Nəcibə İlkin: “Elə yazarlar tanıyıram ki, onun yazdığı əsərlərindən heç özünün belə xəbəri yoxdu. Bahalı müəllif kimi ya satın alır, ya da pul verib yazdırır”

Bu gün Azərbaycan ədəbiyyatına və jurnalistikasına axın həddindən artıq çoxdur. Demək olar ki, hamı yazır və pul verib yazdıqlarını, yazdırdıqlarını da çap etdirirlər. Və bu insanların çoxuna elə gəlir ki, onların yazdıqları və yazdırdıqları şedevrdir. Heç Nizami Gəncəvi, Məhəmməd Füzulu, Cəlil Məmədquluzadə, Mirzə Ələkbər Sabir və onlarca klassiklər də onlar kimi belə şedevrlər yazmayıb. Əlbəttə, bütün bunların kökündə savadsızlıq, nadanlıq dayanır. Çünki bu adamların çoxunun nəinki dünya ədəbiyyatından, heç Azərbaycan ədəbiyyatından xəbəri yoxdur. Buna görə də meyar, dəyər itib. Çox vaxt da adi cızma-qaralarını elə yüksək səviyyədə təbliğ edirlər ki, adam mat-məətəl qalır və bilmir nə etsin. Bəli. İstedadsız adamlar özlərinə elə yol tapırlar ki, istedadlı adamlar buna çaşıb qalırlar... Belə adamlarla mübarizə aparmaq da çox çətindir.

Məhz bununla bağlı, 1980-ci illərdə ədəbiyyata gələn və bu müddətdə özünün maraqlı şeirləri, publisist yazıları ilə oxucuların məhəbbətini qazanmış Prezident mükafatçısı Nəcibə İlkinlə fikir mübadiləsi aparmaq qərarına gəldim. İlk öncə oxucuları bir daha Nəcibə xanımla yaxından tanış etmək istəyirəm.

Qısa arayış: O, 1961-ci ilin iyulun 22-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Bu da taleyin qismətidir ki, həmin gün Azərbaycan mətbuatının yarandığı gündür. Nəcibə xanım 1978-ci ildə həmin kənddə orta məktəbi yaxşı və əla qiymətlərlə bitirib. Arzusu həkim olmaq idi. Lakin ona evdən bu arzunun arxasınca getməyə imkan verməyiblər. O da könülsüz olaraq sənədlərini Bakı Dövlət Universitetinin kimya-biologiya fakültəsinə verib, lakin konkursa düşüb. Sonra texnikum bitirib və ardınca da Moskva Kooperativ ( indiki Kommersiya) Universitetinin “iqtisadiyyatın təşkili” fakültəsini bitirib. 1983-cü ildə ailə həyatı qurub. Bir müddət iqdisadçı, əmtəəşünas işləyib. 1998- cil ildə Moskva Texnologiya İnstitutunun filologiya (dil-ədəiyyat və azərbaycan dili) fakültəsinə daxil olub və 2002-ci ildə oranı əla qiymətlərlə bitirib. Lakin müəllim kimi deyil, mətbuat aləmində çalışmağa başlayıb. Çünki hələ məktəb illərindən şeirlər, məqalələr yazdığına görə qəzetlərdə işləməyi üstün tutub. Bir müddət ayrı-ayrı qəzetlərdə işləyib. 2006-cı ildən özünün təsis etdiyi “Azad Qələm” qəzetinin və “Ali Ziya “ jurnalının baş redaktoru vəzifələrində çalışır. Onun kitablarının çoxunu oxumuşam. Nəcibə İlkinin yaradıcılığında ən çox xoşuma gələn özünün orijinal fikirlərinin olması və heç kimi təkrar etməməsidir. Bu da ondan irəli gəlir ki, Nəcibə xanım təkcə Azərbaycan ədəbiyyatını yox, həm də dünya ədəbiyyatını mükəmməl bilir. Çox yaxşı mütaliəçidir. Dünya müasir ədəbiyyatı onun ən çox oxuduğu ədəbiyyatdır.

-Ədəbiyyat aləminə nə vaxtdan gəlibsiniz?

-1980-ci illərdən ədəbiyyata gələnlərdən sayılıram. Uşaq yaşlarımdan şeir yazmışam. Hətta ilk şeirimi 5-ci sinifdə oxuyanda yazmışam. O zaman elə bilirdim ki, nə isə ən qəbahət iş görmüşəm. Çünki evdəkilər bunu adi bir şey kimi qəbul etdilər. Bu, mənə pis təsir etsə də, həvəsdən düşmədim. Həmin ilk şeirim 1979-cu ildə indiki Qəbələ, keçmiş Qutqaşen rayonunun “Lenin bayrağı” qəzetində çap olunub. Tanınmış şair Tacəddin Şahdağlı bunun üçün məni təbrik edib uğurlar dilədi. Bu da məni yazmağa çox həvəsləndirdi. Bu şeirimdən sonra “Lenin bayrağı” qəzetində başqa şeirlərim də çap olunmağa başladı. O vaxtı sevincimin həddi hüdudu yox idi. Sonra “Mingəçevirin səsi” qəzetində və bir çox qəzet, jurnallarda dərc olunmağa başladım. Tələbəlik illərimdə isə ədəbi orqanlarda ara- sıra çap olunmuşam. 1990-cı ildən sonra isə müstəqil qəzet və jurnallarda ardıcıl olaraq çap olunmağa başladım. Çünki ədəbiyyata daha ciddi yanaşdım. Efir məkanlarına tez-tez dəvət aldım. 2004-ci ildə “Bir ömür uduzdum...” adlı ilk şeir kitabımın çixması və az bir zamanda oxucular tərəfidnən maraqla qarşılanması məni yaradıcılığa daha çox həvəsləndirdi. Həm də yaradıclığa məsuliyyətimi daha çox artırdı. Həmin vaxtlar yazmaqdan çox mütaliəyə daha çox üstünlük verdim. Yaşlı yazarlardan daha çox məsləhətlər aldım. Çünki hər bir yazar yazmaqdan daha çox olumalı və məsləhətlər almalıdır. Sonra “Qəlbimdə dil açan dünya”, “İllərin o tayı gözləyir məni”, adlı şeirlər kitabım da işıq üzü gördü. Mən Tərtərdə doğulduğumdan və Qarabağ müharibəsinin ağrısını-acısını öz gözlərimlə gördüyümdən, şəhid olan öz qohumlarımın və yaxşı tanıdığım insanların göz yaşları ilə tez-tez rastlaşdığımdan belə qərara gəldim ki, Qarabağla bağlı kitablar yazıb, həmin şəhidləri ədəbiyyatda saxlayım. Məhz buna görə də şəhidlərimizə həsr edilmiş “Qartal zirvədə qaldı”, “Son görüş, son təbəssüm, son zəng”, “Gecikmiş şəhidin ömür yolu” və “Sözün ölçüsü və çəkisi” adlı publisist kitablarımı dərc etdirdim. Həm də Qarabağla bağlı yazılan çoxlu kitabların redaktoru oldum. Bir şeyə çox təskinlik tapıram ki, vətənpərvərlik ruhunda yazdığım çoxlu şeirlərimə mahnılar bəstələnib. Respublikanın Əməkdar artistləri Gülstan Əliyeva, Rahilə Bəndəliyeva, xalq ulduzu Xəlil Qaraçöp, bəstəkar-müğənni Abış Surxayoğlu, müğənni, həm də nəğməkar şairə Zeynəb Dərbəndli, xalq ulduzu Anar Nəbiyev və başqa müğənnilərin ifasında həmin mahnılar səslənib. Hamısı da tamaşaçılar tərəfindən yaxşı qarşılanıb. Şeirlərimə yazılan mahnılar səslənəndə və aktyorlar mənim şeirlərimi ifa edəndə bütün bunlar mənə daha çox ilham verir. Cavabdehliyim daha çox artır. Çalışıram ki, hər bir şeirim çap olunana qədər onu çox ciddi işləyim. Bəzən bir şeirin bir neçə variantını yazıram. Hətta əvvəllər çap olunan şeirlərim var ki, onlara tənqidi nəzərlə yanaşanda görürəm ki, onlar yenidən işlənməlidir və onları yenidən işləyirəm. Mənə elə gəlir ki, hər bir yazar öz yaradıcılığına həmişə tənqidi yanaşmalıdır. Hər bir yazar klassik və müasir dünya ədəbiyyatını çox oxusa, öz yaradıcılığına daha cavabdeh olar. Axı keçmiş yazarların əsərləri necə bu gün bizim üçün qalıbsa, bizim yazdıqlarımız da gələcək nəsillər üçün qalacaq. Ona görə də biz onlar üçün kamil, bitkin əsərlər qoyub getməliyik. Axır vaxtlar şeirlərimin, hekayələrimin və publisist yazılarımın Osmalı türkcəsinə, Orta Asiya türkcəsinə və rus dilinə tərcümə olunması məndə özümə qarşı cavabdehliyi daha çox artırır.

-Bu gün hamı yazır və heç bir maneə olmadan çap olunur. Ədəbiyyat aləmində XXI əsrdə əsl yaradıcı adam öz sözünü demək və yaddaşlarda qalmaq üçün nə etməlidir?

-Bilirsiniz, müstəqillik əldə olunduqdan sonra ədəbi mühitdə qəribə bir axın yarandı. Hamı müstəqil şəkildə ədəbi və mətbu mühitə atıldı. Sel güclü gələndə özü ilə çör-çöp də gətirir, iri kötük də, daş-qaya da. Qəribədir ki, bəzən həmin çör-çöplər kötüklərin ətrafında fırlana-fırlana qalıb sonra özünə bir yer tapıb gedir. Amma yenə də hardasa ilişir. Bax, ədəbi aləmdə də belə oldu. İndi həmin çör-çöplər, alaq otuları ədəbi aləmi bürüyüb. Ona görə də yaxşı yazarlar çox vaxt öz sözlərini demək və yaxşı əsərlərini ortya çıxarmaq üçün bu ədəbiyyat burulğanında həmin istedadsızlrala öz ağılları ilə vuruşmalı və öz mənlərini ortaya çıxarmalıdırlar. Onu da vurğulayım ki, yaxşı əsər gec-tez öz haqqını alır. Bu, bütün dünyada belədir. Məşhur yazıçı Kafka heç bir əsərini çap etdirmədən dünyasını dəyişsə də onun əsərləri özünə yol tapıb, dünyanı heyrətə gətirdi. Deməli, yaxşı, orijinal əsərin qarşısını almaq mümkün deyil. Sovet dönəmində olduğu kimi indi də senzura, ya da ədəbi şura olsa çızma-qara yazanlar at oynada bilməz. Çünki kim ağlına nə gəlirsə yazır, necə gəldi çap etdirir. Tənqid edilən kimi də ağız büzürlər və qarğa-quzğun kimi üstünə cumurlar. Çalışırlar ki, səni məhv etsinlər. Hətta olmazın şər-böhtanını da üstünə atırlar...

Qaldı o biri fikrinizə, əslində XXI əsrdə yaradıcı adam daha aktiv, daha açıq fikirli olmalıdır. Çünki, torpaqlarının 20 faizdən çoxu işğal altında, qız-gəlinlərimiz əsirlikdə, milyonlarla şəhid verən vətənin yazarları bu gün əslində qələmlərini süngüyə çevirməlidir. Vətənpərvərlik ruhunda daha çox əsərlər yazmalıdırlar ki, xalqı öz ardlarınca apara bilsinlər. Onlarda vətənpərvərlik ruhunu daha çox artıra bilsinlər. Dünya ölkələrində yazarlar bu ruhda kökləniblər. Əfsus ki, bizdə bu, belə deyil. Amma bir şeyə sevinirəm ki, bu gün ədəbi aləmdə öz sözünü yetərincə deyən istər gənclər, istərsə də orta yaş həddində olan şair və yazıçılar da var ki, onlar heç klassiklərdən də geri qalmır. Sadəcə ədəbi aləmdə təbliğat mexanizmi yoxdur. Efir məkanları, ədəbi orqanlar belə insanlarla işləmir və onları təbliğ etmirlər. Bu gün o yazarı xalq sevir ki, onlar xalqın dərdini, problemini yazır. Onların dərc olunması və təbliği bayaq dediyim ki, çox zəifdir. Demirəm təbliğat heç yoxdur, var. Amma çox zəifdir. Əlbəttə, vətənpərvərlik mövzusunda yazanlar var, əlbəttə çox səviyyəli əsərlər də yazılıb. Amma ədəbiyyat cəmiyyətləri və dövlət səviyyəsində baxımından onlara qarşı diqqət yox dərəcəsindədir. İndi səviyyəsiz yazılar, ithaf şeirlər, bədii əsərlər, publisist yazılar çoxlarının yaradıcılıq mövzusu olub. Bu əsərlər də hətta orta təhsil kitablarına ayaq açır. Bu gün ən pis hal odur ki, yaxşı pulu olan “bahalı müəlliflər” özlərini həyasızcasına reklam etməkdən doymurlar. Milli düşüncəsi zəif , vətənsevərliyi aşağı olanların “əsərləri” elə təblig olunur ki, dəhşətə gəlirsən. Vətənpərvər yaradıclıq isə maddiyyatın, yaxud müəyyən qurumların qurbanına çevrilir. Bax, faciəmiz budur.

- Yaradıcı insanlara qarşı tez-tez istedadsız adamların hücumu olur. Bu tarixlər boyu belə olub, indi də belədir. Sizə də hücumlar olurmu? Ümumiyyətlə siz bir yaradıcı insan kimi buna necə baxırsınız?

-Siz özünüz də çox gözəl və dəyərli yazıçı, dramaturq olmaqla, söz adamısınız. Baxın bağda-bağçada təbiətin yaratdığı gözəl güllərin ətrafında sarmaşıqlar, çəmənlikdə isə alaq otuları olur. Onlar hər vəclə gülləri, çiçəkləri üstələməyə çalışırlar. Lakin yenə də gücləri çatmır. Gül də, çiçək də yenə də onların arasından boylanıb öz gözəlliyini ətrafa yayır. Mən təbiətin bu vuruşuna buna pis baxmıram. Təbiətdə olduğu kimi hər bir sahədə də mübarizə olmalıdır. Amma ədəbiyyat meydanını şəxsi intriqalardan uzaq görmək istərdim. Çox əfsuslar olsun ki, şəxsi intriqa, bir-birini təhqir etmə indi daha üstünlük təşkil edir. Hətta tanınmış yazarlar arasında bu daha çoxdur. Onlar öz yaradıcılığını kənara qoyub, bir-birinin nəslini, kökünü ortaya qoyub, təhqir edirlər...

Bu mənada pis baxdığım sadəcə istedadlı adamların inkişafı üçün məkanın yaradılmaması və onlara qarşı qısqanclığın çox olmasıdır. Bax bunun ucbatından bu gün əsl ədəbiyyat yox səviyysindədir. Həm də yaxşı, mükəmməl ədəbiyyat ya oxunmur, ya da lazım olan səviyyədə təbliğ olunmur. Belə maraqlı əsərlərin yüksək tirajla çap olunaraq yayılması da kitab biznesini yaradan qurumlar tərəfindən demək olar ki, yoxdur. Amma yadınızdadırsa Sovetlərin dövründə belə əsərlər böyük tirajla çap olunurdu. Hətta yazıçılara da böyük qonararlar verilirdi. Onlar da demək olar ki, aldıqları həmin böyük qonararlarla yaşayıb, yaradıcılıqla mükəmməl məşğul olurdular. Amma indi həmin maraqlı əsərləri müəlliflər məcbur olub öz pullarına 100-200 nüsxə çap etdirirlər. Belə olduqda ədəbiyyatın hansı inkişafından söhbət gedə bilər? Bax ona görə də ədəbiyyat ölgünləşir. Məqsədli şəkildə ədəbiyyatın inkişağına mane olan amillər günü-gündən artır. Nə vaxtadək yalnız cızma-qara əsərlər dərsliklərdə daha çox yer alacaqlar? Onlar heç imkan vermirlər ki, klassiklərlərin əsərləri ədəbiyyat dərsliyində yer alsın. Bu gün elə yazıçı və şairlərimiz var ki, onların əsərlərini oxumağa böyük ehtiyac var. Onları xarici ədəbi aləmə çıxarmaq lazımdır ki, dünya xalqlarının bizim klassik və müasir ədəbiyyata marağı artsın. Yaxşı tarixi əsərləri, ədəbiyyat tarixlərini güclü şəkildə yüksək titajla çap etdirmək və yaymağın zamanı çoxdan çatıb. Amma indi hər müəllif yalnız şəxsi maddiyyatı hesabına bunu edir. Çap etdirdiyi 100-200 nüsxə kitabı da qohumlarına, dost-tanışına paylayır. Bu nə vaxta qədər davam edəcək? Belə istedadlı yazarları kim təbliğ etməlidir? Onların əsərlərini kim çap etdirməlidir? Bax, bu ciddi məsələni yüksək səviyyədə qaldırmaq lazımdır. Yoxsa əsl ədəbiyyatımız məhv olacaq.

- Siz, çox maraqlı və oxucular tərəfindən sevilən “Azad qələm” qəzetinin baş redaktorusunuz. Bu gün qəzet çap etdirmək çox çətindirmi? Qəzeti çap etdirmək üçün maliyyə mənbəyiniz hardandır?

-İnanın ki, bu qəzeti çox çətinliklə əldə saxlayıram. Dərbənd, Astara, Cəlilabad və sairə rayonlarda abunəçilərimiz olmaqla yanaşı dərc olunmaq üçün maraqlı yazarlarımız bizim ətrafımıza toplaşıb. Məhz onların hesabına qəzet ayaq üstə dayana bilir. Hətta Mətbuat Mərkəzində kirayə pulunu da çox çətinliklə ödəyirik. Amma bütün maliyyə problemini yenə də özüm həll edirəm. Material qıtlığı olmasa da, maliyyə dəstəyi sarıdan çətinlik çəkirik. Amma hələ ki, dözürük... Ədəbi-ictimai qəzet olduğu üçün onun sıradan çıxmasını, çapını dayandırmasını istəməzdim. Onu da qeyd edim ki, özümlə bərabər bir çox yazarların da təbliğ olunmasında bu qəzetin böyük rolu olub. Biz, Dağıstanda, İraqda, Rusiyada, Ukraynada, Türkiyədə, Orta Asiya ölkələrində yaşayan həmvətənlərimizlə çox sıx əlaqə qurmuşuq. Onların şeirlərini, kiçik hekayələrini, publisist yazılarını, məqalələrini də qəzetimizdə çap etməklə böyük vətənpərvərlik işi görürük. Deməli, qəzetimiz həmin respublikalarda yayılmaqla və təbliğ olunmaqla millətimizə baş ucalığı gətirir. Biz tez-tez Dərbənddə oluruq. Orada maraqlı yaradıcılıq gecələri keçiririk. Orada yaşayan maraqlı yazarlar Fəxrəddin Oruc Qəribsəs, Zeynəb Dərbəndli və başqaları ilə çox sız əlaqələrimiz var. Biz çox istəyirik ki, Dağıstanda yaşayan 150 mindən çox azərbaycanlıları orada tək qoymayaq. Onların həyatına həsr olunan yazıları da qəzetimizin səhifələrində tez-tez çap edirik. Bunu da özümüzün vətəndaşlıq borcu bilirik. Bütün bunları da yüksək səviyyədə görmək üçün əlbəttə, bizə maliyyə dəstəyi çox lazımdır. Fürsətdən istifadə edib sizin vasitənizilə imkanlı həmvətənlərimizdən dəstək gözləyirik. Onlar “Azad qələm” qəzetimizə və “Ali ziya” jurnalımıza maliyyə yardımı etsələr biz dövlətimiz üçün, dövlətçiliyimiz üçün daha yaxşı və böyük işlər görə bilərik.

- Jurnalistika sizin şairliyinizə mane olurmu? Əgər maliyyə imkanınız olsa bu sahələrdən hansını seçərdiniz?

-Jurnalsitika demək olar ki, vəzifəmdir. Çünki filoloq elə jurnalistika sahəsində ürəyini boşalda bilər. Şairlik isə Allah tərəfindən verilən istedad və bacarıqdır. Hər iksi bir yerdə mənim ayrılmaz həyat yolumdur. Bu yolu isə gərək şərəflə getməyi bacarasan. Sevinirəm ki, bu yolu mənə açan Böyük Yaradan, məni hələ ki, usandırmayıb. Zəhmətimlə, haqq-ədalət harayımla öz yolumu düz getmişəm və düz gedirəm. Və hər iki sənətimi şərəflə qorumağı bacarmışam. Sonuncu fikrinizə qalanda isə maliyyə imkanım olsaydı, əlbəttə, qəzetimiz “Azad qələm”ə və jurnalımız “Ali ziya” ya daha çox üstünlük verərdim. Çünki mətbuat millətin güzgüsüdür. Mən bu yolla millətimə daha çox xeyir verə bilərəm. Dövlətimiz və dövlətçiliyimiz üçün daha çox iş görə bilərəm. Bu gün hər bir yazar dövlətin və dövlətçiliyin yanında olmalıdır ki, Qarabağ torpaqlarımızı daha tez geri qaytara bilək. Axı indi dünya informasiya əsridir. Gərək respublikamızla bağlı informasiyaları da ölkəmizin təbliği üstündə qurmalıyıq. Baxmayarq ki, respublikamızda qəzetlər, saytlar bolluğudur. Amma hər qəzet və sayt kimlərisə qərəzli tənqid etməklə, şər-böhtanları ilə özünə çoxlu oxucu, ya da ki, hörmət qazanmır. Əslində hörmətdən düşürlər. Adları reket qəzetlər, saytlar siyahısına düşür. Amma sevinirəm ki, bizim qəzetə və jurnala oxucu marağı çoxdur. Çünki biz, yarandığımız gündən dövlətin, dövlətçiliyin təbliğinə, millətin maarifləndirilməsinə, nadanlığı tənqid etməyə, ədəbiyyatımızı, incəsənətimizi, adət-ənənələrimizi təbliğ etməyə köklənmişik. Biz, həmişə haqlının yanında oluruq və onun hüquqlarını qoruyuruq. Bax, qəzetimizə və jurnalımıza olan bu sevginin azalmaması üçün onları yaşatmaq istərdik.

- Cavan qızlar məşhurlaşmaq istəyilə özlərinə “sponsorlar” tapır və ağzına nə gəldi şeir, nəsr adı ilə yazıb çap etdirirlər. Buna uzun illər ədəbiyyat aləmində çalışan insan kimi sizin münasibətiniz necədir?

-Əslində istedadı olan, yaxşı yazıb- yaradan sponsor axtarışında olmur. Onların yazdığı hər bir əsər gec-tez öz oxucusunu tapdığı kimi, onun istedadı da sponsorunu tapır. Çünki elin gözü tərəzidi. Amma istedadı olmayanlar, məşhurlaşmaq iddiası ilə hərəkət edənlər, yəni bayaq dediyim o alaq otulardan olan məcburi yazanlar isə elə siz deyən sponsor axtarışına çıxıb özləri üçün yeni məkan əldə etməklə, heç nə qazanmırlar. Atalar deyib:“Quyuya su tökməklə quyu dolmaz, əgər onun dibində çeşməsi yoxdursa, ora su tökməyin də mənası yoxdur”. Bir də ki, təkcə qızlardımı bu yolda? Elə kişi yazarlar tanıyıram ki, onun yazdığı əsərlərindən heç özünün belə xəbəri yoxdu. Bahalı müəllif kimi ya satın alır, ya da pul verib yazdırır. Bax, ədəbiyyatı da məhvə sürükləyən belələridir. Əfsus ki, hər sahədə olduğu kimi ədəbi sahəni də öz çirkin əməlləri ilə çirkləndirənlər hələ də var. Məhsuldar və təbii nasir, şair, dramaturq hər zaman seçilir, heç zaman xalqın nəzərindən geri qalmır.

- Əvvəllər, Sovet dövründə hələ 1930-cu illərdən ədəbiyyat dərnəkləri vardı və məşhur şairlər ora gəlib, cavan yazarlara dəyərli məsləhətlər verirdilər. Bu yolla da cavanlar özlərində məsuliyyət hiss edib, yaradıcılıqlarına fikir verirdilər. İstedadlılar qalır, istedadsızlar ədəbiyyatdan uzaqlaşırdılar. İndi belə dərnəklərə ehtiyac varmı? Əgər belə dərnəklər yaransa necə olar?

-Lap ürəyimdən dediniz. Dəfələrlə istəmişəm ki, mən belə bir ədəbi dərnək yaradım. Və sizin kimi, dəyərli söz sahiblərini bir araya yığam. Yaxşı istedadı olan gənclərlə əsl söz sahiblərinin bu dərnəkdə görüşünü təşkil edim. Sözün işığında poeziyanın gözəlliyini duymaq daha gözəl olur. Həm özün yetişir, həm də yetişdirirsən. Siz deyən kimi elə ən yaxşı ədiblər ədəbi dərnəyin köynəyindən çıxıblar. Çünki orda insanın fikiri, düşüncəsi daha aydın görünür. Tənqid olmasa ədəbəiyyat yetişə bilməz. Məhz həmin dərnəklər ədəbi tənqidin məkanı olduğu üçün orda daha yaxşı özünü tanıya və tanıda bilirsən. Bu mənada ədəbi dərnəklərin fəaliyyəti çox vacib məsələdir. Son dövrün və vaxtından tez dünyasını dəyişən şairlər- Əli Kərim, Vaqif İbrahim, Nüsrət Kəsəmənli, Şahmar Ələkbərzadə, Eldar Nəsibli, Ələkbər Salahzadə, Camal Yusifzadə, Xasay Cahangirov, Sabir Almazov, Akif Səməd kimiləri məhz elə ədəbi dərnəkdə yetişənlərdəndi. Özlərindən sonra onların poeziyaları ədəbi yaddaşımıza həkk olunub.

- Axır vaxtlar şeir yazmaqdansa, daha çox kitabların redaktoru kimi çalışırsınız. Nə qədər kitabın redaktoru olubsunuz? Bu, nədən irəli gəlir?

-Yox, elə deməzdim. Şeir də yazıram, kitab da redaktə edirəm. Neyləyim şeir yazmaq bizə çörək vermir axı. Heç yerdən maaş almıram. Düzdü bəzi şeirləri redaktə edəndə təbim quruyur, az qalır ki, şeirdən qaçam, heç yazmayam. Amma elə şeirlər olur ki, onları redaktə etdikcə təbə gəlirəm. Allahın mənə verdiyini, kitablarının redaktəsi üçün müraciət edən adamlardan necə əsirgəyim? Axı, bu qələm həm mənim çörək ağacımdır, həm də bu gün şair adını mənə yaşadan mənəvi dəstəyimdir. Əslində isə istəmirəm ki, kiminsə zəif şeir kitabı çıxmasın. Mən o şeirlərin üslüb tərzini, bölgülərini, qafiyə xətalarını düzəldib, onlara sığal çəkirəm və müəllifləri nəzəri cəhətdən öyrədirəm ki, gələcəkdə o kitablar onlara xəcalət gətirməsin. Bu da ədəbiyyata bir xidmətdir. Redaktoru olduğum kitablar da, müəllifi olduğum kimi mənim övladlarım sayılır. Sevinirəm ki, 400-ə yaxın kitabların redaktoru və ön söz müəllifiyəm. Özümün isə cəmi 10-a yaxın kitablarım çap olunub. Onun 4-ü şəhid kitablarıdır. Amma çoxlu şeirlərim, poemalarım, nəsr əsərlərim var ki, maliyyə imkanım olmadığına görə onları hələ də kitab kimi çap etdirə bilmirəm.

- Siz ictimai işlərdə də çox çalışırsınız. Çoxlu tədbirlərə qatılırsınız. Bu, sizi yormur ki?

-Bilirsiniz, mənə məxsus olmayan işin ardınca getmirəm. Ədəbiyyat adamı ədəbi meydanda, söz meydanında olmalıdır. Harda söz və sözün işığı varsa, orada olmağımı vacib sayıram. Bəzən işimin çoxluğundan bəzi tədbirlərə çatdırıb gedə bilmirəm. Son zamanlar ədəbi tədbirlər, kitab təqdinatları çox olur. Gah aparıcı, gah da sayılan iştirakçı kimi orda olmağımdan məmnunluq duyuram. Ən çox da gənclərin tədbiri mənim üçün dəyərlidir. Bir jurnalsit, bir şair kimi hər görüşdən gözəl hisslərlə qayıdıram. Əslində yorğunluğum çıxır. Sağ olsunlar gənclər məni daha çox sevir. Məni özlərinə mənəvi ana bilən gəncləri necə sevməyim. Görünür onlara olan təmənnasız sevgim, diqqətim məni onlara sevdirib. Elə bu yaxınlarda Dərbənddə, Türkiyədə ədəbi məclislərdə iştirak etməklə Azərbaycan ədəbiyyatını lazım olan səviyyədə təbliğ etmişəm. Çoxlu cavanların şeirlərinin rus və türk dillərinə tərcümə olmasında böyük təbliğat işi aparmışam. Türkiyə və Dağıstanla böyük ədəbiyyat körpüsü qurmuşuq. İndi yaradıcı, istedadlı gənclərə dayaq olmaq lazımdır. Çox heyf ki, iddialı gənclər də var. Onlar isə çox uzağa getmirlər. Bu, bəlli məsələdir. Həyat gör-götür dünyasıdır. İstedadsız adamlar gec-tez haradasa ilişirlər...

- Gələcək planlarınız necədir?

- Çox sevinirəm ki, bu il Azərbaycan Yazıçılar Birliyi məni Prezident mükafatına layiq görüb. Bununçün sədrimiz, çox hörmətli insan, Azərbaycan və türkdilli xalqlar ədəbiyyatı üçün çox işlər görən, Xalq yazıçısı Anar müəllimə və onun katibi Rauf müəllimə təşəkkür edirəm. Həmin pulla yığılıb qalmış kitablarımı çap etdirmək fikrindəyəm. Son zamanlar yazdığım şeirlərimi, hələ on il bundan öncə, hansı ki, redaktoru sizsiniz bir povestimi, hekayələrimi və esselərimi, bir də yaradıcılığım haqqında dəyərli qələm sahiblərinin yazdığı rəyləri kitab şəklində çıxarmaq istəyirəm. Bunları eləyə bilsəm elə bilirəm ki, oxucularımın gözünü yolda qoymaram. Sağlıq olsun. Həyat qabaqda olsa da, amma atalarımız deyən kimi “həyat bir iynədir, sapı çox qısa”. Ona görə də hər bir yazıçı, hər anın, hər dəqiqənin qədrini bilməlidir. Və bu andan, dəqiqədən lazım olan kimi istifadə etməyi bacarmalıdır. Hətta biz öz sevgimizdən də lazım olan kimi istifadə eləyə bilmirik. Öz sevdiyimiz adamı da lazım olan kimi qorumuruq və dəyərləndirə bilmirik. Mən bir şeirimdə bu haqda belə yazmışam:

Bir dağam, dərdini açıb bükərəm,

Yolunda can qoyub, ömür əkərəm,

Nəcibə adında qulam, nökərəm,

Qaçma bu eşqimdən, a zalım oğlu.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə