(Portret cizgiləri)

Həyatda elə insanlar var ki, onların vətən, xalq qarşısında böyük xidmətləri olub, lakin özləri haqqında susmağı üstün tutublar. Onlar bütün çətinliklərə dözərək insanlara həmişə həyan olublar. Belə insanlar heç vaxt unudulmurlar. Həmin nadir insanların nəcib xüsusiyyətləri, cəmiyyətdəki yeri, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında onların rolu haqqında bugünkü gənc nəslin məlumatlandırılması çox vacibdir. Çünki belə insanların həyatı gənclərə bir nümunə ola bilər. Onlardan biri də zəngin, mənalı və keşməkeşli bir həyat yolu keçərək, qəlbi xalqının qəlbi ilə həmişə bir vuran Əlövsət Məmmədşah oğlu Baxışovdur.

Onunla ilk tanışlığımız qeyri-adi bir şəraitdə baş verdi. 1962-ci il martın 30-da Azərbaycan KP MK-nin büro iclasında. Mən onda Masallı rayon komsomol komitəsinin birinci katibi işləyirdim. Məni yeni təşkil olunmuş Şamaxı Məhəlli Kolxoz-Sovxoz İstehsalat İdarəsinə Azərbaycan Komsomolu MK-nin Komsomol təşkilatçısı vəzifəsinə təsdiq etməkçün büroya dəvət etmişdilər. Adlar oxundu: Baxışov Əlövsət Məmmədşah oğlu-Dəvəçi ( indiki Şabran) RPK-nin I katibi, Şamaxı Məhəlli Kolxoz-Sovxoz İstehsalat İdarəsinə Azərbaycan KP MK-nin Partiya təşkilatçısı təsdiq edilsin. Bu anda mənimlə yanaşı oturan 38-40 yaşlı bir nəfər ayağa qalxdı. Mən ona baxdım, üzü nurlu, ciddi siması və sakit bir insan idi. Sonra mən ayağa durub təsdiq olundum. O da mənə baxdı, gülümsündü və “təbrik edirəm” – dedi. Biz bir-birimizə elə ilk anda çox hörmətlə yanaşdıq. Bürodan sonra söhbət etdik, o mənə ürək-dirək verdi, “Şamaxıda görüşərik, hər şey yaxşı olacaq” – dedi.

Biz, 1962-ci ilin aprel ayının 4-də Şamaxıda görüşdük. Şamaxı və İsmayıllı rayonları bizim idarəyə daxil idilər. Əlövsət müəllim partiya təşkilatçısının otaqlarından birini mənə verdi. O, həmişə mənim işimlə, həyatımla maraqlanır və qayğı göstərirdi. Təsərrüfatlara gedərkən, həmişə məni də özü ilə aparır, görünür öz təcrübəsini mənə də öyrətmək istəyirdi.

Şamaxı və İsmayıllıda ən çətin məsələlərin həllində onun sözü keçir, özünü çox təmkinli, iradəli və intizamlı aparırdı. Biz orada cəmi 8 ay işlədik. Onu da vurğulayım ki, çox yaxşı işlədik. Bir gün məni otağına çağırıb dedi:

- İmran, rayonlar yenidən ayrılır və yeni istehsalat idarələri yaranır. Sənin fikrin necədir, burdamı qalmaq fikrindəsən, ya öz rayonunuza gedəcəksən? Mən, sözün doğrusu Masallıya getmək istəyirdim, çünki atam vəfat etmişdi, həm də artıq evli idim, ona görə də dedim ki, Əlövsət müəllim, əgər Siz burada qalıb işləsəniz, mən də qalaram, yoxsa, Masallıya gedəcəyəm.

- Yaxşı – dedi, başa düşdüm. Aradan xeyli keçmişdi.

Bir gün yenə də məni çağırdı və dedi:

- Mərkəzi Komitə məni sizin rayona birinci katib, səni də istehsalat idarəsinin rəisi məsləhət biliblər.

Doğrusu, çox sevindim ki, öz rayonumuza gedəcəm. Ancaq bildim ki, bu onun təklifi ilə baş tutub, çünki belə böyük idarənin rəisi vəzifəsinə mən çox cavan idim.

1963-cü il yanvarın 9-dan biz Masallıda işə başladıq. Orada onunla birlikdə çox mehriban, dostcasına və çox hörmətlə işlədik.

Əlövsət müəllim haqqında, onun iş qabiliyyəti, şəxsi keyfiyyətləri haqqında bir yazıda bəhs etmək çox çətindir. Çünki onun həyatı bir neçə kitabın mövzusudur. Amma onunla işlədiyim dövrdə müşahidə etdiyim bəzi məsələlər haqqında bu yazımda qeyd etmək istəyirəm.

Biz Masallıya gələrkən, rayonda çox ağır iqtisadi, adamlar arasında narahat bir vəziyyət vardı. Burada intriqa, bir-birinə qarşı düşmənçilik münasibətləri, ağır iqtisadi vəziyyət hökm sürürdü. Adamlarda rəhbərliyə qarşı inamsızlıq, qeyri-sağlam əhval ruhiyyə yaranmışdı. Əhali rayon, kolxoz, kənd rəhbərlərindən 50-100 nəfərlik dəstələrlə rayon və mərkəzi orqanlara şikayətə gedirdilər. Biz belə bir şəraitdə Əlövsət müəllimlə Masallıda işə başladıq. O, əvvəlcə rayonun tarixini öyrənir, görkəmli adamları, ağsaqqaları ilə görüşür, kəndlərə gedir, adamları çox səbrlə dinləyirdi. Hər bir adamla ətraflı söhbət edir, ləyaqətli, savadlı, eldə, obada hörməti olan kadrları seçib rəhbər işə göndərirdi. Heç kimin ağlına gəlmədən, kasıb, gənc, savadlı kadrları daha çox irəli çəkir, hörmətli, ağsaqqal, təcrübəli kadrları da müdafiə edir, böhtan və əsassız söhbətlərdən qoruyurdu. Hər bir kəndin ərazisini ətraflı gəzərək, onun iqtisadi inkişaf perspektivlərini öyrənirdi.

O, elə bir enerji ilə işə girişmişdi ki, elə bil 20 il burada işləyəcək və orada da qalacaqdı. Həqiqətən də o, Masallıda 10 il işlədi, orada doğmalaşdı və çox böyük hörmət qazandı. Bu gün də Masallı camaatı onu yaddan çıxarmır və tez-tez yad edirlər. Onun Masallıda saldığı böyük obyektləri, gördüyü böyük işləri həvəslə sadalayırlar.

Uzun müddət onunla bir yerdə işlədik. Olduqca sadə və təvazökar bir insan idi. Hərəkətlərində bir ciddilik və inam vardı. Hamı ona inanır və ondan məsələnin ədalətli həllini gözləyirdi.

Yaxşı yadımdadır, bir gün Qodman kəndindən bir şikayətçi Rayon İcrayə Komitəsinin sədrindən ona giley-güzar edirdi, Əlövsət müəllim isə ona dedi ki, “mən çox təəsüf edirəm, axı RİK-in sədri indicə məndən xahiş etdi ki, sənə köməklik edim”. Əslində Əlövsət müəllim, həmin adamı qızışdırmadı, sakitləşdirdi və RİK-in sədri ondan heç xahiş də etməmişd. Bu fikri ilə həmin adamı ram elədi. Ona dedi ki, sən RİK sədrinin qəbuluna get, mən ona deyərəm sənə köməklik etsin. O, getdikdən dərhal sonra, RİK-in sədrinə zəng vurub dedi:

- Qodmanlı filankəs səndən çox razılıq etdi, indi gəlir qəbuluna ona köməklik elə.

Bax o, belə uzaqgörən siyasətlə, əsl ağsaqqal kimi bir-birinə düşmən olan adamları bu üsulla barışığa dəvət edirdi. Beləliklə də, qısa vaxtda rayonda adamlarda bir-birinə inam hissi yaratdı, intriqanın, şərin kökünü kəsdi. O, qısa bir vaxtda rayon fəalları arasında çox sağlam mənəvi bir mühit yaratdı. Əlövsət müəllim deyirdi ki, “iqtisadiyyatı düzəltmək üçün 2-3 il vaxt kifayətdir, əsas məsələ isə mənəviyyata dəyən ziyanı düzəltməkdir, biz bundan başlamalıyıq. İnsanların mənəvi təmizliyinə çalışmalıyıq. Mənəviyyatı təmiz olan insanlarla çox iş görmək olar”.

Beləliklə, o, qısa vaxtda rayonun iqtisadiyyatı ilə dərindən tanış oldu, elə ikinci ildə rayonda heyvandarlığın inkişafına görə Respublikanın Keçici bayrağını aldıq. Daha sonra hər il, hər rübdə bu bayraq və pul mükafatları ancaq Masallıda qalırdı.

Rayonda tərəvəzçilik, çayçılıq, taxılçılıq yüksək sürətlə inkişaf edirdi. Tərəvəz istehsalı 1963-cü ildəki 1200 tondan 1969-cu ildə 200 min tona çatdırıldı, üç tərəvəz fabriki, bir konserv zavodu, 3 nəhəng yeni çay fabriki tikilib istifadəyə verildi. Viləş çayı üzərində körpü tikildi. 100-dən artıq yeni heyvandarlıq binaları, yem sexləri tikildi. Hər inəkdən süd istehsalı (o vaxt üçün böyük rəqəm idi) 2000kq-a çatdırıldı ki, bu da Abşeron rayonundan sonra respublikada ikinci göstərici idi.

Əlövsət müəllimin ən çox acığı gələn rəqəmlərin şişirdilməsi idi, o, təmiz, halal işləməyi dönə-dönə hamıya tapşırır və bu işdə heç kimə güzəştə getmirdi.

O, çox uzaqgörən bir rəhbər işçi kimi hər hansı bir işə başlamazdan əvvəl, onu on dəfə ölçüb-biçir və onlarla mütəxəssislər, təcrübəli, yaşlı adamlarla məsləhətləşir, nəhayət bir qərara gəlirdi. Açığını deyim ki, onun bu qədər çox səbrli hərəkət etməsi bəzən bizi hövsələdən çıxarırdı, işin yekununda isə onun nə qədər haqlı olması faktı ilə üzləşirdik. Bu da Əlövsət müəllimi hamının gözündə ucaldırdı.

Onun adamlarla açıq söhbətləri, sadəliyi, onlara qarşı diqqəti ona qarşı çox böyük inam yaratdı. Rayonda dünyasını dəyişən insanların vəzifəsindən, ad sanından asılı olmayaraq əksəriyyətinin hüzründə iştirak edirdi. Övladlarını evləndirən, ev tikmək istəyən, ali məktəblərə qəbula gedən, xəstəxanada müalicə olunan şəxsləri dinləyərək, onlara hər cür köməkliklər göstərir, bu haqda müxtəlif təşkilatlara lazımi göstərişlər verirdi. Çalışırdı ki, ona müraciət edən insan ondan narazı qalmasın.

Deyirlər ki, Allah-təala insanları yaradarkən onlara öz zərrəciklərindən və əlamətlərindən qismət vermişdir. Əlövsət müəllimin şəxsində bu daha real görünür. O, olduqca təvazökar, vicdanlı, namuslu, ləyaqətli bir şəxsiyyət idi.

O, doğrudan da çox şərəfli bir həyat yolu keçmişdi. Belə ki, RPK-nin I katibi, keçmiş MK-nın üzvü, Azərbaycan SSR Ali Sovetinin 4 çağırış deputatı, 3 ali məktəb bitirmiş, Böyük Vətən Müharibəsi iştirakçısı, 5 rayonda, MK-nin aparatında rəhbər işdə işləmişdi. İşlədiyi bütün bu böyük vəzifələrə baxmayaraq, o, çox sadə, insanlara öz qiymətini verən, halal və təmiz adam idi. Gecə saat 12-dən sonra evinə tək piyada gedər, heç kəsdən çəkinməzdi. Bu ona görə belə idi ki, o, öz hərəkətlərinə, öz vicdanına hər gün hesabat verir, işində ədalətli idi, nahaq iş görmürdü və hər bir işçinin hüququnu qoruyur, onun özünə inamını artırırdı. O, intriqaya, yalançılığa, riyakarlığa, xəyanətkara nifrət edirdi. Əlövsət Baxışov, Masallıda işləyərkən, elə bir sahə olmadı ki, onun çiçəklənməsi üçün bütün var-gücünü sərf etməsin. Rayon sanki onun ailəsi, əhalisi isə onun öz ailə üzvləri idi. Bax, o, adamlara belə nəzərlərlə baxırdı. Hamının dərdini öz dərdi bilirdi.

Ləyaqət, vicdan, namus kateqoriyaları onun üçün müqəddəs idi. Bir dəfə rayon rəhbərlərinin yığıncağında belə dedi:

- Biz bir çox məsələlərdə günah işlətmiş, xətaya yol vermiş adamlara müəyyən güzəştlər edə bilərik, onları bəzən bağışlaya da bilərik. Ancaq namus məsələsində heç bir güzəşt ola bilməz, bu işə xəyanət edənlərə qarşı çox amansız olmaq hamının borcudur. Hamını da bu borcu yerinə yetirməyə çağırıram.

Əlövsət müəllim, əsl dövlət adamı kimi bütün dövrlərdə dövlətə, onun rəhbərlərinə, ölkə başçısına çox böyük hörmət və ehtiram göstərməyi, onları göz bəbəyi kimi qorumağı həmişə tövsiyə edirdi.

Əlövsət Baxışovun ən gözəl xüsusiyyətləri – onun qənaətcil olması, ağsaqqallara xüsusi ehtiram bəsləməsi, dostluqda sədaqətliyi, ciddi intizama əvvəl özünün rəayət etməsi, gənclərə qarşı diqqətli olub qayğı göstərməsi, bütün əməllərində ədaləti gözləməsi, sənin xəbərin olmadan sənə kömək haqda danışmaması, həmçinin şirin zarafatları, Azərbaycan və rus dilində təmiz, səlis danışıb-yazması, ailədə, məişətdə gözəl əxlaqi keyfiyyətləri qoruması, yüksək mədəniyyətə sahib olması və sairə haqqında çox demək, yazmaq olar.

Qonaqpərvərlik onun ən çox sevdiyi bir kateqoriya idi. Biz onunla rayonda işləyərkən qonaqlara qarşı səmimiliyi, hörməti onu gözümüzdə daha da qaldırırdı.

Onunla işlədiyim dövrdə rayonumuza respublikanın məşhur ziyalıları –Mehdi Hüseyn, Rəsul Rza, Süleyman Rüstəm, Zeynal Xəlil, İlyas Əfəndiyev, Novruz Gəncəli, Nəsibə Zeynalova, İsmayıl Dağıstanlı, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Oruc Qoşqarlı, Əlövsət Abdullayev, Tofik Köçərli və başqa məşhur insanlar dəfələrlə gəlib görüşlər keçirmişdilər.

Eləcə də onun dövründə Masallı rayonu həm təhsil, həm ədəbiyyat, həm incəsənət, həm idman və həm də kənd təsərrüfatı sahələrində bir intibah dövrü yaşayırdı. Həmin vaxtı Masallının əsl dirçəliş dövrü oldu. Böyük quruculuq işləri görüldü. Çoxlu yeni yollar, parklar salındı. O vaxtlar insanların güzəranı çox firavan idi. Masallı həmin vaxtı Cənub bölgəsinin mərkəzi idi desəm, səhv etmərəm.

Əlövsət müəllim Masallı rayonundan Böyük Vətən Müharibəsinə gedib qayıtmayan, həlak olan 4500 nəfərə qədər şəhidin hamısının adını bir kitabda cəmləşdirib xüsusi xiyabanda dəfn etdirdi. Burada park saldırdı, rayonun abadlığına xüsusi fikir verirdi. Onun işlədiyi dövrdə rayonda üç nəfərə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad verildi, yüzlərlə adamlar orden və medallarla təltif edildi. Məktəblərdə dərsin keyfiyyəti çox yüksəldi. Masallıdan olan çoxlu gənclər ali məktəblərə qəbul olunub, yüksək səviyyəli mütəxəssislər oldular.

O, heç zaman şöhrət axtarmır və şöhrət zirvəsinə qalxan vaxtlarda da bəhrəsiz qarğı kimi boş-boşuna dik dayanıb, «mənəm-mənəm» demədi. Əlövsət müəllimin həyat fəaliyyəti möhtərəm Prezident cənab Heydər Əliyevlə işlədiyi dövrdə daha da çiçəkləndi. O, 1971-ci ildə cənab Heydər Əliyevin məsləhəti ilə respublikanın ən böyük və çətin, iqtisadi cəhətdən zəif, əhalinin kartof və heyvandarlıq məhsul-ları ilə təmin edilməsində xüsusi yeri olan Gədəbəy rayonuna partiya komitəsinin birinci katibi vəzifəsinə göndərildi.

Əlövsət Baxışov orada da gözəl nəticələrə nail olaraq, xalq arasında çox böyük hörmət qazandı. Gədəbəy rayonunun iqtisadiyyatını dirçəltdi. Orada da insanların güzəranı xeyli yaxşılaşdı.

Tale elə gətirdi ki, 1979-cu ildə Əlövsət müəllimlə bir daha birgə işləməli olduq. O, Kənd Təsərrüfatı Nazirliyində Baş Çəmən, Otlaq və Yemçilik İdarəsinə rəis təyin olundu. Burada mən onunla işləyərkən dövlət aparatı işini necə də gözəl bilməsinin bir daha şahidi oldum. Mən gördüm ki, o, əsl dövlət adamı olaraq, dövlətçiliyimizə, xalqına çox sədaqətlə xidmət göstərmək üçün əlindən gələni əsirgəmir. Onunla söhbət etdikdə insan sanki paklaşırdı. Ona görə də mən istər Kənd Təsərrüfatı nazirinin müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədr

müavini işləyərkən, həmişə onun məsləhətlərini dinləyir və xeyir tapardım. Əlövsət müəllimlə tez-tez görüşür və keçmiş günləri xatırlayırdıq. Mən Əlövsət müəllim-dən çox şeylər öyrənmişəm. Yuxarıda yazdığım kimi onun həyatı və keçirdiyi çox mənalı ömrü bir kitaba sığmaz. Həqiqətən də onun həyat yolu indiki gənclərə, xüsusilə rəhbər işçilərə bir nümunə olmalıdır. Onunla bağlı kitablar yazılmalıdır.

Çox təəssüf ki, Əlövsət müəllim 2013-cü ilin 3 iyununda dünyasını dəyişdi. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və digər dövlət rəhbərlərinin imzaladığı nekroloqda deyilirdi:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Res-publika Veteranlar Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi tə-qaüdçüsü Əlövsət Məmmədşah oğlu Baxışov 2013-cü il iyun ayının 3-də ömrünün 91-ci ilində vəfat etmişdir.

Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir.

Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950-1951-ci illərdə Azər-baycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışmışdı. 1951-1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdu. 1952-1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953-1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958-1959-cu illərdə Azərbay-can Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olmuşdur. O, 1959-1979-cu illərdə Dəvəçi (indiki Şabran) , Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. 1979-cu ildən etibarən kənd təsərrüfatı sahəsində çalışmağa başlayan Əlövsət Baxışov 1992-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində baş idarə rəisi vəzifəsində işləmişdir.

1992-ci ildən etibarən Əlövsət Baxışov öz həyatını Azərbaycan Respublikası Veteranlar Şurası ilə bağlamışdır. O, burada ayrı-ayrı vəzifələri tutmuş, o cümlə-dən daimi komissiya sədri, məsul katib və sədrin birinci müavini kimi çalışmış, 2008-ci ildə isə həmin təşkilatın IV qurultayında Şuranın sədri vəzifəsinə seçilmiş-dir. Onun sədrlik dövrü gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqətin göstərilməsi, Şuranın həm ölkədaxili fəallığı, həm də MDB və dünya veteranlar şuraları üzrə əlaqələrinin genişləndirilməsi ilə səciyyələnmişdir. Əlövsət Baxışov harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, öz işinə böyük məsuliyyət hissi ilə yanaşmış, yüksək işgüzarlıq və gözəl təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir.

Əlövsət Baxışov daim ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmiş, dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Əlövsət Baxışovun fəaliyyəti dövlət tərəfindən həmişə layiqincə qiymətləndirilmiş-dir. Ö, müxtəlif orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

Tanınmış ictimai xadim, xeyirxah və təvazökar insan Əlövsət Baxışovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Əlövsət müəllimin ömrü illərin sayına görə yox, xatirələrdə izi qalan bir ömür oldu. Bir ömür ki, heç kimsəyə əziyyəti düşmədi, heç kimə baş əymədi, əsl kişi ömrü yaşadı. Onun keçdiyi şərəfli, ləyaqətli həyat yolu indiki nəslə nümunə ola bilər. Belə insanları heç vaxt yaddan çıxarmaq olmaz.

İmran ƏBİLOV,

Azərbaycan Respublikası Veteranlar Şurası Rəyasət Heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə