsilə xidmət edirdi Nəsir müəllim.

... 1997-ci ilin iyun ayından onunla yaxından tanış olmaq mənə də nəsib oldu. Həmin vaxtlar Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının uzun müddətli qastrollarını Dağıstan Respublikasında təşkil etməkçün mən, teatrın bədii rəhbəri və direktoru kimi bura gəlmişdim. Eşitdim ki, Nəsir müəllim evdə xəstə yatır. Mən onu yoluxmağa getdim... Məni çox mehriban, öz doğması kimi qarşıladı. Biz, onunla Sumqayıt Dövlət Musiqili-Darm Teatrının keçmişi, bu günü haqqında çox maraqlı söhbətlər elədik. O, müdrik ağsaqqal kimi mənə çoxlu məsləhətlər verdi... Dağıstanda qastrolumuzun uğurlu olaması üçün əsasən nələrə daha çox fikir verməyi tövsiyyə elədi... Onun bu tövsiyyələri həqiqətən də bizə çox kömək elədi. Bir aylıq Dağıstan qastrolumuz böyük uğurla başa çatdı.

... Artıq beş il idi ki, onu üzən şəkər xəstəliyi, ayaqlarının iflic olması imkan vermədi Nəsir müəllim gəlib bizim tamaşalara baxsın. Öz ürək sözlərini deyə bilsin. Hər görüşümüzdə buna çox heyfislənirdi və uşaq kimi kövrəlirdi...

... İndi də özümü yamanlayıram ki, gərək onunla hər bir görüşümüzü video lentə çəkdirib, maqnitofon lentinə yazdırıb, gələcək nəsillərçün saxlayaydıq. Çünki o, hər bir görüşümüzdə elə müdrik, elə uzaqgörən fikirlər söyləyirdi ki, onlar dərin bilikli ağsaqqalın nəsihət kəlamları kimi gələcək nəsillərçün böyük örnək olub, uzun əsrlər yaşaya bilərdi. Dildən-dilə, nəsildən-nəslə keçə bilərdi. Heyif... Çox heyif... Buna görə özümü bağışlamıram...

Eləcə də Düriyyə xanımın maraqlı məsləhətləri, Dağıstan xalqlarına Sumqayıt teatrını, Azərbaycan mədəniyyətini necə sevdirməklə bağlı verdiyi ana nəsihəti də yaddaşımdadır. Heyif! Sədd heyf ki, bütün bunları həmin vaxtı lentə köçürtdürə bilmədim!.. Bu, mənim bağışlanılmaz səhvimdir.

Bağışlayın məni, əziz dostlarım, ağsaqqallarım! Amma sizə söz verirəm ki, beynimdə həkk olub qalan o dürlü-dürlü dərin fikirləri, sizin Azərbaycan mədəniyyəti, teatrı, incəsənəti üçün gördüyünüz çox böyük işləri gələcəkdə yazıya köçürəcəm. Hökmən yazacam ki, qoy gələcək nəsillər oxusunlar. Oxuyub bilsinlər ki, XX əsrdə həyatının 38 ilini Azərbaycan mədəniyyətinə, teatrına, Azərbaycan-Dağıstan xalqlarının dostluğuna həsr edən, ömrünü şam kimi incəsənət deyilən sehirli bir dünyanın yolunda əridən Dağıstanın Əməkdar artisti, neçə-neçə fəxri mükafatların laureatı, müdrik ağsaqqal Nəsir Haşımoğlu yaşayıb...

Əziz dost! Siz, 63 il, 5 ay, 9 gün ömür sürdünüz bu keşməkeşli, əzablı dünyada. Dərbənd Azərbaycan Xalq Teatrının 30 illik yubileyini, yenidən bərpa olunmuş Dağıstan Azərbaycan Dövlət Dram Teatrının ilk tamaşasını görmək, bu teatrda tamaşalara quruluş vermək əfsus ki, sizə nəsib olmadı. Nəvə toyu görməyi də Ulu Tanrı sizə çox gördü ustad...

Nə bilim, Ulu Xaliqin işinə qarışmaq da deyirlər günahdır. Özü bilən məsləhətdir. Amma bir fəlsəfi sirri heç cür başa düşə bilmirəm ki, ölüm yaxşıları həyatdan niyə tez aparır? Niyə?.. Niyə?..

...Bu vaxt Düriyyə xanımın ağısı məni fikirdən ayırır:

-Dağlarım əriyəcək,

Çaylarım kiriyəcək,

Ürəyim çürüyəcək,

Getmə gözümdən,

Nəsir! Nəsir

hey!?..

Getmə, getmə, Nəsir

hey!..

Nəsir!.. Nəsir!..

Nəsir müəllimsə heç nə eşitmir. O, əbədi yuxuya gedib. Dərin bir yuxuya...

O, müdrik ağlı, böyük zəkası, əsl kişiyə məxsus olan xasiyyəti ilə, daxilində çoxlu tamaşaların ideyası ilə artıq özünün haqq dünyasına qovuşub. Əbədi dünyasına...

Yeriniz behiştlik olsun qardaşım, böyük ustadım Nəsir Həşimoğlu! İnanıram ki, sizi çoxları unutmayacaq. Dostlarıniz da, tanışlarıniz da, övladlarıniz da, nəvələriniz də, tələbələriniz də, yetirmələriniz də. Sizi hamıdan çox yada salan isə Düriyyə xanım olacaq. Çünki o, sizə təkcə ömür-gühn yoldaşı olmayıb, həm də incəsənət dediyimiz bu böyük, məşəqqətli aləmdə silahdaş, arxa-dayaq olub. Bilin ki, o, bu dünyada həmişə sizi axtarıb deyəcək:

-Nəğməm sənsiz

ağlayır,

Göz yaşlarım

çağlayır,

Sənsiz sənli

günlərim,

Ürəyimi dağlayar.

Nəsir hey!.. Hardasan?.. Gəl, qol götürüb oynayaq, nəvələrimizin toyudur. Dağıstan Azərbaycan Dövlət Dram Teatrının ilk tamaşasıdır. Dağıstan Azərbaycan Xalq Teatrının 30 illik yubileyidir...

Amma siz, Düriyyə xanımın səsinə hay vermirsiz... Həyatda bir sözünü iki eləmədiyiniz sevimli ömür-gün yoldaşınıza, silahdaşınıza indi cavab verə bilmirsiz...

... Mən isə bir şeyə inanıram ki, sizin ruhunuz quş kimi uçub həmin bayramlara gələcək əziz ustadım. Hamıya xeyir-dua verəcəksiz. Sonra sizin işinizi uğurla davam etdirən Düriyyə xanıma bu bayatını deyəcəksiz:

-Xalatın al qumaşdan,

Tacın da düşdü başdan.

Fələk məni ayırdı

hayıf...

Sənin kimi yoldaşımdan.

Allah sizə qəni-qəni rəhmət eləsin böyük ustad! Dağıstanda Azərbaycan mədəniyyətini otuz ildən çox yorulmadan, böyük inamla uçulmaz qala kimi möhtəşəm hörən Nəsir Həşimoğlu. İnanıram ki, sizin hördüyünüz Mədəniyyət qalanız, məşhur Dərbənd qalası kimi əbədi yaşayacaq. Gələcək nəsillərə böyük mənəviyyat bəxş edəcək. Bu müqəddəs işi görmək, həyatda hər kişiyə nəsib olmur ey böyük ustad. Ey böyük sənətkar. Əvəzolunmaz rejissor, aktyor Nəsir Həşimoğlu. Nə qədər ki, yer üzündə Dağıstan və Azərbaycan olacaq, siz təkcə Dağıstan xalqlarının yox, həm də Azərbaycan xalqlarının böyük Mədəniyyət qalası kimi tarixdə yaşayacaqsız. Mən buna qəti əminəm. Çünki xeyirxah işlər görən insanlar heç vaxt unudulmur. Ulularımız da deyib ki, “xeyirxah əməllər elə uca körhüdür ki, hər yerdən görünür. Çünki bu körpü millətləri birləşdirir, bir-birinə yaxın, mehriban qardaş-bacı edir”.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Dərbənd şəhəri

18 avqust l998-ci il.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...