ELİNİN, NƏSLİNİN SEVİMLİSİ İDİ ŞƏHRİYAR...

Vaxtsız, faciəli ölüm onun gənc ömrünü yarıda qoydu - 30 yaşı cəmi on gün əvvəl tamam olmuşdu. Neçə vaxt idi inşasında gecə-gündüz çalışdıqları binanın buraxılışına tələsdiklərindən özünün ilk yubileyini də ailəsindən uzaqda, inşaatçı yoldaşları ilə birgə iş yerində keçirməli olmuşdu Şəhriyar.

O faciəl hadisə baş verməyə də bilərdi, əgər Şəhriyar özünə, işinə tələbkarlıqla, məsuliyyətlə yanaşmağı bacarmasaydı... Çalışdıqları obyektdə artıq işlər başa çatmışdı və o, öz yoldaşları ilə birgə həmin gün - oktyabrın 13-də Lənkərandan Bakıya dönməli idilər. Lakin o, obyektdə görülmüş son tamamlama işlərini daha mükəmməl yerinə yetirmək üçün iş yoldaşlarına təklif etmişdi ki, bir gün də qalıb, bəzi işləri daha yaxşı başa vursunlar. Və tale həmin nəhs gün onun üçün amansız oldu. Səhər halı pisləşdiyindən dostlarına işə günortaya yaxın gələcəyini bildirib, otaqda tək qalmış və... naməlum səbəbdən qazdan boğulmuşdu.

...Şəhriyar Şəki rayonunun Sarıca kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirib, Milli Ordumuzda hərbi xidmətini başa vurduqdan sonra kənddə işsiz qaldığından ailəsinə kömək etmək, gələcəyini qurmaq ümidilə Bakıya üz tutmuşdu. Böyük tikinti obyektlərindən birində parket işindən başlayan Şəhriyar çox keçmədən öz işgüzarlığı, visdanlı, keyfiyyətli işi, ətrafındakılarla xoş, səmimi münasibətilə həm iş yoldaşlarının, həm də inşaat rəhbərlərinin hörmətini, nüfuzunu qazana bilmişdi. Və artıq bir müddət sonra ona briqadalardan birinə rəhbərlik etmək etibar edilmişdi.

Lənkərandakı obyektə isə o, bu ilin əvvəllərində öz komandası ilə birlikdə getmişdi. Orda işi başa vurduqdan sonra Bakıya qayıtmalı idi. Burada Ağ şəhərin tikintisində çalışacaqdılar. Artşq müqavilə də bağlanmışdı...

Şəhriyarın faciəli, gözlənilməz ölümü yalnız onun doğmalarını deyil, iş yoldaşlarını, dostlarını da bərk sarsıtdı. Onlar öz bacarıqlı, səmimi, mehriban dostlarını itirdiklərinə görə hələ də özlərinə gələ bilmirlər. Şəhriyarın xətrini çox istədiklərindən onun həm Türkiyədən, həm də İtaliyadan olan müdirləri də başlarının böyük dəstəsi ilə Sarıca kəndinə gələrək, öz sevimli, unudulmaz dostlarını kədərlə, göz yaşları ilə son mənzilə yola saldılar.

Şəhriyar bu dünyada özündən sonra yaxşı ad və bir də... vətəni üçün iki övlad qoyub getdi - sevib-əzizləməkdən doymadığı iki gözəl bala. Uğurun hələ heç 3 yaşı da tamam olmayıb. Atası həyatdan gedəndə yenicə dünyaya gəlmiş Kənan isə hələ bir aylıq idi. Nə atası onlardan və Uğurdan doydu, nə də bu iki talesiz balalar atalarının üzünü doyunca görə bildilər.

Şəhriyar dünyadan köçəndən nə onun ata-anası və yeganə qardaşı Məhəmməd, nə özü sevib-seçdiyi, lakin xoşbəxtliyi uzun sürməyən gözü yaşlı həyat yoldaşı, nə digər doğmaları, dostları özlərinə yer tapa bilmir, bütün kənd adamları isə onun vaxtsız ölümünə acıyır, heyfsilənirlər. Axı, Şəhriyar bütün kəndin sevimli, böyük-kiçik yeri bilən əziz bir oğlu idi. Kənd camaatının qayğısına qalaraq, Şəhriyarın neçə-neçə gənci öz yanında işlə təmin etməsini, ailələrinin dolanışığına kömək etməsini həmyerliləri minnətdarlıqla xatırlayırlar.

Şəhriyarın qayğıkeşliyini, mehribanlığını, səmimiyyətini unutmayan dostlarından biri - Ayaz İsayev öz feysbuk səhifəsində yazıb: "Sən nə tez getdin, qardaşım? Bütün səni sevənlərin belini qırıb getdin, o iki gül balanı atasız qoydun... Kaş bu mesajima bir cavab yazasan və bütün qohumlara, dostlara, ailənə bir sürpriz edib qayıdarsan...". Şəhriyarın xeyli müddət bir yerdə çalışdığı türk həmkarı və yaxın dostu Kaan Turgut da dost itgisinin ağırlığından üzülərək, yazıb: "Ne benim için yaptıklarını unuta bilirim, ne de senin o gülen güzel yüzünü. Mekanın cennet olsun, güzel kardeşim Şehriyar!".

Bir vaxt dünyaya gəlişinə çox sevinərək ulu Şəhriyarın adını verdiyim əziz qardaşım oğlunun dünyadan belə tez, qəfil gedəcəyini ağlıma da gətirməzdim. Belə vaxtsız, qəfil, faciəli ölümə kim inanardı ki?..

Şəhriyar orta məktəbi bitirəndə fikrindən həkim, ya da aktyor olmaq keçirdi. Ancaq nə həkim olub, özünü qoruya bildi, nə də aktyor kimi həyat səhnəsində çox qala bildi. Lakin özünün qısa ömrü ilə də yaddaşlarda silinməz iz qoyub getdi. İndi Sarıca elinin camaatı Şəhriyarın unudulmaz xatirəsi ilə yaşayır, kənddə onun gəzib-dolandığı küçələrə, dağa-daşa, Şəhriyarı çox əzizləyib-sevən babası Abdurahman kişinin yurduna ürək ağrısı ilə baxırlar. Onların gözü hər yerdə Şəhriyarı axtarır. İllah da ki - nakam qardaşını dünyalarca sevən, indi özünü yalqız hesab edən, heç cür rahatlıq tapmayan Məhəmməd, vaxtilə Şəhriyarla xoşbəxtliklə, bəxtəvərcəsinə sevinib-gülən, indi isə məyus-məyus gəzib-dolanan əmioğlanları, dayı, bibi və xalauşaqları, dostları Kamil, Xəyal...

Bircə təsəlli odur ki, Şəhriyar da babaları Abdurahman kişi, İbad kişi kimi eldə-obada yaxşı ad qoyib getdi.

Allah rəhmət eləsin!

Rəhman ORXAN,

Əməkdar jurnalisti,

Osman Mirzəyev adına

Respublika mükafatı laureatı.

Bütün xəbərlər Facebook səhifəmizdə