Dostumuz, Liman şəhərinin fəxri, dəyərli ziyalı, sayılıb-seçilən ağsaqqal Malik müəllimin dünyasını dəyişməsi yaman sarsıdıb bizi. Heç cür onun ölümünə inana bilmir və bu ağır itgi ilə barışa bilmirik. Özü də təkcə biz yox, bütövlükdə Liman camaatı və Lənkəran rayonunun insanları bu ağır itgini qəbul edə bilmir. Çünki onu son mənzilə yola salanda bütün Liman şəhərinin və qonşu kəndlərin camaatı o mərasimə toplaşmışdı. Qocalı- cavanlı hamı matəm içindəydi. Və heç kim onun cismani yoxluğu ilə barışa bilmirdi... Həmin gün Limanın və bütövlükdə Cənub bölgəsinin təbiəti də ağlayırdı...

Malik müəllimin dünyasını dəyişdiyi bu günlərdə, hər gün dostlarla söhbətimiz yalnız onun haqqında olur. Onun xeyirxahlığı, insani cizgiləri, hər bir limanlıya təmənnasız münasibətləri, bu şəhər üçün əlindən gələnləri etdiyi yaxşı keyfiyyətlər dostlar tərəfindən deyilir, yad edilir və axırda hamımız kövrəlirik, bulud kimi doluruq...

Doğrudan da ağır olur dost itgisi. Biz bunu eşitmişdik, oxumuşduq və görməmişdik. Artıq biz də bu qəmli faciəni, ağrını, böyük dərdi, itgini daddıq...

Malik Möhsün oğlu İsgəndərov 5 aprel 1946-cı ildə Liman ( keçmiş Port-İliç) şəhərində anadan olmuşdu. Həmin vaxt Liman beynəlmiləl şəhər olduğuna görə Malik də təhsilini 1 nömrəli tam orta məktəbdə rus dilində almışdı. O, 1964-cü ildə orta məktəbi bitirəndən sonra Ukraynanın Kiyev şəhərinə gedib və orada Rəssamlıq məktəbində təhsil almışdı. Çünki uşaq yaşlarından onun rəssamlığa böyük marağı vardı. Və hələ orta məktəbdə oxuduğu illərdə çəkdiyi rəsm əsərləri böyük maraqla qarşılanırdı. Bütün limanlılar ona gələcəyin böyük rəssamı ümidi ilə baxırdılar. Malik İsgəndərov 1965-ci ildə ordu sıralarına getdi. Üç il ordu sıralarında xidmət etdikdən sonra, rus dilini səlis bilən uca boylu, idmançı bədənli Malik, Sankt-Peterburq şəhərində milis ( inkidi polis) sıralarına qəbul olundu. Az bir vaxtda da rəhbərliyin böyük hörmətini qazandı. Ona görə də Sankt-Peterbuq Milis idarəsinin rəhbərliyi onu məşhur Sankt-Peterburq (keçmiş Leninqırad) Hüquq Akademiyasına ali təhsil almaq üçün göndəriblər. O, 1973-cü ildən ali təhsilli hüquqşünas və milis zabiti kimi Sankt Peterburqda Daxili İşlər orqanında ayrı-ayrı yüksək vəzifələrdə çalışdı. Gördüyü hər bir işdə millətimizin başını uca etdi. Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində yaşayan 500 mindən çox həmvətənlərimizin sevimlisi oldu Malik İsgəndərov. Oradakı Azərbaycan Cəmiyyətinin sayılıb-seçilən üzvlərindən biri kimi ad-san qazandı. Həmyerlilərimiz də ona arxa-dayaq kimi baxırdılar. Bir problemləri olanda ona müraciət edirdilər. O da bir ağsaqqal, əsl eloğlu kimi hamıya əlindən gələn bütün köməklikləri edirdi. Həmişə də sülh tərəfdarı olub Malik müəllim. Milis zabiti kimi Rusiya Daxili İşlər orqanının ən böyük şəhərlərindən biri olan Sankt-Peterburqda həmyerlimiz böyük hörmət-izzət qazandığına və müxtəlif böyük vəzifələrdə qüsursuz işlədiyinə, bacarıqlı milis işçisi olduğuna görə onu “SSRİ Milis Əlaçısı” medalı ilə təltif ediblər. Onu da vurğulamaq istəyirəm ki, Sankt-Peterburq kimi qarışıq, kriminal bir şəhərdə hər milis işçisinə belə mötəbər mükafat verilmirdi. Malik müəllimin təqaüd yaşı çatsa da onu heç cürə təqaüdə çıxarmaq istəmirdilər. Amma dəfələrlə rəhbərliyə müraciət etdiyinə görə onu köçürmə yolu ilə Azərbaycana Polis sisteminə dəyişdilər. O, istəsəydi Sankt-Peterbuqda da yaşaya bilərdi. Çünki ona bir neçə yerdə daha yüksək səviyyəli iş təklif etmişdilər. Amma doğma yurda bağlılıq və istək Malik İsgəndərovu Azərbaycana gətirdi. Azərbaycanda belə təcrübəli polis işçisinə təlabat olduğuna görə onu Hıcıqabul rayon Polis İdarəsində sahə rəisi vəzifəsinə təyin etdilər. Bir müddət burada işləyəndən sonra Salyan rayon Paspot-Masa idarəsinə rəis qoydular. Sonra doğma Lənkərana gəlib və burada da bir neçə kənddə böyük uğurla sahə polis rəisi işlədi. O, vətəni öz canından çox sevdiyinə görə Polis sistemində olduğu vaxt tez-tez Qarabağ bölgəsinə də gedirdi. Orada döyüşən cavanlara özünün ağıllı məsləhətlərini də verirdi. Yeri gələndə öz də döyüşürdü. Çünki həddindən artıq qorxmaz insan idi Malik İsgəndərov. Sonra Polis mayoru kimi öz ərizəsilə işdən çıxıb və belə qərara gəldi ki, doğma Limanda öz təsərrüfatında məşğul olsun. Amma burada da ona böyük əsəb gərginiliyi keçirdiyi və hər günü stresslərlə gərgin olan polis işindən sonra istirahət etməyə imkan vermədilər. Onu Lənkəran rayonunun Hərbi Komissarlığının çağırış bölməsinin Liman şəhəri üzrə nümayəndəsi təyin etdilər. Müharıbə gedən bir ölkədə bu iş, heç də asan deyildi. Bu iş də onu çox yorurdu. Hər cür bəhanələrlə övladlarını ordu sıralarına göndərmək istəməyən imkanlı adamlarla Malik İsgəndərovun tez-tez fikir ayrılığı olurdu. Onlara hüquqşünas kimi Vətənlə, torpaqla bağlı yaxşı məsləhətlər verir və onları inandıra bilirdi ki, övladları ordu sıralarına getsin. Qanunları onlara başa salırdı. O, bu vəzifədən də öz ərizəsilə işdən çıxandan sonra hüquq işini mükəmməl bildiyinə görə limanlılar çox böyük təkidlərlə ondan Evlər Komitəsinin sədri vəzifəsində işləməyi xahiş etdilər.

Burada da o, Liman şəhərinin abadlaşması, yolların çəkilməsi, təmiri, evlərin sənədləşdirilməsinə görə rayon rəhbərliyinə maraqlı təkliflər verirdi. Rayon rəhbərləri də onun ağıllı məsləhətlərini eşidirdilər. Limanlılar onu iki dəfə Şəhər Sovetinə deputat seçmişdilər. O, bir deputat kimi də insanların bütün problemlərinin həll olunmasına çalışırdı. Sözün həqiqi mənasında ağsaqqallıq edirdi. Heç kimin qəlbinə dəymirdi. Həmişə sülh tərəfdarı olurdu.

1999-cu ildə Azərbaycanda ilk Bələdiyyə seçkilərində limanlıların böyük təkidilə Malik İsgəndərov da öz namizədliyini bələdiyyə verdi və böyük səs çoxluğu ilə Bələdiyyənin üzvü seçildi. Buarada da Malik müəllim, limanlıların haqqını qoruda, onlara əlindən gələn bütün köməklikləri elədi. Həmin vaxtı limanlılar onu müdafiə etdiyinə və ona inandığına görə bələdiyyənin üzvü kimi şəhər üçün əlindən gələni edirdi. O, həmişə xalqın arasında idi və Liman şəhərinin bütün ictimai işlərində çox yaxından iştirak edirdi. Oğul evlərdirən, qız köçürən bütün limanlılar həmişə istəyirdilər ki, Malik müəllim həmin məclisdə başda olsun. Kiməsə bədbəxtlik üz verəndə, kiminsə yaxını, qohumu, əzizi dünyasını dəyişəndə Malik İsgəndərov hamıdan əvvəl həmin adamın yanında olurdu və onun bütün problemlərini həll edirdi. Bax bizim dostumuz belə bir təmənnasız insan və əsl ağsaqqal idi. Malik İsgəndərov idmanın da dostu idi. O, istəyirdi ki, bütün yeniyetmələr və cavanlar idmanla məşğul olsunlar və bununla da Limanda narkomaniyanın kökü kəsilsin. O, oğul nəvəsi Səccamı da yaxşı idmançı görmək istəyirdi və onu özü şəxsən boks məşqlərinə gətirirdi. Ona görə də Malik İsgəndərov evdən yox, eldən getdi. Məhz buna görə də bütün limanlılar və bütövlükdə Lənkəran rayon camaatı onun yoxluğu ilə barışa bilmir. Hamı onun yoxluğuna göyüm-göyüm göynəyir... Dünyasını dəyişdiyi 18 noyabr 2018-ci il tarixindən bu günə kimi, həyətlərindəki mağar dolub-boşalır. Hamı ellilikcə onun qəbrini ziyarətə gedir. Hamı qəbir üstə kövrəlir...

Cənub bölgəsinə həmişə böyük hörmətlə yanaşan və bu bölgənin insanları ilə dostluq, yoldaşlıq edən, bu bölgəyə bir neçə maraqlı şeirlər həsr edən, tanınmış şair, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli Malik İsgəndərovun dünyasını dəyişdiyini eşidəndə çox mütəəsir oldu. O, bununla bağlı bizə təskinlik vermək və dərdimizə şərik olmaq üçün bir şeir göndərib. Mən və bütün dostlar belə qərara gəldik ki, bu elegiyanı həmin şeirdən bu sətirlərlə tamamlayaq:

Ah necə ağırdır bu dost itgisi,

Kövrəldim, köksümdə kanan ağladı.

Bir gəmi itirdi Xəzər dənizi,

O lövbər atdığı “Liman” ağladı.

Bizim əzizimiz, dostumuz, qardaşımız, məclislərimizin bəzəyi, yaraşığı, əsl ağsaqqalımız Malik müəllim. Ulu Tanrıdan diləyimiz budur ki, qəbriniz həmişə nurla dolsun. Sizin ölümünüz bizi çox sarsıdıb. Qardaşı-qardaş, dostu-dost itkisi sarsıdan kimi. Nə etmək olar. Bir gün yaranan bir gün də dünyadan cismani köçməlidir. Bu, həyatın qanunudur. Bu qanuna qarşı da yer üzündə hələ ki, heç kim çıxa bilməyib... Çünki Böyük Yaradanın işinə qarışmaq mümkün deyil.

Sizi heç vaxt unutmayacaq dostlar adından:

Əlizadə ƏSƏDOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl” qələm mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə