Unudulmaz Rəsul Rzayevin xatirəsinə (Elegiya)

Möcüzə baş verəydi,

Qapıdan sən girəydin...

Bizə riyaziyyatın poeziyasını, poeziyanın riyazi ölçü-biçisini öyrətmişdi Rəsul müəllim. Onun haqqında keçmiş zaman haqqında yazmaq çox çətindir, ağırdır mənimçün... Masallı rayonunun Yeddioymaq kənd orta məktəbində oxuduğumçuz illər yaxşı yadımdadır. Bütün redaksiyalarla əlaqəsi olduğundan bizim də yazılarımızı pioner, komsomol mətbuatına yönəldərdi. Məqalələrimiz qəzetlərdə çap olunanda o qədər sevinərdik ki... O sevinci bizə Rəsul müəllim bəxş edərdi. Çünki, mətbuat vasitəsiylə biz məktəblıləri hamı tanıyardı, adımıza “balaca müxbir” deyərdilər... Bütün bunları xatırlamağım qələmimizin püxtələşməsində, sözümüzün dadının – duzunun artmasında Ustadımızın danılmaz rolunu nəzərə çatdırmaqdır. Təkcə işlədiyi məktəbdə deyil, redaksiyada çalışdığı 42 il ərzində Masallı rayonunda ədəbi mühitin, mətbuatın inkişafında əvəzsiz xidməti olduğunu göstərmək olub və buna nail də olub. Masallı rayonda yazıb-yaradan jurnalistlərdən, şair və yazıçılardan ibarət konsentrik çevrələrin mərkəzində dayanırdı Rəsul müəllim. Etiraf edənlər kifayət qədərdir ki, Rəsul müəllimin qələminin izi olmayan yazını mətbuata verməzdik. Hər insanın ömürlüyü onun vətəndaşlıq pasportudur. Bu pasport 1948-ci ildən yazılıb Rəsul Müzəffər oğlu Rzayev üçün. Həmin il Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1965-ci ildə Yeddioymaq kənd orta məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Həmin il Yeddioymaq kənd orta məktəbində direktor müavini kimi fəaliyyətə başlayıb.

Sonra Masaallı Rayon Komsomol Komitəsində çalışıb. 1976-ci ildən Masallı rayonunda nəşr olunan “Çağırış” qəzetində fəaliyyət göstərib. Tez bir zamanda – məsuliyyətli, verilən tapşırığa can-başla əməl etdiyinə görə şöbə müdiri, məsul katib vəzifələrini icra edib. Axır illəri həmin qəzetin - həftəlik “Yeni həyat” qəzetinin baş redaktor müavini işləyirdi. 1975-1977-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdi. Uşaqlıqdan könül verdiyi sənəti daha təkmilləşdirmişdi. Artıq yazdığı lirik, lakonik, bədii yazılarla respublikada tanınırdı. Qeyd etdiyim kimi, əslində “rəsul Rzayev” imzası mətbuatla əməkdaşlığı Masallıda şagirdlik, Bakıda tələbəlik dövründən başlayır. Artıq tanınmış qələm sahibinin orta məktəb illərində rayon, ali təhsil aldığı vaxt institutun “Gənc müəllim” qəzetində müntəzəm olaraq publisist yazıları, şeirləri çap olunurdu. Yazırdı, yazmaq eşqi bir an onu sakit buraxmırdı; zəhmət adamlarını tərənnüm edirdi, şəninə şeirlər, poemalar yazırdı. Rəsul Rzayev bir-birinin ardıcılı olan Masallının “Çağırış”, “Yeni qəzet”, “Yeni həyat” qəzetlərində baş redaktor müavini kimi çalışdı, ölkənin onlarca qəzet və jurnalı ilə əməkdaşlıq etdi. Beləliklə, böyük yazar 26 publisist və bədii kitabın müəllifi, 50 kitabın redaktoru oldu... Əlbəttə, bu sözləri quru rəqəmlərdə ifadə edəndə elə-belə alınır. Amma, bu qədər kitabların hazırlanıb ərsəyə gəlməsi, hər söz üstündə əsim-əsim əsməsi yaradıcı adamdan böyük məsuliyyət və tələb, yuxusuz gecələr tələb edir. Rəsul müəllim buna əməl edirdi; özü də səbrlə, təmkinlə! Bilirdi ki, qəzet işi çox çətin məsələdir, burda səhv etmək olmaz! Qəti! Ona görə hər bir materialı dönə-dönə oxumaq lazım gəlir, səhifələri tutuişdurursan və s. Jurnalist oldun gərək ətini, qanını ora qoyasan... Rəsul müəllim belə yazardı, yazırdı... Mətbuat simasında kiçik bir ulduza dönən qələmi yanıb-söndü... “Qızıl qələm”, Həsən Bəy Zərdabi media mükafatçısı, bir sıra müsabiqələrin qalibi olmuşdu Rəsul Rzayev. R.Rzayevin qələmə aldığı şeirlərindən birində oxuyuruq:

- Vaxt tapa bilmədik saç ağartmağa,

Vaxt tapa bilmədik qəlb ovutmağa,

Vaxt tapa bilmədik əldən tutmağa,

Əlli il nədir ki?!

Bu təvazökarlıq Rəsul müəllim kimi insanların qəribə etirafı olsa da böyük şair Bəxtiyar Vahabzadənin “Bircə ondan razıyam ki, özümdən narazıyam” meyarında başa düşülməlidir. Ona görə ki, bu insan nəinki bir kəsin qəlbinə dəyməyib, əksinə həmişə ürək sevindirib, əldən tutub, yıxılanı qaldırıb və üstəlik saçlarını da erkən ağardıb - tələbəlik illərində. Gümüşü saçları ona gözəllik bəxş edərdi. Nurani sifəti vardı, həyalı, abırlı, mərifətli, namuslu bir adamndı. Amma, heyf ki, fələk tez bir zamanda həmkarımızı aramızdan apardı, gözümüzü yolda, qapıda qoydu. Bir şair demişkən:

Möcüzə baş verəydi,

Qapıdan sən girəydin...

İnsan yaşa dolduqca düşünüb-daşınır, papağını qabağına qoyub fikirləşir. Müəllif də özü-özü ilə bu mükaliməsində suallar verərdi: Nədir bu dünyanın sənlə qərəzi, Hamıya inanmaq olub mərəzin. Ömrün əlli ili - bu daş-tərəzi... Bəs indi necəsən, Rəsul müəllim? Sonrakı bənddə yaratdığı tərəf müqabili onun mənəvi dünyasını heç bir maddiyyatla dəyişmədiyini irad tutur, özünü haqlı sayır, soruşur: ...Sən deyən olmadı, mən deyən oldu, Bəs indi necəsən, Rəsul müəllim?!

Bu da şairin var-dövlət yığanlara, dörd tərəfi qamarlayanlara, nəfsi aclara bir mesajıdır. Rəsul müəllimin gözəl, maraqlı, arzuolunan həyat tərzi olub. Ömür boyu şükranlığı böyük nemət sayan şair Böyük Yaradanın verdiyinə, həyatda qazanılanlara şükr edənlərin əks qütbündə dayanan həsəd sahiblərinin, gözügötürməzlərin olduğunu bildirir. Kiminsə uğurlarına sevinmək əvəzinə ona həsəd aparanlar, dargözlük edənlər, bu xəstəlikdən əziyyət çəkənlərin özünü də dünyadan həsəd aparır:

Həsəd apardı hər şeyə,

Birinin ağlı işıqlıdır,

Sözü itidir!

Birinin əli qızıldır

deyə...

Başqalarının gözəlliyinə həsəd apardı, baxanda güzgüyə. Qəlbində ifrat həsəd apardı. Elə özünü də dünyadan həsəd apardı. Hər birimizin yaralı yeri olan Qarabağ mövzusu istər publisistikasının, istərsə də şeirlərinin baş mövzusuydu Rəsul müəllimin. Ürəyi Qarabağ dərdinə geniş açılmışdı Rəsul müəllimin. “Ağla, yanıq Kərəmi” şeirində yazırdı ki:

-Yaxamı gen açdın ki,

Dərd yaxanı tanısın.

Dərd dərd üçün yaranmış,

Dərdli canı tanısın,

Ağla, “Yanıq Kərəmi”.

Bəli, sinəsini Qarabağ dərdinə geniş açan müəllif Rəsul Rzayevin Milli Qəhrəmanlar Elşad Hüseynovun, Səfəralı Məmmədovun, Firdovsi Bağırzadənin, Nurlan Əsgərlinin, Bəyalı Məmmədovun, Aqil Məlikovun, Elşad Əhədovun, şəhidlər, igidlik və şücaətindən danışan onlarca poemanın, kitabın müəllifi kimi torpaq uğrunda, Azərbaycanın bütövlüyü yolunda canından keçən oğulların ruhuna hələ çox həzin mahnı, şirin layla deyəcək əziz Ustad. Qarabağda şəhid olmuş Masallı rayonunun Təzəkənd kənd sakini Rövşən Nəbiyevin xatirəsinə həsr edilmiş “Qarabağ qəlbimə çəkdi qara dağ” poemasında döyüş və igidlik səhnələri nə qədər qürurvericidirsə, şəhidin son döyüşü, onu gözləyən el qızının düşüncələri bir o qədər niskillidir, ağrılıdır. Rəsul müəllim yazırdı:

...Əzizim qönçələnib,

Çiçəklər qönçələnib.

Sübhün bir xatası var,

Üfüqə qan çilənib.

Qarabağda qara bax,

Bu gülşəndə sara bax.

Yenə qan ilə doldu

Sinəmdəki yara, bax...

yaxud

Çəkilmiş kamanam mən,

Bir halı yamanam mən.

Yolunu gözləyirəm,

İtməmiş gümanam mən.

Nəhayət igidin tabutu kəndə gətirilir: Şimşəklər atını dördnala çapır, Göylərin tabağı naxış-naxışdı. Kəndin ürəyiymiş dolan buludlar, Deyirəm heç belə ağlamamışdı. Hörmətli Ustadın Masallı rayonunun Qasımlı kəndindən II Dünya Müharibəsində həlak olanlara həsr etdiyi “Otuzbirlər” poeması da eyniylə bu vətənpərvərlik hissləri üstündə köklənmişdir. Rəsul müəllimçün doğulduğu, boy atdığı torpaq, addım-addım gəzdiyi yerlər əziz idi, doğma idi, ürəyi isə evlərinin yanından axan Viləş çayı kimi çoşğun idi. O, həmkəndlilərini belə vəsf edirdi: Böyüyü 1904-cü ildir, Kiçiyi təzəcə eşqə düşürdü. Hamısı bir ildə - 41-də getdi, Dünyaya sel gəldi... o seldə getdi. Saxlaya bilmədik qarı-boranı, Ünvanladıq Kerçi, Sapun Qarını. Rəsul Rzayev 1990-cı ildə hələ heç kim yazmayanda “Peyğəmbər” poemasını yazıb, 1996-cı ildə çap etdirib. Əsərdə İslam peyğəmbəri Məhəmmədin (s) ömrünün bəzi məqamları məhəbbətlə tərənnüm olunur. Lal, kar, kor qızının şəfası üçün peyğəmbərə müraciət edən Həbib adlı şəxs onun möcüzələrini görür. Qızı sağalır. Rəsuli Əkrəmdən (s) ikinci möcüzə göstərməsini təvəqqe edir. İkinci möcüzə də Allahın qüdrətilə baş verir: ...Birdən parçalandı, iki bölündü Göydə ay, peyğəmbər barmaqlarılə.

Sonra parçaları birləşən Qəmər, Parladı, nurlandı bütün varilə. Həbib diz çökmüşdü haqqın önündə, Həbib dinə gəldi, imana gəldi. Məhəmməd - Allahın haqq peyğəmbəri, Onun əllərindən möcüzə gördü. Rəsul Rzayev təqvalı insan idi. Publisistikasından da, şeirlərindən də bu aydın hiss olunurdu. Son vaxtlar səfər etdiyi məkan haqqında - “Kərbəla ziyarəti yolu” əsəri üzərində işləyirdi. Danışırdı ki, yeni kitabı maraqlı olacaq. Amma, çox heyif ki, yarıda qaldı... Yetmiş bir yaşlı Rəsul Rzayevin yaradıcı bir ömrün hansı məqamını bu kiçik yazıda yerləşdirə bildiksə yenə də gözlərimizdə az göründü. Sadəcə xronologiya, quru rəqəmlərlə düzə bildik ki, fikrimizi oxucuya çatdıraq və onu özümüzlə rəy şəriki eləyək. Rəsul müəllimin həyatı isə neçə-neçə kitab, çoxillik qəzet qovluqlarında, həyatının bütün məqamlarına işıq saçan, yaradıcılığını, istedadını, ailə dəyərlərini qoruyan Kərbəlayi Şölə xanımın qayğılarında, beş övladının, 9 nəvəsinin təravətli ömründə, qazandığı uğurlarda yaşayır və yaşayacaq. Ömrünün 42 ilini yüksək səviyyədə mətbuatda çalışıb, mətbuata layiqincə xidmət eləyib Rəsul Rzayev. Daha nə yazım? Gözüm qapıda qalıb. Gələnə, gedənə baxıram. Hüznlü hissimdən ayrıla bilmirəm. Nə edim?

Möcüzə baş verəydi,

Qapıdan sən girəydin...

Rəsul müəllim, Allah sənə rəhmət eləsin, Ustad! Yerin cənnət olsun Allah dərgahında!..

Əlihüseyn ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə