Bəs indi necəsən, Rəsul müəllim?! Rəsul Rzayev- 70

(Qələm yoldaşımızın ömründən məqamlar)

Bizə riyaziyyatın poeziyasını, poeziyanın riyazi ölçü-biçisini öyrədib Rəsul müəllim. Orta məktəb illəri yadımdadır. Bütün redaksiyalarla əlaqəsi olduğundan bizim də yazılarımızı pioner, komsomol mətbuatına yönəldib. Dərc olunanda o qədər sevinirdik ki...

Bütün bunları xatırlamağım qələmimizin püxtələşməsində, sözümüzün dadının – duzunun artmasında ustadımızın danılmaz rolunu nəzərə çatdırmaqdır. Təkcə işlədiyi məktəbdə deyil, redaksiyada çalışdığı 42 il ərzində Masallıda ədəbi mühitin inkişafında əvəzsiz xidməti olduğunu göstərməkdir. Rayonda yazıb-yaradan jurnalistlərdən, şair və yazıçılardan ibarət konsentrik çevrələrin mərkəzində dayanır Rəsul müəllim. Etiraf edənlər kifayət qədərdir ki, Rəsul müəllimin qələminin izi olmayan yazını mətbuata verməzdik.
Hər insanın ömürlüyü onun vətəndaşlıq pasportudur.

Bu pasport 1948-ci ildən yazılıb Rəsul Müzəffər oğlu Rzayev üçün. Həmin il Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1965-ci ildə Yeddioymaq kənd orta məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Həmin il Yeddioymaq kənd orta məktəbində direktor müavini kimi fəaliyyətə başlayıb. Sonra rayon Komsomol Komitəsində çalışıb. 1976-ci ildən “Çağırış” qəzetində fəaliyyət göstərir. Tez bir zamanda şöbə müdiri, məsul katib vəzifələrini icra edib. “Yeni həyat” qəzetinin baş redaktor müavinidir. 1977-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.

Əslində mətbuatla əməkdaşlığı şagirdlik, tələbəlik dövründən başlayır. Qələm sahibinin orta məktəb illərində rayon, ali təhsil aldığı vaxt institutun “Gənc müəllim” qəzetində müntəzəm olaraq publisist yazıları, şeirləri çap olunub.

Rəsul müəllim bir-birinin ardıcılı olan “Çağırış”, “Yeni qəzet”, “Yeni həyat” qəzetlərində baş redaktor müavini işləyib və işləyir, ölkənin onlarca qəzet və jurnalı ilə əməkdaşlıq edir. 26 publisist və bədii kitabın müəllifidir, 50 kitaba redaktorluq edib... və bu gün mətbuat simasında kiçik bir ulduza dönən qələmi yanıb-sönür. “Qızıl qələm”, Həsənbəy Zərdabi media mükafatçısı, bir sıra müsabiqələrin qalibidir.
Müəllifin qələmə aldığı şeirlərindən birində oxuyuruq:

– Vaxt tapa bilmədik saç ağartmağa,
Vaxt tapa bilmədik qəlb ovutmağa,
Vaxt tapa bilmədik əldən tutmağa,
Əlli il nədir ki?!

Bu təvazökarlıq Rəsul müəllim kimi insanların qəribə etirafı olsa da böyük şair Bəxtiyar Vahabzadənin “Bircə ondan razıyam ki, özümdən narazıyam” meyarında başa düşülməlidir. Ona görə ki, bu insan nəinki bir kəsin qəlbinə dəyməyib, əksinə həmişə ürək sevindirib, əldən tutub, yıxılanı qaldırıb və üstəlik saçlarını da erkən ağardıb – tələbəlik illərində.
İnsan yaşa dolduqca düşünüb-daşınır, papağını qabağına qoyub fikirləşir. Müəllif də özü-özü ilə bu mükaliməsində suallar verir:
Nədir bu dünyanın sənlə qərəzi,
Hamıya inanmaq olub mərəzin.
Ömrün əlli ili – bu daş-tərəzi...
Bəs indi necəsən, Rəsul müəllim?

Sonrakı bənddə yaratdığı tərəf müqabili onun mənəvi dünyasını heç bir maddiyyatla dəyişmədiyini irad tutur, özünü haqlı sayır, soruşur:

...Sən deyən olmadı, mən deyən oldu,
Bəs indi necəsən, Rəsul müəllim?!

Bu da şairin var-dövlət yığanlara, dörd tərəfi qamarlayanlara, nəfsi aclara bir mesajıdır. Rəsul müəllimin gözəl, maraqlı, arzuolunan həyat tərzi olub. Ömür boyu şükranlığı böyük nemət sayan şair Yaradanın verdiyinə, həyatda qazanılanlara şükr edənlərin əks qütbündə dayanan həsəd sahiblərinin, gözügötürməzlərin olduğunu bildirir. Kiminsə uğurlarına sevinmək əvəzinə ona həsəd aparanlar, dargözlük edənlər, bu xəstəlikdən əziyyət çəkənlərin özünü də dünyadan həsəd aparır:

Həsəd apardı hər şeyə,
Birinin ağlı işıqlıdır,
Sözü itidir!
Birinin əli qızıldır deyə...
Başqalarının gözəlliyinə
həsəd apardı,
baxanda güzgüyə.
Qəlbində ifrat
həsəd apardı.
Elə özünü də dünyadan
həsəd apardı.

Qarabağ mövzusu istər publisistikasının, istərsə şeirlərinin baş mövzusudur müəllifin. Ürəyi Qarabağ dərdinə geniş açılıb Rəsul müəllimin. “Ağla, yanıq Kərəmi” şeirində:

–Yaxamı gen açdın ki,
Dərd yaxanı tanısın.
Dərd dərd üçün yaranmış,
Dərdli canı tanısın,
Ağla, “Yanıq Kərəmi”.

Sinəsini Qarabağ dərdinə geniş açan müəllif Milli Qəhrəmanlar Elşad Hüseynovun, Səfəralı Məmmədovun, Firdovsi Bağırzadənin, Nurlan Əsgərlinin, Bəyalı Məmmədovun, Aqil Məlikovun, Elşad Əhədovun, şəhidlər igidlik və şücaətindən danışan onlarca poemanın, kitabın müəllifi kimi torpaq uğrunda, Azərbaycanın bütövlüyü yolunda canından keçən oğulların ruhuna həzin mahnı, şirin layla deyir.

Qarabağda şəhid olmuş təzəkəndli Rövşən Nəbiyevin xatirəsinə həsr edilmiş “Qarabağ qəlbimə çəkdi qara dağ” poemasında döyüş və igidlik səhnələri nə qədər qürurvericidirsə, şəhidin son döyüşü, onu gözləyən el qızının düşüncələri bir o qədər niskillidir.

...Əzizim qönçələnib,
Çiçəklər qönçələnib.
Sübhün bir xatası var,
Üfüqə qan çilənib.
Qarabağda qara bax,
Bu gülşəndə sara bax.
Yenə qan ilə doldu
Sinəmdəki yara, bax...
yaxud
“Çəkilmiş kamanam mən,
Bir halı yamanam mən.
Yolunu gözləyirəm,
İtməmiş gümanam mən.”
Nəhayət igidin tabutu kəndə gətirilir:
Şimşəklər atını dördnala çapır,
Göylərin tabağı naxış-naxışdı.
Kəndin ürəyiymiş dolan buludlar,
Deyirəm heç belə ağlamamışdı.

Müəllifin Qasımlı kəndindən II Dünya Müharibəsində həlak olanlara həsr etdiyi “Otuzbirlər” poeması da eyniylə bu vətənpərvərlik hissləri üstündə köklənmişdir:

Böyüyü 1904-cü ildir,
Kiçiyi təzəcə eşqə düşürdü.
Hamısı bir ildə – 41-də getdi,
Dünyaya sel gəldi... o seldə getdi.
Saxlaya bilmədik qarı-boranı,
Ünvanladıq Kerçi,
Sapun Qarını.

Rəsul Rzayev 1990-cı ildə “Peyğəmbər” poemasını yazıb, 1996-cı ildə çap etdirib. Əsərdə İslam peyğəmbəri Məhəmmədin (s) ömrünün bəzi məqamları məhəbbətlə tərənnüm olunur. Lal, kar, kor qızının şəfası üçün peyğəmbərə müraciət edən Həbib adlı şəxs onun möcüzələrini görür. Qızı sağalır. Rəsuli Əkrəmdən (s) ikinci möcüzə göstərməsini təvəqqe edir. İkinci möcüzə də Allahın qüdrətilə baş verir.

...Birdən parçalandı, iki bölündü
Göydə ay, peyğəmbər barmaqlarılə.
Sonra parçaları birləşən Qəmər,
Parladı, nurlandı bütün varilə.
Həbib diz çökmüşdü haqqın önündə,
Həbib dinə gəldi, imana gəldi.
Məhəmməd – Allahın haqq peyğəmbəri,
Onun əllərindən möcüzə gördü.

Rəsul Rzayev təqvalı insandır. Publisistikasından da, şeirlərindən də bu aydın hiss olunur. O, hal- hazırda “Kərbəla ziyarəti yolu” əsəri üzərində işləyir. Yetmiş illik yaradıcı bir ömrün hansı məqamını bu kiçik yazıda yerləşdirə bildiksə yenə də gözlərimizdə az göründü. Sadəcə xronologiya ilə düzə bildik ki, fikrimizi oxucuya çatdıraq və onu özümüzlə rəy şəriki eləyək. Rəsul müəllimin həyatı isə neçə-neçə kitab, çoxillik qəzet qovluqlarında, həyatının bütün məqamlarına işıq saçan, yaradıcılığını, istedadını, ailə dəyərlərini qoruyan Kərbəlayi Şölə xanımın qayğılarında, beş övladının, 9 nəvəsinin təravətli ömründə, qazandığı uğurlarda yaşayır.

Qeyd edək ki, Masallı Rayon Ağsaqqallar klubunda tanınmış jurnalist Rəsul Rzayevin 70 illik yubileyi keçirilib.
Həmin tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov yubilyarı təbrik edib, ona cansağlığı, işlərində uğurlar arzuladı. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovun təbrikini və Fəxri fərmanını, qiymətli hədiyyəsini Rəsul Rzayevə təqdim etdi.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan həftəlik “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev yubilyarın həyat və fəaliyyətindən, onun rayon mətbuatındakı xidmətlərindən ətraflı danışıblar.

"Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Masallı regional 2 nömrəli "Mətbuatyayımı" İdarəsinin baş mühasibi Malik Məlikməmmədov, “Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, "Tərəqqi" medallı Əməkdar müəllim Mirqabil Hüseynov, Masallı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Hikmət Xəlilov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, təqaüdçü müəllim Eyvaz Məcidov, qələm yoldaşları Həsənağa Əliyev, Akif Ağayev, Südabə Məmmədova, ağsaqqallar -şair Hacı Dadaş Məmmədov, Hüseyn Hüseynov, Sabir Fərəcov, Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Şöbəsinin sədri Səfail Eyvazov, müəllim-yazıçı Şakir Mahmudlu, müəllim-tədqiqaççı, kənd təsərrüfatı müəxəssisi İmanxan Əzizov, qardaşı Kərbəlayi Böyükxan Rzayev, ailə üzvləri və başqaları çıxış edib, yubilyarı təbrik etdilər, onun barəsində xatirələr söylədilər.

Rəsul Rzayev tədbirin təşkilinə görə rayon rəhbərinə minnətdarlıq elədi, həyatının müəyyən məqamları haqqında özü də məlumat verdi.

Jurnalistə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi mükafatını Masallı Rayon Təşkilatının sədri Həsənağa Əliyev təqdim etdi.

Yubilyara və şuranın bir qrup fəalına Masallı rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanları verildi.
Ömrünün 42 ilini yüksək səviyyədə mətbuatda çalışan, mətbuata layiqincə xidmət eləyən Rəsul Rzayev Əməkdar Jurnalist adına çoxdan layiqdir. Amma bu fəxri adın hələ də ona verilməməsi təəssüf doğurur. O, bundan sonra daha nələr eləməlidir ki, bu fəxri ad ona verilsun?

Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan həftəlik “Yeni həyat” qəzetinin Baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı.

Bütün xəbərlər Facebook səhifəmizdə