Mübarizələrlə dolu şərəfli həyat yolu Dəmir Qurbanlı-60

(Portret cizgiləri)

Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir.

El məsəli

Əsl jurnalist millətin görən gözü, düşünən beyni və danışan dili olmalıdır. Tarixlər boyu hansı millətin jurnalistləri heç kimdən qorxmadan, heç kimə tərəfkeşlik, məddahlıq eləmədən obyektiv formada öz sözlərini deyiblərsə, ağıllı təkliflər irəli sürüblərsə, dövlətin, dövlətçiliyin fornalaşmasında maraqlı təkliflər eləyiblərsə, millətin maarifləndirliməsi yolunda əllərindən gələni əsirgəməyiblərsə, onların mənsub olduğu həmin millət inkişaf edib və başqa millətlərdən seçilib.

Azərbaycan milli mətbuatı da Həsən bəy Zərdabi ilə fəaliyyətə başladığı ilk gündən xalqın yanında olub, onun sözünü deyib və millətin maarifləndirliməsi yolunda böyük işlər görüb. Məhz buna görə də bu gün xalq tərəfindən sevilən və adları həmişə hörmətlə yad edilən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmməddquluzadə, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli və başqa yüzlərlə böyük jurnalistlər ordusu yaranıb. XIX əsrin axırları və XX əsrdə Azərbaycan jurnalistkası mübarizələrlə dolu çox böyük və şərəfli bir yol keçib. Onlar hər cürə məhrumiyyətlərə dözərək, millətin inkişafı yolunda bir çıraq olublar desək yanılmarıq. Hətta bu jurnalistlər öz işlərini təkcə jurnalistika sahəsilə bitmiş hesab etməyiblər və onlar həm də bədii yaradıcılıq və hətta dövlətçilik sahəsində böyük işlər görüblər. Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov Azərbaycana rəhbərlik ediblər. Əli bəy Hüseynzadə Türkiyə dövlətinin qurulmasında böyük Kamal Atatürkün yanında olub və ona məsləhətlər verib. Cəlil Məmmədquluzadə maraqlı nasir-dramatur olub. Azərbaycan peşəkar musiqisi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Azərbaycanın xarici jurnalistikasında Ceyhun Hacıbəylinin xidmətləri əvəzsizdir və danılmazdır...

Mən də bu yazımda həmin jurnalistlərin işini layiqincə davam etdirən və onların davamçılarından biri olan çox maraqlı jurnalist haqqında sizə söz açmaq istəyirəm, əziz oxucular. Bütövlükdə ziyalı olan, yüksək ağlı, erudisiyası ilə ətrafındakıları həmişə maraq dairəsində saxlayan, hər yazısında bir yenilik etməyə çalışan və mənim 30 ildən çox bir müddətə tanıdığım bu insan - Dəmir Qurbanlı. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azad Azərbaycan” qəzetinin yarandığı gündən bizimlə birlikdə çiyin-çiyinə çalışmaqla yanaşı, bu qəzetinin ən böyük şöbələrindən birinə uğurla rəhbərlik edib. Dəmir müəllim çox maraqlı yazıçı-publisistdir. Onu başqa jurnalistlərdən fərqləndirən ən əsas cəhətlərdən biri, müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin, şəxsiyyətinin 1987-ci illərdə ən fəal təbliğatçılarından və onun yenidən hakimiyyətə qayıdışını təkidlə tələb edənlərdən biri olmasıdır. Bildiyimiz kimi 1987-92-ci illərdə ulu öndər Heydər Əliyevin haqqında nəinki yazmaq və hətta onun adını çəkmək belə yasaq olunmuşdu. Amma Dəmir Qurbanlı həmin illərdə artıq bir peşəkar jurnalisr kimi dahi rəhbərlə bağlı və onun fəaliyyyətinin 1941-1969, 1969-1982, 1982-1987, 1987-1990-cı illər həyatının mənəvi təzyiqlər, təqiblər dövrü, 1990-1993-cü illər Naxçıvan dövrü, Azərbaycan üçün təkcə məmləkətimizdə yox, hətta Moskvada işlədiyi vaxtlarda gördüyü böyük işlərlə bağlı bir sıra yazılar yazmışdı.

Bu yazılarına görə Dəmir müəllimi çox incitmişdilər. Əksər redaksiyalar onu öz sıralarına qəbul etmək istəməmişdilər. Bəziləri kimlərdənsə qorxub, onunla əməkdaşlıq etməkdən çəkinirdilər. Belə məqamlarda və vaxtlarda Dəmir Qurbanlının bir ali məqsədi olub: “Məni haqq yolumdan heç kim döndərə bilməyəcək, haqq gec-tez öz yerini tapacaq və Azərbaycanı xaosdan qurtarmaq üçün hökmən Heydər Əliyev yenidən hakimiyyətə gələcək. Mənim bu yazılarım da onun yenidən Azərbaycan rəhbərliyinə gəlməsində kiçik bir zərrə iş görmüş olacaqsa buna yalnız sevinəcəm”.

Bəli, Dəmir Qurbanlı düz fikirləşmişdi. Haqq tezliklə öz yerini tapdı və xalqın istəyilə Ulu Öndər, əbədiyaşar prezidentimiz Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldi və vətəndaş qırğınının qarşısını aldı. Yadımdadır ki, həmin vaxtı Dəmir Qurbanlı necə sevinirdi. Axı, bundan sonra ilərlə ona olan təqiblərə də artıq son qoyulurdu. Artıq həmin vaxtdan Dəmir Qurbanlı ilə danışmaq belə istəməyən, onu öz redaksiyalarına belə buraxmaq istəməyənlər, qapılanını Dəmir Qurbanlının üzünə geniş açdılar. Dəmirin yazılarını hətta özündən xəbərsiz qəzetlərində əsas səhiflərdə də yerləşdirdilər. Həmin vaxtı Dəmir Qurbanlı onlara ac-acı gülsə də, atalarımızın bu kəlamına daha çox inanmağa başladı: “Haqq yandıran şamı söndürmək olmaz”.

“Qızıl Qələm” mükafatı laueratı, milli dövlətçilik maraqlarına xidmət edən Dəmir Qurbanlının 60 yaşı 01 iyul tarixində tamam olub, amma düşünürəm ki, o, 60 illik ömründə öz yaradıcılığı ilə 100 illik bir ömür sürüb. Axı 40 ildən çox jurnalistika və bədii yaradıcılıq dövründən o, mindən çox məqalə, oçerk, tarixi, portret yazısı, publisist yazılar yazıb. Maraqlı hekayələr qələmə alıb. Deməli, bu bir-birindən maraqlı yazılar bizə deməyə əsas verik ki, Dəmir Qurbanlının çox mənalı keçən 60 yox, 100 yaşı var.

Dəmir Qurbanlı yaşadığı Tovuz rayonu və ətraf rayonlarla bağlı yüzlərlə bir-birindən maraqlı məqalələrin və oçerklərin müəllifidir. Məhz buna görə həmin bölgədə Dəmir Qurbanlıya çox böyük hörmət var. Ona o bölgədə ziyalıların-ziyalısı deyirlər. Çünki həmin bölgədə yaşayan çoxlu ziyalılar haqqında Dəmir Qurbanlının yazıları təkcə “Azad Azərbaycan” qəzetində yox, “Səs”, “Yeni Azərbaycan” və başqa qəzetlərdə, çoxlu saytlarda çap olunub və olunur. Dəmir müəllimi həmin bölgənin kəndliləri, fermerləri və haqları tapdalanan çoxlu insanlar ən əzizləri kimi sevirlər. Çünki Dəmir Qurbanlı onların haqlarını təkcə mətbuatda müdafiə etmir və həm də həmin bölgədəki rayon rəhbərləri, aidiyyatı təşkilatların rəhbərlərilə görüşüb, bu insanların müşgülə düşən bütün məsələlərinin müsbət həll olunmasına çalışır. Bax bu da əsl jurnalist, əsl ziyalı və vətənpərvər insan işdidir. Deməli, Dəmir müəllim jurnalist kimi həmin adamların görən gözü, düşünən beyini və danışan dilidir. Əlbəttə, heç bir təmənna güdmədən insanların bütün problemlərinin həll olunmasında onların yanında olan belə adamı hamı sevərvə qiymətləndirir. Mən özüm dəfələrlə həmin bölgədə olanda adamların ona olan bu böyük məhəbbətinin, hörmətinin, ondan məsləhətlər almasının şahidi olmuşam və həmkarımızın qazandığı bu böyük hörmətə, uğura görə ona fəxarətlə yanaşmışam. Deməli, həyatda daha çox şeyə nail olmaqçün insan dəyişməlidir. Təəssüflər olsun ki, insan xarakteri böyük çətinliklə dəyişir və bu dəyişiklik çox ləng şəkildə baş verir. Bir çoxları bu dəyişiklik uğrunda illərini sərf edirlər. Lakin ən çətin məsələ - həqiqətən dəyişməyi arzulamaqdır.

Bəli, dostumuz Dəmir Qurbanlı da başqalarına yaxşılıq etmək üçün dəyişir və öz işini ikinci plana keçirib, onlara köməklik edir. Beləliklə də sevilir və hamının əziz olur. Yuxarıda yazdığım kimi Dəmir Qurbanlı dövlətə, dövlətçiliyə bütövlükdə sadiq bir insan və dəyərli ziyalıdır. Bunu təsdiq etmək üçün elə onun Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olaraq, 2002-2003-cü illərdə AŞPA-nın vitse-presidenti və Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyevin elə həmin illərdə böyük siyasətə hazır olmasını və nəhayət 2003-cü ildə onun prezident seçkilərində qələbəsinin əldə olmasının və beləliklə də xilaskarlıq missiyasını həyata keçirməsini o dövrdə Dəmir müəllim məntiqi formada geniş təbliğ edirdi. Gördüyümüz kimi haqq öz yerini tapdı və cənab İlham Əliyevin 15 illik Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bir inkişaf dövrü yaşadı.

Eləcə də Azərbaycanın birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın respublikamızda və regionda, bütövlükdə dünyada əbədiyaşar, müdrik rəhbərimiz Heydər Əliyev siyasətini davam etdirməklə, xalqımızın milli sərvətinə dünya xalqlarının ümumi maraqlarına, bəşəri dəyərlərə, dünyada sülhə, əmin-amanlığa, qardaşlığa, dostluğa xidmət edən siyasi kurs olaraq təbliğ etməsi Dəmir Qurbanlının məqalələrinin əsas mövzularından olub. O, Mehriban xanımın dünya ölkələrində apardığı çoxşaxəli siyasi xətti geniş və əhatəli tarixi faktların, sübutların vasitəsilə təbliğ edərək onun həqiqətən bənzərsiz dünyəvi qadın obrazını yaratması və respublikamızda ilk dəfə olaraq onun tarixi xidmətlərini dünya miqyasında erməni terroruna, işğalına qarşı apardığı geniş miqyaslı təbliğatı, Xocalı soyqırımının beynəlxalq cinayət hadisəsi olaraq tanıdılması istiqamətində apardığı məqsədyönlü işlərin nəticəsində erməni lobbilərinin, diaspor təşkilatının təbliğatlarını necə heçə endirməsi və bütövlükdə onun qəhrəmanı, igid, cəsur, vətənpərvər, çox sanballı elmi-publisist analitik təhlilli bir çox məqsədlərlə çıxışlar etmisi də Dəmir Qurbanlının dövlətə, dövlətçiliyə təmənnasız xidmətinin layiqli və bariz nümunəsidir desək yanılmarıq.

Dəmir Qurbanlı Azərbaycan dövlətinə və dövlətçiliyinə kölgə salmaq istəyən və özlərini "radikal müxalifətçi" adlandıran, əslində isə düşmən dəyirmanına su tökənlərə qarşı çox barışmazdır. Onların pis əməllərini, xalqı çaşdırmağa çalışmasını, xarici ölkələrdən qrat almaqla onlara nökərçilik etməsini öz yazılarında kəskin tənqid edir. Və bir ziyalı kimi onları həmişə milli birliyə, müstəqil dövlətimizi qorumağa çağırır.

60 yaşlı dostumuz Dəmir Qurbanlıdan gələcək işləri haqqında soruşanda gülümsünüb belə dedi:

- Ən böyük arzum Qarabağ torpaqlarımızın tezliklə azad olmasını və insanlarımızın rufah halının daha da yaxşı olmasını görməkdir. Mən, dahilərin fikirlərini çox sevirəm və onları yazıram, yeri gələndə də onlardan istifadə edirəm. Həyat və zamanla bağlı dahilərin belə deyimləri var: “İnsanlar qəribə varlıqlardır. Möcüzələrlə dolu dünyada onlar darıxmamaqçün özlərinə və digər insanlara qarşı dürüst olmalı, hər şeyi zamanında etməli, heç vaxt təslim olmamalı, öz məqsədinə doğru getməlidir. Hətta yolunda maneələr olsa belə. Ən dəhşətlisi odur ki, hamı insanlığı dəyişmək istəyir, ancaq heç kim özünü dəyişmək haqqında düşünmür. Güclü insanlar isə həmişə sadə olurlar. Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir. Ona görə də böyük Dostayevski deyir ki, həyata yenidən başlasaydım saniyələrin də nəbzini tutar və qədrini bilərdım”. Təkcə yaradıcı insan yox, hər bir adam saniyəsinin də qədrini bilməlidir. Çox təəssüf ki, biz bunu gec, yaşa dolanda başa düşürük. Onda da gec olur...

Dəyərli həmkarımızı 60 illik yubilleyi münasibətilə təbrik edirik. Ona bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzu edirik. İnanırıq ki, Dəmir Qurbanlı bundan sonra da böyük əzmkarlıqla həm jurnalistika sahəsində işlərini və həm də bədii yaradıcılığını davam etdirəcək. Çünki dünyada böyük informasiya vuruşu, müharibəsi getdiyi bir vaxtda, respublikamızda belə sanballı jurnalistlərə və öz yaradıcılıq yolu olan nasirlərə xalqımızın böyük ehtiyacı var. Dəmir Qurbanlı da artıq 40 ildir ki, bir jurnalist və nasir kimi qələmini süngü edərək döyüşür və həmişə də haqqı, ədaləti müdafiə edir. Çox istərdik ki, belə bir jurnalistin əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilsin. Axı, haqq öz yerini tapanda daha yaxşı və gözəl olur.

Ağalar İRDİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə