Ələddin ƏZİMLİ, şair

YARIMÇIQ YUXULAR

Hər gecə yuxular tabsız sap kim,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana bilmirəm qulaqlarıma.

Qırılır yuxular-qırılır saplar,
Qərib bir gecənin qaranlığında.
Başlayır qəlbində hey çapacaqlar,
Bu qərib gecənin qərib çağında.

Yarımçıq yuxular küçəsindəyəm,
Qulaqlar eşitmir ağız deyəni.
Yarımçıq yuxular kürəsindəyəm,
Yuxular od olub yandırır məni.

Yazsam mən lənətlərə yuxularımı,
Yarımçıq nağıllar yağışı başlar.
Həsrətin isladar duyğularımı,
Körpə uşaq kimi qəlbimi daşlar.

Yuxular yarımçıq, sevgi yarımçıq,
Yarımçıq nə varsa düşüb payıma.
Həsrət heykəliyəm, ya özün gəl çıx,
Ya da ki, bütöv gir yuxularıma.

NEYLƏYİM

Sənin gözəlliyin çaşdırır məni,
Bir kəlmə salam da qopmur dilindən.
Kim görsə, Leyliyə bənzədər səni,
Neyləyim, Məclnunluq gəlmir əlimdən.

Saçların üzünün həya pərdəsi,
Odlu gözlərini gizlədər, gülüm.
Bir qız təbəssümü, bir qız hiyləsi,
Kimisə, hardasa gözlədər, gülüm

İndi o günlərə qayıtmaq çətin,
İndi o günləri anmaq asandır.
Saxta məhəbbətin, səmimiyyətin,
Oduna alışıb, yanmaq asndır.

İndi o günlərə yağıç yağacaq,
Yuyacaq izləri, ləpirləri də.
Üstümə hər yandan baxış yağacaq,
Çiməcək şeirimin sətirləri də.

Sənin gözəlliyin çaşdırır məni,
Bir kəlmə salam da qopmur dilindən.
Kim görsə, Leyliyə bənzədər səni,
Neyləyim, Məclunluq gəlmir əlimdən.

BİLMİRƏM

Damımızı taqqıldadan yağışdı,
Bu küləkdə tütək çalan qamışdı.
Şair adı hardan mənə yaraşdı?
Bu sevdadan mənə baxar.
Nə bilim?
Ağlayanı kiridəsən, susasan,
Sonra gedib qapısını pusasan.
Bu dəm həzin sözə qulaq asasan,
Gözlərindən sellər axar.
Nə bilim?
Bu otaqda ürəyimi oynadan,
Kimdi elə baxır mənə aynadan?
Hər nə desən gözlə “fağır” dünyadan –
Min-bir dona girib-çıxar.
Nə bilim?

PAYIZ YAĞIŞLARI

Payız yağışları başladı yenə,
Kəsənə oxşamır, yağır havaxtdır.
Yağır narın-narın, hey dönə-dönə,
Axşamdan başlayıb indi sabahdır.

Kim bilir, neçə gün ötəcək hələ,
Payız buluduna dönəcək üzlər.
Küləklər çapacaq belədən-belə,
Sifətdən dönəcək dərələr, düzlər.

Sonuncu yarpaqlar – ümid yarpağı,
Yüz əllə budaqdan yapışacaqdır.
Toplayıb gücünü ölümqabağı,
Yağışla, küləklə çırpışacaqdır.

Payızın bir əli qışın əlində,
Bir əli hər şeyi yıxır, dağıdır.
Payız həcv deyir yağış dilində,
Sonuncu yarpağın səsi ağıdır.

Payız yağışları yağar aramsız,
Baxmaz ağacların titrəməsinə.
Küçələr adamsız, yollar adamsız,
Ürəklər köklənib yağış səsinə.

Payız yağışları başladı yenə,
Kəsənə oxşamır, yağır havaxtdır.
Yağır narın-narın, hey dönə-dönə,
Axşamdan başlayıb indi sabahdır.

ELƏYƏYDİN

İlahi, sən məni şair edincə,
Düşmənə atılan daş eləyəydin.
Sərhədlər üstündə asanca uçan,
Bir azad nəğməkar quş eləyəydin.

Ötür dörd yanımdan gözəllər mənim,
Kövrəldir qəlbimi xəzəllər mənim.
Dünyada nə varsa qoy olsun sənin,
Məni Qarabağa tuş eləyəydin.

Gəzər bu dünyanı didərgin insan,
Ona məhəl qoymaz bu dünya, cahan.
Bir gün qəriblikdə o verəndə can,
Sözümü gözündə yaş eləyəydin.

MƏHV ELƏYƏK
(Milli Qəhrəman Mübariz İbrahimova)

Ay sozalıb batan yerdə,
Nur süzülər pərdə-pərdə.
Birləşərək bizi dərdə
Salanları məhv eləyək!

Hücum yağı, od üstünə,
Sancılaq ox tək köksünə.
Qoyma namərd tez diksinə
Qalanları məhv eləyək!

Gedək qardaş, ləyaqətlə,
Coşsun qanlar hərarətlə.
Ürəyi kin-küdurətlə
Dolanları məhv eləyək!

Saxlayaq biz mərdi öndə,
Nişangahdan gur keçəndə
Ürəyi qorxu içində
Olanları məhv eləyək!

Nə yaxşı ki, bizlər varıq
İgidlərlə qoşa, tayıq,
Durmuşuq mövqedə sayıq.
Yamanları məhv eləyək!

Bütün xəbərlər Facebook səhifəmizdə