Dağıstanda - doğma Vətəndə yaşayan azərbaycanlılar (Yazıçının gündəliyindən I yazı)

Fəxrəddin Oruc Qəribsəs: “Bütün bunları görmək üçün milli sevgi və yanğı olmalıdır. Azərbaycandakı yüksək rütbəli məmurlar fikirləşməlidirlər ki, biz də azərbaycanlıyıq”

Dağıstan mənimçün Azərbaycan qədər əziz bir diyardır. Çünki həyatımın ən keşməkeşli illərini (1997-2000-ci illər) Dağıstanda yaşamışam. Belə ki, həmin vaxtı Azərbaycan Mədəniyyət Nazirliyilə böyük konflikdə olduğumdan, bədii rəhbəri və direktoru olduğum Sumqayıt Dövlət Musiqili-Dram Teatrından öz ərizəmlə işdən çıxandan sonra, Mədəniyyət Nazirliyi məni Gəncə Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru vəzifəsinə göndərmək istəsələr də onlarla razılaşmayıb, Dağıstana işləməyə getdim. Çünki həmin vaxtı, yəni 1997-ci ilin iyun ayında Sumqayıt Dövlət Musiqili-Dram Teatrı ilə bir ay Dağıstanda qastrolda olduğumuz vaxt oradakı insanların qonaqpərvərliyini və azərbaycanılara necə böyük hörməti olduğunu görmüşdüm. Bununla bağlı “Sərhədsiz dünyamız” adlı kitab yazmışam. İndi çapa hazırlanır. Orada həmin vaxtı Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən mənə qarşı olan haqsızlıqlar və dağıstanlıların məni necə böyük istəklə, öz doğmaları kimi qəbul etməsi kitabda özünün lazım olan səviyyədə əksini tapıb. Mən orada Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr Truppasını yaradaraq üç il bu kollektivə rəhbərlik etmişəm. Dağıstanı qarış-qarış gəmişəm. Orada özümə ayrı-ayrı millətlərdən çoxlu dostlar tapmışam. Elə “İmam Şamil” kitabım da həmin illərin xatirəsidir. Və həmin vaxtı Dağıstan Azərbaycan Dövlət Dram Teatrının da yaranmasının əsl səbəkralarından biri olmuşam. Belə ki, Dağıstan Milli Şurasının üzvü, Dərbənd rayon İcra Hakimiyyətinin baçısı mərhum Seyid Qurbanov, onun oğlu, Dağıstanın millət vəkili Məhəmməd Qurbanov, Dərbənd şəhər Mədəniyyət və İnformasiya şöbəsinin müdiri Hüseynbala Hüseynov və mən birlikdə bu teatrın yaranması üçün çalışmışıq. Amma yenə də Azərbaycan Mədəniyyət Nazirliyinin günahı ucbatından həmin teatra mən rəhbərlik etməyib, Azərbaycana qayıtmışam. O vaxt həmin teatrın rəhbəri Xalq artisti, maraqlı aktyor Tariel Qasımovu təyin etdilər. Amma o da 1 il 6 ay orada işləyəndən sonra, teatrın direktoru, amma teatr işindən xəbəri olmayan Şahlarla aralarında yaranan konfliktə görə Azərbaycana, əvvəlki iş yeri olan Dövlət Gənc Tamaşaçılar Teatrına qayıdıb. Məni isə Azərbaycan Mədəniyyət Nazirliyi dissident kimi qələmə verib, Azərbaycandakı teatrlarda işləməyə imkan vermədilər. Çox böyük çətinliklərdən sonra, Azərbaycan Mədəniyyət Nazirliyinin mədəniyyətimizin başına açdığı oyunları, mədəniyyətimizi, incəsənətimizi kor günə qoyduqları haqqında televiziyada dediyimə və qəzetlərdə ətraflı yazdığıma görə , onlar məcbur olub məni 2001-ci ilin fevral ayından Dövlər Gənclər Teatrına quruluşçu rejissor vəzifəsinə təyin etdilər.

Dağıstanda işlədiyim vaxt, orada olan azərbaycanlı ziyalılar tamaşaların təşkilində, maraqlı yazılar yazmaqla təbliğat işində mənə çox köməklik edirdilər. Onlardan biri də Azəri oğlu, folklorşünas, müəllim, böyk ziyalı, maraqlı şair, yazıçı, dramaturq, tərcüməçi Fəxrəddin Oruc Qəribsəs idi.

Həmin vaxtlar Dağıstandakı görüşlərimizin ən maraqlılarından biri də Fəxrəddin Oruc Qəribsəsin qırx illik yubileyində iştirak etməyimiz oldu. Bu görüş 1997-ci ildə elə Fəxrəddinin doğulduğu Aşağı Mitəgi Qazmalar kəndində, onun doğma ocağında təşkil olunmuşdu. Yubileyin də ziyafət məclsini, Mitəgi Aqrofirmasının direktoru, dəyərli ziyalı Ramiz Mirzəyev təşkil eləmişdi. Yadımdadır ki, 1997-ci ildə Fəxrəddin Oruc Qəribsəsin yubileyi bir növ Dağıstan millətlərinin poeziya və incəsənət bayramına çevrildi. Belə ki, hər millətdən olan şairlər, musiqiçilər təbriklərini öz dillərində şeirlə, mahnıyla ifa elədlər. Maraqlı rəqslər oynadılar. Bizim çıxışlarımız isə daha maraqla qarşılandı. Çünki uzun illər idi ki, bura Azərbaycandan kollektiv gəlmirdi. Teatrımızın ansambılının ifası və bu ansambılın rəhbəri Zöhrab Xasayevin qarmonda çaldığı havalar hamını heyran etmişdi. Hamı bu haqda xoş sözlər deyirdi.

Fəxrəddin Oruc Qəribsəs, Dağıstandakı azrəbaycanlı ziyalılarnın ən aparıcılarındandır. O, ordu sıralarında Azərbaycanın Gəncə şəhərində desant hərbi hissəsində xidmət edib. Onun Azərbaycanla bağlılığı elə həmin illərdən başlayıb. Uzun illər kənd məktəbinin direktoru işləyib. Biz, Dağıstanda qastrolda olanda o, Moskva Beynəlxalq Universtetnin Dərbənd filialnın ədəbiyyat kafedrasının müdiri işləyirdi. O, şair Tahir Salehlə Dərbənddə «Gülüstan» ədəbi birlini yaradıb. Çox maraqlı və fəlsəfi dəyərləri olan şeirləri var. Həmin vaxtı üç kitabı çap olunmuşdu. İndi isə 13 kitabı çapdan çıxıb. O vaxtlar nə Azərbaycan, nə də Rusiya Yazıçlar Birliyinin üzvü deyildi. Başqa dağıstanlı ziyalılarımız kimi, onu da Azərbaycanda tanımrdılar. Amma indi Fəxrəddin Oruc Qəribsəs bu gün Rusiya Fedorasiyası Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kitabları maraqla oxunur. Azərbaycanlı şairlərdən Nigar Rəfibəylinin, Ramiz Rövşənin, Ramiz Qusarçaylının, Nəcibə İlkinin, Sevinc Məmmədovanın və başqalarının şeirlərini rus dilinə çevirib. Keçən il isə onu Dağıstan Respublikası Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri təyin ediblər. Bu, əlbəttə, Dağıstanda yaşayan azərbaycanlıların böyük qələbəsidir ki, Dağıstan Respublikasının Yazıçılar İttifaqında Azərbaycan yazıçılarının şöbəsi yaradılıb.

Fəxrəddin Oruc Qəribsəs təkcə Azərbaycan dilini yox, həm də rus, tat və ləzgi dillərini də səlis bilir. O, həmin vaxtlar türklər, tatlar və onların qarışığından yaranan Mitəgilər haqqında maraqlı bir kitab üzərində işləyirdi. Sonra həmin kitab çap olundu və Dağıstanda çox böyük maraqla qarşılandı.

2018-ci ilin Oktyabr ayının 22-də biz 18 ildən sonra Fəxrəddin Oruc Qəribsəslə Türkiyə Respublikasına Poeziya bayramına getdiyi bir vaxtda biz yenidən görüşdük və keçmiş illəri həzin bir xatirə kimi yad etdik.

18 ildə Dağıstanla əlaqələrim olmadığından orada olan dostları soruşdum. Fəxrəddin müəllim bildiri ki, artıq onların çoxu dünyalarını dəyişiblər. Bu da məni çox məyus etdi ki, onlar mənim “Sərhədsiz dünyamız” kitabımın çap olunmasını görmədilər. Orada özləri haqqında yazılan səmimi sözlərlə artıq tanış ola bilməyəcəklər. İlk öncə özümü qınadım ki, gərək bu kitabı 10 il bundan qabaq çap etdirəydim. Amma bu, maliyyə məsələlərilə bağlı olduğuna görə həmin kitab 10 ildir ki, hazır olmasına baxmayaraq, hələ də işıq üzü görə bilmir... Bu da Azərbaycanda yazıçıların taleyinin facisəsini göstərir. Onlar yazdıqları əsərləri imkansızlıq ucbatından çap etridə bilmirlər. Amma millətə, onun mədəniyyətinə, ədəbiyyatına dirsək çevirən elə dönüklərimiz var ki, belə kitabların hətta 5-10-nun çap xərcini bir gündə restoranlarda xərcləyirlər. Bax, biz buyuq...

-Fəxrəddin müəllim, bizim axırıncı görüşümüzdən düz 18 il ötüb. Bu illər sizin üçün necə keçib?

-Nə yaxşı ki, siz həmin vaxtlar Dağıstana gəldiniz və biz azərbaycanlı ziyalılarının bir yerə yığışmasında sizin də böyük xidmətləriniz oldu. Həm də orada yaşayan millətlərin də Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük marağını artırdınız. Biz də bununla qürrələnirdik. Mənim də teatrla bağlılığım Dərbənd Pedaqoji Texnikumda oxuduğum vaxtlardan başlayıb. Belə ki, həmin vaxtlar Dağıstanın Əməkdar artisti, böyük fədakar insan, Dağıstanda Azərbaycan teatrının, mədəniyyətinin ən böyük təbliğatçısı Nəsir Həşimoğlunun yaratdığı Azərbaycan Xalq teatrında həvəskar aktyor kimi çıxış etmişəm. Onun quruluşunda Səməd Vurğunun “Fərhad və Şirin” və Əbdürrəhim bəy Haqverdiyevin “Pərü cadü” tamaşalarında iştirak etmişəm. Hər iki tamaşa böyük uğur qazandı və hətta “Fərhad və Şirin” tamaşası haqqında Əbülfəz Naxçıvanlının “Ədəbiyyat və İncəsənət” qəzetində böyük ressenziyası çap olunmuşdu. Həmin tamaşalara görə biz çoxlu diplomlar və pul mükafatları aldıq. Bilirsiniz ki, həmin Xalq teatrının bazasında Dağıstan Azərbaycan Dövlət Dram Teatrı yarandı. O teatrın yaranmasında da sizin xidmətiniz çox oldu. Mən sonra Mahaçqalaya gedib Pedaqoji İnistituta qəbul oldum. Ona görə də daha həmin Xalq teatrı ilə əlaqələrim kəsildi. Mən elə tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olmağa başlamışam. Şeirlərim Dərbənddə Azərbaycan dilində çıxan “Dərbənd” qəzetində və rus dilində çap olunan başqa qəzetlərdə də çap olunub. Eləcə də Azərbaycan Televiziyasındakı “Karvan” verlişində səslənib və “Ulduz” jurnalında çap olunub. Bilirsiniz ki, hörmətli akademikimiz Məhərrəm Qasımlı da bir vaxtlar Dağıstanda olub. 1970-80-ci illərdə Dağıstana gəlib, orada olan folklorumuzu toplayıb və həmin vaxtı , “Bizim ellər yerindəmi?” adlı bir maraqlı kitab da yazdı. Sonra bizim şeirləri toplayıb, “Ulduz” jurnalında çap etdirdi. Biz, Dağıstanda yaşasaq da Azərbaycan həmişə bizim ürəyimizdədir. Dağıstanda 150 mindən çox azərbaycanlı yaşayır. Əlbəttə ki, o yerlər bizim dədə-baba torpağımızdır. Əvvəllər Dağıstanda azərbaycanlıların sayı çox idi. Amma 1950-ci illərdən sonra ayrı-ayrı səbələr ucbatından çoxlu azərbaycanlılar oradan köçüb yaşamağa Azərbaycana gəldilər.

-Dağıstan azərbaycanlılarının Yazıçılar şöbəsi nə vaxt yaranıb?

-1934-cü ildə SSRİ Yazıçılar İttifaqı yaranıb və hər respublikada da ayrıca Yazıçılar İttifaqı yaranıb. O vaxtlar Dağıstanda azərbaycanlıların sayı çox olsa da Dağıstan Yazıçılar İttifaqında Azərbaycan şöbəsi yaranmadı. Hətta burada yaşayan ayrı-ayrı yeddi millətin Dağıstan Yazıçılar İttifaqında bölməsi yaranmışdı, amma azərbaycanlıların yaranmamışdı. Əslində azərbaycanlı yazarların sayı həmin millətlərin yazarlarının sayından çox idi. Həmin vaxtdan Dağıstanda yaşayan azərbaycanlılar dəfələrlə Dağıstan Respublikasının rəhbərliyinə müraciət etsələr də bu müsbət həll olunmurdu. Amma sağ olsun Moskvalı yazıçı qardaşlar. Onlar keçən il Dərbəndə gəlmişdilər. Biz, onlara bildirəndə ki, Dağıstanda 150 mindən çox azərbaycanlı var. Bu millətin maraqlı şairləri, yazıçıları da çoxdur, amma Dağıstan Yazıçılar İttifaqında bölməsi yoxdur. Həmin qrupun rəhbəri Maksim Omelin idi. Onların layihəsi var. Rusiyada yaşayan və sayı çox olan 57 millətin şeirlərindən, hekayələrindən, publisist yazılarından, esselərindən və pyeslərindən ibarət dörd cildlik Antalogiya çap edəcəklər. Həm o millətlərin dilində və həm də rus dilində. Bütövlükdə Rusiya Fedorasiyasında, Dağıstandakı 150 mindən çox həmvətənlərimiz də daxil olmaqla, iki milyondan çox azərbaycanlı yaşayır. Maksim Omelin mənim, Tahir Salehin və Zeynəb Dərbəndlinin şeirlərini də həmin Antalogiyanın birinci cildinə daxil edib. Kitab artıq çapdan çıxıb və bizim şeirlərimiz də onun xoşuna gəlib. İkici cilddə uşaqlar üçün şerlər də yer alıb. Orada Təhmiraz İmanovun və Zeynəb Dərbəndlinin şeirləri də çap olunub. Üçüncü cilddə mənim və Zeynəb Dərbəndlinin yazıları çap olunacaq. Dördüncü cilddə isə mənim “Mirzə Kazım bəy” pyesimin çap olunması planlaşdırılır. Maksim Omelin bu məsələni Moskvada Rusiya Fedorasiyası Yazıçılar İttifaqında qaldırıb ki, Dağıstanda maraqlı azərbaycanlı yazıçılar var və hətta onlardan dörd nəfəri Rusiya Fedorasiyası Yazıçılar İttifaqının da üzvüdür, amma onların bölməsi yoxdur. Onun bu ideyasını Dağıstan Yazıçılar İttifaqının sədri Məhəmməd Əhmədov da, Qalina Əhmədova da müdafiə etdilər və beləliklə, 2017-ci ilin sonunda Dağıstan Yazıçılar İttifaqının Azərbyacan bölməsi yarandı. Artıq 6 nəfər Yazıçılar İttifaqının üzvü olan azərbaycanlı var və həmin bölmənin də sədri mən təyin olunmuşam. Əlbəttə, Dağıstanda yazan, bədii yaradıclıqla məşğul olan azərbaycanlılar çoxdur. Hətta ehtiyac ucbatından Azərbaycandan köçüb və Rusiyada məskunlaşan iki milyondan çox azərbaycanlılar var. Biz onlarla da əlaqə saxlayıb, kimlər ki, bədii yaradıcılıqla məşğul olur, onların da yazılarını çap etmək istəyirik. Əgər bu ideyanı reallaşdıra bilsək, azərbaycanlı yazıçıların sayı Dağıstandakı bütün millətlərin yazarlarının sayından çox olacaq. Biz artıq öyrənmişik ki, Moskvada, Sankt-Peterburqda, Murmanski vilayətində, Sibirdə, Uzaq Şərq diyarında çoxlu azərbaycanlı yazıçılar var. Elə sizin bu sayt vasitəsilə onlara da müraciət etmək istəyirəm ki, bizimlə əlaqə yaratsınlar. Biz də onların ən istedadlılarını seçib, Yazıçılar İttifaqına üzv edəcəyik. Onların kitablarını çap etdirəcəyik. Bundan əlavə Dağıstanda uzun illərdir ki, “Gülüstan” ədəbi birliyi fəaliyyət göstərir. Hətta bir vaxtlar “Gülüstan” adlı qəzetimiz də çap olunurdu. Biz, həmin ədəbi birliyin işlərini və qəzeti də bərpa etmək istəyirik.

-Azərbaycanlı yazıçılar Dağıstana gəlirmi və orada tədbirlər keçirirlərmi?

-Əvvəllər Azərbaycan Yazıçılar Birliyinin rəhbərləri Dağıstana az-az gəlirdilər. İndi demək olar ki, daha gəlmirlər. Amma axır vaxtlar yalnız “Azad qələm” qəzetinin baş redaktoru, maraqlı şairə Nəcibə İlkin və Ramiz Qusarçaylı daha çox gəlirlər. Onların bizim üstümüzdə əməyi daha çoxdur. Onlar tez-tez Dərbəndə gəlib, bizim tədbirlərdə yaxından iştirak edirlər. Bizim şeirləri gətirib, Azərbaycanda çap etdirirlər. Hətta Nəcibə İlkin “Azad qələm” qəzetində hər ay “Dərbənddən gələn səslər” adlı bizim şeirləri qəzetin bir-iki səhifəsində də çap edir. Ramiz Qusarçaylı da hazırladığı toplularda, “525-ci” və “Ədəbiyyat” qəzetlərində bizim şeirləri, hekayələri çap etdirir. Allah hər ikisinin canını sağ eləsin. Biz, çox istəyirik ki, Azərbaycan Yazıçılar Birliyi də Dərbənddə, Dağıstanda yaşayan azərbaycanlı yazarlarla maraqlı bir görüş keçirsin, bizim problemlərimizlə maraqlansın ki, biz də özümüzü doğma yurdumuzda qərib hiss etməyək. Onların mənəvi dəstəyinə bizim böyük ehtiyacımız var. Bu, həm də Dağıstan rəhbərliyinin bizə marağını artırar.

-Dağıstanın bütün bölgələrində azərbaycanlılar yaşasalar da, amma əsasən Dərbəd rayonunda, Dərbənd şəhərində və Tabasaran rayonunda daha çox yaşayırlar. Bu gün Dağıstanda azərbaycanlılara qarşı münasibət necədir?

- Bizə qarşı indi münasibət çox yaxşıdı. Amma əvvlələr pis idi. Hətta bizə qarşı siyasi vəziyyət də yaxşı deyildi. Əsasən də cənubi Dağıstanda bəzi qüvvələr vardı ki, azərbaycanlıları oradan sıxışdırmaq cəhdlərini də irəli sürürdülər. Onlar çox iyrənc bir yol seçmişdilər ki, guya azərbaycanlılar bura gəlmədi, ona görə də köçüb öz respublikasına getsinlər. Bu yolla keçən əsrin əllinci illərində də çoxlu azərbaycanlıları oradan köçürüblər. Amma indi Dağıstanda 14 xalq bu respublikanın konistitusuyasında təsbit olunub ki, bu xalqlar həmin ölkənin qədim xalqlarıdır, onlardan biri də azərbaycanlılardır. Onu da deyim ki, Dağıstanın həmin konistitusiyası 14 dildə çap olunub. Azərbaycan dilində də çap olunub. Həmin konistitusiyanı Azərbaycan dilinə mən tərcümə etmişəm. Bu konistitusiyadan sonra həmin çirkin fikirli qüvvələr məcbur olub axır ki, sakitləşiblər. Onu da vurğulayım ki, Dağıstan Mərkəzi Dövlət Televiziyası ilə hər həftə bir dəfə yarım saatlıq Azərbaycan dilində verilişlər var. Bundan başqa Azərbaycan dilində radioda da veriliş gedir. Biz, belə qərara gəlmişik ki, Yazıçılar şöbəsinin nəzdində “Azərbaycan qadını” jurnalını bərpa edək. Bu jurnal Dağıstanda 1930-cu illərdə çox böyük tirajla nəşr olunub və çox papuliyar olub. Dağıstanda bir neçə dildə “Şahin” adlı uşaqlarçün jurnal nəşr olunur. Biz də həmin jurnalı Azərbaycan dilində nəşr etmək istəyirik. Dağıstanda hər il altı dildə ədəbi-bədii almanax çap olunur. Biz də istəyirik ki, həmin almanaxı Azərbaycan dilində nəşr edək. Bax bütün bu məsələləri Dağıstan dövlətinin qarşısında qaldırmaq istəyirik. İnanırıq ki, bizim bu xeyirxah ideyalarımız müsbət həll olunacaq. Birinci məsələ Dağıstan Yazıçılar İttifaqının nəzdində Azərbaycan bölməsini yaratmaq idi. Biz, artıq buna nail olduq. İndi bütün azərbaycanlı yazıçılar Rusiya Fedorasiyası Yazıçılar İttifaqının keçirdiyi tədbirlərdə iştirak edə biləcəklər. Bu, böyük qələbədir. Biz, bunu 80 ildən çox gözləmişik.

-Sizin Türkiyənin Adana şəhərinə getməkdə məqsədiniz nədir?

-Biz Rusiya Fedorasiyası Yazıçılar İttifaqının üzvü olduğumuza görə, Rusiyadan Türkdilli xalqlar arasından üç yazıçı seçilib və Türkiyənin Adana şəhərində Türkdilli xalqlar üçün keçirilən Poeziya festivalında iştirak edəcəyik və orada Rusiyanı təmsil edəcəyik. Bu üç yazarlardan biri mənəm, biri Züynəb Dərbəndli və biri də tatar Ruslan Qalilulindir. Orada biz özümüzün bədii əsərlərimizlə çıxış edəcəyik. Başqa ölkələrdən gələn və Türkiyədəki yazarlarla yaxından tanış olub, fikir mübadiləsi aparacağıq. Belə görüşlər də hər il Türkiyədə keçirilir və bu Türkdilli xalqların bayramı olur.

- Dağıstanda azərbaycanlı ziyalılar çoxdurmu və onlar sizə necə köməklik edirlər?

- Bəli, azərbaycanlı ziyalılar çoxdur, amma onlar nə mədəniyyətimizə, nə ədəbiyyatımıza, nə də incəsənətimizə heç bir köməklik etmirlər. Biz hər dəfə Azərbaycan televiziyalarında görürük ki, burada yaşayan imkanlı azərbaycanlılar həmin verlişlərə sponsorluq edirlər. Yaxşı mənada biz buna paxıllıq edirik. Dağıstanda da pullu azərbaycanlılar çox olsa da, amma onlar bizə heç bir köməklik etmirlər. Bax ona görə də biz, istədiyimiz tədbirləri keçirə bilmirik. Çünki hər bir tədbiri keçirmək, kitabları, jurnalları, qəzetləri çap etmək üçün maliyyə imkanı lazımdır. Həmin imkanlı azərbaycanlılar da bizə köməklik etmirlər ki, bu müqəddəs ideyaları reallaşdıraq. 150 mindən çox həmvətənlərimizin maarifləndirilməsinə köməklik edək. Hətta onlar Dərbənddə olan Azərbaycan Dövlət Dram Teatrına da köməklik etmirlər.

- 1997-98-ci illərdə biz, Dağıstanda Azərbaycan Dövlət Dram Teatrını yaratmaq istəyəndə çox maraqlı işləri görməyi planlaşdırmışdıq. Orada teatr üçün yeni bina tikilməsi də planlaşdırılmışdı. Əfsus ki, həmin vaxtı Azərbaycan Mədəniyyət Nazirliyi bizə imkan vermədi ki, həmin ideyaları reallaşdıraq. Hətta mənim məqsədim vardı ki, özüm təhsil aldığım Moskvadakı A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda Dağıstan azərbaycanlılarından ibarət aktyorluq kursu da açaq. Bu haqda müəllimim, kafedra müdiri Aleksandr Aleksandroviç Barmakla da danışıb, razılığa gəlmişdik. İnstitutun rəhbərliyi də buna razı idi. Əfsus ki, Azərbaycan Mədəniyyət Nazirliyinin o vaxtkı rəhbərliyi bu müqəddəs məsələyə də imkan vermədi. Bütün bunlara çox heyfislənirəm. İndi həmin teatrda vəziyyət necədir?

- Teatrın indi heç binası da yoxdur. Teatrın kollektivi tamaşalarını hazırlayandan sonra ayrı-ayrı teatrların binasında oynayırlar. Mən bilmirəm bu nə sirdir ki, Dağıstan Azərbaycan Dövlət Dram Teatrı üçün bina tikmək istəmirlər. Cənab Əbülfəs Qarayev Azərbaycan Mədəniyyət naziri olandan sonra istəyirdi ki, Azərbaycan Respublikasının maliyyəsi hesabına Dərbənddə böyuk bir Mədəniyyət Mərkəzi tikdirsin. Orada teatrın da öz binası olacaqdı. Ayrıca kino- teatr da fəaliyyət göstərəcəkdi. Amma Dağıstan rəhbərliyi həmin vaxtı bu ideyanın reallaşmasına imkan vermədi. Teatrın kollektivi böyük fədakarlıqla işləsələr də, binalarının olmaması onların qol-qanadını sındırıb. Dərbənddə Ləzgi Teatrının da, Tabasaran Teatrının da, hətta Tat Xalq teatrının da binası var, belə ki, onlar “Jasmin” kompleksində yerləşirlər. Bu binanı da milliyatca tat olan məşhur Rusiya müğənnisi Jasmina tikdirib və Tat Xalq Teatrı da orada yerləşir. Amma Azərbaycan Dövlət Dram Teatrının binası yoxdur. Mənə ən pis təsir edən də odur ki, Dağıstanda yaşayan və tanınan azərbaycanlılar Dağıstan Azərbaycan Dövlət Dram Teatrının binası olması üçün heç bir iş görmürlər. Bu məsələni dövlət səviyyəsində qaldırmırlar. Özü də Dağıstanda elə azərbaycanlılar var ki, istəsələr dövlət rəhbərliyi qarşısında bu məsələni qaldırıb, müsbət həll etdirə bilərlər. Hətta əgər istəsəydilər həmin vaxtı da cənab Əbülfəs Qarayevin ideyasının reallaşmasına da köməklik edə bilərdilər. Amma əfsus ki, etmədirlər...

Hətta Dərbənd şəhərinin 2000 illik yubileyi ilə bağlı Azərbaycan rəhbərliyi bu şəhərdə Olimpiya kompleksi də tikdirmək istəyirdi, amma bəzi qara qüvvələr bu maraqlı ideyanın da reallaşmasına imkan vermədilər. Bizim indi bir problemimiz də ortaya çıxıb. Biz, Dağıstanda yaşayan azərbaycanlılar 1992-ci ildən latın qrafikasına keçmişik. Bütün yazılarımız, məktəblərdə oxuyan azərbaycanlı balalarımızın Azərbaycan dilində dərsləri də latın qrafikasındadır. Amma indi Dağıstan Təhsil Nazirliyi məsələ qaldırıb ki, biz yenidən kirill əlifbasına qayıtmalıyıq. Biz istəyirik ki, Azərbaycan hökumətı bu sahədə bizə köməklik etsin ki, yenə də latın qrafikasını davam etdirək. Bu da yəqin ki, dövlət səviyyəsində həll olunmalıdır. Dağıstanın indiki prezidenti cənab Vladimir Vasilyev çox mütərəqqi və yüksək səviyyəli insandır. O, Dağıstandakı heç bir millət arasında fərq qoymur. Bütün millətlərə eyni sevgi və istəklə yanaşır. Əgər bu məsələ onun səviyyəsində qaldırılsa həm teatrın binası və həm də dərslərin bundan sonra da latın qrafikası ilə keçirilməsi müsbət həll olunar. Hətta inanıram ki, həmin Mədəniyyət Mərkəzinin də tikilməsini müsbət həll edər. Sadəcə bütün bunları görmək üçün milli sevgi və yanğı olmalıdır. Azərbaycandakı yüksək rütbəli məmurlar fikirləşməlidirlər ki, biz də azərbaycanlıyıq.

P. S. Məm inanıram ki, Fəxrəddin Oruc Qəribsəsin qaldırdığı problemlərə Azərbaycandakı ziyalılar və hökumət də özünün müsbət münasibətini bildirib, Dağıstanda yaşayan 150 mindən çox həmvətənlərimizə köməklik edəcəklər. Bu işdə biz, Azərbaycan Yazıçılar Birliyindən, Azərbaycan Mədəniyyət Nazirliyindən, Azərbaycan Təhsil Nazirliyindən daha çox köməklik gözləyirik. Axı, Dərbənd qədim Azərbaycan şəhəridir. Orada yaşayan azərbaycanlılar da bizim millətimizdir. Onlara köməklik etmək bizim müqəddəs borcumuz olmalıdır. Fransızların bir maqalı cümləsi var: “Hansı ölkədə yaşamasından asılı olmayaraq bir fransızın haqqı tapdanırsa, biz həmin dəqiqə onun yanında oluruq”. Bu maraqlı cümlədən biz azərbaycanlılar niyə istifadə etməyək?!

Onu da vurğulayım ki, Adana şəhərində keçirilən Türkdilli xalqların Poeziya festivalında həm Fəxrəddin Oruc Qəribsəs və həm də Zeynəb Dərbəndlinin çıxışları çox maraqla qarşılanıb. Onların şeirləri Türkdilli xalqların Antalogiyasına daxil edilib. Onlara Türkiyədə böyük hörmət-izzət göstərilib. Bütün bunlar da həmvətənlərimizin böyük qələbəsi olmaqla, millətimizə başucalığı gətirib. Eləcə də Dağıstanda yaşayan azərbaycanlıların orada yaşayan millətlər arsında başını uca edib. Deməli, biz belə həmvətənlərimizi qorumaqla onlarla fəxr edə bilərik.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadim

Bütün xəbərlər Facebook səhifəmizdə