"Qan içində işıq" Azərbaycan Xalq Cümhüriyyəti - 100

(tarixi sənədli romandan bir parça)

Məğlubiyyət xəbərləri qanadlı quş kimi özünü "Prezident Kryuger" gəmisinə yetirirdi. Son günlər qərargahdan kənara çıxmaq istəməyən general Denstervil acıqlı, kinli və pərişan idi. Sanki üzünə, gözünə zillənmiş baxışların qınağı altında əzilir, hərbi şərəf və qüruru tapdanır, general içindəki yanğını kimsəyə bildirmədən qəhr olurdu.

Polkovnik Keyvort generalın arxasınca gəzir, təskinlik üçün söz axtarır, çaş-baş halda susurdu. Axı hansı söz döyüş meydanında məğlub olan, əsgər şərəfi tapdanan generalı sakitləşdirə, yenidən qələbəyə ruhlandıra bilərdi?

Denstervil başındakı papağı çıxardı, kreslonun üstünə atdı və dişlərini qıcayaraq bağırdı:

- Bütün günahlar ermənilərdədi. Onlar qorxaq və acizdirlər. Onlar döyüşmədilər, fərarilik etdilər.

Keyvort da onun dediyini təsdiqlədi:

- "Sentrokaspi"nin hərbi şurası da çox bacarıqsızdır. Onlar Bakının müdafiəsini təşkil edə bilmədilər.

Denstervil qızdırmalı adamlar kimi öz- özünə söyləndi:

- Bakını tərk etmək lazımdır. Biz getməliyik. Biz türklərlə bacara bilmədik. Keyvort başa düşürsən? Biz Nuri paşaya, Xəlil paşaya uduzduq.

General birdən susdu, sonra da Keyvortdan soruşdu:

- Görəsən Nuri paşanın neçə yaşı var?

- İyirmi doqquz,- Keyvort tələsik cavab verdi.

- Hər halda zarafat eləmirsən, polkovnik.

- Xeyr, xeyr.

Generalın gözləri iriləndi, bu gözlərdə paxıllıq, həsəd hissi bir-birinə qarışdı. General bir müddət nə deyəcəyini bilmədi. Lakin içində elə bir zəlzələ vardı ki, bu səssiz zəlzələ onun içində hər nə vardısa dağıdır, yandırır, külünü çıxarırdı.

Keyvort sanki bu anlarda generalın göynəməkdə olan yarasına düşmən kimi toxundu :

- Nuri paşa və Ənvər paşa Xəlil paşanın qardaşı oğullarıdır. Ənvər paşa isə Nuri paşanın qardaşıdır.

- Bu məğlubiyyətin niyə baş verdiyini başa düşdüm, Keyvort. Bu üçlük bizə qarşıdır. Bizi məhv etməyə çalışırlar. Biz tezliklə burdan getməliyik. Bir yığıncaq keçirməli və qərarımızı bildirməliyik. Mən ingilis əsgərini ermənilərin istəklərinə qurban verə bilmərəm.

Səhərisi gün keçirilən yığıncaqda general Denstervil üzünü "Sentrokaspi" rəhbərlərinə tutaraq dedi:

- Yer üzündə heç bir qüvvə Bakını türklərdən qoruya bilməz. Şəhərin müdafiəsinin davam etdirilməsi, təslim gününü uzatmaqdan başqa bir şeyə yaramır. İndiyə qədər yalnız ingilis əsgərləri döyüşdü. Mənim əsgərlərimin qəhrəmancasına döyüşməsinə baxmayaraq türklər hər hücumda qalib gəldilər. Yerli hərbi birliklər bizimkilərə kömək etmədi.

Mən adamlarımın boş yerə həlak olmasına razı ola bilmərəm. Biz türklərə qarşı vuruşmaq üçün sizin əsgərlərinizə köməyə gəlmişdik. Ancaq sizin əsgərlərinizin yerinə biz vuruşuruq.

Sizlərə - Bakının təslim edilməsi barədə danışıqlara başlamaq üçün türklərə bir nümayəndə göndərməyi tövsiyə edirəm. Qadın və uşaqların şəhərdən çıxarılmasına imkan verəcək uyğun şərtlərin əldə edilməsi sizin üçün çətin olmayacaq. Sizlər bununla da türklərin şəhəri silah gücünə ələ keçirməsindənsə, hadisələrin gedişinə daha yaxşı istiqamət verə bilərsiniz.

Denstervilin söylədikləri "Sentrokaspi" rəhbərlərini qəzəbləndirdi. Eyni zamanda qorxuya saldı. İngilis hərbi qüvvələri ilə eser, menşevik, daşnak qüvvələri özlərini daha təhlükəsiz hiss edirdilər. Zəif bir işığın sönməsini istəmirdilər. Buna görə də Bakı hökuməti ingilislər qarşısında şərt qoydu:

- Bakıda yaşayan əhalinin evakuasiyasından sonra və ancaq bizim əsgərlərimizlə birlikdə şəhəri tərk etmənizə icazə verə bilərik.

General bu şərtdən narazı qalsa da gözlədi...

10 sentyabr 1918- ci il

Qafqaz İslam Ordusunun Qobuda yerləşmiş qərargahı

Gündüzdən başlayan müşavirə hələ də davam edir. Bakıya son döyüşün, son hücumun planı hazırlanır.

Müzakirə başlamamışdan əvvəl Nuri paşa dedi:

- Aylarla apardığımız mübarizənin, qanlı savaşların son mərhələsinə çatmışıq. Göyçayda savaşa başlayanda orduda dəyişiklik etdik. Şimal və Cənub qrupları yaradıldı. 15-ci piyada firqəsinin yardıma gəlməsi ilə yeni dəyişikliyə ehtiyac vardır. Belə hesab edirəm ki, Şərq cəbhəsi komandanlığı ilə ona tabe olan Şimal qrupu ləğv edilsin. Döyüşdə iki firqə iştirak edəcəkdir: 5-ci Qafqaz piyada firqəsi. Bu firqəyə Mürsəl paşa komandanlıq edəcəkdir. Müharibənin əsas ağırlığı da bu firqənin üzərində olacaq.

İkinci firqə 15-ci Qafqaz piyada firqəsi. Bu firqənin komandanı yarbay Süleyman İzzət bəydir. Cənub qrupu hərbi birliklərinin də yaradılmasını düşünürəm. Bu qrupa albay Cəmil Cahid bəy komandanlıq edəcəkdir. Azərbaycanlılardan yaradılan hərbi birlik isə yarbay Həlim Pərtəv bəyin komandanlığı altında olacaqdır.

Xəlil paşa, Nuri paşa, general Şıxlinski, Almaniyanın Tiflisdəki nümayəndəsi Parakuin, alman zabitləri, komandirlər planın hazırlanmasına öz təkliflərini verirlər.

Miralay Parakuin deyir:

- Böyük müharibənin təcrübəsindən bilirik ki, düşmənin mövqeyi səhra topu ilə əzilməsə oraya süngü döyüşü ilə həmlə etmək olmaz. Buna görə də əvvəlcə düşmən səngərlərini darmadağın edək, sonra hücuma keçək.

Nuri paşa düşündü, xəritəyə göz yetirdi və miralaya sərt halda dedi:

- Bu təklifi bəyənmədim. Kifayət qədər top mərmisi yoxdur. Ona görə də bu döyüş planı məğlubiyyətə aparar.

- Sizin fikriniz necədi, yarbay Bəsri bəy?

Yarbay Bəsri bəy xəritəyə nəzər saldı və çəkingən halda astadan dedi:

- Mənim fikrimlə minbaşı Nazim bəy, minbaşı Səffət bəy, Tevfiq bəy də razıdır. Yəni biz eyni fikirdəyik və bunu uğurlu hesab edirik.

- Buyurun, - Nuri Paşa səbirsiz dedi.

- Biz ilk əvvəl hücuma qumbara və süngü döyüşü ilə başlamağı təklif edirik. Süngü döyüşü sınanmış bir plandır. Gecəyarısı hücum zamanı düşmən çaşır, güllə atmağa belə fürsət tapa bilmir. Hissə komandirlərinin bəzisinin də fikri belədir ki, düşməni hər tərəfdən şəhərə doğru sıxışdıraq və burda məhv edək.

- Yox. Yox, bu fikirlə razı deyiləm. Bilirsənmi, onda nə baş verər? Şəhər xarabalığa çevrilər, insanlara ciddi ziyan dəyər. Ən başlıcası isə şəhəri yanğınlar bürüyər. Yalnış atılmış top neft çənlərinə, buruqlara düşsə görün nələr olar? Halbuki mən həm şəhərə, həm də insanlara ziyan dəyməsini istəmirəm.

Ortalığa ağır bir sükut çökdü. Nuri paşa dedi:

- Amma süngü döyüşü ağlabatandı.

Xəlil paşa cavab vermədi. Nuri paşa üzünü ona tutdu:

- Bu fikri bəyəndinizmi, komandanım?

- Fikrimi sonra bildirərəm. Səbr edin, tələsməyin.

...Xəlil paşa hərbidə olduğu illər ərzində döyüş qabağı zehnini, hissini, düşüncəsini planın hazırlanmasına səfərbər edərdi. Qərargahında tənha qalar, saatlarla xəritənin önündə dayanar, düşünərdi. Düşmənin istifadə edəcəyi ən kiçik səhvi belə diqqətdən qaçırmamağa çalışardı. Bəlkə elə bu səbəbdən də Kut-əl-Ammaredə ingilisləri ağır məğlubiyyətə uğratmışdı...

Ənvər paşa kimi Xəlil paşa da Bakının azad olunmasını bütün qəlbi, canı ilə istəyirdi. Bu torpağın taleyi türk torpağının taleyi kimiydi. Doğu vilayətlərində də müharibə gedirdi. Onun kimi Kazım Qarabəkir paşa da türk qanına susamış erməniləri məğlub edərək Gümrüyə qədər qovmuşdu. Naxçıvanı daşnaklardan təmizləmişdi.

Burda düşmən daha çox, daha qüvvətli, güclü idi. Bakı neftinə göz dikmiş bu düşmən yağlı tikəni qamarlamaq istəyən canavar sürüsündən başqa bir şey deyildi. İngilis, rus, erməni, alman...

Dərin düşüncələr içində olan Xəlil paşanın sifətindəki sərtlik dəyişdi. Dolu, yaraşıqlı çöhrəsi kinayəli bir gülüşlə işıqlandı. Onun almanlara yazığı gəldi: "Bu sadəlövh almanlar kiminlə iş gördüklərini hələ anlamamışlar. Ordunun qərargah rəisi Parakuin... Sən Xəlil paşanın mülayim davranışına aldanma. Bu bir. İkinci alman alayının Bakının işğalında iştirak edəcəyi vədinə də inanma. Türklər Bakıya qədər gedən döyüşlərdə yüzlərlə şəhid vermişlər. Bu torpağın hər qarışına türklərin və azərbaycanlıların qanı axıb. Onlar vətən yolunda canlarından olmuşlar. İndi bu həlledici məqamda erməni zülmündən yetərincə əzab, işgəncə çəkmiş bu xalqın boğazına bir də alman kəndirinimi keçirəcəyik? Sizin iştahınız qılıncdan da itidir. Məni bağışla, cənab Parakuin. Mən əzab çəkmiş bu millətə bir də bu pisliyi edə bilmərəm. Biz 15-ci firqəni fon Kresslə şərtlər əsasında Tiflis dəmiryolu ilə Azərbaycana gətirdik. Amma sizin alman alayının bu torpağa addım atmasını əngəlləyəcəyəm..."

Xəlil paşa iki gün döyüş mövqelərini Nuri paşa və general Şıxlinski ilə gəzdi. Əsgərlərlə görüşdü, söhbət etdi, onların döyüş əhval-ruhiyyəsini qaldırdı. Hər əsgərə bir komandan kimi yox, bir ata qayğısı ilə yanaşdı. Anadoludan gəlmiş bu əsgərlər uzun, məşəqqətli döyüş yolu keçmişdilər. Özlərindən qat- qat üstün olan bir düşməni məğlub etmişdilər. Bu əsgərlər hər cür qayğıya, etimada, sevgiyə layiq idi. Onlar Xəlil paşa üçün vətənin əmanətiydi. Gözləri şövqlə parıldayan, qəlbləri atəş kimi alovlanan, türk əsgərinin adı, şərəfi, bayrağı üçün canından keçməyə hazır olan bu dəliqanlıların hər biri onun üçün əziz idi. Xəlil paşa sanki onların səssiz baxışlarından oxuyurdu: "Komandanım, elə bir döyüş planı hazırlayın ki, düşməni məğlub edə bilək. Həm də bizi qoruyun. Çünki biz vətənə lazımıq".

Xəlil paşanın səmimiyyətindən, qayğısından ruhlanmış əsgərlər heyranlıqla komandana baxır, gözlərində bir ehtiram, bir sevgi alovu şölələnirdi:

- Demək adını eşidib üzünü görmədiyimiz komandan beləymiş...

- Əynindəki paşa uniforması olmasaydı mən onu sıradan bir əsgərə bənzədərdim.

- Bizimlə bir masa arxasında oturdu, çörək kəsdi, əfəndim...

- Belə komandanın yolunda ölümə də gedərəm...

...Xəlil paşa döyüş mövqelərinə yavəri Səlahəddin bəylə təkrar baş çəkdi. Müşahidə durbini ilə qarşıdakı yüksəklikdə mövqe tutmuş düşmən cəbhəyə diqqətlə baxdı. Türk ordusu ilə düşmən ordusu yüksəkliklərdə üz-üzəydi. Qarşı tərəfdə yaxşı yerləşdirilmiş topların lülələri də aydınca seçilirdi və bunlar çox idi. Aşağıda yüksəkliklərin arası ilə dəmiryolu keçirdi. Xəlil paşa düşündü. Sonra yavəri ilə qərargaha tələsdi.

Qərargaha qayıdanda artıq günəş qüruba doğru əyilirdi. Şubanı dağının arxasında batan günəşin son, gözqamaşdıran işığı qaldı. Bu işıqdan göylərin bir tərəfi əvvəl çəhrayı rəngə büründü, sonra yavaş-yavaş göylər qaraldı. Qobuya sentyabr ayının sərinliyinə bükülmüş qaranlıq düşdü.

Qərargahın yerləşdiyi birmərtəbəli evin həyətindən aşağıda görünən dəniz də qaranlıq içində gömgöy rəngini itirdi.

Xəlil paşa yalnız indi yorulduğunu hiss etdi. Ev sahibi əl-ayağa düşüb həyətə qoyulmuş masanı ağacların altına çəkdi. Stulları dövrəsinə yığdı. Ağacların altında qaynayan samovarın köz ətri Xəlil paşanı vurdu. Xoşhallıqla gülümsündü və masanın arxasına keçdi.

Həmzət bəy samovardan süzdüyü çayları masanın üstünə qoydu:

- Nuri paşa burdadımı, çağırım.

- Burdadı. General Şıxlinski də burdadı. Çağır gəlsinlər. Samovar çayını bir də harda içə bilərik ki? Bu yerlərin çayını çox bəyəndim.

Həmzət əlini sinəsinə qoydu:

- Paşam, hər vaxt qulluğunuzda hazırıq.

Bu anda ağacların arxasından bir sürü qoyun çıxdı. Paşanı həyətdə görüb yeniyetmə oğlan qoyunları geriyə qaytardı.

- Burda qoyun saxlayırsız, Həmzət bəy?

- Paşam, bunlar qurbanlıq qoyunlardır. Bütün Qobu, Güzdək camaatı sizə dualar edir, buraya qurbanlıq gətirirlər. İnşallah, qələbə xəbərini eşidən kimi sizin şərəfinizə qurbanlar kəsəcəyik. Allah bütün əsgərlərimizi qorusun. Bizim analarımızın duası düşmən gülləsinə qalxan olsun, qorusun onları, inşallah.

Bu anda Həmzət bəyin evinin arxasından bir dəstə adam çıxdı. İki- üç qoyunu haylayaraq onlara tərəf gəldilər.

Başına qara yaylıq örtmüş, ağ birçəyi qara yaylığının altından işıq saçan, lakin qəmli gözlərində kədəri gizlədib sevinci biruzə verən nurani qadın adamlardan ayrılıb, Xəlil paşaya yaxınlaşdı. Dinməz-söyləməz, nəmli ala gözləri ilə Xəlil paşanın üzünə baxdı, sonra qara yaylığının altından köhnə "Quran" kitabını çıxardı. Xəlil paşa şaşqın halda qadına baxırdı, birdən-birə öz doğma ocağını, o ocağın ətrini, qoxusunu almış kimi doluxsundu, doğmalarını, əzizlərini xatırladı. Qadının əlindən tutub öpdü və alnına qoydu. Qadın da onun boynunu qucaqladı. Göz yaşlarını saxlamağa çalışırdı. Amma elə bil qaynar bir çeşmənin gözü açılmışdı, qadın bu çeşməni qara yaylığının ucu ilə quruda bilmirdi. Ürək kirimədiyinə görə gözlər də kirimirdi.

Paşa qarşısında olduğunu xatırladı: hüznlü, titrək səslə dedi:

- Allah sizi də, Nuri paşanı da qorusun. Siz göylərdən yenmiş mələksiz. Allah əsgərlərimizi qorusun, - qadın "Quran" kitabını paşanın başı üstündə tutdu və onu kitabın altından keçirdi, səssizcə dualar oxudu, - paşam, dedi, - biz gecə-gündüz yatmadan, dincəlmədən sizə dualar edəcəyik. Bizim dualarımız daim sizinlədir. Düşmənin topuna, gülləsinə qalxan olar, inşallah. Bizim qisasımızı, balalarımızın qisasını alın və Qobuya dönün. Allah qurbanlarımızı qəbul etsin.

Xəlil paşa kövrəldi: "Bizim bu savaşda məğlub olmağa haqqımız yoxdur. Heç haqqımız yoxdur. Yoxsa analar bizi bağışlamaz..."

...Və Xəlil paşa döyüş planına öz təklifini verdi:

- Əsgərlər gecəyarısı döyüşə süngü hücumu ilə başlayacaqlar.

Miralay Parakuin qızğınlıqla etirazını bildirdi:

- Siz məğlubiyyətin əsasını qoyursuz, komandan.

- Türk əsgəri süngü döyüşlərində sınaqdan çıxmış və daim zəfərlər qazanmışdır.

- Siz bizi dinləmədiniz, siz səhv etdiniz, komandan.

- Savaş bir başlasın, kimin haqlı olduğunu görəcəyik, miralay Parakuin.

Alman zabitləri narazılıqla otağı tərk etdilər.

Xəlil paşa qımışdı və birdən-birə ruh yüksəkliyi ilə xəritənin qarşısına keçdi. Üzünü Nuri paşaya və general Şıxlinskiyə tutdu:

- Mənim planım belədir: biz düşmənə kələk gələcəyik. Belə ki, sabah sübhdən başlayaraq qüvvələrimizi Yanardağ tərəfə - Bakının şimal tərəfinə cəmləşdiririk. Söz yox ki, düşmən kəşfiyyatı bizim hər addımımızı izləyir. Onlar bunu həmən fərq edəcəklər. Arası kəsilmədən buraya qüvvə daşındığının görüntüsünü verəcəyik. Düşmən kəşfiyyat dayanmadan məlumatları orduya çatdıracaq və ordu bunu dəyərləndirəcəkdir. "Türklər şimaldan hücum edəcəklər" - deyə onlar da bu istiqamətdə qüvvələrini toplamağa, döyüşə hazırlıq görməyə başlayacaqlar.

- Biz isə hücumu qərb tərəfdən başlayırıq, eləmi, komandanım?- Nuri paşanın üzündə təbəssüm göründü.

- Bu çox incə düşünülmüş plandır, paşam,- general da hücum planını bəyəndi.

Xəlil paşa şövqə gəldi:

- Beləliklə, hücumun bütün ağırlığı 5-ci Qafqaz firqəsinin üzərinə düşəcəkdir. Firqə şəhərin qərb tərəfində dayanıb hücum əmri gözləyəcək. 15- ci Qafqaz firqəsi isə yalnız şimal tərəfdə görüntüsü ilə düşməni aldadacaq. 5-ci Qafqaz firqəsi gecəyarısı düşmən yuxuda ikən qumbara və süngü ilə döyüşə başlayacaq.

Dan yeri ağarana qədər əsgərlərimiz süngü döyüşü ilə Hacı Həsən kəndinin şərq tərəfindən Sarıxaçlı Kilsəsi kəndinə girəcək və buranı işğal edəcəkdir. Dan yeri ağaranda isə artıq bizimkilər düşmənin birinci və ikinci müdafiə xəttini işğal etmiş olacaqlar. Süngü döyüşü dayandırılacaq. Bu zaman 35 topçunun açdığı atəş əsgərlərimizin köməyinə gələcək, onları qoruyacaq və döyüşün davam etməsi üçün şərait yaradacaqdır.

- Yəqin ki, topçularımız 5- ci firqənin sağ cinahını qoruyacaqlar,- Nuri paşa soruşdu.

- Sağ cinah şübhəsiz qorunmalıdır. Yoxsa bu zəif halqadan düşmən istifadə edə bilər, - Xəlil paşa həyəcandan və istidən pörtmüş sifətini quruladı, - Heybət stansiyasında bir zirehli qatarımız var...

- Mən sizi başa düşdüm, paşam,- general dedi,- bu zirehli qatar firqənin sağ cinahını qoruyacaq.

- Burda da yenə düşmənə qarşı hiylə işlədəcəyik. Belə ki, zirehli qatar dayanmadan Qurd qapısı yüksəkliklərini atəşə tutmaqla onların diqqətini özünə çəkəcək. Düşmən bu zaman əsas hədəfdən yayınacaq, qüvvəsini zirehli qatara

yönəldəcək və onu sıradan çıxarmağa çalışacaq. Beləliklə, firqənin sağ cinahı təhlükədən uzaq olacaq. Onu deyim ki, 106- cı və 107-ci Qafqaz alayları firqənin ehtiyatında olacaq və döyüşə qatılmaq əmrini gözləyəcəklər.

Salyan dəstəsi isə Ələt-Buta stansiyasında dayanacaq.

- Bəs 15-ci piyada firqəsi döyüşə haradan qatılacaq? - Nuri paşa səbirsizliklə soruşdu.

- 15-ci Qafqaz piyada firqəsinin əsgərləri şimal tərəfdən hücuma başlayan zaman düşmən də Biləcəri, Balaxanı, Suraxanı , Əhmədli istiqamətində toplardan atəş açacaq. Bununla da düşmənin diqqətini şərq cəbhəsinə yönəldəcək və düşmən qərb cəbhəsindən qüvvələrini çəkmiş olacaq. Biz də elə buradan şəhərə daxil olacağıq.

Nuri paşa razılıqla gülümsündü və komandanın əlini sıxdı:

- Çox ağıllı bir plan düşünmüsünüz, komandanım,- dedi, - Uğurlu olacağına inanıram.

- Mən də təbrik edirəm, paşam- general da Xəlil paşanın əlini sıxdı və soruşdu:

- Maştağa dəstəsi harada yerləşəcək?

- Tofiq bəyin azərbaycanlılardan ibarət könüllü dəstəsi Maştağa, Zihni bəyin süvari dəstəsi isə Əhmədli tərəfdən hücum edəcək.

- Hər kəsə uğurlar olsun.

Lakin kimsə, yatmağa, dincəlməyə tələsmədi. Döyüşqabağı yuxular ərşə çəkilirdi...

***

...Üzü ağ tənziflə sarınmış əsgər Mələyin yuxularına gəlirdi. Əllərini uzadıb Mələyin əllərindən tutmaq, nəsə demək, danışmaq istəyirdi... Yuxuda yaralı əsgəri hərdən ağappaq duman içində də görürdü. Mələk əllərini onun əllərinə, üzünə, gözlərinə toxundurmaq istəyirdi. Amma çən-duman içində olan əsgər yaxın gələ bilmirdi. Ağ duman sanki əsgəri ağ mələfəyə büküb qeybə çəkilirdi. Mələyin ürəyi qüssədən, kədərdən sıxıntı içində çırpınırdı. Gözlərindən yaş süzə-süzə əllərini ağzına tutub dağı-daşı lərzəyə salan bir səslə qışqırmaq istəyirdi:

- Ey, əsgər, sən kimsən?

Əsgərin səsi qalın dumanın arxasından yağış səsinə bənzər həzin bir səda ilə gəlirdi:

"- Kimliyimi neynirsən? Əsgərəm.

- Hər halda bir adın, soyadın vardır...

- Unutmuşam. Amma əsgər olmağım yadımdadı.

- Bəlkə sən Əlisən?

- Bəlkə də.

- Əli olduğuna... şübhən var?

- Onu da bilmirəm.

- Mən Mələyəm. Bu ad tanış gəlir sənə?

- Bu dünya mələklərlə doludu.

- Amma Əlinin bir Mələyi vardı.

- Mən o Əli deyiləm. Əgər olsaydım sənin adını, səsini eşidən kimi qəlbimin çırpıntısından duyardım.

- Əli...

- Gözlə onu, Mələk. Harda olsa gəlib tapacaq səni".

Amma yaralı əsgər Mələyin yuxularının içindən çıxıb getmirdi. Bəlkə də ona görə ki, bütün günü gözü yoldaydı, fikri, ağlı, düşüncəsi, qəlbi yaralı əsgərdən əl çəkmirdi...

Mələk palatadan çıxdı. Yaralılar çox idi. Hələ üstəlik yüngül yaralıları ətraf kəndlərdə evlərdə də yerləşdirmişdilər. Camaat onlara öz övladı kimi qayğı, məhəbbət göstərirdi.

Xəstəxananın olduğu Güzdək kəndi Bakının yaxınlığındaydı. Toplardan atəş açılanda xəstəxananın köhnə divarları silkələnirdi. Top qəlpələri həyətdəki ağacları yaralamışdı. Bəzisi kökündən çıxıb böyrüüstə düşmüşdü, yerində dərin çuxur yaranmışdı. Bəzilərinin isə qol-budaqlarını qarsalayıb yandırmışdı. Sanki bu ağaclar da savaşdan çıxmışdılar. Savaşın ilk qoxusunu, ilk zərbəsini bu qollu-budaqlı ağaclar almışdı.

Mələk yorğun halda top mərmisinin ikiyə böldüyü ağac kötüyünün üstündə oturdu. Dirsəklərini dizlərinə söykəyib üzünü ovuclarının içinə aldı. Kələ-kötür kənd yollarına baxdı. Yollar kimsəsiz və sakit idi. Bu yollar ancaq gecələr qələbəlik olurdu. Çünki silah-sursat, ərzaq və su daşıyan arabalar ancaq gecələr yola çıxa bilirdi. Ona görə ki, düşmən kəşfiyyat təyyarələri gündüzlər göz açmağa aman vermirdi. Və araba təkərlərinin cırıltısı gecələrin sükutunu pozaraq buraya bir savaş havası gətirirdi.

Mələyin içinə düşmüş qordan sanki ocaq alışdı. savaş qurtaracaq. O, da Əlisiz Gəncəyə qayıdacaq. Sevgisiz, duyğusuz bir həyata başlayacaq... Bu hissin təsirindənmi, qəm-kədərin sıxıntısındanmı, içində qəflətən baş qaldıran burulğanın şiddətindənmi sanki qeybdən qulağına səs gəldi. Bircə anlıq ona elə gəldi ki, Əlinin səsini eşidir. Çətinliklə ayağa qalxdı. Səs gələn tərəfə qaçmaq, yüyürmək istədi. Amma ayaqları bir-birinə dolaşdı. Ürəyi elə hövlə çırpındı ki, bu çırpıntının zərbindən dizləri əsdi.

- Mələk, ay Mələk... Hardasan?

Şəfqət bacısıydı.

- Nə olub, Nubar? Hava almağa çıxdım. Ürəyim sıxılırdı.

Nübarın gözlərinin içi gülürdü:

- Ay qız, səhərdən hamı səni axtarır. Palataları bir- birinə vurmuşuq. Elə bil quş olub göyə uçdun.

- Ürəyimi partlatma, de görək.

- Bir əsgər gəlmişdi. Ucaboy, yaraşıqlı bir türk zabiti idi. Səni soruşdu. Çox həyəcanlıydı.

- Getdi?

- Getdi.

Mələk divara söykəndi, gözlərini yumdu. Ürəyinin çırpıntısı söz soruşmağa imkan vermədi.

- Ay qız, ürəyin gedər birdən. Qaçım dərman gətirim,- Nubar onun avazımış sifətini görüb əl- ayağa düşdü.

- Lazım deyil. Keçəcək. Niyə gözləmədi?

- Komandandan yarım saatlığına icazə almışdı. Qaçaraq getdi.

- Heç olmasa məktub qoyardı...

Nubar Mələyin ağaran, qızaran sifətini, yaşla dolan gözlərini, titrəyən əllərini süzüb çəkinə- çəkinə dedi:

- Deyirsən yəni, Əlidi?

- Əlidi.

- Amma onun yaralı olduğunu özüm gördüm . Bombardman zamanı da şəhid oldu. Bu gözlərimlə gördüm. Mən onun üçün nə qədər göz yaşı tökdüm. Başa düşürsən?

- Müharibədə belə şeylər çox olur. Əli sağdı. O, gəlib sağ olduğunu çatdırdı, getdi. İnşallah, savaş qurtarar, görüşərsiz, Mələk.

Sonra Nubar Mələyin başını sinəsinə sıxdı. Sevincdən gözlərindən axan İsti göz yaşı sanki yağış kimi içinə dolmuş qara buludları dağıtdı...

General Denstervilin qərargahı dənizdə “Prezident Kryuger” gəmisində yerləşsə də o, şəhərdəki qərargahda idi. Qərargah qaynaşırdı. İngilislər təşviş içindəydi: Bakıya türklərin hücumu gözlənilirdi. Lakin haradan? Qərb cəbhəsindənmi, yoxsa Şimal cəbhəsindən? İngilis kəşfiyyatı bir-birinə zidd olan məlumatlar gətirirdi.

General Denstervil daha əvvəlki kimi hökmüran olduğunu gözə çapdırmırdı. Türklər bu özündən müştəbeh generalın qürurunu sındırmış, onun içinə biruzə vermək istəmədiyi qorxu və vahimə salmışdılar... General əndişə və təşviş içindəydi. Bir an da olsa bu yerlərdə dayanmaq istəməzdi...

General saatlarla otağına qapılır, divar boyu vurulmuş Bakı şəhərinin xəritəsi önündə dayanır, düşünürdü. Amma bu dəfə Balaxanıdakı, Bibiheybətdəki neft buruqlarına doyumsuz iştahla baxa bilmirdi. Lakin bu döyumsuz iştah ac canavarın ağzı yağlı tikəyə çatmayan iştahı kimi təhlükəliydi: "Son anda neft dolu çənləri, buruqları, mədənləri yandırmaq, Bakını gur bir məşələ çevirmək lazımdır. Qoy Bakı yanıb kül olsun. Təki türklərə heç nə qalmasın..." General qəflətən əlini xəritədən çəkdi: ona elə gəldi ki, bu anda neft səltənəti tərəfdən üstünə saysız- hesabsız güllələr yağdı, toplar od püskürdü.

General ruhdan düşmüş halda xəritədən aralandı, masanın arxasına keçdi. Qəzəb, kin xəncər kimi içini doğradı, sanki daxildən gələn bir səs onun əsəblərini yerindən oynatdı: türklərin bu savaşda cəmi üç min əsgəri var, sizin - cənab Denstervil , on min əsgəriniz...

Polkovnik Keyvort gəldi. O, da qaşqabaqlı, ruhən düşgün və pərişandı. General onu gözaltı süzdü və könülsüz halda soruşdu;

- Təzə məlumat varmı, polkovnik?

- Məlumatlar var, general. Amma mən bilmirəm, bu məlumatların hansına inanaq. Biz türklərin şəhərin hansı səmtindən hücum edəcəyini müəyyənləşdirə bilmirik.

- Türk ordusundan qaçmış bir ərəb dedi ki, türklər qərb cəbhəsindən hücum edəcəklər.

- Bizim kəşfiyyat isə bu hücumun şimal cəbhəsindən olacağı fikrindədir. Çünki kəşfiyyatın məlumatına görə buraya gecə-gündüz canlı qüvvə, silah-sursat daşınır.

General yenidən xəritənin qarşısına keçdi. Şəhəri mühasirədə saxlayan ingilis qoşunlarının mövqeləri işarələrlə qeyd olunmuşdu. General çubuğu bu işarələrin üzərində gəzdirərək dedi:

- Gördüyün kimi, polkovnik, biz şəhəri mühasirədə saxlamışıq. Yalnız şəhərin üzünə dəniz yolu açıqdır. Türklər isə gəmiləri olmadığına görə dənizdən istifadə edə bilmirlər. Şəhərə girmək üçün iki yol var: qərb və şimal. Mən düşmənin şimal cəbhəsindən hücum edəcəyini təxmin edirəm. Buna görə də əsas qüvvələrimizi Heybət-Biləcəri-Balaxanı tərəfdə cəmləşdirməyi və düşməni burada qarşılamağı düşünürəm.

Süvarilər Zığda toplansınlar və döyüş əmri gözləsinlər.

Denstervilin səsində bir inamsızlıq və ümidsizlik vardı. Bakı "Sentrokaspi" hökuməti və ingilislər tərəfindən möhkəm qorunurdu. Birlikdə müdafiə planı hazırlanmışdı: ordunun sol cinahına Veqsurab, sağ cinahına Kazarov komandanlıq edəcəkdi. Məntəqələr ingilis və erməni qoşunları arasında bölünmüşdü. Hacı Həsən kəndindən Biləcəriyə qədər olan məsafə kazakların nəzarəti altındaydı. İngilislər isə Biləcəridən Dərnəgülə qədər olan cəbhə xəttində yerləşmişdi.

Müdafiə mövqelərində ingilis və erməni qoşunları döyüş vəziyyətinə gətirilmişdi. General Dokuçayev "Sentrokaspi" ordusunun, polkovnik Keyvort isə ingilis ordusunun başındaydı.

Denstervil bütün hazırlıqlara baxmayaraq mütləq məğlubiyyətin ağrısını indidən yaşayırdı və bu ağrı, ruh düşgünlüyü sanki onun bütün hissiyatını, qürur və şərəfini iflic etmişdi.

Gözlərini key-key Keyvorta zillədi və birdən yuxudan ayılmış kimi oldu: "Bakının sərvətini daşımaq lazımdır. Banklar, zənginlərin yaşadıqları möhtəşəm evlər, qızıl mağazaları. Onların hamısını talan etmək və dayanmadan gəmilərə daşımaq lazımdır. Üstəlik neft mədənləri....Yox, yox nefti daşımağa qüvvəmiz çatmaz. Amma fabriklərin, zavodların qiymətli avadanlıqlarını söküb aparmaq lazımdır. Elə bu saat Keyvorta tapşırıq verim..."

Amma Denstervil polkovnikə başqa söz dedi:

- Keyvort, əhalidən əsgər yığımına başlayın.

- Bəlkə türklər bu gecə hücum etdi, general? Bu qısa müddətdə əsgərmi yığılar?

- Küçələrdə, məhəllələrdə, kəndlərdə xəstə, əlil, əlsiz, ayaqsız- rastınıza kim çıxsa acımadan maşınlara doldurun və cəbhəyə yola salın.

- Əlil adamlar bizim nəyimizə lazımdı, general?

- İrəlidə onlar düzlənəcək. Əsgərlərimizi güllədən qoruyacaqlar. Əmri yerinə yetir.

- Baş üstə, general.

Denstervil Keyvortla bərabər özü də qərargahdan çıxdı. Nədənsə, şəhərin talan edilməsini daha inanılmış adamlarına tapşırmaq istəyirdi.

Yazıçı Güllü MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə