Həbib Rafiq oğlu Adıgözəlov Rusiya Fedorativ Respublikasının Yamala-Nenets Muxtar Vilayətinin Yeni Urenqoy şəhərində 2011-ci ilin mart ayının 13-də anadan olub. Lap uşaq yaşlarından Həbibin yaddaşının çox möhkəm olması, kitab oxumağa, texnikaya marağı valideyinlərinin diqqətini cəlb eləyib. O, artıq 3-4 yaşlarında mobil telefonun proqramlarından elə ustalıqla istifadə edirdi ki, ətrafında olanları mat qoyurdu. O, hətta 3 yaşında olanda kiril, 4 yaşında olanda isə latın əlifbasını öyrənib. Həm Rus və həm də Azərbaycan dilində oxuyub yazmağı sərbəst bacarır. Həbib tək və onluq ədədləri toplama və çıxma elementlərini artıq 4 yaşından yerinə yetirirdi. Yaddaşının yüksək olması Həbibə imkan verir ki, hamının ona olan marağını, diqqətini artırsın. Ona görə də yaxın ətrafında olanların hamısı onu lap uşaq yaşlarından vunderkin kimi görürlər. Həbibin uşaq yaşlarından maraqlı şeirlər deməsini, maraqlı lətifələr danışmasını və mahnılar oxumasını da hamı maraqla dinləyirdi. Onun həm Azərbaycan və həm də Rus dilində yaxşı danışması da dünya görüşünün lap uşaq yaşlarında yaxşı formalaşmasından xəbər verir. Yeni Urenqoyda baxçaya getdiyi ilk gündən Həbib həm müəllimlərinin və həm də baxça yoldaşlarının sevimlisi oldu. Baxçada keçirilən hər bir tədbirdə Həbib özünün istedadına, bacarığına görə hamıdan seçilirdi. Onun yaxşı rəqs etməsi, yaxşı şeirlər deməsi də baxçada hamını valeh eləyirdi. Həbibin ən gözəl xüsusiyyəti onun dinləməyi yaxşı bacarması və özündən böyüklərə həmişə hörmətlə yanaşmasıdır. Yəqin elə buna görə də Həbib həmişə hamı tərəfindən sevilir və yüksək qiymətləndirilir.

Bir milyondan çox əhalisi olan Yeni Urenqoy şəhərində hər il keçirilən millətlərin adət-ənənələri müsabiqəsində Həbib də valideyinləri- atası Rafiq Adıgözəlov, anası Aynurə Adıgözəlova və bacısı Aytəkinlə birlikdə iştirak eləyir. Həmişə də onlar bu müsabiqədə birinci yerə layiq götürürlər. Çünki atasının yaxşı tar çalması, anasının yüksək natiqlik bacarığı və bacısı Aytəkinin Həbiblə birlikdə maraqlı rəqslər ifa etmələri, mahnılar oxuması, səhnəciklər göstərməsi jüri üzvlərinin də xoşuna gəlir və onlar müsabiqənin qalibi olurlar və hətta şəhər rəhbərliyinin də Fəxri Fərmanına layiq görülürlər. Həbibin atası Rafiq Nadiroğlu Yeni Urenqoy Diaspor təşkilatının fəal üzvlərindən biridir. O, hər bir tədbirdə də Azərbaycanı layiqincə təbliğ edir.

Azərbaycanlı oğlunun Rusiyanın ən ucqar şəhərlərindən biri olan Yeni Urenqoyda hələ uşaq yaşlarından həmyaşıdları və müəllimləri tərəfindən belə sevilməsi ondan xəbər verir ki, Həbib Rafiq oğlu Adıgözəlov gələcəkdə böyük uğurlar əldə edəcək. Artıq Həbibin 7 yaşı var. O, sentyabr ayının 1-dən birinci sinifə gedir. Amma o, hələ altı yaşında artıq birinci sinifin proqramını tam mənimsəyib. Həbib plastilindən çox maraqlı fiqurlar da düzəldir. Bu fiqurlara baxanlar inanmırlar ki, onları 6-7 yaşlı uşaq düzəltdib. Bu da Həbibin yüksək istedadından xəbər verir. Bax bu da onu sübut edir ki, azərbaycanlılar həqiqətən də çox istedadlı millətdir. Sadəcə biz heç vaxt özümüzü təbliğ etməyi bacarmamışıq. Əgər elə də böyük istedadı olmayan millətlər kimi biz də özümüzü təbliğ etsəydik, onda bu gün dünyanın ən aparıcı millətlərindən biri olardıq. Heç olmasa gec də olsa indi özümüzü təbliğ edək.

Arzulardan söz düşəndə Həbib belə dedi:

- Ən böyük arzum yaxşı övlad olub, valideyinlərimin, babalarım- Nadir və Ağalar babanın, nənələrim- Səfurə və Elmira nənənin və bütün qohumlarımın mənə olan ümidlərini doğrultmaqdır. Əgər onların ümidlərini doğrulda bilsəm, deməli, öz ümidlərimi də doğruldacam. Hələ tam qərarlaşdırmamışam ki, gələcəkdə hansı peşənin sahibi olacam. Musiqiyə böyük həvəsim var. Mən Yeni Urenqoy şəhərində Sergey Raxmaninov adına İncəsənət məktəbində skripka sinifində təhsil alıram. Heykəltaraş olmaq da ürəyimdən keçir. Çünki plastilindən çoxlu əşyalar və adam fiqurları düzəldirəm. Bilmirəm, bəlkə böyüyəndə tamam başqa sənəti seçəcəm. Amma hansı sənəti seçsəm, çalışacam ki, o sənəti yaxşı öyrənim ki, yaxşı mütəxəssis ola bilim.

Sentyabr ayının 1-dən artıq birinci sinifə gedirəm. Həmin gün məktəbimizdə çox möhtəşəm bir bayram oldu. Sinifimizdə çoxlu millətlərin nümayəndələri var. Mən həmin birinci sinifdə yeganə azərbaycanlıyam. Elə ilk dərs günümüzdə mən Azərbaycan haqqında rus dilində Xalq şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirini dedim. Hamının xoşu gəldi. Bu yay Sumqayıtda, Masallıda olmağımla bağlı da sərbəst mövzu kimi danışdım. Mənim bu danışığım həm müəllimimin və həm də məktəb yoldaşlarımın xoşuna gəldi. Artıq sinifimizdə çoxlu dostlar tapmışam. Onlar da ayrı-ayrı millətlərin nümayəndələridir. Mən elə bilirdim ki, baxça yaxşıdır. Amma indi görürəm ki, məktəb baxçadan daha yaxşıdır. Axı bizə məktəbdə daha çox şeylər öyrədirlər. Müəlliməmiz deyir ki, kim dərslərini yaxşı oxusa həyatda hər şey əlbə edə bilcək.

Biz də Həbibə dərslərini yaxşı oxumağı və gəlcəkdə hansı sənəti seçəsindən asılı olmayaraq yaxşı mütəxəssis olmağı və Azərbaycanı yaşadığı yerdə yaxşı təbliğ etməyi arzu edirik. İnanırıq ki, belə də olacaq. Çünki “ot kök üstündə bitər” deyib babalar. Rafiq və Aynurə Adıgözəlovlar Vətənə canı-qanı ilə bağlı olduqlarına görə övladları Həbibi və Aytəkini də bu ruhda tərbiyə edirlər. Bu gün elə təkcə Rusiyada 3 milyondan çox azərbaycanlı yaşayır. Vətəndən uzaqda olanlar əgər övladlarını Vətən sevgisi ilə böyütsələr, onlara Vətənlə bağlılığı aşılasalar, onda milli birliyimiz daha yüksək olar.

Ələsgər QURBANOV

Qocaman jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə