MİNACAT

Sinəmdə o qədər deyəsi söz var,
Sənəmi danışım Sənin dünyandan?
Qoy Sənin Öz dünyan Özünə qalsın,
Söz açım canbəsər mənim dünyamdan.

Durmuşam tufanla üz-üzə yalın,
Qayalardan sərtəm, dağlardan qoca.
Canımı dişimə sıxsam da, nolsun?!
Mən də Öz dünyamda ucayam uca.

Hər gün qan-qadalı, ölüm-itimli
Başımız üstündə ağır bir kötək.
Qırıb qurtarsan da bizləri, inan,
Nə dünya cənnətdir, nə də biz mələk.

Dözüb hər əzaba, dözüb hər dərdə,
Məkan da, cahan da, bil ki, mənəm mən.
Günəş gözlərimdən doğur səhərlər,
Fələk də, zaman da, bil ki, mənəm mən.

Şükür kərəminə, şükür lütfünə!
Gündə on min dəfə lap yarat məni.
Mən daha özümdən çıxıb getmişəm,
Nə ölüm qorxudur, nə həyat məni!

VƏTƏN VAXT TAPSIN!

Qarbağ döyüşlərində

ayaqlarını itirmiş zabitlə ailə həyatı quracaq

qıza həsr edirəm.

Bacım, qurban olum o saf qəlbinə,

Səni misralara gültək düzürəm.

Öpür əllərindən göz yaşlarımla,

Nə şöhrət gəzirəm, nə ad gəzirəm.

Səni misralara gültək düzürəm.

Ömür vərəq-vərəq sirli bir kitab.

Hər kitab sevgidən danışa bilmir.

“Sevirəm” söyləyən naşı dodaqlar

Sədaqət oduna alışa bilmir.

Hər kitab sevgidən danışa bilmir.

Zülmət gecələrin vəfadarı Ay,

Düşünmə, göylərdə tənha yanırsan.

Mənim vəfadarım yerdə olsa da,

Sən ki öz nurunu ondan alırsan.

Düşünmə, göylərdə tənha yanırsan.

Bənzəmir qaynayıb-daşan həyata,

Bu həyat tək onun öz sərvətidir.

Əlil bir zabitlə ailə qurmaq,

Onun qulluğunda hər an dayanmaq,

Ən ali istəyi, son niyyətidir.

Bu həyat tək onun öz sərvətidir.

Eşqin baharında nişan taxarkən

Könül xəzan fəsli gözləməmişdi.

O boylu-buxunlu, cüssəli zabit

Düşmən gülləsinə tuş gəlməmişdi.

Könül xəzan fəsli gözləməmişdi.

Zülmət gecə idi, dumalı hava,

Selləndi, kükrədi getdikcə dava.

Atışma başladı cəbhə boyunca,

Zabitim qəzəbdən dönmüşdü nərə,

Bir neçə dığanı sərsə də yerə,

Vuruşa bimədi ancaq doyunca,

Atışma başladı cəbhə boyunca.

Özünə gələrkən xəstəxanada

Yataqdan qalxmağa ayaq tapmadı.

Söndü həyatının yanan çırağı,

Sandı, belə ömrün yoxdur marağı.

Yadına salanda nişanlısını

Tutdu sevgisinin tutdu yasını.

Amma yanılmışdı mənim zabitim,

Sevgidə Vəfadar, eşqdə Sabitim

Gündüzlər ağladı, gecə yatmadı.

Atası, anası təkid etsə də,

Nişanı pozmağı tələb etsə də,

Bu qız öz hissini ucuz tutmadı,

Xəyalda, aşkarda onu atmadı.

Bacım qurban olum o saf qəlbinə,

Sən ellər qızısan, dan ulduzusan!

Vətəni vəsf edən şah nəğmələrin

Ən həzin, ən incə, xoş avazısan!

Sən ellər qızısan, dan ulduzusan!

Başlar hay-haraya qarışıb yaman,

Çalışır hərə bir ucalıq qapsın.

Ayılsın yuxudan, gözünü açsın,

Bu qızı sevməyə Vətən vaxt tapsın!

Çalışır hərə bir ucalıq qapsın.

Sevgi həqiqətin görən gözüdür,

Kor edər düzlüyü saxta yalanlar.

Azad gələcəyi qorumaq üçün

Sevgiylə yaşasın gərək insanlar.

Kor edər düzlüyü saxta yalanlar.

Vətən aciz deyil düşmən önündə,

Deyərlər, gecənin sabahları var.

Mənim bu zabitim yeriməsə də,

Səmimi sevginin qüdrət gücüylə

Ruhunun çökməyən ayaqları var!

Qaranlıq gecənin sabahları var!


AYRILIQ UZAQDA DEYİL

Mən sənin ömrünə necə gəlmişəm?
Mən sənin ömründən necə gedəcəm?
Mən sənin ömrünə gündüz gəlmişəm,
Mən sənin ömründən gecə gedəcəm.

İnamsız yaşamaq olmur, əzizim,
Gümansız yaşamaq olmur, əzizim.
Yerlərin, göylərin dərdi mənimdir,
İmansız yaşamaq olmur, əzizim.

Bu eşqin nəfəsi, gözü xəyallı,
Ocağı, yanğısı, közü xəyallı.
Heç sevmək olarmı həsrətlə, ahla,
Yolağı xəyallı, izi xəyallı...

Dərələr mənimdir, təpələr sənin,
Dalğalar mənimdir, ləpələr sənin.
Yolunda özündən dönən ürəyə,
Şübhəylə, yalanla zərbələr sənin.

Getməklə təskinlik tapa bilərsən.
Guya ki arzuna çata bilərsən?
Kəsib onun-bunun sən qabağını
Başını söhbətə qata bilərsən.

Gəl öpüm üzündən, unut bunları,
Qayğılar önündə daha az əyil.
Geyin paltarını, çıxaq bayıra,
Onsuz da ayrılıq uzaqda deyil.

UNUTMARAM

illər keçə

və sən

başqa dodaqlarda alışa bilərsən,

yad nəfəsin qoxusuna qarışa bilərsən...

amma mən

səni unutmaram,

səni unutmaram!

istəsən lap ölərəm,

əriyərəm için-için,

amma səni unutmaram,

səni unutmaram!

əgər ağlımı itirib

dəli olsam da,

yollara yıxılıb

hər şeyi unutsam da

səni unutmaram..

ey röyasından ayıla bilmədiyim

şirin yuxum,

təbəssümünü,

uzaqlarda

nəyisə itirib-axtaran baxışlarını,

söylə,

unuda bilərəmi?

necə unuda bilərəm,

qalman üçün göz yaşımla yalvarıram?!

necə unuda bilərəm,

səni həyatdan,

sözlə dediyimdən çox sevirəm?...

ömründən məni çıxarıb atsan belə,

sevdiyini dansan belə,

səni unutmaram..

unutmaram…

illər keçə

və sən

başqa dodaqlarda alışa bilərsən,

yad nəfəsin qoxusuna qarışa bilərsən...

amma mən

səni unutmaram,

səni unutmaram...

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə