Elnur Uğurun “Təkcə sən bilirsən” adlı şeirlər kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AYB-nin üzvü, Prezident mükafatçısı, şair Elnur Uğur Abdiyevin “Təkcə sən bilirsən” adlı şeirlər kitabının təqdimatı və müzakirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimatda çoxsaylı elm və ədəbiyyat adamları iştirak ediblər.

Tədbirə tanınmış tənqidçi Əsəd Cahangir şairin şeirlərinin bədii məziyyətlərindən danışaraq vurğulayıb ki, hər bir şairdə olduğu kimi, Elnur Uğur yaradıcılığında da klassiklərdən bəhrələnmə kifayət qədərdir. Onun yaradıcılığında bununla yanaşı elə nümunələrə də rast gəlirik ki, bu, bizə Elnur Uğurun şair kimi Füzulinin nəticəsi adlandırmaq haqqını tanıyır.

Əsəd Cahangirin E.Uğur yaradıcılığını təhlilindən sonra söz iştirakçılara verilib.

AYB-nin uşaq ədəbiyyatı bölməsinin rəhbəri, Azərbaycan Jurnalının poeziya şöbəsinin müdiri, beynəlxalq festival qalibi şair Qəşəm Nəcəfzadə Elnur Uğur yaradıcılığından danışaraq: “Əvvəli olmayan heç nəyin axırı da yoxdur” fikrini irəli sürüb və əsas diqqəti E.Uğur yaradıcılığına çəkib. O, qeyd edib ki, E.Uğur yaradıcılığında mətnlərarası əlaqə gözəldir. Onun bir çox şeirləri güclü köklərə söykənir.

Sonra Ulduz jurnalının baş redaktoru AYB-nin üzvü şair Qulu Ağsəs Elnur Uğur yaradıcılığı haqqında danışıb. O vurğulayıb ki, ilk dəfə Elnur Uğuru Elnur Abdiyev kimi çap edirdilərsə, bu gün Elnur Uğur Abdiyev kimi çap edirlər. Natiq bununla Elnur Uğur yaradıcılığının inkişafda olduğunu diqqətə çatdırıb.

Təqdimatda Elnur Uğur Abdiyev sözünün işığına toplaşanlar arasında elm və iş adamı, Azərbaycan Ağsaqqallar Şurasının Məclis üzvü, həkim-alim, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin Prezidenti Akif Kərimov da iştirak edib. O, Elnur Uğurla eyni rayondan oduğunu qeyd edərək şairin ədəbi fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti barədə də danışıb. Sonra Akif Kərimov tərəfindən şairə xeyriyyə cəmiyyətinin “Ləyaqət” diplomu təqdim olunub.

Aparıcı Əsəd Cahangir hər bir çıxışçıya söz verməzdən əvvəl şairin şeirlərinə istinad edib, gözəl təhlilərlə dinləyicilərə ədəbi zövq verib.

Çıxışçılar arasında Cəfər Cabbarlı adına kitabxananın metodisti Rəvanə xanım da iştirak edib.

O, çıxış üçün söz alan zaman E.Uğur poeziyasının gücündən danışaraq qeyd edib ki, C.Cabbarlı adına kitabxananın 90 illiyi ilə bağlı sosial şəbəkədə keçirdikləri şeir müsabiqəsində Elnur Uğurun “Azərbaycan Bayrağı” şeiri I yerə çıxıb. Bu münasibətlə o, kitabxana müdiri Oruc Quliyev adından Fəxri fərmanı E.Uğura təqdim edib. Təqdimat zamanı ən yadda qalan hallardan biri də E.Uğurun şeirini vaxtilə müsabiqədə səsləndirərək birinci yerə layiq görülən məktəblilərin çıxışı olub. Sumqayıt şəhər 7 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Həlimə Mehrani çıxış etdikdən sonra şagirdləri Paşazadə Səlimə, Xəlilova Günel, Qorçiyeva Lamiyə şairin “Cavid Əfəndi” şeirini kompozisiya şəklində söyləyiblər. Tədbir iştirakçılarının yaddaşında bu uğurlu çıxış silinməz iz qoyub.

Sonra AMEA-nın Follor institutunun işçisi alim Qiymət Məhərrəmli E.Uğur yaradıcılığından danışaraq qeyd edib ki, həqiqətən də, müasir poeziyamızda yeni nəfəs duyulan şairlərdən biri də E.Uğurdur.

Sonra Gürcüstan,Rusiya, Azərbaycan Yazıçılar Birliklərinin üzvü olan tərcüməçi Giya Paçxataşvili E.Uğurun uğurlu yaradıcılığı haqqında danışıb. O,qeyd edib ki, əyalətdə yaşamağına baxmayaraq, E.Uğur öz dəst-xətti olan şairdir.

Tədbirdə bir-birindən maraqlı çıxışlar arasında ADPU-nun dil kaferasının əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova E.Uğur yaradıcılığındakı dil elementlərinin zənginliyindən danışıb.

Ulduz jurnalının poeziya şöbəsinin müdiri şair Fərqanə Mehdiyeva, "Azad Qələm" qəzetinin baş redaktoru Nəcibə İlkin, Siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov, Müstəqil.az-ın reaktoru Aysel Xanlarqızı, ADPU-nun Cəlilabad filialının müəllimi Rövşən Qurbanov, Neftçala MSK-nın metodisti Bədirə Niftəliyeva, şair Gülqədəm Mirzəzadə, Şair Camaləddin Əjdəroğlu, AYB-nin cənub bölgəsinin üzvü Qafar Cəfərli, Aşağı Surra kənd tam orta məktəbin direktoru Həbulla Rəhimov, şair Sehran Allahverdi və başqaları şairin yaradıcılığı haqqında çıxış ediblər. Çıxışçılar E.Uğur yaradıcılığının spesifikasından xüsusi bəhs ediblər. Bir-birini tamamlayan rəngarəng çıxışlar arasında AYB-nin ədəbi işçisi, Prezident mükafatçısı şair Güləmail Muradın səmimi çıxışı da yaddaqalan olub. O, şairin həm yaradıcı, həm də insani keyfiyyətlərindən danışıb.

Sonda söz şairə verilib. Elnur Uğur bu çətin hava şəraitində vaxt tapıb onunla bir arada olan, sözünü bölüşən dəyərli dostlara təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə