NƏCİBƏ İLKİN

AĞLAMA ŞƏHİD BALASI

(Şəhid oğlunun yaxasından atasına verilən medalı asdılar. O isə ağlayırdı)

Ağlama şəhid balası,
Ağlama gözümün nuru.
Təzə adın mübarəkdi,
Bu adı şərəflə qoru.

Atan sənə qoyduğu ad,
Ürəyincə olmamışdı.
Bunun üçün nazın çəkib,
Qayğına da qalmamışdı.

İtirdiyin ata yeri
Medalla əvəz olundu.
Arzuların, ümidlərin,
Bu medal üstdə qalandı.

İndi sənin “Medal” atan,
Hər gün könlünü alacaq,
Vaxt tapıb əl vurmadığı,
Başını sığallayacaq.

Dərdlərindən halı olub,
Səni hər gün qucacaqdır.
O qönçə arzuların da,
Çiçək-çiçək açacaqdır.

Sən dəcəllik eylədikcə,
Bir acı söz deməyəcək.
Nə narahat olma deyib,
Nə üzünə gülməyəcək.

Atalı dostlar görəndə,
Ürəyin tel-tel olacaq.
Gözlərin ata axtarıb,
Daş üstünə çaxılacaq.

O zaman sinən üstündə,
Olan atana baxarsan.
“Medal” atanın nurundan,
Tutub gəzməyə çıxarsan.

Asıb qəlbinin küncündən,
Dərdini ona deyərsən.
Nazını çəkən “atanın”
Qarşısında baş əyərsən.

Ağlama, yaşına qurban,
Ucadan ucadır adın.
Dağ boyda ata yerinə,
Əlinə bir medal aldın.

Sən anadan doğulanda,
Dedi keçilməz çəpərsən.
Atan yadına düşəndə,
“Medal” atanı öpərsən.

QALIBDI

De, hansı dərdimi mən deyim indi,
Sözümü deməyə huşmu qalıbdı?!
Uçubdu tərlanım, uçubdu sonam,
Gölzümdə üzməyə quşmu qalıbdı?!

Murovun gözüylə bax Kəlbəcərə,
Gör necə alışır o dağ, o dərə,
Çaşıram yolumu gedib Tərtərə,
Ağılımı qalıbdı, başmı qalıbdı.

Dərbəndim şikəstəm, qəmli avazım,
Xocalı qan gölüm, bir qanlı yaxım,
Qarabağ Təbrizim, Tərtər arazım,
Başıma dəyməyən daşmı alıbdı.

Nəcibəyəm gözlərimdən süzülən,
Kipriyimə dənə-dənə düzülən,
Ağlayıram yüz aynan, yüz ilnən,
Qurtarıb gözümdə yaşmı qalıbdı?!

VƏTƏN

Nə vaxtdır gözünün yaşı qurumur,
Çəkilməyir səndən qan iyi Vətən.
Daşının, qayanın köksündən qopan,
Fəryadın bürüyüb yer, göyü Vətən.

Nə ana olmadıq, nə bacı qardaş,
Sinəndən asılıb olduq qara daş,
Bizləri özünə bilmə vətəndaş,
Saxlayıb qoruduq de nəyi, Vətən.

Sənə dəyən güllə sinəmdə qalıb,
Yazılan qan yazın binəmdə qalıb,
Göyərməz ümidlər dünəndə qalıb,
Öyrənə bimədik ölməyi Vətən.

Can verdik canını ala bilmədik,
Qan tökdük qanını ala bilmədik,
Səninçün haqq yolu ola bilmədik,
Yalandan göstərdik, hər səyi Vətən.

Hər nə dərdin varsa, de mənim olsun,
Adın naxələfə qoy qənim olsun,
Öləndə tək mənim kəfənim olsun,
Bircə şəhidimin köynəyi Vətən!

MƏN HƏMİN XOCALIYAM

Bu gün həmin Xocalıyam...
Heç dəyişməmişəm.
Həmin küyüm, həmin səsim,
Kəsilməyib nəfəsim.
Tökülən qanım yerində,
Solan arzularım
Dağımda, daşımda,
Geydiyim qan yaddaşımda.
Qaysaq bağlamayan
yaralarım çat verir.
Qanı dayanmır.
Bu ah-nalədə uyuyub yatan
kəslər niyə oyanmır?!
Süngüyə keçirilmiş körpə fidanlıyam,
Şəhid qanlı Xocalıyam...
Hər gecə gözümdəki
Qan dnizində boğuluram.
Sinəmdən axan
qanla doğuluram.
Qara örpəyimi çəkib başıma,
Güc verirəm göz yaşıma...
Hıçqırtılarımı eşidən yox,
Dərdlərimə ikicanlıyam..
Mən həmin Xocalıyam.
Hardasınız,
ey məni ayaqyalın, başıaçıq
Köksü yaralı, can üstə
Qoyub gedənlər?!
Hardasınız?
Mən süngülərə keçirilən,
Ümidi, inamı daş alrında gizlədilən,
Ömür canlıyam...
Həmin Xocalıyam!
Körpə fidanları doğranmış,
Ümidləri talanmış,
Haqqı, ədaləti,
Arzusu gözündə qalanmış,
Qan ünvanlıyam,
Həmin Xocalıyam.
İyirmi altı ildir sizi gözlərəm.
Qanımla yeri, ahımla göyü bəzərəm.
Günün batan şəfəqində,
Ayın qövsi haləsində,
sizi gəzərəm.
Artıq 26 yaşım var...
Körpə deyiləm,
Kiminsə qabağında sınam, əyiləm.
Bir igid ərənəm,
Şəhid əsgərəm.
Bu gecə qanımı almaq istərəm,
Silahım köksümdə fışqıran,
Şəhid qanı....
Ehey...dünya, məni tanı!

AĞLAMA A KÖRPƏ...

(Bir körpə anasının qucağında elə ağlayırdı ki, lap ürəyimin başı göynədi. Ondan təsirlənib bu şeiri yazdım)

Ağlama a körpə, ağlama belə,
Sən hələ nə görüb, nə götürmüsən.
Ömrün günlərini bir-bir ələyib,
Hələ ildən- ilə ötürməmisən.

Hələ keçməmisən dərd körpüsündən,
Hələ arzuların aşıb-daşmayıb.
Ömrün hər zilləti, hər bir zülməti,
Qəlbində, könlündə heç dolaşmayıb.

Haqlı ola-ola üstünə bəzən,
Haqsız əllərindən daş atılmayıb.
Cəlladlar əlinə keçməyib ömrün,
Yaşının üstündən yaş atılmayıb.

O zaman sən belə yanıqlı ağla,
Oysun ürəyini sözün xəncəri.
Yarda etibarı, dostda inamı,
Gözləyib sən neçə illərdən bəri.

Ardınca qaçdığın ümidlərinin,
Dizi qırılmayıb, könlü sınmayıb.
Kiminsə eşqindən qəlbin od tutub,
Sevda yollarında alovlanmayıb.

Yazmayıb bəxtini qara kürsülər,
Gözlərin tanımır bu kor dünyanı.
Hələ görməmisən ürək ağrıdan,
Üstünə atılan şəri, böhtanı.

Hələ ürəyinə eşqin harayı,
Saçına sevdaının dəni düşməyib.
Ağlayıb qəlbimi üzmə havayı,
Bəxtin ki, heç əldən-ələ düşməyib.

Hələ görməmisən könül dağını,
Qəlbin çəkilməyib min yerdən şişə.
Saxla, gələcəyə ağlamağını,
Ömrünü vaxt biçib, zaman dəyişər...

Hələ düşməmisən çətinə, dara,
Gözlərin dərd çəkib, yol aramayıb.
Gəzib tellərində fələk əlləri,
Saçını qəm yuyub, dərd daramayıb...

Saxta söz, saxta dost durub qarşında,
Açılan könlünü qıfıllamayıb,
Oyub ürəyini düz yalanıyla,
Səni öz mənindən oğurlamayıb....

Yurdunu dağıdıb, köçürməyiblər,
Qaçqın olmamısan doğma vətəndə.
O zaman sən bel yanıqlı ağla,
Atılıb qalmısan küçə tinində.

DƏRDİM SƏNSİZIİYİN DƏRDİNİ ÇƏKİR

Bir səhər üz tutdum dənizə sarı,
Görüş yerimizdə ayaq saxladım.
Öpdü həsrət məni sən əvəzinə,
Töküldü gözümdən leysan, ağladım.

Mənə elə gəldi dəniz bu saat,
Coşaraq tez məni qucaqlayacaq.
Köksümə sığmayan hicran qəmini,
Sənin əllərinlə sığallayacaq.

Açıb gözlərimi nəmli baxışla,
Boylandım dənizə xəyala dönüb,
Sahili qucan o ləpələr kimi,
Sənə sarılmışdım suala dönüb.

Görmək istəməzdim sənsizliyimi,
Ağlar gözlərimi yumdum yenidən,
Hönkürtü səsimi batırmaq üçün,
Asılı qalmışdım bircə zəngindən.

Bu necə səadət, bu necə zülüm?!
Birisi inləyir, biri kef çəkir,
Nə yaxşı yenə də sən varsan gülüm,
Dərdim sənsizliyin dərdini çəkir.

GƏLMƏ QƏBRİMİN ÜSTƏ

Məzarım üstünə nə gəl, nə ağla,
Qıyma ki, qəbrimin daşı ərisin,
Qara günlərimə bir qara bağla,
Bəlkə o günlərin yaşı ərisin.

Kənardan boylanıb seyr elə bir az,
Soyuq məzarımın soyuq üzünü.
Verdiyin əzabdan qələm götür yaz,
Əgər yaza bilsən, sözün düzünü.

Soyuq baxışından qalxan od, alov,
Səni bürüyəcək, bürüyəcəkdir.
Ogey baxışında donan istəyim,
Səni qəbrim üstə sürüyəcəkdir.

Bax, onda titrəyib qalxar ayağa,
Narahat ruhumun narahat səsi,
Torpağın üstündə şırımlar çəkər,
Mənim od püskürən sevgi nəfəsim.

Gəlmə qəbrim üstə, gəlmə sən Allah,
Onsuz da qəbrimin torpağı qərib,
Sənli günlərimdə doğan hər sabah,
Sənsiz günlərimə kədər gətirib.

Sevdalı günlərdən bizə nə qaldı,
Mənə qara torpaq, sənə göz yaşı,
Çəkdiyim əzablar təsəllim oldu,
Təkdüyüm göz yaşı, bir məzar daşı.

Qıymaram məzarım çəkib özünə,
S;xsın divarına, daşına səni.
Didərgin ruhum da düşüb izinə,
Sıxsın gözlərinin yaşına səni.

Qəbrimin üstünə yağan yağışlar,
Qəbrimin sən olan yağışı, seli,
Gələrsən qəbirim səni bağışlar,
Gəlmə, qoy qəbrimin lal olsun dili.

MƏNƏ BİR NAĞIL DEYİN

Könlüm nağıl istəyir,
Bir məhəbbət nağılı.
Mənə bir nağıl deyin
Lap nənəmin nağlı tək.
O nağıl ki, orada qalım yarla təkbətək.

Kaş nənəm sağ olaydı,
Başımı dizi üstə qoyaydım sübhə qədər,
Nağıllaşan dünyamda əriyəydi gecələr.
Dinləyəydim nənəmin
Şirin nağıllarını,
Təkcə o nağıllarda tapır yar öz yarını.
Mənə sevmək öyrətdi,
Nənəm nağıllarıyala,
Qalıbdı yaddaşımda,
Nənəm nağııları tək,
Düz əhdi-ilqarıyla.

Mənə bir nağıl deyin,
O nağıl ki, orada tapım özüm-özümü,
Deyə bilim sözümü.
Gəlsin Ağ atlı oğlan
Məni alsın təriknə.
Dözsün bu məhəbbətin
əzabına, ərkinə.
Bağrını yara-yara,
Qalxaq ağ buludlara,
Aparsın bu dünyadan
Məni çox uzaqlara,
Keçək ağ buludlardan,
olaq ayrı aləmdə,
Bax, ayılam bu dəmdə.
Göydən üç alma düşə,
Biri mənim,
Biri nənəmin,
Biri də mənim kimi
Sevib-sevilənlərin.

MƏNƏ BİR ŞEİR YAZ...

Mənə bir şeir yaz sevgi ünvanlı,
Yaz ki, darıxmışam, ölmüyüm sənsiz.
Mənə bir şeir yaz, lap Məcnun kimi,
Ol, dəli-divanə, bilmiyim sənsiz.
Mənə bir şeir yaz, başı havalı,
Gözündən süzülən yaşı havalı,
Qayası havalı, daşı havalı,
Hər yana səs salsın, gülmüyüm sənsiz.
Yaz ki, çox darıxıb, görüş yerimiz,
Od tutub alışır, çataq birimiz,
Aramızda qalan gizli sirrimiz,
Açılıb bükülsə gəlmiyim sənsiz.
Mənə bir şeir yaz, amma gizlicə,
Doyunca ağlayım, gülüm bu gecə,
Sıxıb ürəyimin üstə beləcə,
Yuxuya getməyə qalmıyım sənsiz.

BİLMİRƏM

Sən ömür baharı, mən könül qışı,
Haraya gedəcək bu yol, bilmirəm.
Mən bəxtin önündə payız yağışı,
Alırsan könlümü gəl al, bilmirəm.
Ayrılıq deməyə gəlmədi üzüm,
Verdiyin vədəndə qışladı sözün,
Həsrəti eyləyib dağ, dərə, düzüm,
Çəkdin sinəm üstə min yol, bilmirəm.
Könlümün evinə bir yol uçduğun,
Gözümdən gizlənib, nədən qaçdığın,
Hər məni görəndə geniş açdığın,
Kimlərə açılır o qol, bilmirəm.
Deməyin, sərxoşam xumar çəkibdi,
Mənə nə dağ çəkib o yar çəkibdi,
De kimin saçına tumar çəkibdi,
Əlimdə buzlayan o əl, bilmirəm.

MƏN SƏNİ SEVƏN DEYİLƏM

Bir sevgisən, öz içimdə,
Lal olubdu söz içimdə,
Olsan yanar köz içimdə,
Mən səni sevən deyiləm.

Bu eşqin baxıb dadına,
Heç yaraşdırma adına,
Gəl məni salma oduna,
Mən səni sevən deyiləm.

Xəyal olub düşdüm yola,
Yenə də sənlə qol-qola,
Milyon varın, sözün ola,
Mən səni sevən deyiləm.

Əlim əlindən asılı,
Könlüm könlünə qısılı,
Desələr bu baxt yazılı,
Mən səni sevən deyiləm.

Mən bir azca utancağam,
Könül isitməz ocağam,
Yaxın dursan yanacağam,
Mən səni sevən deyiləm.

Deyən, çox etdim ərkimi,
Sözüm yandırsın hər kimi,
Sən məni sevdiyin kimi,
Mən səni sevən deyiləm.

SÖZ ELƏMİSƏN

Səndə nə günah var, gedən ruhumu,
Qaytarıb yenidən təzələmisən.
Bir az alovunla, bir az odunla,
Eşqimin bağına köz ələmisən.

Sev məni, beləcə sevdiyin kimi,
Olmuşam qəlbimin qəddar hakimi,
Hər nə edirəmsə kötür ərkimi,
Demə hər sözümü söz eləmisən.

Dəliyəm, gözümdən uzaqlaşanda,
Yaman kövrək ollam bir az coşanda,
Sənə vurulmuşam desəm son anda,
Axı, qış ömrümü yaz eləmisən.

ÖZÜMÜZƏ TALE YAZDIQ

Üzülməyən sevgimizin,
Ürəyini niyə üzdük,
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə düzdük.

Yol gözləyən izimizin,
Dedik həsrət, kədər bizim,
Şirin dadan sevgimizin,
Badəsinə acı süzdük.

Kim uduzub, kim nə udub,
Şirin anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq.

DUYĞULARIN QANADIYAM

Buz bağlayan yollarını,
Nəfəsimlə əridəydim,
Bu ağlayan sevdamızı,
Gücüm çata, kiridəydim.

Bir dünyalıq can oduyam,
Duyğuların qanadıyam,
Mən sevginin öz adıyam,
Göydə sevib, yerə dəydim.

Yaz dərdimi, yaz aramla,
Nə yaşıyım bu yaramla,
Vüsalımı damla-damla,
Ürəyinə yeridəydim.

NİYƏ SEVƏMMƏDİK BİR-BİRİMİZİ

Ömrümə-günümə bir baxışıydın,
Mən külək, sən isə gur yağışıydın,
Çiçəkli bahardın, mən naxışıydım,
İndisə baharın solub bənizi,
Niyə sevəmmədik bir-birimizi?!

Mən qumlu-qayalıq, sənsə səhraydın,
Axı, sən əzəldən mənə doğmaydın,
Mən coşğun bir dəniz, sənsə dalğaydın,
Yuduq sahillərdən izlərimizi.
Niyə sevəmmədik bir-birimizi?!

Baxır əksimiz də bulaq gözündən,
O vaxtdan bizləri salıb gözündən,
Beləcə, qəm çəkən eşqin izində,
Qarışıq salmışıq sözlərimizi,
Niyə sevəmmədik bir-birimizi?!

Çiçəyin rəngiydik, gülün rəngiydik,
Coşan qəlbimizin eşq çələngiydik,
Axı, bu yollarda niyə ləngidik?
Daşamı çırpmışıq ürəyimizi?!
Niyə sevəmmədik bir-birimizi?!

Bir cavab tapmadıq nə sabahlara,
Döndük günahlara, döndük ahlara,
Ağ günlü sevgiyə geydirib qara,
Həsrətə qərq etdik gözlərimizi,
Niyə sevəmmədik bir-birimizi?!

Neçə açılmamış sabah içində,
Qovduq gecələri günah içində,
Ömrümüz-günümüz min ah içində,
Güldürə bilmədik taleyimizi!
Niyə sevəmmədik bir-birimizi?!

Bu eşqin yolunda çəkilməz dərdi,
Sərdi sinəm üstə hicranlar sərdi,
Nəcibə çox dedi, çox qəmlər yedi,
Daha bağışlamaz bu sevgi bizi!
Niyə sevəmmədik bir-birimizi?!

QAÇMA BU EŞQİMDƏN, A ZALIM OĞLU

Mən könül duyğusu, könül açarı,
Həsrətdən nəm çəkib eşqimin varı,
Bağlama üzümə üzünü barı,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Tellərim nə vaxtır bir ələ həsrət,
Qönçə məhəbbətim bir dilə həsrət,
Solub sevda bağım, bir gülə həsrət,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Ümidlər pərəndi, arzular daşqın,
Ömür vəfasızdı, zamansa çaşqın,
Gəl məni özündən eyləmə qaçqın,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Mən eşqin dəlisi, mən eşqin acı,
Çəkmişəm bu yolda çox ehtiyacı,
Ya öldür, ya da ki, eylə əlacı,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Məni məndən alıb zamanım, vaxtım,
Eşqin biləyində əyilib taxtım,
Sən gəlin taleyim, ya da qız baxtım,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Bir dağam, dərdini açıb bükərəm,
Yolunda can qoyub, ömür əkərəm,
Nəcibə adında qulam, nökərəm,
Qaçma bu eşqimdən, a zalım oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə