66 yaşım - İblisdən bir 6-lıq aşağı

(Xristianlıqda 666 rəqəmi İblisin rəmzi işarəsi sayılır)

Deyirdilər, bəd gətirdi tale kartın,
Əhrimən-Div atıb ox tək yaydan səni.
6 yaşda deyə-gülə oynayardım,
Deyərdilər, aldadıbdı şeytan səni.

Sevincimə yüklədilər illər dərdi,
Sıxıntılı qoşa 6 dairəsi.
Aralıqda 60 illik zaman fərqi,
Üç 6-lıq - Mefistofel işarəsi.

Öd ağızdan gəlir, ürək qısılmaqda,
66... təngiməkdə nəfəs belə.
Arzuların dairəsi qısalmaqda,
Qalmayıbdı yaşamağa həvəs belə.

Öləziyən fəsillərim küləkləyir,
Qasırğalar dörd yanımı qum-toz edir.
Hörmüz baba ümid odu körükləyir,
Şər Əhrimən bədənimi bumbuz edir.

Tilsimliyəm, qandallanıb sanki qolum,
Qısnanmışam ağuşuna fəlakətin.
İntəhasız məchulluqda bitib yolum,
İki 6 çevrəsindən çıxmaq çətin...

Kef durulub, açılıbdı eynim xeyli,
Hörmüz qana çövhər vurur isti-ilıq.
Ancaq bunun Şər ruhlara yoxdu xeyri,
Əhrimənin qəsdi yeni bir 6-lıq.

Boğacaqdı üç 6-nın qəhri məni,
Ancaq Şəri qarsan alov gur ocaqdı.
Yandırmasa idi Hörmüz Əhriməni,
O dünyada bir Şər ruh da artacaqdı.

07.02.2018
Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə