ADİLƏ NƏZƏR
AYB-nin üzvü, Filologiya üzrə fəlsəfə doktoru,
AR Təhsil İnstitutunun aparıcı elmi işçisi.

MƏDƏD, YA HU

Mədəd, Ya Hu, üşüyürəm,
Ətək ver, büküm canımı.
Yalqızlıq oda bürüyür,
Tənhalıq sökür canımı.

Yaşılım saman olur hey,
Göy üzüm duman olur hey,
Hər sözüm aman olur hey,
Dağıdıb tökür canımı.

Cavabla, ya Rəb çağrımı,
Alışdır sönən bağrımı.
Kül etmə, Eşq tək ağrını
Yanğısı çəkir canımı.

Bu dünya deyil eynimə,
Od, alov geydir əynimə.
Qurban verib Sevdiyimə
Eyləyim şükr, canımı.

SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM

Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

Bilmirəm nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox,
Qəlbimin bir bala quşdan fərqi yox,
Dilsiz uşaq kimi ağlar hər axşam.

Yarpağı tökülən ağaclar kimi
Sənin taleyinə yazılan qışam.
Eh, sənə nə var ki, mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

BİR QƏLB İKİ ŞAM

Mən tək-tənha, gecə yetim,
Söz yetimdi, heca yetim.
Bilmirsən ey, necə yetim
Zalım, əllərim-əllərim...

Evim soyuq, hənirim yox,
Eşq sövdadı səmərim yox.
Sarılacaq kəmərim yox...
Üşür, bellərim-bellərim...

Xatirələr hey sayrışır,
Bağrımda min of alışır.
Baxışımda qəm danışır,
Susur dillərim-dillərim...

Gözüm görmür, əlim çatmır,
Çağırıram ünüm yetmir.
Ömür bitir, ümid bitmir,
Uzar yollarım-yollarım...

Tanrım, en bir, telim oxşa,
Bir mənəm, bir qərib axşam.
Ağlar bir qəlb, iki də şam,
Axar sellərim-sellərim...

ARADA ZƏNG ELƏ

Bu payız küləyi yamanca əsdi,
Ayırdı, sevərək ayırdı bizi.
Arada zəng elə susaq doyunca,
Beləcə ovudaq bir-birimizi.

Xəyal et, ən xoşbəxt vaxtlarımızı,
Bir az rahatlıq tap, zamanı əylə.
Nəfəsin dalğa tək vursun ruhuma
Sən də qoşul mənə, anı il eylə.

Birdən içini çək, əlim boşalsın,
Hıçqırım, əfv elə, keç günahımdan.
Bir xoşbəxt gecəni yadına salsın,
Dəli ol, bir anlıq odlu ahımdan.

Dalım dərininə, uzağına get,
Söhbətin sehrinə, marağına get.
Vüsal vadisinin qırağına get,
Səslə dönüm gəlim, həsrətə göndər.

Sükutu uzadaq, saatlar ötsün,
Dərman hesab edək hənirimizi.
Arada zəng elə susaq doyunca,
Beləcə ovudaq bir-birimizi.

ÇƏRŞƏNBƏ YALNIZLIĞI

Yenə bir çərşənbə yalnızlığıdır,
yenə bir ürək qəribliyi...
Ağ buludların arasından düşən gün işığı
ancaq xatirələri canlandırmağa yetir,
səni andırır təbiətdən yayılan ətir.
Əlimi uzatsam tuta bilmərəm,
bilirəm, amma...
and içirəm, müqəddəs nə varsa ona!...
gözlərimi bağlasalar da bilərəm
uzaqdan gələnin sən olduğunu...
təki gəlsən...
Həyat deyilən bu məcburi yolçuluq
sənsiz heç çəkilmir,
torpağı daşlaşıb sol tərəfimin,
ora daha heç bir ümid əkilmir...

Yenə bir çərşənbə yalnızlığıdır,
yenə bir ürək qəribliyi...
Arada səslər duyuram, -
aşağıda daşlar ağlayır, yuxarıda quşlar...
İndi axı heç kimsənin vaxtı yoxdur
belə incə mətləbləri anlaya.
adət edib hamı sanki sevənləri danlaya..
Asfalt yolda boş atılan addımlar,
torpaq yolda yalınqat adamlar...
özün düşün gerisini...
bu Allahsız yağışlar da kəsmək bilmir,
aparıbdı yanağımın dərisini...

Yenə bir çərşənbə yalnızlığıdır,
yenə bir ürək qəribliyi...

***

Bir nəfəslik ömürdə
Min ömürlük xatirə var.
Xatirələrin üstünü
Bəmbəyaz bir örtük qapar...

Ölüm günah yumaq üçün
Bir qab sudur, bir az torpaq.
Təkrar göyərəcək ömür,
Toxum, tumurcuq və yarpaq...

Getmərəm deməyin, əbəs,
Qaldımı bu günə bir kəs?!..
Doğum sözdür, ölümsə səs,
Şeir də bir ovuntudur...

AHIMI

Yuxudu yarı-yarıya
Həyatım, sanki bir röya.
Mələk, çatdır yuxarıya
Aşağıdan hər ahımı.

Bax ki, bu könlümdə nə var,
Bir sevda var, bir zalım yar.
Hər gecə günüm intihar
Edir, duyub kür ahımı.

Ağla, anladım bu dərdi,
Bir vaxt sevənə gülərdim..
Fələyə yüz ömür verdim,
Eşitmədi bir ahımı.

Tanrım, bir də keçir məni,
Götür, yerdən keçir məni..
Keçir, Birdən keçir məni,
Çəkim bir də hürr ahımı.

ULDUZLARIN ALTINDA

Gündüz günəşdə qovrulmuş qızmar daşlar
sərinlədi yalın ayaqlarımda...
Görüb gecə topladı məni ovuclarına Tanrı -
göyün yeddinci qatında, ulduzların altındayam...
Unutdum dilimin ucundakı bütün kəlmələri,
təkcə varlığımın əlifbası Eşq var indi ağlımda.
Bir əlçim buludun üstündə,
ulduzların altındayam...
Dünənimdən sabahıma körpü atdım gecəni,.
vida etdim o pərişan hallara,
bir ovuc həsrətimlə töküldüm vağzallara...
ulduzların altında.
Saydım, vüsalın kəm gəldi,
dinmədikcə söz dəmləndi,
bir az da sinəm nəmləndi
ulduzların altında...
Bir Tanrıya susuram bu şeiri, bir də sənə,
yox olub gedirəm
uzaqlardan bir ümid kimi gülümsəmənə...
Təslim edib ruhumu yağışa, küləyə,
təzələnib misra-misra inləyirəm.
Səsini eşitmək istəyəndə səssizliyi dinləyirəm
ulduzların altında...

ÖZÜNÜ ÖLDÜRMƏ BELƏ

Candı da, hərdən sıxılar,
Özünü öldürmə belə.
İnsan özündən yıxılar,
Özünü öldürmə belə.

Deyirlər dəm gətirər dəm,
Qəm də elə yetirər qəm.
Səbirli ol, a bəxtikəm,
Özünü öldürmə belə.

Qış keçər, çıxarsan yaza,
Şükr elə olar-olmaza.
Dəyərmi bir vəfasıza?!
Özünü öldürmə belə.

Ağla, göz yaşın sevinsin,
Kəsəyin, daşın sevinsin,
Bağrının başı sevinsin,
Özünü öldürmə belə.

Gül-çiçəyə salıb meyil,
Tanrını sev, Eşqə əyil.
Dünyanın sonu ha deyil,
Özünü öldürmə belə.

HƏLƏ Kİ QAR YAĞMAYIB

İçimdə boy verən sevgi
gözlərimdən boylanır.
Günün gündüz çağında
göyümdə Ay aylanır.

Ayrılıq məqamında
bir fəsil də keçirəm,
səndən keçə bilmirəm -
alnındakı yazımın ovucumda izi var...

Bir tablo işləyirəm payız mənzərəsinə,
ən gözəl guşəsində yer də hazırlamışam
sənin vida səsinə...
İndi daha mənimçün ən xəyanətkar mahnı,
ən xain musiqidir sonuncu ayaq səsin...
ölüb bahar həvəsim...

Sən gedən gündən bəri mən xəzan yaşayırdım,
o gəlməyə gecikdi...
Darıxmağa səbəb çox -
gözüm giryan, dilim lal...
hələ də dadılmayan neçə-neçə duyğular...
Çayım, qəhvəm soyuyur, içməyi unuduram,
sənli xatirələrlə özümü ovuduram.

Ruhum yaşıl yarpağa,
hüznüm çılpaq budağa,
canım qara torpağa küsülüdür, can dostum!
Nə adam tək yaşayır,
nə adam tək ölürəm...
Gedib, gedib, qayıdıb yenə sənə gəlirəm.

Sonrasımı?...
Sonrası... Hələ ki, qar yağmayıb...

UZAQ PƏNCƏRƏDƏ TƏNHA BİR QADIN

Uzaq pəncərədə tənha bir qadın
Nə vaxtsa yuxuna qonaq olacaq.
Durub baxacaqsan xatirələrə,
Səsin titrəyəcək, gözün dolacaq.

Bir nəğmə dəyəcək qulaqlarına,
Səssiz küçələrdən keçəndə bir gün.
O anda yaş olub yanaqlarına
Axacaq, qəlbinə artıq gördüyün.

Baharda gül hüznü alacaq səni,
Gözəl nərgizlərin açdığı yerdə.
Bənövşə gələcək gözün önünə,
Donub qalacaqsan o anda birdən.

Keçəcək huşundan qığılcım kimi
Əlində çırpınan qaranquş bir əl.
Başına dönəcək fərari ağlın,
Dəli olacaqsan...- məyus, məəttəl.

Dönüb axacaqsan qələm-kağıza,
Yumub tökəcəksən hey varaq-varaq.
Uzaq pəncərədə tənha bir qadın
Sonadək ömrünə mövzu olacaq.

SON ADAM

Son sevgin də yanıb sönər,
Küləklər əsib sovurar.
Qoru qalar kül altında,
Közərər, yaxıb qovurar.

Qapanmaz heç o yaralar,
Ürəyin hər gün daralar.
Qapın, pəncərən qaralar,
İşiğı yanmaz könlünün.

Özündən uzağa getsən,
Yenə gəlib səni tapar.
Adı çəkilər hardasa,
Canında qiyamət qopar.

Yayın ən orta çağında,
Sanarsan hava soyumuş..
Baxarsan dünya bomboşdu,
Səninçün son adam oymuş.

ŞEİRİN HƏSRƏT TONU

Çox gözlədim keçən axşam
Duya bilmədim çağrını.
Tapa bilmədim yolunu,
Öpə bilmədim ağrını.

Xəyallarım əsgər kimi
Düzülüb sənə yol aldı.
Ürəyimdə çırpıntılar,
Dilimdə sükutum qaldı.

Bir dəfə görəsən deyə,
Göy üzü olmaq istədim.
Əlini sürəsən deyə,
Torpağa dolmaq istədim.
Sən susduqca mən dinlədim,
Oldu dinləmə gecəsi...
Bilirsən, de, dəliliyin,
Bu neçənci dərəcəsi?

Orda dinlədiyin mahnı,
Burada qopan havardı...
Bu sevgi gözümdən gəldi,
Əlimdən gəlsə...nə vardı.

İŞIQLI ADAM

Alatoran havada bir aydın söz dolaşır,
sözdə işıqlı adam...
Canlandırıb xəyalda sən dediyin adamı
çəkirəm bir andaca gözümün yaddaşına.
Yapışıb əllərindən otururam diz-dizə..
Dənizin sahilində biz-bizəyik, göz-gözə..
Ulduzlar çıxır o an,
bu nə axşam, nə gecə?!
Əllərimi tər basır, odlanır, yanır necə..
Ay işığı, dalğalar..
Dərinə nöqtələnən köhnə yara izləri..
O işıqlı üz örtür izə şirin sözləri...
Bir qu lələyi tapıb xəfifcə yelləyirəm,
Qaranqışlar uçuşur, havalanır səmaya.
olmaya...
yox, bu sənə oxşayır...
Xəyallardan ayılıb görürəm ki, təkmişəm,
İşıqlı adam deyə sənin təriflədiyin məni deyil,
nədənsə,
elə səni çəkmişəm.

ŞEİRLƏR GECƏ DOĞULUR

Gecənin qaranlığına
ağ yağışlar yağır yenə..
Ruhumla ağlım arası
bir təzə hiss can çəkişir,
havalanır
mən adında fağır yenə.
Canımda bir dəli qız var,
dilində bir dəli söz var -
sevgi qoxur, həsrət qoxur...
Yazılmağa tələsdikcə
bu gecənin qucağına
ulduz axır...
İçəridə dəli qızın
can yandıran susmaları..
Bayırdasa
yanvarın son damlaları...
Artır ürək döyüntüsü
divardakı saatın da..
Allahın könlü açılır
göyün yeddinci qatında...
Duyğuların tərcümanı
bir gözəl şeir doğulur,
Sevgi sevincə boğulur...
Gözlərini bir-bir yumur pəncərələr...
Şair yaşayır gecələr...

DOLANIR

Yenə xəzan ətri gəlir,
Hər tərəfdə güz dolanır.
Ta başımdan ayağıma
Həsrət adlı toz dolanır…

Qoxla, sevgi qoxuyuram,
Eşqə dua oxuyuram.
Misra-misra toxuyuram-
Başımda yüz söz dolanır…

Ömür qurban gedir qəmə,
Daim dərd çəkirəm, demə.
Düşməyir hər od sinəmə,
Kül altından köz dolanır…

“Mim” duası yaz qaşıma,
Gəl, cəza kəs göz yaşıma.
Şəklinin hər gün başına,
Mən adlı bir qız dolanır…

AYAQLAMA O YERİ

Qarabağda şəhid olan əsgərlərimizin əziz xatirəsinə

Dayan, ey yoldan ötən,
Ayaqlama o yeri.
O yer Vətən eşqilə
Döyüşən şəhidimin
Qəlbi atdığı yerdir.

Könüllü yazdı bəxtin,
Zirvəyə qurdu taxtın.
Qarabağın qan vaxtın
Əyninə geyindiyi, -
Qana batdığı yerdir.

Silərkən alnımızdan
Al qanıyla kömürü...
Arzularından əvvəl
O gənc, cavan ömürü
Başa çatdığı yerdir.

Bəhər üçün, bar üçün,
Sərvət üçün, var üçün,,
Ana, bacı, yar üçün,
Şəhidimin mübarək
Evi - yatdığı yerdir.

Dayan, ey yoldan ötən,
Ayaqlama o yeri...

XƏBƏRİN OLDUMU

Xəbərin oldumu?
Bu bahar xəzan əsdi dağlara,
daşlara, yamaclara,
təzə çiçəkləyən ağaclara.
Bülbüllər günahkar-günahkar oxudular -
naləsinə güllər ağladı.

Xəbərin oldumu?
Bütün şeirlərimin üzlərini qəm,
gözlərini qan tutdu.
Yazdıqlarım can üstədi sağ qalmır,
Gedənin yeri dolmur,
buralardan uzaqlara hara gedim? -
burda da qalmaq olmur.

Xəbərin oldumu?
Çox çağırdim bu gecə,
ilk heca və son heca: -
al apar məni
bu xəzan vurmuş baharın əlindən, Allah!
Bu bahar gözümdən düşdü,
bu bahar məni qışdan betər üşütdü.

Xəbərin oldumu?
Yollarımız ayrıldı - ayrılığı istəmədən,
qəlbimdə bir həsrət var
Ağrı dağını əridən...
Gözlərimi bulaq bilib çağlatdı,
ümidimi bağladığım qan ağlatdı
bu bahar
Xəbərin oldumu?...

DARIXDIM

Mənə bir nəğmə oxu – darıxdım...
Qurtar məni sıxıntıdan,
dünən getdiyim yoldayam hələ də...
karıxdım...
Keçmişimdən –
bir gənc qızın yetim səsindən,
bir nəğmə oxu –
lap ahəstəsindən...
Mənə bir nəğmə oxu – darıxdım...

Göy üzündən,
dəniz mavisindən,
bu dünyanın soyuğundan, istisindən...
Bu günümdən –
gücsüzlüyümdən,
ümidsizliyimdən sabaha baxdım...
Mənə bir nəğmə oxu – darıxdım...

Od yanır sinəm altında –
qar ol, yağ, bir az üşüt.
Donuram, Günəş ol,
bir az isit...
Bulud oldum,
doldum gözlərinə neçə ildir,
axdım, axdım...
Mənə bir nəğmə oxu – darıxdım...

MƏHƏBBƏT ŞEİRİ

Qələm qırıb qəfəsini,
Yazır məhəbbət şeiri.
Bu axşam tər nəfəsilə
Yazır məhəbbət şeiri.

Dünya-aləm sevgi dolu,
Açılıb könlümün yolu.
Dil-dil ötən bir bülbülü
Yazır, məhəbbət şeiri.

Qəlbim oda yanır hərgün,
Gözlərim yoluna sürgün.
Əlim nə soyuq, nə yorğun,-
Yazır məhəbbət şeiri.

Övunubdu ahın özü,
Yada düşüb Şahın özü,
Göydə də Allahın özü
Yazır məhəbbət şeiri.

DÜŞƏ

Sən də mənim həsrətimlə yanasan,
Ürəyimdən ürəyinə pay düşə.
Gözlərindən yuxu qaça mənim tək, -
Gecəm gündüz olub, - deyə hay düşə…

Gətirməyən bu taleyə nə deyim,
Soldu arzum, ümidlərim, diləyim.
Etsəm bitməz səndən sənə gileyim -
Gecə boyu, - sübh açıla, ay düşə…

Çağırıram, - qulaqların çox ağır,
Sən atdığın sinəmdəki ox ağır.
Məndə olan sevgi səndə yox, - ağır,
Sevən gərək bir-birinə tay düşə…

Fələk məni bir bəlaya tuş etdi,
Zəhər süzdü, şərbət dedi, - nuş etdim.
Adiləyəm, yol gözlədim, -yaş ötdü,
Qorxuram ki, sən gələnə vay düşə…

RƏQS ÖYRƏNİRƏM

Sevgi dərddir dil bilənə,
Açammadım heç kələfin.
Ruhum perik düşüb yenə,
Uçub gəzir siz tərəfi.

Bilmirəm nəydi, a zalım,
Nə idi mənimlə qəsdin?
Bu yaşda rəqs öyrənirəm –
Qu quşlarının son rəqsi.

Daha mənə çarə yoxdu,
Əyir, ayrılığın əyir.
Hicran bir zəhərli oxdu,
Ucu tam ürəyə dəyir.

Ömrümü qara qan güdür,
Bu küskünlüyün yeri nə?
A zalım, aman günüdür,
Ruhumu qaytar yerinə.

SÜBH AZANI ALLAHIN SALAMIDIR

Mənə uşaqlığımı xatlrladır sübh azanı...
Xatırladır, hər azan səsində dizləri yaslanan,
ürəyi islanan anamı...
Oyananı, yatanı...
Xatırladır daş-torpaqla əlləşən,
ucalıb, ucalıb uşaqlığına düşən atamı...
Son nəfəslərindəki ahı,
bir də, bir də bir olan Allahı xatırladır.
Hər ağac
kökünü qucaqlayan torpaq kimidir əslində.
Salxım söyüd salxım-salxım səcdəyə gedər -
bitsə də qarağac meşəsində...
Gur axan dağ çayları
səhraların şəhvətində yox olar...
Budur sirr, budur EŞQ –
hər şey Onun həvəsində...
Mənə uşaqlığımı xatlrladır sübh azanı...
Uşaqlıq ananın öldüyü gün başlar –
heyif ki, uşaq öləcəklər insanların çoxusu...
amma güc verər ala bilənə
sözdən əvvəl duyduğu bu səsin kədərli qoxusu...
Günbatımının sancısı Gündoğumda keçər.
Eheey, şair, unutma, sən
kimsənin kimsəsi deyilsən –
sənə ruh verəninsən...
Yol gedənin, gün yaşayanın,
şeir də Allahındır.
Sübh azanı Allahın salamıdır –
və Əleykum Salam!

AYRILIQ HAVASI

Hicran quzğun kimi çökür üstümə,
İti caynağını çəkir üstümə...
Bir hava səsini tökür üstümə -
Ayrılıq havası... çalın, oynayım.

Baxamyın, sevənim çox olub mənim,
Qəlbim ac, gözlərim tox olub mənim.
Daha ürəyim də yuxalıb mənim,
Ayrılıq havası çalın, oynayım.

Adilə, baxma ki, qınayan çoxdur,
Həyat qazanında qaynayan çoxdur!
Vüsal havasına oynayan çoxdur,
Ayrılıq havası çalın, oynayım.

DÜNYA TƏZADLAR ADASI

Bir ucundan mələk tutub,
bir ucundan şeytan tutub
aparırlar bu dünyanı
ta əzəldən əbədə.
Gələn gedər, gedən gələr...
Varlıqların kəmiyyəti
keyfiyyətin üstələr...
Nəfsilə yaşayanların
canları günah geyər,
Nəfsini öldürənlərin
ruhuna savab gələr...
“Qüvvə”liyəm deyir çoxu –
bilinmir ağ, ya qara?...
Gözlərindən oxuyuram bəziləri
oxşayırlar əmmara...
Kimin nəfsi arxayındır
bu qarışıq zamanda?...
Dünya mənəm, dünya sənsən,
qulağında sırğa elə bir kərə -
nütfə kürə, dünya kürə, yer kürə...

Mütləqi var, ötərisi, əbədisi, keçicisi...
Cismanisi, ruhanisi , boşdur birlik ideyası,
dünya – təzadlar adası...
Allah deyir – sirr saxlamaq ibadətdir, ay ömrüm.
Desəm,
yəqin hamı kimi olmayacaq ölümüm...
Süpürəcək bu dünyanı
saçlarımın nəsimi...
Görkdü mənə gözlərindən toru silmiş
Həllac Mənsur, Nəsimi...

Kimlər kimə biyətdədir,
söyləməz dil, - nəbadə...
Bir ucundan mələk tutub,
bir ucundan şeytan tutub
aparırlar bu dünyanı
ta əzəldən əbədə.

AÇAR QAPIMI

Bir dərd evim vardır – sakini tək mən,
Küləklər sovurar, açar qapımı.
Hər gecə bir şeir enər qeybdən,
Döyər pas bağlayan naçar qapımı.

Günəş qürub edər sanki üzümdə,
Bəxtimin rənginə bənzər üzüm də,
Dünya o andaca itər gözümdə,
Çalar bir gül bala, qaçar, qapımı.

Odumu söndürməz gözüm selləri,
Ruhumu tumarlar ipək əlləri.
Dindirib könlümün həzin tellərin-
Örtüb cənnətinə uçar, qapımı.

Yaşayıb, verirəm ömrümü yelə.
Üzaqdı ruhuma səs-küy, vəlvələ.
Qovuşarıq bala, ölüm var hələ -
Açar bağlılığa düçar qapımı.

TƏLƏSMƏ RƏSSAM

Asta çək şəklimi,
tələsmə rəssam,
xatirələrimi yaxala baxışlarımdan.
Yelləncəkdə yellənə-yellənə
söylədiyim nəğməni də çək –
çiçək-çiçək.
Atamı, anamı, bizi çək,
o günlərin rəngini al qırmızı çək...
Atamın qartal baxışını,
anamın xoş davranışını,
çək, bərəkətli ocaq başını...
Tut ağacının altındakı
kilim üstə süfrəni çək.
Yenicə pərvazlanan quş kimiyəm...
Tələsmə rəssam,
başım üstə açıq səmanı,
ağappaq buludları,
oxu baxışımdan, çək
şəbnəm-şəbnəm yağan yağışları.
Bax gecəmə, gündüzümə,
ruhumu çək – bax üzümə.
Xəyallarıma toxunma...
mənim üçün əsmə, əsmə...
Tələsmə... Rəssam,
çək xatirələrimi, unut məni...

ŞUŞA QAYIDIR

Hərdən yuxularda sevinirəm mən, -
Huşun itirənlər huşa qayıdır...
Görürəm, İlahi, pay verdiyimiz
Qarabağ qayıdır, Şuşa qayıdır.

Mənim yuxularım gözünə batır
Əyrinin, qorxur ki, axırı çatır.
Deyinir..- a bala, yuxu baş qatır,
Tək-tək verilən pay qoşa qayıdır?...

Gen dünyadan çıxıb düşüb darıma,
Qısılıb qalıram yenə arıma.
Nolar, əl vurmayın yuxularıma,-
Sönən hünərimdir güşa qayıdır...

Dolanır toruna yaxşı da, pis də,
Yalan axtarmayım de, hansı kəsdə?
Mənim yuxularım ayrılıb hisdən
Həqiqət axtarır, - başa qayıdır.

AY GÜLÜŞÜ YARALI

Sən and içib tuta bilmədiyim söz,
yaş dolu gözlərimsən,
ay küsülü baxışlı!
Mən sənin nəğməndəki ən təravətli sözəm,
ay İlahi naxışlı!
Niyə sən arzuların qorxulu gəlişindən,
mən səsimin bilmədən qəfil yüksəlişindən
utancı yüklənmişik?...
Axı bir vaxt bir qəlbin paslı qıfıllarını
açdıqca ağlamışdıq...
Sən mənim, mən də sənin qəmli hekayəmizi
bağrımıza gül kimi basıb sığallamışdıq...
Biz nələr yaşamışdıq...
Təəssüf divarıyam...- dur gəl, daya başını,
axıt, axıt üzümə ürəyinin yaşını...
Ya öldürək bu eşqi,-
dəfn edək mafəsini,
ya da hör saçlarıma bu talesiz sevginin
ağılsızlıq üzündən yırtılan səhifəsini...
Sən söz verib sözümü tuta bilmədiyimsən,
itmək istədiyim vaxt itə bilmədiyimsən...
Ömür boyu istəyib, - yaza bilmədiyimsən.
Sənsiz günəşli günüm qaralıdır, qaralı...
Ürəksiz gülümsəmə,
ay gülüşü yaralı!...

NAXÇIVAN

Dönüb dağına baxıram -ahımdı,
Zirvəsi yamacın üstə şahımdı.
Yurdumdu, yuvamdı, qibləgahımdı,
Ürəyim bir ocaq – odu Naxçıvan.

Kəklikotu qoxsu gedir burnuna,
Əzəl düşmən torpağımdan yurd umar...
Nər oğlu var, əl çatarmı yurduma?
Buraxmaz yaxına yadı Naxçıvan.

Dini təmiz - əhli Əbu Turabi,
Şəfalıdır Badamlısı, Sirabı.
Lavaşı, pendiri, ətli qutabı,
Ağzımın xoş tamı, dadı Naxçıvan.

“Əshabi-kəhf” dağdağanı bu yerin,
Say-hesabsız görkəmlisi var – dərin...
Səkkiz gözəl məkan ona əl verir,
Günəşi bol diyar – adı Naxçıvan.

EY DİLİ MÖHÜRLÜ

Taleyinə əsirlik, həbs yazılanlara
Bilirəm,
sənin də gözlərində
göy qübbələr qaralar hər gecə.
Sənin də yuxuların üşüyər,
barmaqların ucalar Allaha, -
dualar mövzu-mövzu dəyişər...
Arzuları dəyirmanda üyünən,
istəklərinin ipi kəsilən gözlərinə
heyrət çeşməsi kimi baxar Allah...
Gözlərinin sulu çəpərləri arasından
ürəyinə çəkilən çəpərə baxar bir də...
Baxar, çəpərin üzərindəki
“Əl vurma, öldürər” yazısına,
qəm közündə dəmlənən kədərli taleyinə...
Sonra,
sonra da barmaqlarına düyünlənən
ümidlərinə baxar yenidən...
Bir Allah bilər,
sükutunun ədəbinə nigahlı olduğunu...
və utanar bir gün o əlləri boş qaytarmaqdan...
Ey dili möhürlü!
bilirəm...

Bütün xəbərlər Facebook səhifəmizdə