Doğma yurdunu təxəllüsündə yaşadan şair Əşrəf Veysəlli – 80

Əşrəf Veysəlli: “Veysəllidə mənim uşaqlığım əsir götürülüb, burada qocalığım xəcalət çəkir”

Azərbaycanın tanınmış şairlərindən biri, ədəbiyyatımızda öz dəst-xətti olan, Sumqayıtda ədəbiyyatın inkişafında böyük işlər görmüş, çoxlu şairlərin, nasirlərin tanınmasında əvəzsiz xidmətlər göstərən Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı, dəyərli ziyalı Əşrəf Veysəllinin mart ayının 6-da 80 yaşı tamam oldu. Mənim isə Əşrəf müəllimlə tanışlığımın 42 illik bir tarixçəsi var. Bütün bu illərdə onu yalnız sözü, əməli bütöv, xeyirxah, hamıya əlindən gələn köməklikləri eləyən, yaşadığı Sumqayıt şəhərində ədəbiyyat həvəskarlarına, mədəniyyət, incəsənət işçilərinə arxa-dayaq olan görmüşəm. Əşrəf müəllim tale şəhəri olan Sumqayıtla nəfəs alır desəm yanılmaram. Çünki bu şəhərdə görülən hər yaxşı işi illər boyu həmişə təbliğ eləyir və hər bir pis işə görə ürəyi ağrıdığını deyir.
Mart ayının ilk günündə biz onunla həmsöhbət olduq. Onu da vurğulayım ki, bu gün Əşrəf müəllimə 80 yaş vermək olmaz. O, əvvəlki illərdə olduğu kimi yenə də gümrahdır, optimisdir, mübarizdir və özünün maraqlı zarafatlarından, yumorlarından danışdığı söhbətlərdə elə ustalıqla istifadə edir ki, ətrafında olan insanları çox tez bir vaxtda öz təsiri altına sala bilir. Yəqin elə buna görə də Əşrəf Veysəlli iştirak eləyən hər bir tədbir həmişə maraqlı keçir. Əsasən də həmin tədbirin aparıcısı Əşrəf Veysəlli olanda saatlarla hamı ona qulaq asmaq istıyir. Ulu Yaradan ona təkcə şair kimi yox, həm də natiq kimi böyük istedad verib.

- Əşrəf müəllim, artıq 80 yaşa gəlib çatdınız. Bu illərdən keçmişə baxanda əvvəlki illəri necə xatırlayırsınız?
- Çox sağ olun ki, ilin, ayın, günün bu vaxtında, bu vədəsində məni yada salıbsınız. Açığı onu deyim ki, 80 yaş ömrün çox məsuliyyətli yaşıdır. Və elə bir yaşdır ki, hamını səksəndirən yaşdır. Mən də səksənə -səksənə axır ki, səksənə gəlib çıxmışam. Arzu eləyirəm ki, hamı gəlib bu səksən yaşın dadını, ləzzətini görsün. Mən həyatımın keçmiş illərinə nəzər saldıqda görürəm ki, doğrudan da çox çətin, məşəqqətli bir ömür yaşamışam. 1938-ci ilin mart ayının 6-da Füzuli rayonun indi işğal altında olan və gavurlar tərəfindən yerlə-yeksan edilən Yuxarı Veysəlli adlanan kəndində kolxozçu ailəsində dünyaya göz açmışam. Yeddi il öz kəndimizdə oxumuşam. Orta məktəbi isə Füzuli şəhərində bitirmişəm. Sonra ordu sıralarında xidmət eləmişəm. Ordu sıralarında xidmət eləyə-eləyə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə imtahan vermişəm. Ali məktəbə qəbul olduğuma görə 7 ay əvvəl ordu sıralarından tərxis olunmuşam. Taleyim məni şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə aparıb çıxarıb. Bu da ondan irəli gəlirdi ki, mən hələ orta məktəb illərindən Məhəmməd Füzulini çox sevirdim, amma onun yaradıcılığını, şeirlərini tam başa düşə bilmirdim. Çünki onun şeirlərində ərəb-fars sözləri çoxdur. Mən də onun şeirlərini yaxşı başa düşmək üçün şərqşünaslıq fakultəsini seçmişdim. Hələ tələbəlik illərimdə məni istəyirdilər ki, xarici ölkəyə göndərsinlər. Daha doğrusi SSRİ Xarici İşlər Nazirliyinin xarici ticarət şöbəsinə tərcüməçi kimi göndərmək istəyirdilər, atam gəldi ki, mən danışmışam sən ali məktəbi bitirən kimi səni kəndimizdəki kolxoza briqadir qoyacaqlar. Ona görə də heç bir xarici ölkəyə getmə. Çünki atamın gözünün ağı-qarası bircə oğlu mən idim, ona görə də məni gözündən uzağa qoymaq istəmirdi. Onu bir təhər razı salıb, ali məktəbi bitirəndən sonra 1963- cü ildən Sumqayıta işləməyə gəldim. İlk əvvəl 35 nömrəli texniki peşə məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işlədim. Sonra ayrı-ayrı sahələrdə işlədim və axırda da gəlib mədəniyyət sahəsinə çıxdım. Həmin vaxtı Sumqayıt mədəniyyətinə Tamara Həsən qızı Rəsulova rəhbərlik eləyirdi. O, rus dilində şeirlər yazırdı. Dostum, rəhmətlik şair Vaqif İbrahim dedi ki, “Əşrəf müəllim Tamara xanımın bir neçə şeirini Azərbaycan dilinə tərcümə elə səni mədəniyyət sahəsində işə götürsünlər”. Həmin vaxtı da Sumqayıtda mədəniyyətə maraq çox böyük idi. Bu sahədə çalışanları da yaxşı qiymətləndirirdilər. Tərcümə elədim. Bu şeirləri oxuyan Tamara xanım dedi ki, səni hökmən mədəniyyət sahəsinə işə götürürük. Beləliklə, məni Şahmat klubuna direktor vəzifəsinə təyin etdilər. Təsəvvür eləyin ki, mən ömrümdə heç vaxt şahmat oynamamışam, amma Şahmat klubunun direktoru işləməyə başladım. Həmin vaxtı belə bir şeir də yazdım:

Gör məni hayana atdı günlərim,
Nə çalım fəryadı qırıq simlə mən.
Piyada qaldılar artlı günlərim,
Şahmat oynayıram taleyimlə mən.

Beləliklə, taleyimlə şahmat oynaya-oynaya gəlib bu günlərə çıxmışam. (Gülümsünür.)
- Taleyi ilə şahmat oynayan Əşrəf Veysəlli sonra necə oldu ki, Sumqayıtda yenicə yaranan Poeziya klubunun direktoru oldu?
- Həmin vaxtı Sumqayıtda ədəbiyyat həvəskarları həddindən artıq çox idi. Mən özüm də şeirlər yazırdım. Bu şəhərdə çoxlu ədəbiyyat dərnəkləri də fəaliyyət göstərirdi. Ona görə də Azərbaycan Yazıçılar İttifaqının ( indiki Yazıçılar Birliyi) təşəbbüsü və şəhər rəhbərliyinin razılığı ilə Poeziya klubu yarandı. Bu klubun fəxri sədri Xalq şairi Rəsul Rza, sədri Vaqif İbrahim, direktoru mən oldum. Sonra məni Sumqayıt şəhər Mədəniyyət evinin direktoru təyin elədilər. Gördülər ki, təşkilatı işləri yaxşı bacarıram, sonra məni Sumqayıt şəhər Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin sədri seçdilər. Sonra məni Sumqayıt Dövlət Dram Teatrının direktoru təyin etdilər. Düz bir ildən sonra oradan öz ərizəmlə çıxıb, yenidən Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin sədri seçildim. 1992-ci ildə Sumqayıt şəhər Mədəniyyət İdarəsinin rəisi təyin olunmuşam. Bir il sonra yenidən Həmkarlar Komitəsindəki öz işimə qayıtmışam və bu günə qədər də bu sahədə işləyirəm. Bu illərdə başa düşmüşəm ki, mənə ən doğma olan iş, həmkarlar sahəsindəki işim olub. Bura yeganə yerdir ki, heç vaxt xətrimə dəyməyiblər. Mən də burada əlimdən gələn köməklikləri mədəniyyət işçiləri üçün eləməyə çalışıram.
- Bəlkə də elə sizin taleyinizə yazılan ən müqəddəs iş budur. Səmimi etiraf eləyim ki, sizin kimi bəlkə heç kim bu işi belə uğurla görə bilməzdi. Siz mədəniyyət sahəsində incidilən, haqqı tapdalanan çoxlu mədəniyyət işçilərinə əlinizdən gələn köməklikləri eləmisiniz. Şəxsən teatrda aktyor işlədiyim vaxt 1982-ci ildə bölgü ilə qanunu mənə düşən evi teatrın rəhbərliyi götürüb başqasına vermişdi. Amma siz onu məcbur elədiniz ki, iki otaqlı həmin mənzil mənə verilisin. Eləcə də teatrda aktyor işlədiyim vaxt işdən çıxarılanda siz məni Sumqayıt şəhər Mədəniyyət evinə bəddi rəhbər vəzifəsinə götürmüşdünüz. Sonra sizin təşəbbüsünüzlə şəhər rəhbərliyi teatrın direktorunu məcbur elədi ki, məni əvvəlki işimə qaytarsın. Mənim kimi yüzlərlə insan var ki, siz köməklik eləmisiniz. Ona görə də bu şəhərdə hamı sizi haqqın müdafiəçisi adlandırır.
- Çox sağ olun ki, bunları yaddan çıxarmayıbsınız. Mən belə fikirləşirəm ki, insan harada özünü lazımlı işçi kimi görə bilirsə orada da özünü rahat hiss eləyir. Fikirləşirdim ki, mən mədəniyyət evlərində işləyəndə, tez-tez haqları tapdalanan insanlara lazım olan köməkliyi eləyə bilmirəm. Bəlkə elə buna görə də Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinə gəldim. Burada da əsas istiqamət və məqsəd insanların hüququnun qorunması, haqlarının bərpa olunmasıdır. Bütün bu illərdə də çalışmışam ki, bu müqəddəs işi şərəflə görüm. Əgər indiki dövrdə insanların qolundan tuta biliriksə, buğda çörəyimiz olmasa da buğda dilimizlə insanlara təsəlli verə biliriksə, azca da olsa köməklik eləyə biliriksə bu da böyük iş və xoşbəxtlikdir. Belə olanda insan hər gün öz Allahı və öz vicdanı qarşısında rahat hesabat verir ki, bu gün insanlara hansısa köməkliyi eləyib. Ona görə də gərək insan təmiz və yaxşı ömür sürsün. Elə-belə, xala-xətrin qalmasın deyə ömrü ardınca sürüməsin. Səksən il yaşamağım Tanrının mənə verdiyi böyük mükafatdır. Bütün bu illərdə kimlərəsə bir işıqlı yol göstərə bilmişəmsə özümü xoşbəxt hiss eləyə bilərəm.

- Ömrünüzün çox böyük hissəsini mədəniyyət aləminə, həmkarlar təşkilatına sərf eləsəniz də siz təpədən-dırnağa kimi şairsiniz. Yəqin ki, Azərbaycan ədəbiyyatında, ədəbiyyat tarixində elə maraqlı şair kimi də qalacaqsınız. Çünki sizin bu sahədə heç kimi təkrarlamayan öz yolunuz var. Bəs necə olub ki, siz poeziyaya gəlibsiniz?
- Əgər mənim şeirlərimə, yazılarıma az-çox yaxşı münasibət varsa buna yalnız sevinirəm. Mənim poeziyaya gəlişim çox maraqlıdır. Gözümü açandan anamı şair görmüşəm. Baxmayaraq ki, anam savadsız idi, amma sinəsi sözlə doluydu. Anamın söylədiyi bayatılar, qoşmalar, laylalar elə maraqlı idi ki, adamın iliyinə qədər işləyirdi. Anam xəmir yoğura-yoğura bayatılar dediyi vaxt ağlayırdı və onun gözünün yaşı da xəmirə qarışırdı. O, xəmiri şeirlə yoğururdu. Anamın iki qardaşı Böyük Vətən Müharibəsinə getmişdi və heç biri qayıtmamışdı. Bütün günü də onlara həmin bayatılar, laylalar vasitəsi ilə ağı deyirdi. Babam əlindəki çəlik ağaca söykənə-söykənə hər gün bizim evimizdən bir qədər aralıda olan təpəyə gedir və ağlaya-ağlaya ümidlə yollara baxardı ki, bəlkə oğulları müharibədən geri qayıdar. Bax həmin vaxtlar mənim də ürəyimdə, daxilimdə şeirlər yaranırdı. Həmin şeirlərlə babamın portretini yaratmaq istəyirdim. Bax o vaxtlardan da məndə aşıq ədəbiyyatına maraq yarandı. Aşıq Ələsgərin və klassik şairlərimizin şeirlərini oxumağa başladım. Məhəmməd Füzuli ürəyimə daha çox yatdı. Bütün bunlar da məni poeziya aləminə doğmalaşdırdı. Bəzən insanın daxilində elə bir güclü hisslər olur ki, o hissələr gərək ya yumruqla boşaltmalısan, ya gözəl səsin ola mahnı oxuyasan, ya da gərək elə bir vasitə tapasan ki, həmin daxilindəki gücü boşalda biləsən. Mən də daxilimdəki həmin hissləri şeir vasitəsi ilə boşaltmağa başladım. Mənə elə gəlir ki, şeir insan qəlbinin oxuduğu nəğmələrdir. Çünki elə məsələlər, dərdlər, ağrılar var ki, sən onları yazmayanda daxilini parçalayır. Bu məsələlər poeziya vasitəsi ilə yazılanda və onu insanlar oxuyub, orada öz dərdlərini, onları maraqlandıran sualların cavabını tapanda daha maraqlı olur. Beləliklə, məni poeziyaya anamın bayatıları, qoşmaları, laylaları, ağıları gətirib.

- Ömrünün 55 ilini Sumqayıtda yaşayan Əşrəf Veysəlli, gör bu şəhərin neçə-neçə birinciləri ilə təmasda olub. İstəyirəm bir ziyalı, obyektiv insan kimi həmin birincilərə münasibətinizi bildirəsiniz.
- Səmimi deyim ki, onların heç birinə qarşı pis münasibətim yoxdur. Hətta mənə pis olanlara belə yaxşı münasibətim var. Çünki onlar dövrün diktəsi ilə iş görürdülər. Daha-doğrusu yuxarılar nəyi diktə eləyirsə, aşağıdakılar da onu yerinə yetirirlər. Mən birincilərin demək olar ki, hamısından xeyirxahlıq görmüşəm. Sumqayıtın birinci katibi işləyən Şənlik Müslüm oğlu Əliyev vardı. Çox savadlı insan idi. Özü də Moskvada təhsil almışdı və alim idi. Yüksək təfəkkürlü ziyalı və danışdığı sözlərin yerini bilən ağsaqqal idi. Savadlı, bacarıqlı, öz işini bilən insanları da çox sevirdi. Ondan sonra mən ən çox xeyirxahlığı Şakir Zəkəriyyə oğlu Abuşovdan görmüşəm. Baxmayaraq ki, onun vaxtında mən Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən işdən çıxarılmışam, amma ondan çox xeyirxahlıq görmüşəm. Mənim 60 illik yubileyimi də Sumqayıtda böyük təntənə ilə Şakir Abuşov keçirib. İnandırıram sizi, heç bir yaradıcı şəxsin elə yüksək səviyyədə yaradıcılıq gecəsi, yubileyi keçirilməyib. Mənim işdən çıxarılmağımda da Şakir Abuşov dilemma qarşısında qaldı. Çünki həmin vaxtı Surət Hüseynovun qılıncının dalı-qabağı kəsən vaxtı idi. Onun təkidi ilə də mən işdən çıxarıldım.

- Bəs necə olmuşdu ki, siz Mədəniyyət İdarəsinin rəisi olmuşdunuz?
- Mən sanatoriyada üç gün idi ki, müalicə alırdım. Bəylərin hakimiyyətdə olduğu vaxt idi. Xəbər göndərdilər ki, səni Sumqayıt şəhərinin İcra Hakimiyyətinin başçısı Yusif Sevdimalıyev çağırır. Gəlib onunla görüşdüm. Dedi ki, sizi Mədəniyyət İdarəsinin rəisi təyin etmək istəyirik. Beləliklə, məni bu idarəyə rəis təyin etdilər. Yusif Sevdimalıyev işdən gedən kimi məni də onun kadrı kimi işdən çıxardılar. Mən azdan-çoxdan Sumqayıtda tanınmış adamam. İşdən çıxan vaxtı bir cavan jurnalist yaxınlaşdı ki, “sizi niyə işdən çıxardılar?” İsrarla bir neçə dəfə bu sualı verdi. Mən də məcbur olub dedim ki, Şakir müəllim çox yaxşı ədəbiyyat müəllimidi. Həm də maraqlı şeirlər yazır. Baxıb gördü ki, onun adı ilə mənim adım həmqafiyə deyil, ona görə də məni işdən çıxarıb, öz adına həmqafiyə olan Zakiri həmin vəzifəyə qoydu- Şakir-Zakir. Sonra soruşdu ki, “indi burdan çıxıb hara gedirsiniz?” Dedim ki, Zakirin yanından çıxmışam, gedirəm Şakirin yanına, sonra Nasirin yanına gedəcəm, hələ bir imkan olsa Xıdırla da görüşəcəm. ( Hər ikimiz gülürük.) Amma Şakir Abuşovun bir mərdliyini də deyim. Mən artıq yenə də Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin sədri işləyirdim. Həmin vaxtı da bizim təşkilatla Mədəniyyət İdarəsi bir binada idi. Həyətdə gəzirdim. Bu vaxt gördüm ki, Şakir müəllim xidməti maşınında gəldi ora. Maşından düşüb mənimlə görüşdü. Sonra da qoluma girib, soruşdu: “ Burdadı?” Başa düşdüm ki, Mədəniyyət İdarəsinin rəisi Zakir Kərəmovu soruşur. Dedim ki, buradadır. Məni gətirdi Zakir Kərəmovun yanına. Zakir tez ayağa durub onunla görüşdü və onlar üz-üzə əyləşdilər. Şakir müəllim məni də yayında oturtdu və Zakirə dedi:
- Zakir, yadındamı bir çemodan pulla gəldin yanıma ki, səni Mədəniyyət İdarəsinin rəisi qoyum?
- Bəli yadımdadır,- deyə Zakir bildirdi.
- Səndən pul götürdüm?
- Xeyir götürmədiniz.
- Bax, həmin pulu xərcləyərsən bu ağsaqqala,- deyib Şakir müəllim əlini mənim çiynimə qoydu.
- Başa düşdün?
- Bəli, başa düşdüm.
Bundan sonra Zakir Kərəmovun da mənə münasibəti tam dəyişdi. Həmin vaxtı uşaqlarımın heç biri işləmirdi. Siz oğlum Rövşəni Sumqayıt Dövlər Musiqili-Dram Teatrına icraçı rəssam işinə götürdünüz. Indi Rövşən yaxşı rəssamdır. Həmişə də sizi xoş təəssüratla xatırlayır.
Şakir Abuşovdan sonra Təvəkgül Məmmədov Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı oldu. Onun da mənə münasibəti çox yaxşı oldu. O biri uşaqlarımın da işə götürülməsinə Təvəkgül müəllim köməklik elədi. Ağır vaxtlarda qolumdan yapışdı. Nə imkanı oldusa mənə köməklik elədi. Təvəkgül Məmmədovdan sonra Vaqif Əliyev Sumqayıta rəhbərlik elədi. Onun da mənə münasibəti yaxşı oldu. Onun vaxtında Əməkdar mədəniyyət işçisi fəxri adını aldım. Ondan sonra gələn Eldar Əzizovla hüç cürə dil tapa bilmədik. Sonra da bu şəhəri və insanlarını daha yaxşı tanıyan, ziyalıları dəyərləndirməyi bacaran, Sumqayıt şəhərini bayraq kimi göylərə qaldıran Zakir Fərəcov gəldi. Onun sayəsində də Sumqayıt cəmi üç il yarımda ağlasığmaz dərəcədə gözəlləşdi. Bu bir daha göstərdi ki, kadrdan çox şey asılıdır. Bir vaxtlar ermənilər əllərində bayraq eləyib dünyaya car çəkdirdilər ki, Sumqayıtda vəhşilər yaşayır. Amma Zakir Fərəcov həmin ermənilərə sübut elədi ki, Sumqayıtda əsl xeyirxah, ağıllı insanlar yaşayır. Sumqayıtın yeni dənizkənarı bulvarı İspaniyada keçirilən 90 ölkənin iştirak etdiyi müsabiqədə birinci yeri tutdu. Fransada, Parisdə, ermənilərin çox olduğu yerdə də müsabiqədə 60 ölkə arasında Sumqayır bulvarı birinci dərəcəli diplom aldı. Ona görə də ermənilərə demək istəyirəm ki, bizə nə qədər qara yaxsanız da bu məkirli fikirlərinizi qəbul eləyən olmayacaq. Çünki Azərbaycan xalqı quran, yaradan, qədirbilən, igid xalqdır. Heç cürə ağlıma sığışdıra bilmirəm ki, biz Şuşa kimi bir şəhəri ermənilərə vermişik. Bu şəhəri geri qaytarmasaq, bizim yer üzündə yaşamağa haqqımız yoxdur. Ona görə də mən inanıram ki, 2016-cı ilin aprel döyüşləri bizim gələcək qələbələrimizin bel sütunu oldu. Bir daha sübut olundu ki, Azərbaycan xalqı heç vaxt Lələtəpəni, Talış yüksəkliyini başının altına yastıq kimi qoymayacaq. Tezliklə öz torpaqlarını- Şuşanı və başqalarını geri qaytarıb, dədə-baba yurdumuz olan İrəvanı, Zəgəzuru, Göycəni və başqa yerlərimizi də hökmən geri qaytaracağıq. Qisas qiyamətə qalmayacaq.

- Söhbət işğal altında olan torpaqlarımızdan düşdü. Sizin bu gün təxəllüsünüzdə yaşayan Veysəlli kəndi də düşmən tapdağı altındadır. Həmin yerləri xatırlayırsınızmı?

- Çox kövrək məqamlara toxundunuz. Həmin yerlər heç vaxt mənim yadımdan çıxmaz. Bunlar bizim qan yaddaşımızdır. Onlar yaddan çıxsa onda bizim qanımız yoxdur. Əvvəllər Veysəllini və kəndin qocalarını tez-tez yuxuda görürdüm. Amma indi səmimi etiraf eləyim ki, gec-gec yuxumda görürəm. Mənim bir əmim vardı- Şəfi əmim. O, 22 il kolxozun sədri olub. Belə deyirlər ki, ölümündən bir gün qabaq gedib qəbirstanlığa, üzünü tutub orada uyunan dostlarının qəbirlərinə deyib ki, “darıxmayın gəlirəm”. Sonra gəlib evə və səhəri gün dünyasını dəyişib. Elə bil ona agah olub ki, sabah dünyasını dəyişəcək. Mənim də artıq 80 yaşım var və hiss eləyirəm ki, Şəfi əmimin günündəyəm. Atamın qəbri Veysəllidədir və həmin qəbir üçün burnumun ucu göynəyir. Anamın qəbri isə Sumqayıtdadır.

Şair Gülbala Mehdinin belə bir şeiri var. “Veysəlli hardadı, Veysəlli Əşrəf”. Şeirin bir bəndi belədir:

O kəndin adı var, yolu bilinməz,
O “xalq-xalq” qışqırıb xal yığanların,
Xalqın ürəyindən xalı silinməz,
Mən sənə necə verim təsəlli Əşrəf?

Taleyin hökmünə bax ki, mən anamı Gülbala Mehdinin yatdığı qəbirstanlıqda dəfn eləmişəm. Həmin qəbirə atamın da şəklini vurmuşam. Bunlar hamısı ağır dərdlərdir. Onu da deyim ki, Yuxarı Veysəlli Qarabağın ən duyğusal kəndlərindən biridir. Orada həmişə aşıq, söz sənətinə böyük hörmət olub. Orada çox məşhur, böyük sənətkarlar olan aşıqlar olub. Yuxarı Veysəllidən aşıq Şahmurad, aşıq Fərrux, aşıq Cəmil, aşıq Əbdül, aşıq İmran, aşıq Qənbər və başqaları. Bizdə sazəndələrə, tar çalanlara da aşıq deyirdilər. Cəbrayıldan olan məşhur aşıq Humay, aşıq Vəli ilə birlikdə bizim kənddə çoxlu toylar aparıb. Aşıq Vəli də Aşağı Veysəlli kəndindən idi. Vaxt olub ki, Qarabağ toylarda aşıqların iştirak eləməsinə icazəni ağıq Vəli verirmiş. Bizim kəndimiz sənətkarlar, incəsənəti dərindən duyanlar torpağı, toy-düyünlü bir yer olub. Biz cavanlar hamımız həmin toylarda böyük həvəslə rəqs eləyirdik. Hətta qonşu kəndlərdə toy olanda, musiqi gecələri keçiriləndə də bizim kəndin cavanları gedib orada rəqs eləyirdi. Oğlan-qız bir-birinə qarşıb yallı gedirdi. Yəni dünyanın ən gözəl vaxtı idi və kəndimiz işğal olunandan sonra bütün bu gözəlliklər də mənim əlimdən çıxıb. Bizim Ağbaşılı deyilən yerdə Qayabulaq vardı. Mənim 80 yaşım var və çox yerləri də gəzmişəm, amma həmin bulağa bərabər bulaq görməmişəm. Qayabulaq hündür bir qayanın döşündən çıxan buz kimi bir bulaq idi. Orada bir çinar vardı. Babam deyirdi ki, həmin çinar ocaqdır. Qayabulaq da həmin çinarın altından axırdı. Elə bir bulaq, müdrik ağdaqqallarımızın, sinəsi dəftər olan nənələrimizin yurdu olan gözəl məkan əlimizdən gedib. Veysəllidə mənim uşaqlığım əsir götürülüb, burada qocalığım xəcalət çəkir. Gülbala Mehdinin şeirinə mən də cavab verib belə yazmışdım:
Nə sən qocalıbsan, nə mən uşağam,
Niyə tapşırırsan itən qılıncı,
Yola baxa-baxa gələn uşağa.
Bu dərd qaçqın dərdi, sürgün dərdidir,
Bu dərd, dərdimizi dərkin dərdidir.

Körpə balalara qıyma bu dərdi,
Bu dərd özümüzə ərkin dərdidır,
Bu dərd, dərdimizin dərkin dərdidir,
Bu dərd dünya boyda türkün dərdidir,
Uşaq umuduna qoyma bu dərdi.

Bəli, bizim dərdmiz uşaq ümidinə qalan dərd deyil. Biz əgər deyirdiksə Türkiyə ilə Azərbaycan bir millət iki dövlətiksə, amma indi bir millət altı dövlətik. Birləşmiş Millətlər Təşkilatında türk dilində danışan altı dövlət var. Bu birliyi mühafizə eləmək və bu dövlətlərin tam yaxınlığını yaratmaq lazımdır. Onda türkün qarşısında heç kim dayana bilməz.
- Siz səksən illiyinizə maraqlı bir şeir həsr eləyibsiniz. Xahiş edirəm həmin şeiri də bu müsahibənin sonunda çoxminli oxuculara ərmağan edəsiniz.

-Altımışım arxada qalıb, haçandır,
Haçandır gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altımışacandı,
Altımışdan o yana qorxusu yoxdur.

Günlər qanadlanıb uçur, quş olur,
İllərin karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.

Elə ki, təklənir, təklənir insan,
Dərdi batman-batman yüklənir insan.
Deyirlər səksəndə səksənir insan,
Səksəndən o yana qorxusu yoxdur.

Yoxuşun sərtliyi dizi qorxudur,
Baxışın sərtliyi gözü qorxudur.
Doxsana yetməyin özü qorxudur,
Yüzdən o tərəfə qorxusu yoxdur.

Hər gün əsəb, təzyiq, qan qorxusudur,
Ürək ağrısıdı, can qorxusudur.
Bizik bu dünyanın ən qorxulusu,
Bizdən o tərəfə qorxusu yoxdur.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...