Zeynəb Dərbəndlinin yaradıcılığından seçmələr

Zeynəb DƏRVBƏNDLİ

Zeynəb Şəməsəddin qızı İbrahimxəlilova ( Zeynəb DƏRBƏNDLİ) 1970-ci ilin iyun ayının 25-də Dağıstan Respublikasının Dərbənd rayonunun Rükəl kəndində anadan olub. Zeynəb xanım “Ömür karvanı”, “Yazdım ki, sözüm qala”, Məni anam bağışlasın”, “Tural və Gültəkin” dastanı kitablarının müəllifi və çoxlu mahnıların mahir ifaçısıdır. Onun 30-dan çox şeirlərinə bəstəkar Elmir Mədətoğlu mahnılar bəstələyib. Bu mahnılar Dağıstanda çox məşhurdur. Zeynəb xanım Dağıstan yazarlarının “Atəş-2016” kitabının layihə rəhbəridir. O, vətənpərvər müğənni və nəğməkar şairə kimi bir çox media mükafatlarına layiq görülüb. Hal-hazırda Dərbənd şəhərində “Azad qələm” qəzetinin təmsilçisidir. Dərbənddə fəaliyyət göstərən Gülüstan Beynəlxalq Ədəbi Birliyinin ən fəal üzvlərindən biridir. Onun “Tural və Gültəkin” əsəri əsasında Dağıstan Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlanır.
Zeynəb Dərbəndli Rusiya Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və İraq-Türkmən Ədəbiyyatlar Birliyinin üzvüdür.
Onun yaradıcılığından seçmələri sizə təqdim edirik, əziz oxucular. İnanırıq ki, Zeynəb DƏRBƏNDLİNİN bu şeirləri sizin xoşunuza gələcək.

Nəcibə İLKİN,
Şairə-publisist
Prezident mükafatçısı, “Qızıl qələm” media mükafatçısı

QANLI TARİXİMİZ

(kiçik poema)

Unudulmaz bir tarix,
Yaşadı bu millətim.
Haqsız qurbanlar verdi,
Yaralı məmləkətim.

Zərrə zərrə bölündü,
Hər yüz ildən bu diyar.
Həmişə göz dikibdir,
Bu yurda mərdimazar.

İrəvanım, Təbrizim,
Bir imzayla verildi.
Vətənimin köksündən,
İncilərim dərildi.

Zəngəzuru, Göyçəni,
Zor ilə ayırdılar.
Azərbaycan gözünü,
Qan ilə doyurdular.

Dərbəndlə, Borçalımın,
Gülən güzü qan oldu.
Bu dərdə tab gətirən,
Tək Azərbaycan oldu.

Onsəkkizin acısı,
Getməmiş sinəmizdən.
Qarabağa soxulub,
Vurdular köksümüzdən.

Getdi Şuşam, Fizulim,
Qan ağladı Kəlbəcər.
Laçını, Ağdərəni,
Eylədilər dərbədər.

Ağdam iki bölündü,
Xankəndində vay oldu.
Topxana meşəsinin,
Gülü- çiçəyi soldu.

Zəngilan toza döndü talandı.
Kəlbəcərim talandı,
Xocalıda körpələr,
Soyuldu, odda yandı.

Xocavəndi kor qoyub,
Qubadlını sökdülər.
Neçə günahsızları,
Tank altına tökdülər.
xəzan olub,

Laçınım xəzan olub,
Hər an gözü yaşlıdı.
Cəbrayıl ağlar qalıb,
Yolu tikan, daşlıdı.
Hələ bu azmış kimi,
Bakıya əl atdılar.
Əli yalın milləti,
Bir birinə qatdılar.

Qız, gəlin nakam getdi,
İgidlərim vuruldu.
Bunu görə bilmədi,
Sankı dünya kor oldu.

Bu acılı günlərdə,
Sevənlər qaldı nakam.
Yeni dastan yarandı,
Fərizə ilə İlham.

Tank altına atıldı,
Ata, Ana, qız, gəlin.
Bununlada bitmədi,
Qara dərdi bu elin.

Üstümüzə gəlirdi,
Vəhşi əsgərlər, tanklar.
Bax beləcə yazıldı,
Tarixə qanlı yanvar.

Hər yüz ildən bölünüb,
Vətənim parçalandı.
Heç nəyi uydurmuram,
Bu bir tarixi qandır.

Aprelin ikisində,
Qalxdı millət ayağa.
Yenə qanlar töküldü,
O müqəddəs torpağa.

Neçə igid can verdi,
Torpağda Şəhid oldu.
Haqsız axan qanlara,
Göylər də şahid oldu.

Hər Şəhid var deyəndə,
Ürəyimdən qan sızır.
Hər gün neçə igidim,
Qanlı bir tarix yazır.

Qarabağım hələ də,
Düşmən ayağındadır.
Həsrət gözləri yolda,
İgid sorağındadır.

Hər gün qanlar tökülür,
Hər gün qanlı izlərim.
Bu Vətənə can verdi,
Neçə Mübarizlərilərim.

Bu vətən sevgiləri,
Düşmənə bir dərs oldu.
Onlar tarix yaratdı,
Axıb qəlblərə doldu.

İnanıram tezliklə,
Biz qalib gələcəyik.
Qarabağ torpağında,
Biz bayram edəcəyik.

Yazmağla bitən deyil,
Vətənimin dərd, səri.
Həmişə ayiq dayan,
Azərbaycan əsgəri.

Bu dərdi çözmək üçün,
Ümid qalıb Allaha.
Allaha inam ilə,
Addımlayaq sabaha.

Zeynəbəm, Vətən üçün,
Məndə tarix yazıram.
Lazım gəlsə bu yolda,
Can verməyə hazıram.

ULU DƏRBƏND

Ulu Dərbənd, yollarına sarınım,
Bayramına, şənliyinə yarınım,
Dağlarının mehi ilə daranım,
Ha boylanım tarixinin izində,
Neçə-neçə əsərim var düzündə.

Ulu Dərbənd, babaların dastanı,
Dillər əzbəridir şöhrəti-şanı,
Qədim soraqlıdır hər adı-sanı,
Hər daşında, keçmişindən min iz var,
Ətəyində mavi gözlü dəniz var.

Ulu Dərbənd, nənələrin nağılı,
Hər əsirdən min iz qoydun yağılı,
Tanrı səndən əsirgəmir sığalı,
Ta qədimdən dastanlarda adın var,
Hər milləti isidəcək odun var.

Ulu Dərbənd, keçmişimdən yadigar,
Bəzəyindir qədim dəmir qapılar,
Səni görən, adına min söz yazar,
Özün elə o boyda yaraşıqsan,
Sən Vətənim Dağıstana işıqsan....

Ulu Dərbənd, şairlərin misalı,
Çoxdur səndə, sevənlərin vüsalı,
Qorumusan qədim, doqquz Mahalı,
Başın üstə Qalan durub ər kimi,
Mən edirəm, təkcə sənə ərkimi.

Ulu Dərbənd, şəhərlərin şahı sən,
Hər yazılan tarixlərin mahı sən,
Millətimin bu günü, sabahı sən,
Şairlərin sözü, söhbəti şəhər,
Bu ellərin adı, qüdrəti şəhər.

Ulu Dərbənd, oxunmamış kitabsan,
Ta qədimdən, min suala cavabsan,
Allahıma sevgi ünlü savabsan,
Yazdıqları Zeynəb üçün həyatdı,
Öz içində, böyük Dərbənd yaratdı.

İYİRMİ YANVAR

Doxsanıncı ilin, qanlı yanvarı,
Tanklar yürütdülər Bakıya sarı,
Qana boyanmışdı Bakının qarı,
Necə qəsd etdilər bizə o anlar,
Heç yaddan çıxarmı, iyirmi yanvar?!

Üst-üstə qalandı cəsədlər bir an,
Göylərə ucaldı bu nalə, fəqan,
Günahsız gedirdi qoca və cavan,
Bunu düşünəndə ürəyim yanar.
Heç yaddan çıxarmı, iyirmi yanvar?!

Neçə qız, gənc oğlan getdilər nakam,
Sanki qurulmuşdu haqsız qətliyam.
Yerdə qalmamalı, belə intiqam,
Bu dərdən damarda, qanım da donar.
Heç yaddan çıxarmı, iyirmi yanvar?!

Zeynəbəm, ürəyim baglayıb vərəm,
Qəlbim bu acıdan olubdur pərəm,
Şəhid məzarına, mən baş əyirəm,
Hələ yuyulmayıb, o haqsız qanlar,
Heç yaddan çıxarmı, iyirmi yanvar?!

CAN QARABAĞ

Quruyubdur bulağların,
Kol bürüyüb yaylağların,
Qana batıb torpağların,
Etsə də üsyan Qarabağ,
Çarəsizəm can Qarabağ.

Dilin deyir, əlim yazır,
Yağı bizə qəbir qazır,
Millətim ölməyə hazır,
Verilsə fərman Qarabağ,
Çarəsizəm can Qarabağ.

Zeynəbin ürəyi ağlar,
Dərdlərim yaramı bağlar,
Yetim qalıb düzlər, dağlar,
Bağlanıb hər yan Qarabağ,
Çarəsizəm can Qarabağ.

ELİM QARABAĞIM

Nə müddətdir yolun bağlı,
Əsirlikdə qolun bağlı.
Ana yurdum qəlbi dağlı,
Qəmli elim Qarabağım.

Qız gəlinin düşüb əsir,
Düşmən hər tərəfi kəsir.
Dayanmısan yetim yesir,
Qəmli elim Qardağım.

Dağlarının qarı küsüb,
Bağlarının barı küsüb,
Çölü, çəmənzarı küsüb,
Qəmli elim Qarabağım.

Zeynəbin dərdli diyarı,
Küsüb dostu, küsüb yarı.
Əcdadımın yadigarı,
Qəmli elim Qarabağım.

AĞLARAM

Dilim söz söyləyir, qələmim ağlar,
Əsirdə qalıbdır dərələr, dağlar,
Gözümdən süzülür susmuş bulağlar,
Qarabağ, Qarabağ deyib ağlaram.

Çölü-çəmənləri saralıb, solub,
Gözü insan kimi kədərlə dolub,
Topxanam vay edib saçını yolub,
Qarabağ, Qarabağ deyib ağlaram.

Məni əyəmməzdi özgə bir yara,
Qəlbim dərd çəkməkdən olubdur para,
Allahım, bu dərdə eylə bir çara,
Qarabağ, Qarabağ deyib ağlaram.

Ana bacılarım əsirlikdədir,
Bu acı, qəlbimin içini didir,
Tapdanan namusum məni incidir,
Qarabağ, Qarabağ deyib ağlaram.

Nə vicdan görürəm, nə abır həya,
Qanımız çilənib daşa, qayaya.
Dünya göz açmadı aha, haraya,
Qarabağ, Qarabağ deyib ağlaram.

Zeynəbəm, səbirim tükənib, bitib,
Dünyanın sevinci gözümdən itib.
Qisas almağ üçün, məğamı yetib,
Qarabağ, Qarabağ deyib ağlaram.

DƏRBƏND

Bir nağıldır adın sənin,
Heç sönməzdir odun sənin,
Pozulmazdır andın sənin,
Səninlə fəxr edirəm mən,
Ana yurdum, doğma Dərbənd.

Cənnətə bənzər çöllərin,
Təzə açılan güllərin,
Aynasısan gözəllərin,
Sən gözəllik diyarısan,
Elin, dövləti varısan.

Müqəddəsdir Dərbənd dağı,
Gözəl Şixsalah bulağı,
Əncilli, üzümlü bağı,
Yenə səs salıb hər yana,
Xəstə adam gələr cana.

Dağlı, düzlü çığırları,
Hündür, qalın divarları,
Hər yandan gələn yolları,
Birləşdirir ruhu, cana,
Dərbəndi Azərbaycana.

Dağıstanın dağdır yeri,
Xəzərlə açır səhəri,
Hər tərəfdən gələnləri,
Qəbul edir, bir ana tək,
Verir ümid, arzu, dilək.

Gedənləri yola salıb,
Özü, öz adıyla qalıb,
Hamını qoynuna alıb,
Bənzəyir doğma ocağa,
Bəzəkdir o Dağıstana.

DƏRBƏND QALASI

Çox yağılar gərib, çox namərd görüb,
Hər şeydən mərd çıxıb Dərbənd qalası,
Kimi zorla alıb, kimisi pulla,
Çox qanlar axıdıb Dərbənd qalası.

Neçə qərinəni o yola salıb,
Şirvanşah taxtını əlindən alıb,
Əzəmətli görkəmiylə dayanıb,
Yaxşı-pisi seçib Dərbənd qalası.

Ulu Təbrizimiz heyrandır ona,
Onun bir görkəmi dəyər min cana,
Əzəldən bağlıdır Azərbaycana,
Hər yerə yol açıb Dərbənd qalası.

Yaralı divarı, yaralı daşı,
Onunla ucalır Dərbəndin başı,
O, çox görüb nahaq axan göz yaşı,
Demə dərddən qaçıb Dərbənd qalası.

Dağ üstə dayanıb ətrafa baxır,
Sanki günəş olub göylərdən çıxıb,
Gör neçə millətin qəlbinə axır,
Dildən-dilə köçüb Dərbənd qalası.

Zeynəbin fəxridir bu ulu qala,
Onu görən vallah, lap heyran qala.
Dəyişməzdir o nə dövlətə, vara,
Dünyaya nur saçıb Dərbənd qalası.

QANLI APREL

Aprelin ilk günləri,
Neçə igid verdi can.
Tək bir şuar altında,
Yaşasın Azərbaycan.

O qanlı döyüşlərdə,
Neçə oğul verdi can.
Belə igidlərimə,
Bu canım olsun qurban.

O qanlı Aprel günü,
Neçə qız yarsız qaldı.
Qurudu budağlarım,
Ağacım barsız qaldı.

Qələbə həvəsi ilə,
Ordumuz can verirdi.
Analar oğul üçün,
Quzu qurban verirdi.

Mənim qoç igidlərim,
Düşməni lal etmişdi.
Az müddətdə nə qədər,
İrəliyə getmişdi.

Yenə qanlar axındı,
Yenə Şəhidlər verdik.
Gül çiçək əvəzinə,
Zəhər otunu dərdik.

Zeynəbəm, bu qələmim,
Vətən üçün ağlayır.
Hər səhər nəmli gözüm,
Qələbə sorağlayır.

İGİD ŞƏHİDİM

Sən Vətən üçün yandın,
Vətəni canın sandın.
Keşiyində dayandın,
Mən səninçün nə edim?
Mənim igid Şəhidim.

Qarabağda qan axdı,
Göyündə şimşək çaxdı,
Sizin haqqınız coxdu,
Mən səninçün nə edim?
Mənim igid Şəhidim.

Yanvar yaddan çıxmamış,
Bir tarixdə yazılmış.
Ruhunuza min alqış,
Mən səninçün nə edim?
Mənim igid Şəhidim.

Silah alıb əlinə,
Düşmənə gərdin sinə.
Söylə, Allah eşqinə,
Mən səninçün nə edim?
Mənim igid Şəhidim.

Nə edim, mən də varam,
Qarşında günahkaram,
Vallah, sızlayır yaram,
Mən səninçün nə edim?
Mənim igid Şəhidim.

Zeynəbəm içim ağlar,
Buz bağlayıb bulağlar,
Buna şahiddir dağlar,
Mən səninçün nə edim?
Mənim igid Şəhidim.

BU YAZIQ VƏTƏN

Yenə də qan axır Qarabağımda,
Analar ağlayır, göz yaşı tökür.
Yenə qan suvardı çölüm, bağımda,
Bu dərdlər elimin belini bükür.

Nə zaman bitəcək ah, nalə Allah?
Hər gün Şəhid verir, bu yazıq Vətən.
Görən tapılarmı günahsızların,
Fəryadına yetən, dadına yetən.

Canım Qarabağım, qan sızır mənim,
Hər yanda leş- leşin üstə qalanıb.
Allahım bu nə dərd, bu nə faciyə,
Məyər azmı olub yurdum talanıb?

Sən özün kömək ol, biz bəndələrə,
Qaytar elimizə Qarabağımı.
Zeynəbəm, nə qədər yaşayacağam,
Heç nə sağaldamaz dərdi, dağımı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...