O, duyğulu könüllər üçün Allah vergisi idi (Elegiya)

Şahmar Qəriblinin 2018-ci ilin fevral ayının 16-da dünyasını dəyişməsini qardaşı Elman mənə xəbər verəndə çox sarsıldım. Əlim heç yana çata bilmədi və heç onun dəfninə də gedə bilmədim. Çünki özüm də həmin vaxtı Sumqayıtdakı 1 Nömrəli Xəstəxanada idim və ciddi müalicə olunurdum. Şahmar da Bakıda xəstəxanada yatdığına görə fevral ayının 13-də qardaşı Elmana zəng vurub demişdim ki, mənim adımdan onun ad gününü təbrik eləsin. Üç gün sonra isə bu ağır xəbəri eşitmək mənə çox pis təsir elədi... Yaman sarsıldım...

Cəmi 66 il, 3 gün ömür sürən tanınmış aktyor-rejissor, maraqlı yazıçı, tamaşaçıların sevimlisi, adını Azərbaycan teatr və kino sənətinə yazmış Şahmar Qəriblinin keşməkeşli həyat yolunun düz 47 ili mənim gözlərim qarşısından keçib. Xəstəxanada olduğum müddətdə bütün bu ağlı-qaralı, acılı-şirinli, keşməkeşli illər kino lenti kimi gözlərim qarşısından keçdi...

Yadıma saldım 1971-ci ilin iyun ayını. O vaxt biz Mirzə ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə imtahan verirdik. Şahmar orta məktəbdən sonra sənədələrini bu ali məktəbə vermişdi, mən isə ordu sıralarından yenicə qayıtmışdım. Həmin il aktyorluq fakültəsinə cəmi 26 nəfər tələbə qəbul olunacaqdı, amma bir yerə 30 nəfərdən çox adam sənət vermişdi. İlk sənət imtahanları çox çətin keçirdi. Çünki imtahan götürən tanınmış sənətkarlar, Azərbaycan teatr və kino sənətinin korifeyləri Rza Təhmasib, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqaları hər bir müdavimi çox ciddi formada sorğu-suala tutur, ondan daha çox şeylər soruşurdular. Həm də o ilki qəbul böyük eksperiment idi. Belə ki, institutun tarixində ilk dəfə idi ki, dram və kino aktyoru kursları yığılırdı. Yəni qəbul olanlar həm teatr və həm də kino sahəsində çalışa biləcəkdilər. Onlara həm teatr və həm də kino sənətinin bütün sirrləri birlikdə öyrədiləcəkdi. Ona görə də həmin il bu ali məktəbə qəbul olmaqçün daha çox adam sənət vermişdi. Yuxarıda dediyim kimi imtahanlar da çox ciddi keçirdi. Burada yalnız və yalnız istedada, biliyə qiymət verilirdi. Tanışlıq, qohumluq, pul rol oynamırdı.
Biz, Şahmarla elə imtahanların gedişi vaxtı tanış olduq. Məlum oldu ki, o, Kürdəmir rayonunda 1952-ci ilin fevral ayının 13-də anadan olub. Şahmarda teatr və kino sənətinə maraq hələ orta məktəbdə oxuduğu zaman olub. Məktəbin və rayonun dram dərnəyində bir neçə səhnəciklərdə, tamaşalarda da oynayıb. Elə ilk tanışlığımızdan da onun daxilində böyük yumor hissinin və hazırcavablığının şahidi oldum. Belə ki, o, danışdığı ən kiçik bir məsələni, söhbəti elə maraqlı lövhələrlə, obrazlı ifadələrlə deyirdi ki, ətrafında olanlar istər-istəməz ona maraqla qulaq asırdılar. Bu da əlbəttə, onda olan Allah vergisindən irəli gəlirdi. Şahmar sənət imtahanlarının hamısından “5” qiymətlər aldı. O biri imtahanları da uğurla verdi.

Həmin il hər kimiz ali məktəbə qəbul olduq. Şahmar Adil İsgəndərovun, mən isə Mehdi Məmmədovun sinifinə. Bizim sənət dərslərimiz ayrı keçsə də qalan bütün dərslərimiz bir yerdə keçirdi. Sənət imtahanları vaxtı isə bir-birimizin hazırladığı sözsüz, sözlü etüdlərə, tamaşalardan parçalara, tamaşalara baxırdıq və bir-birimizin işlərinə, oynadığı rollara obyektiv qiymət verirdik. Rəhmətlik Adil İsgəndərov da Şahmarın gələcəkdə maraqlı aktyor ola biləcəyini elə kurs yoldaşlarının yanında deyir və onun öz üzərində daha ciddi işləməsini dönə-dönə tapşırırdı. Aktyor sənətinin sirrlərini də ona dərindən öyrədirdi. Şahmar Qəribli artıq ikinci kursada oxuyandan Azərbaycan Dövlət Televiziyası ilə əməkdaşlıq eləyirdi. Orada həm ədəbi-dram verlişlərində və həm də estrada verilişlərində maraqlı rollara çəklirdi və həm də bəzi verilişlərin aparıcısı da olurdu. Beləcə o, hələ tələbə olan vaxt artıq aktyor kimi tanınmağa başladı. Hətta artıq tamaşaçılar onu küçədə görəndə maraqla sorğu-suala tuturdular. Ondan aftoqraf alırdılar. Biz də tələbə yoldaşımızın bu uğuruna, papulyarlığına sevinirdik.

Beləcə dörd illik təhsilimizi başa vurandan sonra ali təhsilli aktyorlar kimi biz, təyinatla Şəki Dövlət Dram Teatrını yaratmağa getdik. Amma altı aydan sonra Sumqayıt Dövlət Dram Teatrının dəvəti ilə hər ikimiz Sumqayıta işləməyə gəldik. 1976-cı ilin yanvar ayının sonundan burada işə başladıq. Mərkəzi Domna Peçlərinin Təmiri müəssisəsinin yataqxanasında bizə bir otaq verdilər və bizi Sumqayıta daimi qeydiyyata götürdülər. Biz, artıq Şahmarla həmin otaqda bir yerdə qaldıq. Bir qazandan çörək yedik. Aramızda heç vaxt umu-küsü olmadı. Bir-birimizi yarım sözdən başa düşürdük. Mən ondan iki yaş böyük olduğuma görə, mənə həmişə böyük qardaş kimi hörmət eləyirdi. Verdiyim məsləhətlərə də qulaq asırdı. Artıq mən onun, o isə mənim valideyinlərim, qardaşlarım ilə tanış olmuşdu. Yataqxanada bir yerdə qalmağımız bizim dostluğumuzu daha da möhkəmlətdi.

Şahmarın Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi ilk işi İsgəndər Coşqunun “Komsomol poeması” pyesində ( Səməd Vurğunun eyni adlı poeması əsasında) və Xalq artisti Vaqif Şərifovun quruluşunda bu tamaşadakı Şahsuvar rolu oldu. O, bu rolu çox maraqla oynadı və teatr rəhbərliyinin, kollektivin, tamaşaçıların rəğbətini qazandı. 1976-cı ilin dekabr ayında Şahmar Qəribli ordu sıralarına çağrıldı. Əsgərlik elədiyi ilk ayda, andişmə mərasiminə bir neçə gün qalmış dediyinə görə hərbi hissədə qəzaya düşüb. İş zamanı üztünə böyük dəmir-beton pilitə düşdüyünə görə onu ağır vəziyyətdə xəsətəxanaya çatdırıblar. Orada həkimlərin böyük səyi nəticəsində onu həyata qaytarıblar. Üç il o, hərbi hospitalda müalicə almışdı. Onu tam sağaltsalar da, hətta dünya səviyyəli həmyerlimiz, məşhur həkim-travmatoloq Yelizarov onun müalicəsi ilə özü məşğul olsa da amma ayağının birini tam sağalda bilməmişdilər... 1980-ci ildə Azərbaycana qayıdan Şahmarı Sumqayıt teatrının rəhbərliyi yenidən aktyor ştatına işə götürdü. Üç il teatrdan ayrı düşməsinə görə səhnə üçün çox darıxdığından o, daha böyük ciddiyəti ilə, cavabdehliklə tamaşalarda bir-birindən maraqlı rollar oynadı. Oynadığı bu rollar da təkcə tamaşaçılar tərəfindən yox, həm də teatr mütəxəssisləri tərəfindən böyük əks-səda yaratdı. Bu rollardan- “Dost əli”də Həmid, “Adamın adamı”nda Fağır Bağır, “Bütün Şərq bilsin”də Jandarm, “Dəyirman”da Temir müəllim, “Bayramın birinci günü”ndə Rüstəm, “İtirilmiş məktub”da Sərxoş vətəndaş, “Müfəttişdə”də Qumarbaz, “Diribaş adamlar”da Aristarx onun ifasında daha maraqla qarşılanırdı. Həmin vaxtı mən də Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda ( indiki Beynəlxalq Teatr Sənəti Akademiyası) rejissorluq təhsili aldığıma görə teatrda rejissor kimi tamaşalar hazırlayırdım. İlk işlərimdən biri olan Camal Yusifzadənin “Səhər qatarı” tamaşasında baş qəhərəman rolu olan Kərim rolunu Şahmara vermişdim. Şahmar Qəribli çox xarakterik olan bu rolu obraz səviyyəsinə qaldırdı və tamaşaçıların, mütəxəssislərin böyük hörmətini qazandı. Həyatda bir-birimizi yarım sözdən başa düşdüyümüzə görə bu tamaşanın məşqlərində də Şahmar mənim ondan bu rol üçün nə istədiyimiz tez başa düşür və aktyor kimi mən istədiyimdən də çox iş göstərirdi. Bu rolu uğurlu oynaması Şahmara qarşı teatrda rejissorların marağını daha da artırdı...

1989-cu ildən mən artıq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik eləməyə başladım. Həmin vaxtı Şahmar Qəriblinin də rejissorluğa həvəsi olduğunu görüb, bir neçə tamaşaya quruluş verməsinə şərait yaratdım. Tələbəlik illərindən bilirdim ki, Şahmar həm də maraqlı şeirlər, səhnəciklər, ssenarilər, pyeslər yazır. Onun səhnəcikləri və ssenariləri həmin vaxtı Azərbaycan Dövlət Televiziyasında hazırlanırdı və şeirləri qəzetlərdə çap olunurdu. Ona görə də şərait yaratdım ki, onun özünün yazdığı “Gəlin açıq danışaq” və “Sehirli açar” pyeslərinə teatrda quruluş versin. Hər iki tamaşa da maraqlı alındı. Tamaşaçıların bu tamaşalara marağı çox oldu.

1991-ci ildə mənim ideyam və təşkilatçılığımla Sumqayıt Dövlət Dram Teatrının janrı dəyişdirilib, Musiqili-Dram Teatrı oldu. Teatra əlavə 80 ştat verildi. Bu teatrda musiqili tamaşalar hazırlamaqda Şahmar da mənə yaxından köməklik elədi. Bundan sonra Şahmarın istedadı daha da parladı. Çünki onun yaxşı musiqi duyumu və çox lirik, ürəyə yatımlı səs tembri vardı. Hər bir mahnını da peşəkar müğənnilər səviyyəsində ifa eləyirdi.

Hazırladığı tamaşalara peşəkar quruluş verdiyini görüb, 1992-ci ildə Şahmar Qəriblini teatrın öz hesabına iki illik rejissorluq kursunda təhsil almaq üçün Moskvaya göndərdim. O, iki il məşhur rejissor və ustad pedaqoq Leonid Yefimoviç Xeyfitsin kursunda təhsil aldı. Xeyfitsin sevimli tələbələrindən biri oldu. Şahmar diplom tamaşası kimi Sumqayıt Dövlət Musiqili-Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına çox maraqlı quruluş verdi. Tamaşanı qəbul eləməkçün Moskvadan gələn mütəxəssislərin də bu tamaşa xoşlarına gəldi. Azərbaycan mətbuatı bu tamaşa haqqında maraqlı ressenziyalar yazdı.

Bu tamaşanın ardınca Şahmar teatrımızda Akif Həsənoğlunun “Dəfn”, Feyruz Məmmədovun “Anasının gül balası”, Əvəz Mahmud Lələdağın “Qorxaq” və eləcə də özünün yazdığı “Gülməyəsən neynəyəsən”, “Dünyanın qurtaracağındakı ev” tamaşalarına da quruluş verdi. Bu tamaşaların da hamısı bir-birindən maraqlı idi. Sonra biz onunla birlikdə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” pyesi və Jan Keverin “Xacə Şah” romanı əsasında Çingiz Ələsgərovun səhnələşdirdiyi “Ağa Məhəmməd Şah Qacar” adlı tamaşa hazırladıq. Bu tamaşa da çox yüskək qarşılandı.

Mən istəyirdim ki, Şahmarla birlikdə Sumqayıt teatrının nəzdində Estrada Teatrı açım. Çünki onda estra janrına maraq çox böyük idi. Özü də bu janrda çoxlu səhnəciklər və monoloqlar yazmışdı. Mənim Sumqayıt Dövlət Musiqili-Dram Teatrından işdən çıxıb Dağıstana işləməyə getməyim bizim planlarımızı yarımçıq qoydu. Sonra Şahmar Qəribli də teatrdan çıxıb, taleyini Lider Televiziyası ilə bağladı. O, səkkiz il orada işlədi. Bu müddətdə 19 bədii və sənədli filmlər çəkdi. Bu filmlərin də hamısı respublika istimaiyyəti tərəfindən maraqla qarşılandı. Hətta o, unudulan, yaddan çıxan sənətkarları belə ekran həyatına gətirib, əbədi yaşatdı. Çəkdiyi filmlər isə özünün peşəkarlığı ilə seçildi. Bunlardan- “Ağ dünya”, “Özümüz”, “Pirlər”, “Ötən əsrdən gələn adam”, “Öxu tar”, “Yastı balaban”, “Udun nağılı”, “Həsrətli gözlərin rəngi”, “Mirzə Cəlil-ömrün qürub çağı”, “Həmidə xanım Cavanşir” və başqaları təkcə Lider Televiziyasının yox, Azərbaycan televiziyasının tarixinə yazıldı. Şahmar televiziyada rejissor işlədiyi müddətdə aktyorluq sənətini də davam etdirdi. Quruluş verdiyi həmin filmlərin çoxunda özü də çəkildi. Eləcə də başqa bədii filmlərdə də rol aldı. Həmin vaxtı on üç bədii filmdə maraqlı rollar oynadı Şahmar. Bunlardan- “Fəryad”da Boris, “Yay gününün xəzan yarpaqları”nda Müavin, “Qəzəlxan”da Şair, “Fatehlərin divanı”nda Şaman, “Hökmdarın taleyi”ndə İrəvan vəziri, “Seçim”də Professor, “Qraf Kistovski”də Yunan, “Hüseyn Cavid”də Abdulla Şaiq, “Dolu”da Mühasib və başqaları onun ifasında bir-birindən maraqlı rollar, obrazlar idi.

Şahmar Qəribli yenidən taleyini Sumqayıt Dövlət Musiqili-Dram Teatrı ilə bağladı. Burada quruluşçu rejissor kimi Marat Haqverdiyevin “Məhəbbət yaşa baxmır” tamaşasına özünə məxsus maraqlı quruluş verdi.Yenə də Şahmar tamaşaçıların, teatr mütəxəssislərinin sevimlisi oldu...

Ömrünün 47 ilini aktyor və rejissor kimi teatr və kino sənətinə bağlayan Şahmar Qəribli bu sahələrdə gözəl mütəxəssis olduğunu sübut eləmişdi. O, teatr və kino sənətində tarixə düşən işlər gördü. Amma onun bu sənəti yüksək rütbəli məmurlar tərəfindən əfsus ki, layiqincə qiymətləndirilmədı. Xalqın sevimli aktyoru və rejissoru olan Şahmar Qəribliyə nə Əməkdar artist, nə də Xalq artisti fəxri adları verlimədi. Baxmayaraq ki, hər dəfə respublikanın sənətkarlarına ad veriləndə biz siyahıda Şahmarın adını da görmək istəsək də əfsus ki, bunu görmürdük. Ona qarşı haqsızlıq və biganəlik də çox kövrək insan olan Şahmar Qəribliyə pis təsir eləyirdi. O, özünü tox tutsa da mən onun yaxın dostu kimi bu incikliyi duyurdum və görürdüm. Hətta onunla bağlı yazdığım və 2010-cu ilin 26 may tarixində “Azad Azərbaycan” qəzetində çap olunan “Fitri istedadlı sənətkar” portret cizgiləri yazımdan sonra fikirləşirdim ki, yaddan çıxan Şahmar Qəribli hökmən yada düşəcək və ona fəxri ad veriləcək. Amma əfsus ki, bu səkkiz ildə o, yenə də yaddan çıxdı...

Son vaxtlar Şahmar Qəribli öz tərcüməsində Qulgerrme Fiqeyredonun “Ezop” faciəsi üzərində işləyirdi. Bu əsərə quruluş verməyi planlaşdırıdı. Ezop rolunu da özü oynamaq istəyirdi. Bu tamaşa ilə elə bil ki, o, illərlə özünə qarşı olan haqsızlıqları səhnədə göstərmək istəyirdi...

Ona qarşı uzun illər olan haqsızlığa mərdanəliklə sinə gərən Şahmar Qəribli ömrünün axırıncı illərində yazıçı kimi özünü bədii yaradıcılığa daha çox həsr elədi. O, bir-birindən maraqlı pyeslər, hekayələr, şeirlər yazdı. Onun yazdığı “Kəfən pulu”, “Biri var idi, biri yox idi”, “Allah xeyir versin” hekayələri, “Xoşbəxt adamlar və yaxud əvvəla salam”, “Dünyanın qurtaracağındakı evimiz”, “Gəlin açıq danışaq” pyesləri, “Yuxun çin olsun” kino-ssenarisi, Yusif Vəzir Çəmənzəminlinin “Bir qəpik”, “Polis patronu” və “Ağsaqqal” hekayərəli əsasında yazdığı “Bir gün” kino-ssenarisi, yenə də Yusif Vəzir Çəmənzəminlinin “Sərhəd məsələsi” hekayəsi əsasında yazdığı “Hikkə” kino-ssenarisi mənim daha çox xoşuma gəlir. İnanıram ki, bu pyeslər əsasında tamaşalar hazırlansa və ssenarilər əsasında kinofilmlər çəkilsə Azərbaycan incəsənəti bununla çox şeylər qazanar. Onu da vurğulayım ki, Şahmar, Yusif Vəzir Çəmənzəminli yaradıcılığını çox sevirdi və belə böyük yazıçının Azərbaycanda niyə təbliğ olunmamasına həmişə təəssüflənirdi. Elə bil ki, Yusif Vəzir Çəmənzəminli ilə Şahmar Qəriblinin taleyində də bir oxşarlıq vardı. Biri dünyasını dəyişəndən sonra, o birisi isə hələ sağ ikən yaddan çıxmışdı. Yəqin elə buna görə də Şahmar, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirini tez-tez deyiridi. Şeirdə olan bu sətirləri isə bir neçə dəfə təkrar eləyirdi:

Ay adamlar, bir arzum var, qoyun deyim,
Sağlığında qiymət verin insanlara...
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

Sonra susub uzaqlara baxır və yəqin ki, həyatı boyu ona olan haqsızlıqlar, onun əməyini unudan, vaxtında qiymət verməyən mədəniyyət sahəsinə rəhbərlik eləyən məmurlar yadına düşürdü... O, istəsə də, istəməsə də bu taleyi ilə barışırdı... Çünki denyanı bürüyən bu haqsızlığın, hegemonluğun qarşısında bizim gücsüz olduğumuzu tam başa düşürdü...
Əziz qardaşım!
Sənə səkkis il bundan qabaq həsr elədiyim “Fitri istedadlı sənətkar” portret cizgiləri yazımda belə sətirlər yazmışdım: “Dostum, mən bilirəm ki, sən heç vaxt fəxri ad ardınca qaçan sənətkar olmayıbsan. Hətta bu gün çoxlu fəxri ad alanlar var ki, sənin sənətkarlığının yanında deletantdır. Hətta özləri bəzən utanıb fəxri adları olduğunu sənin yanında dilinə gətirmirlər. Onu da bil ki, tarixdə fəxri ad yox, sənət və sənətkar yaşayır. Bu, əsrlər boyu təsdiq olunmuş bir həqiqətdir. Sən də özünün bənzərsiz sənətinlə, Allah vergisi olan istedadınla adını Azərbaycan teatr və kino sənətinə layiqincə yazıbsan”.
Bəli, əziz qardaşım! Zaman gələcək ki, sən bir sənətkar kimi tez-tez yada düşəcəksən. Televizorda, kino teatrlarda sən oynadığın kino filmlər göstəriləndə. Teatrla bağlı söhbətlər olanda...
Necə ki, mart ayının 10-da Azərbaycan peşəkar teatrının yaranmasının 145 illiyi oldu və bütün dostlar, tanışlar həmin gün xoş xatirələrlə səni yad elədilər. Mart ayının 14-də isə sənin uzun illər işlədiyin Sumqayıt Dövlət Dram Teatrının yarandığı gündür. Belə ki, 1969-cu ildə bu teatrın ilk tamaşası olan Mirzə Fətəli Axundzadənin yazdığı “Müsyo Jordan və Dərvişi Məstəli şah” tamaşasını oynadığı tarixi gün. Həmin gün də həmkarların tərəfindən yad olundun. Biz, Sumqayıt teatrında işləyən vaxt uzun illər həmin günü teatrın bayramı kimi yüksək səviyyədə qeyd eləmişik.
Taleyin hökmünə bax ki, sənin dünyanı dəyişməyinin 40-cı günü, yəni mart ayının 27-də beynəlxalq teatr günüdür. Bax bu da alın yazısıdır, əziz qardaşım.
Əzizim Şahmar!
Sən, bir ata kimi qızın Nərgizin toyunda böyük fəxarət hissi keçirib, çox sevinirdin. Əfsus ki, atanın adını qoyduğun və həmişə “dədə” deyib çağırdığın oğlun Qəribin toy günü görmək sənə qismət olmadı. Nə deyim taleyin yazısına... Amma həmişə ona sevinirdin ki, qızın Nərgiz bu gün Türkiyədə öz istedadı ilə tanınan cavan şairələrdən biridir. Oğlun Qərib Qəribli isə çox istedadlı portret rəssamıdır və bu gün Türkiyədə onun çəkdiyi rəsm əsərləri yaxşı qəbul olunur. Onun gələcəyinə də böyük ümidlə baxılır.
Bu yazını işləyib çapa verdiyim ərəfədə dostumuz, ağsaqqalımız, maraqlı və yüksək təfəkkürlü şair, Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı, mart ayının 6-da 80 yaşı tamam olan Əşrəf Veysəlli mənə zəng vurub dedi ki, sənə bir şeir həsr eləyib. O, səni bir aktyor- rejissor kimi çox sevirdi. Hətta sən onu təqlid eləyəndə uşaq təbəssümü ilə ucadan gülür və sənə deyirdi: “ Şahmar, sən hökmən bir aktyorun teatrını yaratmalısan. Bu sahədə sən, daha məşhur olarsan”. Sən də istəyirdin ki, öz teatrını yaradasan. Əfsus ki, bu da sənə qismət olmadı...
Mən, bu elegiyanı Əşrəf Veysəllinin maraqlı şeiri ilə tamamlayıram.

Eşitdim ki, ürəyi susub Şahmar Qəribin,
Gəlib durdu qarşımda gülüşü, zarafatı.
Gözləri bu dünyadan küsüb Şahmar Qəribin,
Necə də solğunlaşıb mənası bu həyatın.

Zarafatla doluydu, hər günü hər saatı,
Yolu sənət yoluydu, gülüş idi həyatı.
Heç bilən də olmadı nəydi dərdi-azarı,
Gül kimi solanların, gül bitirər məzarı.

Eşitdim bu ölümü...
Inanmadım, a Şahmar.
Açan vaxtı olmurmu solub gedən güllərin?
Nə qədər ki, dünyada təbəssüm var, gülüş var,
Ən əziz qonağısan duyğulu könüllərin.

Qəbrin nurla dolsun əziz dostum, qardaşım Şahmar Qəribli.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə