Anamla söhbət – Sabir Şahtaxtının şeiri

SİA Sabir Şahtaxtının "Anamla söhbət" şeirini təqdim edir:

Söhbətə gəlmişəm anamla bu gün,

Yığılıb sinəmdə suallar düyün-düyün.
Deyirəm danışaq, dərdləşək bir az,
Adını çəkəndə qış da olur yaz.
Özü də sözü də sanki bahardı,
Anasız övlada irəm də dardı.
Ay ana, niyə dediklərinə əməl etmədin?
Tələb etdiyin yolla özün getmədin?
Mənə "getmə” dedin, "olmazlar” dedin,
Özünsə səssiz-səmirsiz getdin.
Deyirdin, icazəsiz getmək olmaz,
Nə qonşuya, nə qohuma.
Çıxmayın siz məhəlləyə,
Dayanmayın küçələrdə.
Torpaq üstə çılınçılpaq, ayaqyalın,
Oynayanda gah ağlayır, yalvarırdın:
"Daşlar əzər, çınqıl dişlər ayağını,
Pəncələrin yanacaqdır qızan torpaq istisindən,
Günəş sənin gözlərini kor eyləyər, balam mənim...
Şaxta hopar bədəninə, cansız canın xəstə olar!”
Demirdinmi ana mənə?
Buz üstündə sürüşəndə,
Evdən papaqsız gedəndə,
Yan baxışla demirdinmi? Olmaz belə?
İsti-soyuq olan torpaq pis idisə,
Niyə getdin qucaqladın möhkəm-möhkəm!?
Milyon dəfə demişdin ki, olmaz.
O, olmaz, bu olmaz...
Sözün düzü, körpəlikdən qorxdum mən olmazlardan.
Nə biləydim, yaxşı imiş bu olmazlar olanlardan.
Olmazları sanırdım mən özümə düşmən, asi,
Demə, ondan keçirmiş yoxluğumun xilası.
Zaman keçdi olmazları sevdim,
Artıq onda böyümüşdün, bir evdim.
Yaxşı xatirimdə, lap indikitək,
Deyirdin ki, balalarım, mən köçəndə gəlin bura,
İndi çatır sözlərinin astar üzü,

Demək, bu da dua imiş, eşidirdi bala üzü...
Sən köçəndə gəlmək üçün gərək idi sağ olaq,
Anamızın tabutuna cığır olaq, yol olaq,
Məzarlığa gedən yolda anamıza yoldaş olaq...
Balaların kədəri də, sevinci də anaların belin əydi...
"Sən gedəndə burda olmaq” bu idi ki, görməyəsən bala dərdi.
Qışqırırdın, bəzən də ağlayırdın hər görəndə pisimi...
Qorxurdum, susurdum, gizlədirdim pis işimi.
Təki anam danlamasın, yamanlayıb, yanmasın...
İndi deyim daha birin,
Hər yerdə görünür yerin, izin.
Son günündən danışıram,
Sənin üçün alovluyam, alışıram.
Gələ bilmədim desəm, inanma, bil ki yalandır.
Hər olan analara günəş kimi əyandır.
İstəmədim görəm sənin solmuş ümidsiz üzünü,
Səni görsəm hərəkətsiz, bitirərdim özümü.
İstəmədim belə olsun, qoşa getsəydik o yolu,
Görə bilməzdim getdiyin yolun sonunu...
Sən gedəndə evimiz silkələndi nalədən,
Bu gedişin xofu vardı ağır idi, dərbədən.
Bircə kəlmə dillənsən susacaqdı ağızlar,
İsinərdi "Ana” deyib fəryad edən qucaqlar...
Amma sən tərpənmədin!
Bildirməzdin aclığını, susuzluğu,
Qucaq-qucaq "olmaz” dedin, ol eylədin yoxluğunu,
Fərq etmədin nə istiyə, nə soyuğa,
Geyinib ağ donunu qovuşdun qara torpağa.
Anamız Torpaq basdı səni bağrına!
Aciz olduq getməyinə "olmaz!”, – deyək.
Torpaq üstə günəş var, yağış var, külək də var.
Amma onun alt üzündə rütubət var, soyuq var.
Özün də ki, üşüyənsən.
Necə çatım harayına, isidim mən nəfəsimlə əllərini,
Bəsdir daha tənhalığın, "burda qalmaq olmaz” deyim!
Qucaqlayım vücudunu, rəhmin gəlsin, ürəyimi oxşa mənim...
Səda gəldi uzaqlardan...

Bəşər yurdu, əhli Cənnət məkanından.
Ürəyimə məlhəm olan o səs idi eşitdiyim,
Sədasından öz-özünə yellənərdi beşiyim.
Milyon dəfə layla deyib yatırtmışdı,
Əzizləyib, sözlərilə oxşamışdı.
İndi isə gileyliydi küskün-küskün,
Məzəmmətlə deyirdi O:
- Niyə məni qınayırsız?
Könüllü mən çıxmadım ki, çiyinlərə,
Öz xoşumla, deyə-gülə,
O yol, izi getmədim ki, ayağımla,
Apardınız qışqırıqla, göz yaşıyla,
Ümidsiz boz çöhrələrlə,
Tapşırdınız buz torpağa.

5 mart, 2018 Ankara

Bütün xəbərlər Facebook səhifəmizdə