Kökdən gələn bütövlük Kazım Abdullayev – 65

(Portret cizgiləri)

Eşidəndə ki, tanınmış aktyor Kazım Avdullayevin 65 yaşı tamam olur, fikirləşdim ki, “ay Tanrı illər nə tez gəlib keçdi?..”.

Doğrudan da həyat bir göz qırpımında gəlib keçir, amma bizim demək olar ki, heç nədən xəbərimiz olmur… İstəsək də, istəməsək də bununla barışmalıyıq. Amma xoş o adamın halına ki, həyatını mənalı, insanlara gərək olan kimi yaşayır... Maraqlı tarixə baxın ki, Kazım Abdullayevin keçdiyi həmin bu mənalı yolu da Beynəlxalq teatr günündə - 27 mart tarixində kino lenti kimi beynimdən keçirtdim…

…Onunla bizim tanışlığımızın, dostluğumuzun uzun tarixçəsi var. Bu tanışlıq, dostluq hələ ali məktəb illərindən başlayıb və artıq 50 ilə yaxındır ki, bir yol gedirik. Çox maraqlı, çətin və dəfələrlə sınanmış mənalı bir yol. Bu illər ərzində mən Kazım Ənvər oğlu Abdullayevi hər əməlində pak, təmiz və dosta sədaqətli görmüşəm. O, bütöv insandır. Bunu yaxın dostum olduğuna görə demirəm. Bu həqiqətən də belədi. Ona görə də aktyor kimi oynadığı hər bir rolu da bütöv və dolğundur. Mən bu illərdə görmüşəm ki, Kazım hansı işdən yapışıbsa, çalışıb o işi layiqinjə və yüksək səviyyədə yerinə yetirsin. İlk növbədə mən onu oynadığı rollarda öz işinə can yandıran, böyük zəhəmət çəkən, özünü istdedadının, səhnə üçün lazım olan uca boyunun, mənalı fikirlər ifadə eləyən iri gözlərinin, nurani sifət cizgilərinin arxasında gizlətməyən, oynadığı rol üçün böyük zəhmət çəkən, “yoruldum” deməyərək işlədiyinin, səhnədə həmin rolu obraz səviyyəsinə qaldırmaq üçün ciddi-cəhtlə çalışdığının həmişə şahidi olmuşam. O, həyatı boyu yalnız özünə, öz istedadına, zəhmətinə inanıb və özünə güvənib.

Kazım həddindən artıq sadə, ürəyi yumuşaq, pak, həttə öz düşməninə belə kin saxlamağı bacarmayan böyük insandır.

Dahi şairmiz Əfzələddin Xaqaninin məhz bu sözlərini bütövlükdə Kazım Abdullaeevə aid etmək olar.

İstəsən güzgü tək saf olsun ürək,
Sinədən on şeyi atasan gərək.
Haram, qiybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk.

Əlbəttə, insan üçün bu naqis on cəhətin Kazımda olmaması da kökdən, ailədən gəlir. Bu bütövlüyü həmişə onların ailəsində, valideyinlərində də görmüşəm.
O, Bakının Balaxanı qəsəbəsində 1953-cü ilin aprel ayının 6- da anadan olub. Atası Ənvər kişini həmişə biz, Kazımın dostları cavanlıq illərindən özümüzə ağsaqqal, böyük bilmişik. Onun ağıllı məsləhətlərinə, müdrik fikirlərinə diqqətlə qulaq asmışıq. Özü böyük zəhmətkeş, öz zəhməti ilə uşqlarını dolandıran rəhmətlik Ənvər kişi lap körpə yaşlarından övladlarına da zəhmətkeş, xeyirxah, mərd, Vətənə layiq olmağı öyrədib. Hətta övladlarının dostlarına da yaxşı nəsihətələr verib. Mən və rəhmətlik Şahmar Qəribli dəfələrlə onun məsləhətlərini, nəsihətlərini özümüzçün əxz eləyib, həyatda tətbiq etmişik və həmişə də xeyrini görmüşük.
Kazım orta məktəbi bitirən kimi, 17 yaşında Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə daxil olub. Özü də SSRİ Xalq Artisti, Azərbaycan teatrında öz məktəbini yaratmış, uzun illər Akademik Milli Dram Teatra rəhbərlik etmiş Adil İsgəndərovun sinifinə. Deməli, ailədə aldığı tərbiyənin davamını Kazım, tələbəlik illərində böyük şəxsiyyət, böyük rejissor və böyük teatr xadimi Adil İsgəndərovdan alıb. İndi özünüz fikirləşin. Həyat və teatr tərbiyəsini belə iki müdrik şəxiyyətdən, xeyirxah insanlardan alan necə ola bilərdi? Belə insanda kin-küdurət, paxıllıq, qısqanclıq, pis əməl necə ola bilər? Bax buna görə də Kazım, özünün bütöv xarakterinə, heç kimə həsəd aparmadığına görə sənət aləmində uğurla irəliləyib. Həm aktyor yoldaşalırının, həm də rejissorların sevimlisi olub.

Tale elə gətirib ki, biz, ali məktəb illərindən sonra onunla birlikdə 1976-cı ildən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışıq. O, yanvar ayından, mən isə fevral ayından. Yataqxanada bir otaqda qalmışıq, rəhmətlik Şahmar Qəribli, Kazım və mən. Həm də çoxlu tamaşalarda tərəf müqabili olmuşuq. Sonra mən rejissor kimi fəaliyyətə başlayanda teatrda ilk işlərimdən biri olan, quruluş verdiyim Camal Yusifzadənin “Səhər qatarı” tamaşasında Kazım Abdullayev Manaf rolunda böyük uğurla çıxış edib. Artıq peşəkar rejissor kimi işlədiyim dövrdə Georgi Xuqayevin “Varlı ev” faciəsində Beçir, Akif Həsənoğlunun “Yanmış evin nağılı” əsərində Həmid, müəllifi mən özüm olduğum “Şah İsmayıl” tarixi faciəsində Dədə bəy rollarında çox uğarla çıxış etməsini gördükdə dostumin bir aktyor kimi peşəkarlığına, roldan-rola inkişafına çox sevinmişəm. Məhz buna görə də onunla bağlı dünya klassiklərinin bir neçə pyesini repertuara salmağı planlaşdırmışam. Hətta Ulyam Şekspirin «Korialan» pyesini Azərbaycan dilinə məhz Kazım Abdullayevə görə tərsümə etdirmişəm. Amma həmin vaxtı bu tamaşanın quruluşuna böyük pul lazım olduğundan və Azərbaycan Mədəniyyət Nazirliyi bu tamaşanı hazırlımıqçün dövlət sifarişi kimi teatrımıza pul ayırmıdığına görə bu arzumuz reallaşmayıb…

Ümumiyyətlə Sumqayıt teatrında işlədiyi iyirmi il müddətində otuzdan artıq rollarda oynayıb Kazım Abdullayev. Həm də oynadığı rollar da bir-birinə bənzəməyib. Bir-birinin təkrarı olmayıb. O, dramatik rolu da, komik, faciəvi, qrotesk formalı rolları da çox məharətlə, peşəkarlıqla ifa edib. Yəni Kazım Abdullayev elə bir aktyordur, elə bir səhnə ustasıdır ki, onunçün janr və amplua söhbəti yoxdur. Təsəvvür edin ki, o, bu gün Cəfər Cabbarlının “Oktay Eloğlu” tamaşasında çox dramatik, romantik rol olan Oqtayı oynayır, sabah Şamo Arifin “Qınamayın məni” tamaşasında kişilik mücəssəməsi Kəlbi Kəhər olur, o biri gün isə bu rolların tam əksi olan Anarın “Adamın adamı” səhnə əsərində Fağır Bağırı oynayır. Sonra isə Ağalar İdrisoğlunun “Şah İsmayıl” tamaşasında sərkərdə, qoşun başçısı Dədə bəy olur. Bax belə məqamlarda aktyorun roldan-rola başqalaşmasını, dolğun obrazlar yaratmasını həm tərəf müqabilləri, həm rejissorlar və həm də tamaşaçılar çox aydın görür və aktyoru demək olar ki, oynadığı hər epizodda alqışlayırdılar. Əlbəttə, bu ustalıq da təkcə aktyorun fitri istedadından yox, həm də böyük zəhmətkeşliyindən, rejissorlara diqqətlə qulaq asmasından, özündən razı olmamasından, daim öz üzərində işləməsindən və peşəkarlığından irəli gəlirdi.

Artıq 1989-cu ildən mən Hüseyn Ərəblinski adına Smuqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik etdiyim vaxtlarda Kazım Abdullayev teatrın aparıcı aktyoru idi və rejissorlar məhz onun oynaması üçün, ona uyğun əsərlər seçib, repertuara daxil etdirirdilər. Həm bu tamaşalarda Kazım Abdullayev bir akytor kimi püxtələşir, həm teatrın repertuarı maraqlı əsərlərlə zəngin olur və həm də onun oyununa baxmaqçün tamaşaçılar teatra tez-tez gəlirdilər. Çünki Kazım Abdullayev Sumqayıt tamaşaçılarının ən sevimli aktyorlarından biri idi. Onun özünün çoxlu tamaşaçıları vardı. Hətta onun elə tamaşaçıları vardı ki, Kazımın oynadığı rolların sözlərni əzbər bilirdilər. Məgər bu, elə aktyorun böyük qələbəsi demək deyilmi?

Yadımdadır ki, Kazım Abdullayev Akif Həsənoğlunun mənim quruluşumda “Yanmış evin nağılı” tamaşasında Həmid obrazında çıxış edən vaxt, daş ürəkli tamaşaçı belə onun istirablarına, sarsıntılarına kövrəlirdi. Bu tamaşa, həmin vaxtı məmləkətimizdə Qarabağ müharibəsinə həsr olunan ilk peşəkar səhnə əsəri idi. Və burada ermənilərin böyük hiyləsinin qurbanı olan Həmidin həyat yoldaşı və qızları, gavurlar tərəfindən evdə yandırılmışdı. Həmid, axşam erməni kəndlərinə yaxın olan kəndlərini dostları ilə gavurlardan qoruyub, səhər evə qayadanda və bu faciə ilə rastlaşanda, aktyor bu səhnəni elə böyük məharətlə yaradırdı ki, tamaşaçılar elə bil heç nəfəslərini də dərmədən onun oyununa, hər bir hərəkətinə tamaşa edir, monoloqunu dinləyir və həyat yoldaşının, qızlarının surəti ilə danışmasına böyük üzüntülərlə, göz yaşları ilə tamaşa edirdilər. Bu epizodlarda hətta kişilərin tamaşaçı zalında nesə hönkürtü ilə ağlamasının mən dəfələrlə şahidi olurdum. Sonra Həmid özünü toparlayıb, düşməndən intiqam almaq üçün döyüşə atılanda, hamı onu alqışlayırdı. O vaxt bu tamaşa respublika teatrları arasında Sumqayıt Dövlət Musiqili-Dram Teatrları aktyorları tərəfindən oynanılan Qarabağ müharibəsi ilə bağlı Azərbaycan teatr tarixində ilk peşəkar səhnə əsəri olduğundan və yüksək peşəkarlıqla hazırlandığına görə Mədəniyyət Nazirliyinin pul mükafatına və Osman Mirzəyev adına respublika mükafatına layiq görülmüşdü. Əlbəttə, baş rolun ifaçısı Kazım Abdullayevin bu tamaşada zəhməti daha çox böyük idi.
Beləliklə, roldan- rola başqalaşma Kazımın oynadığı hər tamaşada çox aydın görünürdü. O, Hüseyn Cavidin “ Afət” tamaşasında Ərtoğrulun faciəsini, Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” tamaşasında Şadinin maymaqlığını, Mövlud Süleymanlının “Dəyirman” tamaşasında Qızıl oğlanın kef- damaqda olmasını, Cəfər Cabbarlının “Almaz” tamaşasında Fuadın meşşanlığını, Abdulla Şaiqin “Bir saatlıq xəlifə” tamaşasında Harun Ər-Rəşidin özündən razılığını böyük ustalıqla tamaşaçılara göstərə bilirdi. O, bu rolların hər birini obraz səviyyəsinə qaldırmaqla tamaşaçı məhəbbəti qazanırdı. Ona görə də teatr mütəxəssisləri Kazım Abdullayevin oynadığı hər bir rolu yüksək qiymətləndirir və akytorun peşəkarlığından, sənətkar ustalığından razı qalırdılar. Bu haqda respublika mətbuatında da maraqlı ressenziyalar yazılırdı. Bu da teatrın rəhbəri kimi məni Kazım Abdullayevin daha çox inkişaf etməsinə görə və yaxşı rollar oynaması üçün dərindən düşünməyə vadər edirdi. Çünki teatr məhz belə aktyorların çiynində dayanırdı. Tarix boyu o teatr qazanıb ki, teatr rəhbəri aktyorların inkişafını fikirləşib. Repertuarı çox vaxt belə aktyorlara və zamanın tələbinə uyğun qurub.

Kazım Abdullayev Bakı şəhərində yaşadığına görə və hər gün Bakıdan Sumqayıta gəlib-getmək onu usandırdığından artıq 1996-cı ilin yanvar ayından taleyini Bakı Bələdiyyə Teatrı ilə bağladı. Əlbəttə, mən onun Sumqayıt teatrından getməsinə çox heyfislənsəm də onun bəzi arqumentləri qarşısında aciz idim. Çünki Kazım da məhz mərkəzdə, paytaxtda daha çox inkişaf edəcəyini, ailəsinin maliyyə problemlərni orada daha yaxşı həll edə biləcəyini fikirləşirdi…

Səkkiz il Bakı Bələdiyyə Teatrında işlədiyi müddətdə on beşdən artıq rollarda çıxış etdi Kazım Abaullayev. Bu rollar da demək olar ki, hamısı ya əsas baş qəhramanlar, ya da bir-birindən maraqlı xarakterik aparıcı rollar oldu. Təsəvvür edin aktyor Jan Anuyun “Medeya” tamaşasında Yazon kimi ağır, xarakterik bir rolldan sonra, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində bic, tülək Şeyx Əhmədi ondan da məharətlə oynayırdı. Nəriman Nərimanovun “Nadir Şah” tamaşasında Şah Təhmasiblə, Altay Məmmədovun “Dəli Domrul” əsərindəki Dəli Dondar arasındakı fərq isə tamam başqadır. Maraqlıdır ki, bu rolların heç birində Kazım Abdullayevin həyatdakı xarakterindən əsər- əlamət belə yoxdur. Yəni Kazımı həyatda tanıyanlar onun bu rollarda başqalaşmasına heyrət edirdilər. Ümumiyyətlə həyatda çox mülayim təbiətli insane olan Kazım Abdullayev səhnədə və eləcə də oynadığı kinofilmlərdə, televiziya filmlərində, televiziya tamaşalarında elə ustalıqla başqalaşır ki, onun oyununa baxmaq tamaşaçı üçün çox maraqlı olur. Hətta dublyaj etdiyi rolların xarakterini dəqiq bildiyindən sözlə xarakteri elə dolğun ifa edir ki, elə bil həmin aktyor özu Azərbaycan dilində danışır.
Bax bütün bu ustalığına və böyük aktyor olduğuna görə Kazım Abdullayev 2002-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əməkdar Artist fəxri adına layiq görüləndə, bu fəxri adı almasına təkcə onun dostları yox, həm də onunla işləyən rejissorlar, tərəf müqabili olan sənət yoldaşları və ən əsası isə onu 1976- cı ildən səhnədə izləyən tamaşaçılar da çox sevinirdilər. Hətta onun telefonunu bilməyən çoxlu tamaşaçılar bizimlə, yəni onun dostları ilə görüşəndə öz təşəkkürlərini, təbriklərini bizim vasitəmizlə Kazım Abdullayevə çatdırırdılar, ya da mobil telefon nömrəsini alıb özləri zəng vururdular. Bax budur aktyorun böyüklüyü. Bax budur aktyora tamaşaçı sevgisi. Aktyora bundan da böyük mükafat olarmı?

2005-ci ildən Kazım Abdullayevin səhnə taleyində yeni bir yol açıldı. Onu Azərbaycan Akademik Milli Dram Teatrına dəvət etdilər. Dostumuzun bu inkişafına biz də çox sevindik. Onu bu yeni işində, akademik sənət ocağında işləməsinə görə təbrik etdik. Doğrudur başqa teatrlardan bu sənət ocağına gələn aktyorların, rejissorların çoxu burada böyük uğurlar qazana bilmir. Çünki ansambıla uyuşmaq, bu teatrın ənənələrinə öyrəşmək çətin olur. Dünya teatr praktikasında belə işlər çox olub. Bir teatrda çox perspektivli aktyor, ya da rejissor olan sənətkarlar başqa teatrlarda özlərini layiqincə doğrulda bilməyiblər. Amma Kazım Abdullayev bu teatrdakı elə ilk çıxışında Akademik Milli Dram Teatrın kollektivinə qaynayıb - qarışdı. Bu tamaşa Gəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Hacı Bəxşəli rolu idi. Elə həmin vaxtdan da Kazım Abdullayev teatrın rejissorlarının da diqqətini cəlb elədi. Ona bir-birindən maraqlı rollar tapşırıldı. Mən də bu illərdə onu izləmişəm. Oynadığı tamaşalardan- İsmayıl Şıxlının “Ölüləri qəbirstanlıqda bastırın”da Şəmistan Ağa, Əli Əmirlinin “Mesenat”ında Fətəli bəy, Murtuza Muxtarov, Millerin “Körpüdən mənzərə”də Albert, Elçinin “Teleskop”unda Cənab Mikayıl, İlyas Əfəndiyevin “Hökümdar və qızı”ında İbrahim xan, Saqarelinin “Xanuma”sında Makar, Kuinin “Şorgöz deputat”ında Mehmanxana müdiri və başqa onlarca rolları bir- birindən maraqlı və dolğundur. Artıq bu teatrda işlədiyi on üç il müddətindən otuzdan çox tamaşada bir-birindən maraqlı və biri o birini təkrarlamayan obrazlar yaradıb dostumuz.

Axırıncı beş ildə onun oynadığı İlyas Əfəndiyevin “Qarabağnamə”sində İbrahim xan, Hüseynbala Mirələmovun “Gəncə qapiları” nda Cavad xan, Hüseyn Cavidin “Əmir Teymur” unda Şair Kirmani, Saqarellinin “Xanuma”sında Makar, Cəfər Cabbarlının “Almaz”ında İbad, Cəlil Məmədquluzadənin “Ölülər”ində Haci Həsən aga, Əli Əmirlinin “Şah Qacar”ında Əlibəy rolları aktyorun böyük ustalığından, yüksək sənətkarlığından xəbər verir.

Həm də bu illərdə onun işi təkcə teatrla bitməyib. Axırıncı 30 illik yaradıcılığında Kazım Abdullayev on beşdən çox kinofilmdə, ondan artıq televiziya filmlərində və televiziya tamaşalarında çəkilib.

Çəkildiyi son kinofilmlər- “Seçilən” də Zori Babayan, “ Nar bagı”nda Manaf kişi, Almaniyanın istehsalı olan “Absurdstan” filmində Çoban, Almaniyanın istehsalı olan kinofilm “Məhəbbət sərgüzəştləri”ndə Ata rolları tamaşaçıların daha çox xoşuna gəlib. Azərbaycan Televiziya seriallarında “ Bir ailəm var” serialında Kamran, “ Dəfnə agaci” serialında Əkbər, “Məryəm” serialında Vidadi müəllim mənə elə gəlir ki, Kazım Abdullayevin ifasında daha bitkin obrazlardır. Ona görə də tamaşaçılar onu bu rollarda çox sevirlər. Onun son vaxtlar çəkildiyi Rus seriallarinda - “ Brak po zaveşaniyu”da Mamed, “Orujiya”da Haci, “Mı obyavlyayem vam voynu” da Nəzər də maraqlı obrazlardır.

O, təkcə teatrda yox, həm Sumqayıtda və həm də Bakıda çoxlu dövlət tədbirlərində maraqlı, yadda qalan çıxışlar edib. O, həm də peşəkar teatr sahəsində çalışdığı 43 il müddətində mindən artıq kinofilmləri Azərbaycan dilinə dublyaj edib. İnanılası olmasa da bu həqiqətdir. Bu da rejissorların ona olan inamından irəli gəlir. Bir aktyorun bu qədər rolları dublyaj etməsi və hər bir əcnəbi rolun xarakterini, düşüncə tərzini, daxili aləmini Azərbaycan dilində tamaşaçıya dolğunluqla çatdırması yalnız ustad sənətkarlara qismət olur. Bu həm də aktyordan böyük zəhmət, yuxusuz gecələr, böyük peşəkarlıq tələb edir. Bəli. Mən fəxrlə deyə bilərəm ki, dostum Kazım Abdullayev bu gün Azərbaycan teatr və kino sənətində artıq fitri istedadı və böyük zəhməti nəticəsində ustad sənətkar olub. O, artıq elə bir sənətkardır ki, onun özünün öz yolu, öz dəsti-xətti var. O, öz yradıcılığı ilə heç bir aktyoru təkrar etmədən öz məktəbini yaratmağa çalışır. İnanıram ki, bir vaxt gələcək Kazım Abdullayev öz məktəbini yaratmış sənətkar kimi Azərbaycan teatr tarixində qalacaq.

Kazım Abdullayev 43 illik yaradıcılığında çoxlu mükafatlar alıb. Son vaxtlar isə bu mükafatlara iki sanballı mükafat da əlavə olub. Bu, Cəfər Cabbarlının “ Almaz” tamaşasindaki İbad roluna görə “Cəfər Cabbarli” adina mükafat və Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalıdır.

Aprel ayının 6-da 65 yaşı tamam olacaq Kazım Abdullayevlə yubileyi ərəfəsində görüşdük. Aktyor kimi yeni rollar oynamağa daha böyük həvəsi olan Kazım Abdullayev axır vaxtlar Akademik Milli Dram Teatrda gedən işlər barəsində belə dedi:

- Xalq artisti, ustad rejissor, yaxşı pedaqoq Azər Paşa Nemətovun teatrımıza rəhbərlik etməsi ilə teatrımızda işlər çox yaxşılaşıb. Artıq teatrımızda yüksək yaradıcılıq atmasferi var. Hər kəs öz işi ilə məşğuldur. Onun və başqa rejissorların bir-birindən maraqlı tamaşalara quruluş verməsi də teatrımıza tamaşaçı marağını daha çox artırıb. Ən əsası odur ki, Azər Paşa müəllim istedadlı insanlara lazım olan bütün şəraiti yaradır və cavan rejissorları teatra cəlb edir ki, onlar özlərini rejissor kimi sübut eləsinlər. Bundan da yaxşı nə ola bilər?
Kazım Ənvər oğlu Abdullayev həqiqətən Allah vergisi olan fitri istedadlı, bütöv xarakterli və böyük zəhmətkeş aktyordur.

Zaman gələcək ki, mənim dediyim bu fkirləri teatr və kino tənqidçiləri də deyəcək və yazacaqlar. Qarşıda isə hələ Kazım Abdullayevi bir-birindən maraqlı çoxlu rollar gözlyir. Sənət aləmində çalışanlarçün 65 yaş elə də böyük bir rəqəm deyil. Çünki teatr və kino tarixində elə hadisələr baş verib ki, bu yaşda olan sənətkarlar öz yaradıcılıqları ilə böyük möcüzələr yaradıblar. Biz də Kazım Abdullayevdən bundan sonra sənət aləmində daha böyük möcüzələr gözləyirik. İnanırıq ki, belə də olacaq. Axı mənim dostum belə böyük ustalığa, peşəkarlığa qadir sənəkardır.

Kazım Abdullayevi tamaşaçılar artıq çoxdan Xalq artisti bilir və onu elə də görürlər. Çünki bu fəxri ada o, çoxdan layiqdir. Yəqin ki, yüksək rütbəli məmurlar da bu həqiqəti tezliklə reallaşdıracaqlar.

Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə