Dost münsif ötürdü mənə sorğunu,
Mən də cəld işlətdim kamil qurğunu,
Dərhal ötüb keçdim Səməd Vurğunu,
Zirvədə durana dərd-azaram mən.

Mindim yunanların Peqas atını,
Çərlədib sındırdım qol-qanadını,
Qapdım Mübarizin mükafatını,
"ARB" qalibi-bəxtiyaram mən.

Bu yerdə yadıma düşdü Bəxtiyar,
Onu da çərlətdi duyğusal azar,
Hissdən-duyğulardan açmışdı bazar,
Sentimental hissdən lap bezaram mən.

Üsullu "ağ şer"in "mastı"nı tutdum.
Kələ-kötürünü, yastını tutdum,
"Şeir bülbülləri" postunu tutdum,
İndi çox "xodovoy" bir bazaram mən.

Bütün rəqiblərim bildi yerini,
Onlarçün deyildir dərya dərini,
Göstərdim Mətiyə əsrin şerini,
Sənət dünyasında kargüzaram mən.

Mən "sərbəst bazarı" yaşadan əsgər,
Heç sənət yükümü çəkməz əlli xər,
"Yevrointeqrasyon" alınsa əgər,
Fərəhlə deyərəm Şəhriyaram mən.

VALEH MƏHƏRRƏMLİ

Bütün xəbərlər Facebook səhifəmizdə