Müdrik həyatını yaşayan əsl ziyalı (Esse)

Haradasa oxumuşam, məşhur dahilərdən biri belə deyib: “Elmli, savadlı olmaq, öz sənətinin, peşəsinin bilicisi, yüksək mütəxəssisi olmaq, yüksək natiqlik qabiliyyəninə malik olmaq və insan psixologiyasını dərindən bilmək hələ ziyalı olmaq demək deyil. Əsl ziyalı millətin görən gözü, düşünən beyni və danışan dili olmalıdır. O, məddahlıqdan uzaq olub, xalqının dərdini, problemlərini lazım olan yerdə deyib və onların həllinə var qüvvəsilə çalışmalıdır”. Çox əfsus ki, bu gün məmləkətimizdə belə ziyalılar çox azdır... Əgər belə ziyalılar çox olsa, onda bu qədər problemlərimiz, milli ayrı-seçkilik olmaz...

Amma mənim 50 ildən çox müddətdə tanıdığım ziyalı, sözün həqiqi mənasında əsl ziyalıdır. O, hələ lap cavanlıq yaşlarından özünün ağlı, savadı, təşkilatçılığı, musiqiyə, ədəbiyyata, idmana bağlılığı ilə ətrafında olan həmyaşıdlarından seçilirdi. Artıq həmyaşıdları və ondan cavanlar bu insana ağsaqqal kimi baxır və yeri gələndə onunla məsləhətləşirdilər. O, yeddi aydan sonra dünyaya gəlmişdi. Onun yaşamasına da heç kimin ümidi yox idi. Amma o, Ulu Tanrının sevgisi sayəsində yaşadı. Ölüm adlı qara parçanı, pərdəni cırıb atdı. Dünya təqvimində də belə bir təsdiq olunmuş tarixi sənəd var ki, yeddi ayda dünyaya gələnlərin demək olar 90 faizi böyük şəxsiyyətlər olurlar. Mənim tanıdığım bu insan da lap cavanlıq illərindən həqiqətən böyük şəxsiyyət kimi özünü hər addımda təsdiq edirdi. Həmin cavan və bu gün 74 yaşlı şəxsiyyət, hamının Masallıda əsl ağsaqqal kimi qəbul etdiyi və Ağsaqqallar Şurasına rəhbərlik edən Ələşrəf Nuru oğlu Niftiyevdir.

Baxmayaraq onların ailəsi çox böyük idi və atası Nuru kişi üçün bu ailəni dolandırmaq elə də asan deyildi, yeniyetmə cavan olmasına baxmayaraq Ələşrəf böyük müdrikliklə ailəyə əlindən gələn köməklikləri edirdi. Onun yaxşı səsi vardı, gözəl, məlahətli mahnılar oxuyurdu. Musiqi alətlərini məharətlə ifa edirdi. Yaşının az olmasına baxmayaraq, musiqiçilər onu toylara aparırdılar. Ona qulaq asanlar bu oğlanın gələcəkdə məşhur müğənni olacağına inanırdılar. O, toydan qazandığı pulu axırıncı qəpiyinə qədər gətirib atasına verirdi. Hətta anasının bişirdiyi bamiyələri, şirin qoğalları, çörəkləri də evlərinin yanında olan bazarda qardaşları ilə satıb, pulunu evə gətirərdi. Bu uşaq, yeniyetmə oğlan baxmayaraq bu qədər iş görürdü, amma orta məktəbdə də yaxşı oxuyurdu. Müəllimlərinin də sevimlisi idi. Ulu Yaradan ona insançün lazım olan dərin zəka, uca qamət, gözəl sima, yaxşı natiqilik qabiliyyəti, yaxşı melodik səs, yaxşı yaddaş, zəka vermişdi. Məhz buna görə də yaşıdlarından dərhal seçilirdi. Bəli. Orta məktəb illəri də Ələşrəfçün yel kimi hiss olunmadan gəlib keçdi. O, öz həmyaşıdlarından fərqli olaraq, hətta rus dilini yaxşı bilməsə də, ilk əvvəl rus dili müəllimi olmaqdan ötrü orta pedaqoji təhsil aldı. Hətta rus dilini bilməyən bu cavan oğlan artıq ikinci kursda oxuyanda, onunla birlikdə oxuyan və rus olan tələbə yoldaşları qədər rus dilini bilirdi və bu dildə səlis danışırdı. Həm müəllimləri və həm də tələbə yoldaşları Ələşrəfin möhkəm zehninə, yaddaşına qibtə edirdilər. O, artıq əlinə Lənkəran Pedaqoji Texnikumunun rus dili müəllimi diplomunu alanda müəllimləri onu təbrik etdilər. Onlar inanırdılar ki, yetirmələri Ələşrəf müəllim onların inamını doğruldacaq. O, Sabirabadın və Masallının ucqar kəndlərində rus dili müəllimi işləməklə təkcə müəllimlərinin yox, həm də həmin məktəbin rəhbərliyinin də inamını doğrultdu. Şagirdləri onu ilk gündən sevdilər. Çünki Ələşrəf müəllim yaxşı bilrdi ki, əsl müəllim yaxşı ziyalı olmalı, onun daxilində həm aktyorluq qabiliyyəti, həm böyük natiqlik bacarığı, həm böyük söz ehtiyatı olmalı və həm də insan psixologiyasını dərindən, yaxşı bilməlidir ki, şagidlərinin sevimlisi ola bilsin. Bəli, o, əsl fitri istedadlı müəllim idi. Bunu təkcə məktəb direktorları yox, həm də rayon təhsil şöbəsinin rəhbərliyi ilk günlərdən gördü və duydu. Ələşrəf müəllim isə yaxşı başa düşürdü ki, gələcək inkişafı üçün o, ali təhsil almalıdır.Ona görə də qiyabi olaraq Mirzə Fətəli Axundov adına Xarici Dillər İnstitutunun rus dili fakültəsini bitirdi. Ali təhsilli rus dili müəllimi oldu. Artıq bundan sonra onun inkişafına yeni yollar açıldı. Həm müəllim, həm komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışdı. Arxasız, dayaqsız, heç bir yüksək rütbəli qohumu olmayan insançün az bir vaxtda yüksəlmək elə də asan deyil. Ələşrəf bunu özünün ağlı, savadı, təşkilatçılığı, yüksək erudisiyası, insanlarla tez dil tapması ilə sübut elədi. Amma bədxahları belə insanın rahat inkişafına heç cürə imkan vermək istəmədilər. Ələşrəf müəllimə imkan vermədilər ki, o, inkişaf etsin. Hətta rayonun birinci şəxsində də ona qarşı belə qısqanclıq yarandı. Fikirləşdi ki, niyə bu cavan rəhbərin rayonda hörməti onun hörmətindən çoxdur...

Beləliklə, lap cavanlıq illərindən onun həyatının uğurlu, uğursuz məqamları başladı. Rayonun birinci şəxsi böyük ustalıqla onu çirkli bir oyuna saldı. O, təzyiqlərə, nahaq böhtanlara və hətta həbs olunmaq cəzasına məruz qaldı. Amma yıxılmadı, əyilmədi, sınmadı, ayaqları üstündə möhkəm duraraq iradə və əzmkarlıq, mübarizlik, mətinlik göstərdi bizim qəhrəmanımız. Hətta illər keçəndən sonra özünün “Oğul, bu Qurana and iç ki...” adlı gənclərimizçün bir örnək olan və oxucunun böyük maraqla oxuduğu avtofioqrafik povestində bu haqda ətraflı və geniş yazıb Ələşrəf Niftiyev. Bu povest, onu oxuyanlarçün bir mübarizlik dastanıdır desəm səhv etmərəm.

Beləliklə, Ələşrəf müəllim oddan-alovdan keçsə də özünün təmiz adını qorudu. Vicdanlı vətəndaş olduğunu müxtəlif səlahiyyətli orqanlarda sübut etməyi bacardı. Ona bu işdə pak və təmiz insanlar da kömək etdilər, arxa-dayaq durdular, həyan oldular. Bu yazımın baş qəhrəmanı Ələşrəf Niftiyev hələ cavan olmasına baxmayaraq, təkcə Masallı rayonunda deyil, ondan xeyli kənarlarda da yaxşı tanındığından və hətta Moskvada, Kiyevdə də onun müdafiəsinə qalxanlar çox oldu. Həmin vaxtı artıq işsiz olan, evə çörək pulu belə gətirə bilməyən Ələşrəf sınmadı. Qələmə sarıldı. Özünə örnək bildiyi Puşkindən, Lermontovdan, Lev Tolstoydan, Dostoyevskidən, Turgenevdən tərcümə və yazıları qəzetlərə göndərdi. Qəzetlərdən aldığı qonorarla övladlarına çörək pulu qazandı. Ara-sıra özü də kiçik hekayələr yazdı. Həmin vaxtı Masallıda çap olunan “Çağırış” qəzetində dərc etdirdi. Onun o vaxtlar uşaqlarçün yazdığı- “Nə əkərsən, onu da biçərsən”, “Sizə əsa alacam”, “Mənim anam”, “Bala, bunlar dost deyil” və başqa hekayələri uşaqların ən çox oxuduğu hekayələr oldu. Eləcə də böyüklərçün yazdığı və hər biri maraqla qarşılanan hekayələri- “Xeyirli müdir təyinatı”, “Yeməkdən xeyli baha çay pulu”, “Axtarma məni”, “Toy başlamamış dava”, “Hədiyyələr qismət olmadı”, “Adqoyma əhvalatı”, “Toydan bəhrələnmiş ağamız” və başqaları da bir daha sübut etdi ki, Ələşrəf Niftiyev təkcə gözəl və təcrübəli təşkilatçı insan deyil, o, həm də maraqlı yazıçıdır. Əfsus ki, o, bu yaradıcılığını vaxtında lazım olan kimi davam etdirə bilməmişdi. Çünki müstəqilllik dövrümüzdə yenidən Ələşrəf Niftiyevi rayonun daha yüksək vəzifələrinə irəli çəkdilər. O, 16 il Masallı rayon İcra Hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini işlədi. İşinin çox olmasına baxmayaraq, yaradıcılıq təbii hərdən ona güc gəldi. Yenə də tərcümələri, publisistik yazıları ilə respublika mətbuatında ardıcıl çap olunmağa başladı. Bu yazıları ilə yenə də çoxlu oxucu kütləsi qazandı mənim qəhrəmanım və sevimli ağsaqqalımız hətta bu illərdə Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq xidmətinə görə dövlətimizin bir çox yüksək mükafatları ilə təltif olundu Ələşrəf Nuru oğlu.

1993-cü ilin dekabrında rayon rəhbərlərindən biri kimi ulu öndər Heydər Əliyevlə telefon bağlantısında olmuş və onunla rayondakı mövcud vəziyyət, gələcəkdə görüləcək işlərilə bağlı maraqlı söhbət etmişdi...

Ələşrəf müəllimçün ən böyük mükafat isə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 22 iyun 2007-ci il tarixli sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyətinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması oldu. Bu orden həqiqətən də Vətənə çox böyük sədaqətlə qulluq edənlərə verilir. Bu orden Vətənini, xalqını dərin məhəbbətlə sevənlərə verilir. Bax, bütün bu cəhətlərin də hamısı Ələşrəf Nuru oğlu Niftiyevdə var.

O, Masallı rayon İcra Hakimiyyətinin müavini vəzifəsindən çox böyük hörmətlə, şərəflə təqaüdə getdi. Onu böyük təntənə ilə yola saldılar. Hamı bilirdi ki, Ələşrəf müəllim bekar qalan adam deyil. O, özünə yenə də xalqa layiqincə xidmət edən iş tapacaq. Tapdı. Masallı rayon Ağsaqqallar Şurası sədrinin müavini oldu. Özünə ağsaqqal bildiyi, onun inkişafında böyük xidmətləri olan, şuranın sədri Cavanşir Əsədov uzun illər xəstə olduğundan onun işini də Ələşrəf müəllim özü gördu. Cavanşir müəllim dünyasını dəyişəndən sonra Masallı rayon Ağsaqqallar Şurası böyük fəallıq və istəklə Ələşrəf Nuru oğlu Niftiyevi sədr seçdilər. Bundan sonra Masallı rayon Ağsaqqallar Şurasının işi daha da canlandı. Bu təşkilat tez-tez görüşlər keçirməyə, rayonun həyatında daha aktiv iştirak etməyə başladı. Bundan sonra bu Şuranın ətrafında hətta Masallıdan uzaqda yaşayan və bu torpaqda doğulan ağsaqqallar- İmran Əbilov, Musa Quluzadə, Fərahim Saqıqov, Əli Bayramov, Şakir Həsənov, Zakir Abbas, Vaqif Yusifli, Fazil Hadıbəyov, Tahir Ələkbərli, Nizami Mirzəyev, Nurəddin Ədiloğlu, bu sətirlərin müəllifi və onlarca başqaları daha da sıx birləşdi. Bu, Şuranın işinə daha yaxından köməklik etdi.

Artıq uzun illər Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ələşrəf Niftiyev bundan sonra təkcə jurnalist kimi yox, həm də yazıçı kimi yenidən öz yaradıcılığını ortaya qoydu. Tezliklə, onun bir-birinin ardınca “Ömür yolu, nur yolu”, “Oğul, bu Qurana and iç ki”, “Kiçiklərə, böyüklərə və hər kəsə”, “Haqqın gücü”, “Həyatımın həqiqətləri”, “Hər kəs qədrini yaşar”, “ Vur-tut bu dünyada bir ömrümüz var”, “Seçilmiş hekayələr”, “Uşaqlar üçün hekayələr” kitabları çap olundu. Ən maraqlısı budur ki, Ələşrəf Nuru oğlunun yazdığı bu əsərlərin müsbət və mənfi qəhrəmanları realdır, həyatdan götürdüyü insanlardır. Məhz buna görə də bu əsərlər maraqla oxunur. Hətta o, onların çoxları ilə əmək fəaliyyətində bağlı olub, bəziləri onunla ziddiyyətdə, digərləri mehriban münasibətdə olublar. Yazıçı həmin adamların bəzilərinin adlarını dəyişsə də, oxucular bu prototiplərin kimlər olduğunun fərqinə varır və onları tanıyırlar. Ağsaqqal ədibin əsərləri gənc nəslin təlim-tərbiyəsinə, mübarizliyinə, böyüklərə, ustadlarına-müəllimlərinə, valideynlərinə və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıyır. Onun publisist, jurnalist əməyi yüksək qiymətləndirildiyi kimi, yazıçı əməyi də yüksək qiymətləndirilib. 2017-ci ildən Ələşrəf Nuru oğlu Niftiyev Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. Bəli. Mənim qəhrəmanım elə böyük şəxsiyyətdir ki, qarşısına hansı məqsədləri qoyursa, onlara tam nail olur. Çünki o, lap uşaq yaşlarından bu ruhda köklənib. İndi də ağsaqqallıq və müdriklik həyatını yaşayır və yüzlərlə ağsaqqalı ardınca aparır. Hətta Masallıdan uzaqda olan ağsaqqallarla, ziyalılarla tez-tez əlaqə saxlayıb, onların işləri, problemləri ilə maraqlanır. Bəzən mən Ələşrəf müəllimdə olan bu böyük enerjiyə, təşkilatçılığa həsəd aparıram.

Əzizim Ələşrəf Nuru oğlu. Mən sizi uca, dərin köklü palıd ağacına bənzədirəm. Palıd ağacı bütün ağacların şahı, hər fırtınaya, tufana dözəni sayılır. Siz də 74 illik həyatınızda bütün fırtınalara, dərdlərə, faciələrə, fəlakətlərə mərdliklə, mətanətlə dözüb, bizim aramızda palıd rəmzi kimi qalıbsınız. İnanıram ki, bundan sonra da belə qalacaqsınız. Ulularımızın ağsaqqal haqqında belə bir maraqlı fikri var: “Əsl ağsaqqal evin yox, elin ağsaqqalı, müdrik insanı, hamını özünün dərin biliyi ilə ardınca aparan böyük şəxsiyyət olmalıdır. Evin ağsaqqalı olana isə sadəcə yaşlı adam demək olar”. Siz də lap cavanlıq yaşlarınızdan elin ağsaqqalı müqəddəs rütbəsini qazanıbsınız. Bu, zaman-zaman özünün təsdiqini tapdığına görə indi də Ağsaqqallar Şurasının sədri seçilibsiniz. Bu müqəddəs işdə də sizə uğurlar diləyirəm. 75 yaşınızda görüşənədək.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi.

Bütün xəbərlər Facebook səhifəmizdə