(Novella)

O, telefonun dəstəyini yerinə qoyub, çox pəjmürdə, qəmli vəziyyətdə oturduğu kresloya yayıldı. Dərin fikirlər onu öz qoynuna alıb, çulğaladı. Düşündü… “ Bu da son!..”

Otağa göz gəzdirdi. Böyük və təmtəraqlı kabineti ona çox bayağı göründü. Onu vururdular. Artıq yuxarıdan düyməni basmışdılar. Mexanizm işə düşmüşdü. O düyməyə də artıq heç kimin əli çatmazdı… O, bu günün gələcəyini hərdən ağlına gətirsə də, bunun olmayacağına özünü inandırmışdı. Əlbəttə, oyun qaydalarını o, yaxşı bilirdi… Özünə bəraət qazandıra-qazandıra çox haqsızlıqlara qol qoymuşdu… Həyatın qanunu belədir- etmisənsə, sənə də edəcəklər. Və mütləq, haqq-hesab çəkilən gün gələcək…

Paradoks ondan ibarətdir ki, başqalarına qarşı böyük ədalətsizliklər edənlər bir-birindən tam ədalət tələb edir və bunun əksini xəyanət kimi dəyərləndirirlər. Bu təcrübə oğru aləmindən gəlmədi. Oğrular bir-birindən oğurluq eləyə bilməzlər. Digər qaydalar da elə oğru qaydaları idi. O, içəri, həbsxanaya da gedə biləcəyini gözünün qabağına gətirdi…

Selektorda köməkçisinin düyməsinin işıqlanması onu ağır düşüncələrdən ayırdı.

- Əhməd müəllim, aşağıdan polis bildirir ki, həmin rəssam yenə gəlib və sizi görmək istəyir.

O, cavab vermədən kresloda bir qədər də geri oturdu. Uşaq yaşlarında o da şəkil çəkməyi, plastilindən nələrsə düzəltməyi xoşlayırdı. Ən böyük arzusu da heykəltəraş olmaq idi. Aşağıda gözləyən rəssamla bir dəfə ayaqüstü görüşmüşdü. Rəssam onu maşınına yaxınlaşanda haqlamışdı. Özünü Mahmud Şükürbəyli kimi təqdim etmişdi. Əhməd müəllim öz yaddaşından razı idi. Bir dəfə eşitdiyi adı heç vaxt yaddan çıxartmazdı.

Rəssamın sifətini də yaddaşında yaxşı saxlamışdı. Onun qoca, nurani sifətində gözləri çox cavan görünürdü. Elə bil yaşlı sifətə cavan insanın gözlərini köçürtmüşdülər. Sifətindəki bu ziddiyyət onun baxışını müəmmalı, qeyri-adi edirdi. Mahmud Şükürbəyli özü üçün canfəşanlıq etmirdi. Darısqal zirzəmidə emalatxanası olan heykəltəraş dostu üçün Əhməd müəllimdən təvəqqe eləyirdi. Onu münasib bir yerə köçürtməyi ondan xahiş eləyirdi. Əhməd müəllimlə görüşəndə də Mahmud Şükürbəyli heykəltəraş dostunun uğurlarını həvəslə sadalayırdı… Əhməd müəllimin nədənsə, özünün çoxsaylı mülkləri yadına düşdü. Hər mülkün arxasında da haqsızlıq olduğunu düşünməyə bilmədi… Heykəltəraş öz arzusu arxasınca axıra qədər getmişdi. O isə öz arzusunu vəzifəyə, pula, mülkə qurban vermişdi. Sonda əldə etdiyi isə gözəl ilğım oldu. Fikirləşdi: “ Bəlkə, bu son məqamda heykəltəraşa kömək eləsin? Bəlkə, öz arzusuna çatmış insana dəstək olsun? Bəlkə, uzun illər qəlbində nisgil kimi qalmış o ülvi, heykəltəraşlıq arzusuna belə rahatlıq gətirsin?”..

Əhməd müəllim ötən əsrin 90-cı illərində başlayan kooperasiya hərəkatının ilk iştirakçılarından biri idi. O, Bakıda tikilən ilk özəl çoxmərtəbəli binanın tikintisində payçı olmuşdu. Ona pay olaraq həmin binanın alt mərtəbəsində kifayət qədər böyük yer də düşmüşdü. Bax, həmin yer heykəltəraşa tam yarayardı. Geniş və işıqlı bir yer

idi. Bu yer onun halal mülkü idi. O, qətiyyətlə köməkçisinin selektordakı düyməsini basdı.

- Rüfət, onu özün qəbul elə. Nə eləmək lazım olduğunu sonra sənə deyəcəyəm…

…Həbsxananın çöl qapısı onun arxasınca metal səslə bağlandı. O, üzünü yuxarı qaldırdı. Gözlərilə həsrətlə səmaya baxdı. Həbsxana divarları ilə çərçivələnməmiş bu genişlikdə səmanı o, düz on bir il idi ki, görmürdü. “Deyəsən, qarşılamağa heç kim gəlməyib”, – deyə fikrindən keçirtdi. O, həyat yoldaşını üç il qabaq itirmişdi. Heç dəfnində də iştirak eləyə bilməmişdi… Oğlu xaricdə yaşayırdı. Onun geri dönmək fikri də yox idi.

Bu vaxt yanında bir minik maşını dayandı. Sürücü maşından düşüb ona yaxınlaşdı.

- Salam, Əhməd müəllim. Şükr olsun Allaha. Axır ki, çıxdınız.

O, keçmiş sürücüsü Həsəni tanıdı.

-Salam, Həsən. Necəsən?

Onlar çox mehriban görüşdülər. Həbsxanada olanda Həsən onun yanına gəlirdi. Hərdən onun xırda-para xahişlərini də yerinə yetirirdi.

Maşının yan qapısından cavan bir oğlan da düşdü.

- Salam, Əhməd əmi.

Həsən, bir qədər utancaq dilləndi:

- Oğlum Cəbrayıldı. Cəbrayıl Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, Sankt-Peterburq Rəssamlıq Akademiyasını, Vyana Sənətşunaslıq İnstitutunu bitirib. Hamısını da böyük müvəffəqiyyətlə. İstanbulda, Berlində sərgiləri olub. Rəssamlıqla yanaşı, həm də bu sahə üzrə ekspertdir. Ekspert kimi də xarici muzeylərdən dəvətlər alir. Altı dil bilir…

Böyük həvəslə, ata nəvazişilə dediyi bu sözlərdən sonra Həsən heyranlıqla oğluna baxdı.

- Nə yaxşı. Çox sevindim! Allah saxlasın,-deyib Əhməd müəllim də heyranlıqla Cəbrayıla baxdı. Onu qucaqlayıb, alnından öpdü.

Onlar maşına oturdular. Təxminən bir saatdan sonra Həsən maşını beşmərtəbəli bir binanın yanında saxladı. Bu binada Əhməd müəllimin ilk yaşadığı ev yerləşirdi. İkinci mərtəbədə yerləşən mənzilin qapısını Həsən açdı. Əhməd müəllim həbsxanada olanda, etibar eləyib, bu evin açarını Həsənə vermişdi ki, burada gözü olsun. Yoxsa hər şey ola bilərdi…

Üçü də evə daxil oldular.

- Əhməd müəllim, bizimkilər dünən buranı silib-süpürüblər,-deyə Həsən əlilə evdəki səliqə-sahmanı göstərdi.

Əhməd müəllim otaqlara göz gəzdirdi. Böyük otaqdakı masaya milli yeməklər düzülmüşdü. O, belə masa mənzərəsini, növbə-növ yeməkləri çoxdan idi ki, görmürdü.

Bu vaxt otaqda olan rəfin qabağına qoyulmuş rəsm əsəri onun diqqətini çəkdi. O, əvvəllər bu şəkli burada görməmişdi.

- Həsən, bu nə rəsm əsəridi? – deyə o, soruşdu.

- Əhməd müəllim, yadınızdadır, o son günlər yanınıza bir rəssam gəlirdi? Bu şəkli o mənə verdi ki, sizə çatdırım. Sizdən çox razılıq eləyirdi. Minnətdarlıq rəmzi olaraq bu rəsm əsərini qəbul eləməyinizi xahiş elədi. Onda qarışıqlıq olduğu üçün sizə çatdıra bilmədim. Elə o vaxtdan gətirib bura qoymuşam.

Əhməd müəllim yaddaşına baş vurdu. “Hə, yəqin Mahmud Şükürbəyliymiş”. Özü-özlüyündə hələ də yaddaşının yaxşı qalmasına sevindi.

Bu vaxt Cəbrayıl da onlara yaxınlaşdı. O, rəsm əsərini götürüb baxmağı Əhməd müəllimdən xahiş elədi.

-Götür bax,-deyə Əhməd müəllim dilləndi.

Cəbrayıl şəkli pəncərədən ən çox işıq düşən yerə yaxınlaşdırıb diqqətlə ona baxmağa başladı. Onun bu işi peşəkarlıqla etdiyi görünürdü. Bir müddətdən sonra o, əvvəl yavaş, sonra ucadan dedi:

- Bu, inanılmazdır! Bu, inanılmazdır!..

Cəbrayıl, rəsm əsərinə baxmağa onların hər ikisini dəvət elədi.

- Bu dahi rəssamımız Mahmud Şükürbəylinin məşhur əsəridir. Baxın!

O, şəklin arxasını göstərdi:

- Burda imzası da var. Çərçivədə də öz xətti ilə yazısı var: “Əhməd müəllimə ən xoş arzularla!” İndi tabloya baxın. Şahanə qalxmış dəniz dalğası üç yerə bölünüb – ortada bir böyük, ikisi də yanlarda. Bu bölünmüş dalğalar, baxın, eyni zamanda üç dağ zirvəsidir. Dalğanın başındakı ağ rəngli ləpələr dağların zirvəsindəki qar kimi görünür. Rəssam rənglərdən və işıqdan elə məharətlə istifadə eləyib ki, bir tabloda iki rəsm əsəri yaradıb. Ayrılıqda hər mənzərə o qədər inandırıcıdır ki, insan beyni onu bir görünüş kimi qəbul eləyə bilmir. Bu səbəbdən gözlərimiz əvvəl bir, sonra o biri şəkli görür. Seyrçi gah üç dalğanı, gah da üç zirvəni görür. Xarici incəsənət ədəbiyyatlarında buna “Şükürbəyli effekti “ də deyilir. Onun bu əsərini dahi italyan rəssamı Leonardo da Vinçinin məşhur “Mona Liza” əsəri ilə də müqayisə eləyirlər. O rəsm əsərinin digər adı “Cakonda”dır. Bu, Mona Lizanın həyat yoldaşı, ipək ticarəti ilə məşğul olan italyan Cakondanın familiyasıdır. Leonardo da Vinçi bu əsəri dörd ilə çəkib. Beş yüz il bundan qabaq çəkilmiş və dünyanın ən bahalı rəsm əsəri hesab edilən “Mona Liza” Parisin Luvr muzeyində xüsusi təhlükəsizlik tədbirləri altında saxlanılır. Beş əsr bundan qabaq çəkilməsinə baxmayaraq, bu əsər hələ də qızğın, maraqlı mübahisələrin mövzusudur. Ən böyük müzakirə mövzusu Mona lizanın sirli təbəssümüdür. Rəsm əsərinə baxan insana əvvəl elə gəlir ki, Mona Liza ona gülümsəyir. Bir az da diqqət etdikdə, onun üzündəki təbəssüm itir və o, seyrçiyə ciddi baxır. Seyrçi axıra qədər də ayırd eləyə bilmir – xanım ona gülümsəyir, ya ciddi baxır. Leonardo da Vinçidən fərqli olaraq Şükürbəyli bir tabloda iki bərabər güclü mənzərə yaradıb. Seyrçi şəkildə əvvəl üç dalğanı görür. O, dalğalara diqqət etmək istədikdə bu dəfə dağ zirvələrini görür. Dağ zirvələrinə gözünü zilləyən kimi onlar başı ağ köpüklü dalğalara çevrilir. Dahiyanə əsərdir deyilmi? Bu dahiyanə rəsm əsərinin repraduksiyaları bütün məşhur dünya muzeylərində nümayiş olunur. Bu əsərin əslinin axtarışına, hətta İnterpol da qoşulub, Azərbaycanın hər yerini axtarıblar. Kim düşünə bilərdi, kimin ağlına gələ bilərdi ki, bu əsər burada , bu otaqda on bir il qalıb…

Onu da deyim ki, bu rəsm əsəri Sotbis auksionuna çıxarılsa, məşhur muzeylər bu əsəri almaq uğrunda mübarizə apararlar. Təsəvvür eləyin ki, bu əsərin bazar qiyməti milyonlarla dollardır…

Əhməd müəllim, Mahmud Şükürbəyli ilə olan yeganə görüşünü fikrində canlandırdı. Orta boylu, çəlimsiz, uzun ağ saçlı rəssamın yaşlı, nurani sifətindəki cavan gözləri gülümsəyirdi… Elə Mona Liza kimi…

Hümbət QULİYEV

Sumqayıt şəhəri

2018-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə