(Sənədli hekayə)

Böyük qardaşım Balaməmmədin 85 illk yubileyinə ithaf edirəm

Qoy dünyanın sülsevər insanları və hegemon dövlət rəhbərləri bilsinlər ki, yer üzündən aclıq problemini aradan qaldırmaq üçün ildə cəmi 30 milyard dollar pula ehtiyac var. Ən maraqlısı budur ki, bu rəqəm bütün dünyanın bir həftədə müharibə üçün xərcələdiyi məbləğə bərabərdir...

Müəllif

- Uzun illərdir dünyada dəhşətli müharibələr gedir. Demək olar ki, dünyanın çoxlu ölkələrində insanların həyatına qəsdlər olur. Kimsə cihad adı ilə özünün və ətrafında olan yüzlərlə günahsız adamın həyatına bir anda son qoyur. Və bu müharibələrdən, teraktlardan, cihadlardan hər gün ən azından mindən çox insanlar faciəli surətdə dünyalarını dəyişirlər. Adamların vəhşiliyi, bir-birinə düşmən kəsliməsi, bir-birinin canına qəsd etməsi, yurd-yuvasını darmadağın etməsi gündən-günə, saatba-saat artır. Doğrudanmı artıq insanlığın sonu yaxınlaşır? Doğrudanmı insanlar müasir silahları günbə-gün kəşf etməklə, başqalarının və öz ölümlərini bilərəkdən yaxınlaşdırırlar? Doğrudanmı onlar bu gözəl planeti məhv eləmək, kainatdan silmək istəyirlər? Canlılar arasında yeganə beyini, şüuru, düşüncəsi olan insan kimi belə böyük varlıq, şüuru, düşüncəsi olmayan heç bir vəhşi heyvanın eləmədiyi vəhşilikləri eləyən adamın sən bilən məqsədi nədir? Axı bu, kainatı yaradan Böyük Varlıq burada yaşamağa bütün insanlara lazım olan şərait yaradıb. Məgər dostluqla, yaxşılıqla, bir-birinə qarşlıqlı hörmətlə bütün insanlar bu kainatdan öz istəklərini ala bilməzlərmi? Nədir onlara mane olan? Nədir onların qarşısını kəsən?...

Hətta sənə dəfələrlə də demişəm, uzun illərdik ki, ağlım kəsəndən, Böyük Vətən Müharibəsi dövründə arxa cəbhədə olan həmin ağır illəri görəndən, bu suallara cavab axtarıram, amma tapa bilmirəm. Təkcə mənmi cavab tapa bilmirəm? Mənə elə gəlir ki, yer kürrəsində yaşayan insanların çoxu yaşadığı ömrdə bu suallara cavab tapa bilmirlər... Bu dəhşətlər onlara da pis təsir eləyir. Hətta müharibələrin acısını dadanlarçün bu daha ağır olur...

Yadıdadır ki, Böyük Vətən Müharibəsində həlak olanlardan daha çox insanlar, arxa cəbhədə aclıqdan, xəstəlikdən, səfalətdən, sürgünlərdə başlarına gətirilən dəhşətlərdən ölüblər. Amma həmin vaxtı Sovet siyasəti bütün bunları xalqdan gizlədiblər. Mən bunları dəflərlə sənə demişəm. O vaxtı internat adı ilə yetimlər evinə təkcə bizim kənddən 70-dən çox uşaqlar göndərilmişdi. Onlardan yalnız yarırısı sağ qaldı. Bunların da 20 nəfəri məhz bizim dədmizin hesabına sağ qaldılar. O, müharibədən qayıdandan sonra məni, Həzərxanı, əmimiz uşaqları Mirzəmmədi, Ağaməmmədi, Şirməmmədi və 20 nəfər qonşu uşaqlarını həmin internatdan gətirdi. Və bizim hamımızın sağ qalmağımızçün əlindən gələni elədi. Onun gecəsi-gündüz olmadı. Yardımlıdan taxıl gətirdi ki, biz hamımız sağ qalaq.Çünki o, kiçik qardaşımız Ağanın acından ölməsi ilə heç cürə barışa bilmirdi. Həmin sağ qalan qonşu uşaqqları da həmişə bizim atamıza “dədə” deyirdilər.

İstəyirəm ki, sən, bizim ailənin başına gətirilən çox faciəli bir əhvalatı yazıb, müharibələri, vəhşilikləri törədənlərə mətbuat vasitəsilə hökmən çatdırasan. İstəyirəm ki, bu hadisə də onları dərindən düşünməyə məcbur eləsin. Qoy onlar fikirləşsinlər ki, əgər bu adamların vəhşiliyi ucbatından təkcə bir insan dünyasını dəyişirsə bu elə özü böyük faciədir. Axı, bir canlı varlığı yaratmağı belə bacarmayan adam, insan kimi başqa bir varlığın canına necə qıyıb, onu öldürür? O, fikirləşirmi ki, nə qədər böyük günah eləyir? Bu günahı Ulu Tanrı bizə bağışlayacaqmı? Axı, Böyük Yaradan deyir ki, başqasının qanını tökən, kiminsə həyatına qəsd eləyənləri mən heç vaxt bağışlamıram. Onlar mənim hümmətim deyillər. Onlar şeytan xislətli varlıqlardır. Elə deyilmi,- deyə qardaşım Balaməmməd sual dolu baxışla mənə baxdı. O, yəqin ki, mənim də bu haqda fikirlərimi bilmək istəyirdi.

- Düz deyirsən qardaş. Mən də səninlə razıyam. Axı bir adam, başqa bir adamın canına necə qıya bilər? Onu necə öldürə bilər? Deməli, onlar şeytandan törəyənlərdir.

- Bəs onda bütün bunları siz, yazı-pozu adamları niyə yazmırsız? Niyə dünyada yaşayan xeyirxah insanları bu vəhşiliklərə qarşı həmrəyliyə çağırmırsız? Dünən televizorda göstərirdilər ki, ermənilər on nəfər ailə üzvü olan bir azərbaycanlı ailəsini evlərində vəhşicəsinə yandırıblar. Türk millətindəndir deyə uşaqları diri-diri divara mıxlayırlar. Xocalı kimi bir şəhəri isə yer üzündən siliblər. Ağdaban adlı kəndi vəhşicəsinə dağıdıb, orada Xocalıdan da böyük faciə törədiblər. Bütün bunları yazmaq sənin kimi yazarların borcundur ki, dünya xalqlarına çatdırasız...

Rayona gedəndə hər dəfə o, mənə belə dəhşətli hadisələri danışır və məni də bunları yazmağa təhrik eləyirdi. Deyirdi ki, əgər mən özüm yaza bilsəydim, bir tufan kimi hayqıraraq, bütün bunları dünya xalqlarına çatdırardım. Heyif ki, o istedad məndə yoxdur və özüm də xəstəyəm...

Hər dəfə rayondan qayıdanda qardaşım Balaməmmədin yana-yana dediyi bir-birindən maraqlı hadisələri gündəliyimə kökürürdüm. İllər keçəndən sonra onun dediyi həmin maraqlı söhbətlər bədii və publisist yazılara çevrildi. Beləliklə, qardaşım Balaməmməd yazıçı, dramaturq, jurnalist, publisist olmağımda böyük rol oynadı. O, bu yazıların reallaşdığını, mənim onları yazıya köçürdüyümü, qəzetlərdə, saytlarda çap etdirdiyimi, kitab halında çıxdığını əfsus ki, görə bilmədi... Bunları yada salanda kövrəlirəm...

Onun adını Balaməmməd qoymuşdular. Yəni balaca Məhəmməd əleyhissalam. Həmişə adından söz düşəndə, gülümsəyib belə deyirdi:

- Adımı dədə özü qoyub.

Kim bilir. Bəlkə də "Dədə" dediyimiz atamıza Ulu Tanrı tərəfindən bir səs, bir nida gəlmişdi ki, ilk övladının adını belə, peyğəmbər soyadlı qoy. Axı, babamız Mehdi, ulu babamız Şükür bu bölgənin tanınmış ruhanilərindən idilər. Dədəmiz çox erkən yaşından atasını itirib, yetimliklə, ağır güzəran, dərd-ələmlə böyümüşü. Amma savadsız olsa da, yaxşı hafizəsi olduğuna görə elmli adamların çoxundan dünya məsələlərini yaxşı təhlil eləyir, hətta Quranı əzbər bilirdi. Tez-tez Qurandan hekayətlər danışır və ətrafındakı adamları da ona maraqla qulaq asmağa həvəsləndirirdi. O, namaz qılanda, Ulu Tanrının dərgahına əllərini qaldıranda, əvvəlcə millətinə, elinə, qohum-qardaşına, sonra isə öz ailəsinə xoş güzəran diləyirdi. Onun namaz qılandan sonra Ulu Tanrıya yalvarışla dediyi, millətinə, xalqına Ondan istədiyi arzuları, diləkləri insanın iliyinə qədər işləyən böyük hekayətlər olurdu...

Dədəmiz dünyasını dəyişib haqq dünyasına qovuşandan sonra, onun bu xeyirxah, ağsaqqal əməlini qardaşım Balaməmməd də ibadət eləyəndə davam etdirirdi. Onun da sözünün əvvəli, sonu yalnız xalqı və dünyada yaşayan xeyirxah insanlar haqqında olurdu. O, özünə, ailəsinə, qohumlarına Ulu Tanrıdan demək olar ki, heç nə diləmirdi. Bu da onun böyüklüyü, müdrikliyi idi. O, elə bil Ulu Tanrı tərəfindən ona görə yaranmışdı ki, yalnız başqalarına yaxşılıq, köməklik eləsin. Onların möhübünü düzsün.

Həmyaşıdlarının dediyinə görə Məhəmməd peyğəmbərin adını daşıyan qardaşım, çox erkən yaşlarından ağlı, oturuşu-duruşu, səxavətilə onlardan seçilirmiş. Bunu biz, sonralar, yaşa dolduqca özümüz də görürdük...

Aramızda on yeddi yaş fərq vardı. Biz, qardaşlar, onun övladları, qardaşı uşaqları həyata göz açanda, yerişi, duruşu, insanlarla danışıq-davranış qaydalarını, elmin sirlərinə dərindən yiyələnməyi, gücsüzə dərhal kömək əli uzatmağı, səxavəti, kin-küdurətdən uzaq olmağı ondan öyrənmişdik. Ona oxşamağa çalışırdıq. Yəqin elə buna görə də böyüklük, ucalıq mənasında ona "Lələ"deyirdik. Çünki o, Lələlik rütbəsinə çox erkən yaşlarından yüksəlmişdi.

Dədəmiz dünyasını dəyişəndən sonra artıq onu özümüzə ata əvəzi bilirdik. Təkcə biz yox, bütün nəsil, qohumlar və obamız, peyğəmbər xislətli qardaşımıza ağsaqqal kimi müraciət eləyər və "Lələ" deyərdi. Baş mexanik işlədiyi Masallı Regional Maşın Traktor Stansiyasında tabeçiliyində olan yüzlərlə işçiləri də ona müəllim yox, "Lələ" deyə müraciət eləyirdi... İndi bizim hamımızın gözləri oktyabr ayında "Lələ" deyib onu axtarır. Dekabr ayında isə "Dədə" deyib, atamızı yada salıb, sızıldayırıq...

Lələmizin xəstələnməsi, müalicəsi müşkül olan xərçəng xəstəliyinə tutulması, hamımızı möhkəm sarsıtmışdı. Özü bilməsə də hamımız bilirdik ki, o, tezliklə bizdən əbədi ayrılacaq. Ona görə də hamımız- qardaşları, övladları, qohumları, dostları, işçiləri tez-tez onu yoluxur, darıxmağa qoymurduq. Onun dediyi qiymətli sözləri, maraqlı fikirləri mən yazıya köçürürdüm. Blirdim ki, belə maraqlı söhbətləri, qiymətli fikirləri daha heç kimdən eşitməyəcəm. Amma indi bir şeyə heyfislənirdim ki, işimin çoxluğundan, teatr kimi bir cavabdehli sahəyə rəhbərlik etməyimdən Sumqayıtdan Masallıya tez-tez gedə bilmirdim.Yadımdadır ki, ölüm yatağında olanda o, mənə çox kədərli bir hadisə, əhvalat da danışdı:

- Sən yazı-pozu adamısan. Sənə bir hadisə də danışacam. Gərəyin olar hansısa yazında...

- Lələ, sənin danışdıqların əsasında bir neçə hekayə, pyes, povest, publisit yazılar yazmağı planlaşdırmışam. Lələ Allah qoysa onları yazan kimi sənə oxuyacam.

- Mən artıq öz işimi bilirəm. Bəlkə onları heç eşidə bilmədim, çap olunduğunu görə bilmədim,- deyib bir an susdu. Uşaqlara baxdı və həmişəki aram, qaltanlı, mülayim səsi, ləngərli danışıq formasında söhbətinə davam elədi. Onu da bilirəm ki, dərdimə daha əlac yoxdur. Siz deməsəniz də, məndən gizlətsəniz də, dalağım sancıb ki, bu xına o xınadan deyil...

- Ümidini Allahdan üzmə, qardaş. Həkimlər elə həmişə deyir: "Müalicə bizdən, şəfa isə Allahdandır", - deyə mən ona ümid, ürək-dirək vermək istədim.

- Mən heç nəyə heyifslənmirəm... Elə Məhəmməd peyğəmbər də altımış üç yaşında dünyasını dəyişib. Əgər Ulu Tanrı məsləhət bilsəydi onu yaşadardı... Deməli, bu həyat əbədi deyil. Mənim də altımış üç yaşım var... Ömrüm də əzab-əziyyətlə keçib… Nə bilim… Bəlkə də Böyük Yaradan bizim ailənin alnına elə əzab-əziyyət içərisində yaşamağı yazıb… Dədəmiz də, babamız da, ulu babamız da bir xoş gün görməyiblər… Bizim nəsil Nadir şah tərəfindən şahsevənlər adı ilə Ərdəbildən didərgin salınandan sonra hamısının ömrü həmişə əzab-əziyyətdə keçib…

- Belə naümid olma, qardaş…

- Heç kimə pislik eləməmişəm. Özümdən sonra sizinçün düşmən qoyub getmirəm... Sizdən də nigarançılığım yoxdur. Şükür Allaha, hamınız yerbəyer olubsunuz. Sevinirəm ki, qardaşlarım da, övladlarım da ağıllıdır. Hamınız da alın tərinizlə, ağlınızla çörək pulu qazanırsınız. Bir nisgilim var, o da Samit balam... Vətən qarşısında borcunu yerinə yetirən vaxtı dünyasını dəyişib. Şəhidlik zirvəsinə yüksəlib... Bircə ona heyfislənirəm ki, artıq bir neçə aydır onun qəbrini ziyarət eləyə bilmirəm…

O, sözlərinin ardını deyə bilmədi. Gözləri qara buludlar kimi doldu. Harasa uzaqlara baxdı. Elə bil ki, gözləri qarşısında Samit canlandı… Sonra yatdığı otağın divarında asılmış Samitin şəkilinə baxıb, köks ötürsü. Yenə də qara buludlar kimi doldu. Onun gözlərinə baxanda mən də Samitin gülümsər, gözəl simasını gördüm… Mənim də gözlərim doldu…

- Hə. Mən sənə bir əhvalatı danışmaq istəyirdim axı, - deyə o, yenidən sözünə davam elədi. İkinci Cahan Müharibəsinin axırına az qalmışdı. Camaat ruzisinin çoxunu döyüşən əsgərlərə göndərdiyindən, özləri ac-yalavac idilər. Həmin il görünməmiş bir bədbəxtçilik də baş verdi millətimizə. Çox möhkəm quraqlıq oldu. Millət taxılsız, unsuz, çörəksiz qaldı... Güzəranın ağırlığı, aclıq, Cahan Savaşına gedən Rəsulun da qapısını döydü. Arvadı Gülzar və üç oğlu, acından ölməmək üçün ot-ələf yığıb yedilər. Ot-ələf də tükəndi sazağın gəlişi ilə... Xəstə anasının qucağında "çörək" deyib inləyən, dörd yaşlı kiçik qardaşı Mahmuda baxanda, sarsılır, ürəyi hövl eləyirdi Məhəmmədin. Özü on bir yaşında olsa da, yetkin cavanlar kimi həyatı anlayan Məhəmməd, qonşulardan xahiş-minnətlə mer-meyvə yığıb, kisələrə doldurub, həyətlərindəki boz eşşəyə yükləyib, anasına dedi:

- Gedib, çöl kəndlərində bunları arpaya, buğdaya dəyişib, Allahın köməkliyilə axşama kimi evə dönəcəm, ay ana. Yarısını qonşuların mer-meyvə əvəzi verərik, yarısı da bizə bir müddətə çatar. Sonrası da Allah kərimdi...

Anası Gülzar yalvarıb-yaxardı ki, Məhəmməd heç yerə getməsin. Belə qarışıq, it yiyəsini tanımadığı zamanda başına bir iş gələr, Allah eləməmiş. Onda Rəsul davadan qayıdandan sonra ona nə cavab verər Gülzar?.. Məhəmməd tərsliyinə saldı. O da atası kimi tərs idi. Bunu yaxşı bilirdi Gülzar. Məhəmməd isə artıq bir dəhşətli məsələni dərk eləmişdi ki, çörəksiz nə qardaşları, nə anası, nə də özü sağ çıxa bilməyəcəkdilər bu aclıqdan... Ona görə də çox yalvarıb-yaxarıb, axır ki, anasını razı saldı. Xəstə Gülzarın ürəyi narahat olsa da, bu səfərin ailəyə ikinci bədbəxtlik gətirə biləcəyini hətta ana qəlbi hiss eləsə də, “Allaha təvəkgül”, - deyib oğluna uğur dilədi. Ardınca su atdı. "Ananın canı övladdadır", - deyib atalar. Məhəmmədi yola salmaqla elə bil ki, Gülzarın bir canı da onunla getdi... Amma oğlunun qocaq, qorxmaz, çevik, yaşından çox ağıllı olduğunu bildiyindən, Məhəmmədin hökmən buğda, arpa ilə qayıdıb gələcəyinə inandığından ürəyi bir qədər sakit idi Gülzarın. Müharibə dövrünün uşaqları, vəziyyətin ağırlığından, atalarının müharibəyə getməsindən ailənin yükü onların çiynində olduğuna görə elə bil ki, tez böyüyürdülər. Həyatı daha dərindən dərk eləyir, yaşlarından daha ağıllı, daha dərin düşünə bilirdilər…

Məhəmməd, sevincək boz eşşəyi qabağına qatıb, öz obalarından 15-20 kilometr aralı, dəniz sahilində, şoran torpaqlarda olan və hamının "çöl kəndləri" dediyi yerlərə gəldi...

Alatorandan evdən çıxan Məhəmmədin işləri çox uğurlu gətirdi. Günəş göy üzündə yarıya qalxanda, artıq o, üç kisə mer-meyvəni iki kisə arpaya, buğdaya dəyişib, boz eşşəyin belinə çatmışdı. Dördüncü kisəni də artıq yarı eləmişdi...

Bu vaxt ona, uca boylu, cantaraq, sifəti, qaşları, saçı qapqara bir kişi yaxınlaşdı. Onun qalın, qara qaşları içərisindən, kiçik düyməyə oxşayan iti, bic, göy gözlərinə baxanda yaman qorxdu Məhəmməd. Bədəninə, ürəyinə bir vahimə doldu onun. Ancaq kişinin mehriban, şirin danışığı tez də bu qorxunu yuyub apardı.

- Ay gözəl oğul bala, bu meyvələri neçiyə satırsan?

- İki kilosunu yarım kilo buğdaya, ya da bir kilo arpaya dəyişirəm, ay əmi.

- Nə yaxşı. Sən çox səxavətli balasan. Başqaları isə başa-baş dəyişirlər. Hansı kənddənsən, ay oğul bala?

- İki obadanam, əmi.

- Orda kimlərdənsən?

- Arabaçı Rəsulun oğluyam. Atam davadadı. Anam və evdə iki qardaşım var. Qardaşlarımdan biri və anam evdə xəstə yatırlar. Özü də acdırlar. Mən alverçi deyiləm əmi can. Qonşulardan götürdüyüm bu mer-meyvəni nəyə dəyişəcəyəmsə ata malı kimi onlarla yarı böləcəyik.

- Halal olsun sənə ananın südü, atanın çörəyi ki, sən belə düzgün uşaqsan. Mən də düzlüyü çox sevən adamam. Ona görə də bu danışığın xoşuma gəldi. Gəl gedək bizə. Elə bu kisədəki meyvələr qədər sənə taxıl verim, apar evinizə. Başa-baş dəyişək. Sən ki, anana, qardaşına belə canıyananlıq eləyirsən, sənə hər şey halaldı oğul bala. Ataların belə bir məsəli var: “Əl tutmaq Əlidən qalıb”. Mən də sizə

yalnız belə köməklik eləyə bilərəm. Allah qoysa atan da müharibədən sağ-salamat qayıdandan sonra ona deyərsən ki, belə bir xeyirxah əmi bizə köməklik elədi.

Kişinin bu sözləri Məhəmmədi ürəkləndirdi. Hətta ürəyində özünü yamanladı ki, niyə bayaq onun haqqında pis fikirləşib.

- Nə deyirəm ki, əmi. Gedək deyirsiz, gedək də. Harada yaşayırsız?

- Bax o görünən kənddə.

- Axı, o kənd çox uzaşqdır, əmi. Mən o kəndə gedib tez də qayıda bilmərəm. Özü də hava qaralır. Axşam düşür. Mən də evə tez qayıtmalıyam. Xəstə anam, ac qardaşlarım yolumu gözləyirlər. Anam da möhkəm tapşırıb ki, hələl-həbət axşama qalma. Yoxsa yolda qaçaq-quldura rast gələrsən, Allah eləməmiş, - deyə Məhəmməd etiraz eləmək istədi.

- Gec olsa, mən özüm səni apararam evinizə, əmi balası. Mənim bazburutumu görüb heç kim bizə yaxınlaşa bilməz. Özü də məni bu kəndlərdə çox yaxşı tanıyırlar. Heç kim mənim yanımda, mənim qorxumdan sənə toxuna bilməz.

- Nə deyirəm. Gedək deyirsən, gedək də, - deyə Məhəmməd, kişinin bu xoş, mülayim danışığından, mehriban sözlərindən sonra ürəkləndi. Boş eşşəyin üstündəki kisənin ağzını bağlayıb, eşşəyi mahmızladı. - Hoşa, ay boş eşşək. Yeyin tərpən. Tez qarşıda görünən kəndə gedib, tez də qayıdaq. Hoşa, hoşa...

... Yol qurtarmaq bilmirdi. Məhəmməd bu işi tutduğuna artıq peşman idi. Amma bunu büruzə vermirdi. Bir də o, inanırdı ki, bu mehriban kişi gec də olsa onu sağ-salamat evlərinə çatdıracaq. Artıq qaranlıq düşmüş, dənizdən sazaq qalxmışdı. Ətrafda isə heç bir ins-cins görünmürdü. Kəndə isə hələ də çatmamışdılar...

… Bu vaxt Məhəmmədin başına küt bir zərbə dəydi. Zərbənin gücündən, elə bil ki, gözlərindən od çıxdı. Başı gicəlləndi. Gözlərinə qaranlıq çökdü. Müvazinətini itirib yerə yıxıldı. Daha heç nədən xəbəri olmadı...

Məhəmməd özünə gələndə, artıq hava açılırdı. Payızın sazağından və çiskin yağışdan o, tir-tir əsirdi. Güclə də olsa bir qədər dikəlib, ətrafa boylandı. O, çalanın içərisində idi. Ətrafı da kol-kos və qamışlıq. Əlləri, ayaqları, sifəti qan içindəydi. Çalanın içərisindəki kolların tikanları, sınıq qamışların zoğları onun bədənini didik-didik eləmişdi. Məhəmməd gücünü, qüvvəsini toplayıb bir təhər çaladan çıxdı. Ətrafa boylandı. Nə o qara kişi vardı, nə boz eşşək, nə də onun üstündəki kisələr. Uzaqlarda isə bir neçə kənd görünürdü. “O, indi hara getsin, həmin qara kişini, boz eşşəyi hansı kənddə axtarsın? Axtarsa da tapa biləcəkdimi?..”,- deyə ürəyində danışan yaralı Məhəmməd ümidsiz-ümidsiz düşündü. Məhəmməd birtəhər ayağa duraraq, sifəti, qolları qan içində, hönkür-hönkür ağlayaraq, İkiobaya, öz kəndlərinə üz tutdu. O, atasınin yoxluğunu, onlardan çox-çox uzaqlarda olduğunu indi daha artıq hiss eləyir və başa düşürdü. Bu dəhşətli vəziyyətə düşən Məhəmməd əvvəlcə için-için, sonra isə daha hönkürtü ilə ağladı və ucadan bu sözləri dedi:

- Ay dədə, hardasan? Gəl mənə kömək elə...

… Məhəmməd ancaq şər qarışanda, hava qaralanda, şərvaxt düşəndə birtəhər güc-bəla ilə gəlib evlərinə çatdı. Xəstə Gülzar, oğlunu üz-gözü qanın içərisində görəndə şivən qopardı. Onun bu vahiməli səsinə qonşular yığışdı. Onlar gələnə qədər, öz əhvalını unudan Məhəmməd ürəyi getmiş anasını huşa gətirməkçün onun əlini

ovuşdurur, üzünü yaş dəsmalla silirdi. Bir az keçəndən sonra Gülzar özünə gəldi. O, oğlunu bağrına basıb sifətindəki qurumuş qanı göz yaşlarından islanmış baş yaylığı ilə silərək, hönkür-hönkür ağlamağa başladı. Məhəmməd və o biri qardaşları da analarına qoşulub ağlayırdılar. Qonşular isə onları sakitləşdirmək istəyir və bu davanı törədənlərə, insanları belə faciələrə salanlara lənətlər yağdırırdılar...

Məhəmməd başına gələn dəhşətli əhvalatı danışdı. Ona qulaq asan qonşular və Gülzar ana yenə də kövrəldi. Məhəmmədi axıra qədər dinləyən qonşular isə onun səmimiliyinə inanıb, hər şeyi ona halal eləyib getdilər.

Həmin gecə qar yağdı. Uzun illər idi ki, payızda belə qar düşməmişdi bu yerlərə. Elə bil Böyük Yaradanın artıq səbri tükənib, özü də qarğımışdı bütün insanları… Çünki, həmin vaxtı yer kerrəsinin demək olar ki, hər yerinə qar düşmüşdü. Qar tufanından göz-gözü görmürdü. Hətta qarın nə olduğunu bilməyən ölklər belə qar altında qalmışdı…

Həmin gecə aclıqdan, xəstəlikdən, halsızlıqdan Məhəmmədin kişik qardaşı, dörd yaşlı Mahmud da can verdi anasının qucağında. Heç kimdə də nə çörək, nə də dava-dərman tapılmadı. Həkim isə bu yerlərdə lap əvvəldən yox idi... Səhər alatoranda balaca Mahmud gözlərini əbədi yumdu anasının qucağında. Xəstə Gülzar ana, qiyya çəkdi. Şivən qoparıb ağladı. Balasını itirən yaralı canavar kimi uladı... Yenə də qonşular bu səsə yığılıb gəldilər. Davada olan kişilərin əvəzinə elə qadınlar özləri həyətdəcə balaca bir qəbir qazdılar. Mahmudu qəbirə qoyanda Məhəmməd də bir tərəfdə dayanıb için-için ağlayırdı. Sonra isə o, özünü yamanlayırdı ki, axı niyə qara kişinin yağlı, şirin dilinə aldanıb, onunla getmişdi. Elə yığdığı arpanı, buğdanı gətirsəydi, qardaşını ölümün pəncəsindən ala bilərdi. Lakin Məhəmməd bir şeyi başa düşmür və dərk eləmirdi ki, bu tale, alın yazısıdı. Axı, onun ağlına gəlmirdi ki, adamların bir-birinə düşmən kəsildiyi, güclünün gücsüzün haqqını zorla əlindən aldığı zəmanədə bu elə belə də olmalıymiş. Axı, “yazıya pozu yoxdur”, - deyib atalar.

- Mən indi başa düşürəm ki, bu işdə günah, zəmanənin və allahsız adamların idi... Əgər bu cəmiyyətdə, məmləkətdə allahsızlıq, murdarlıq, əclaflıq, oğurluq, gücsüzün haqqını əlindən zorla almaq baş alıb gedirsə, onda günahsız Məhəmmədlərin başına yalnız belə faciələr gələ bilər... Bu dəhşətlərin qarşısını almaq Məhəmməd kimilərin gücü xaricindədi. Bu, əgər altımış il bundan qabaq belə olubsa, altımış, yüz il bundan sonra da belə olacaq. Çünki əgər cəmiyyətdə həmin qara kişi kimilər günü-gündən çoxalırsa və haqsızlıq yer üzünündə baş alıb gedirsə, balaca fidan körpələr faşist xislətli adamların əli ilə qətlə yetirilirsə, artıq dərk eləyirəm ki, Məhəmməd kimi təmiz insanlar onun qarşısını almaqda acizdirlər,- deyib qaradşım mənim üzümə baxdı…

Qardaşım Balaməmməd bu sözlərdən sonra susdu. Onun gözlərində yaş gördüm. O, danışdığı bu dəhşətli hadisədən çox təsirlənmişdi. Sonra mənə baxıb, bu sözləri də dedi:

- Bu faciəvi hadisəni hökmən yaz. Özü də tez yaz və gəl mənə oxu.

- Baş üstə, Lələ,-deyib onu öpdüm. Çünki onun danışdığı bu hadisə məni də yaman kövrətmişdi…

... O gün mən işlərimin çoxluğundan Sumqayıta qayıtdım. Avtobusda yol gələn vaxt isə qardaşımın danışdığı bu kədərli əhvalatı gündəliyimə köçürtdüm. Demə o gün, o görüş mənim peyğəmbər yaşlı qardaşımla axırıncı görüşüm imiş. İki gündən sonra isə o, dünyasını dəyişdi. Həmin gün yenə də payızın sazağı adamı qılınc kimi kəsir və çiskin yağış yağırdı. Elə bil təbiət də onun ölümünə bizimlə birlikdə ağlayırdı... Elə bil təbiət də bizim kimi "Lələ"siz qalmışdı... O gün isə mən özümü daha çox yamanlayırdım ki, qardaşımla heç olmasa bu iki günü bir yerdə qalıb, onun axırıncı sözlərini də eşidə bilmədim... O, sinəsində, daxilində, beynində bir-birindən maraqlı fikirlərlə, ibrətamiz məsələlərlə, rəvayətlərlə haqq dünyasına qovuşdu.

Qardaşımın ölümünün qırxıncı günü, o vaxt ki, insanın bədəni tamam soyuyur və ruhu göylərə qalxır, bu rəvayəti anama danışdım. Bunu eşidən anam ağlayıb, şivən qopararaq, ağı dedi:

Mən aşiq, qoşa dağlar,

Çatıb baş-başa dağlar.

Sizdə qoşa oğul itirdim,

Dönəsiz daşa, dağlar!

Mən aşiq, bala dağı,

Dolan gəl bala, dağı.

Sağalsa hər yaralar,

Sağalmaz bala dağı.

Altımda kilim yandı,

Od düşdü, kilim yandı.

Balaməmməd deməkdən,

Ağzımda dilim yandı.

Və həmin gün anamın söhbətlərindən mənə məlum oldu ki, qardaşımın danışdığı bu rəvayət yox, olmuş əhvalatdi...

Məhəmməd qardaşımın elə özü, Rəsul atam İdris, Gülzar anam Züleyxa, Mahmud isə həqiqətən 1944-cü ilin payızında acından, xəstəlikdən dörd yaşında anamın qucağında dünyasını dəyişən və bu gün mən adını daşıdığım qardaşım Ağa olub. Və bu əhvalat da illər boyu qardaşım Balaməmmədi sızıldadıb, göynədib... Və nə yaxşı ki, o, illərlə ürəyində qubar eləyən həmin hadisəni mənə danışdı. Mən də o dəhşətli hadisəni yazıya köçürdüm.

Uşaq yaşlarından çox haqsızlıqla, pis adamlarla rastlaşan qardaşım, həmişə belələrinə, bu qansız adamlara nifrət eləyirdi. Çox zaman həmin adamları pis əməllərindən qardaşım özünün müdrik ağlı, fikirlərilə çəkindirirdi. Onları özünün səbri, ağıllı məsələləri ilə düz yola qaytarmağa çalışırdı.

Heyif. Çox heyif... O təkcə bizim evin yox, elin yaraşığı idi. Ona görə də qardaşım təkcə bizim evdən yox, eldən, obadan getdi. Elin şamını yandırıb öz xeyirxah,

müdrik əməlləri ilə hamıya arxa, dayaq olduğuna görə bu gün də onu tanıyanların qəlbində şam kimi yanır, anılır, haqqında hamı xoş sözlər deyir.

... İndi qardaşım, atam, anam haqq dünyalarına qovuşublar. Və mən çiynimdə onların yükü, əməllərimdə onların paklığını qoruya-qoruya yazılarımda yaşadıram onları. İstəyirəm onların ruhu həmişə şad olsun ki, mən, qardaşımın, atamın həmişə pis adamlarla mübarizə apardıqları bu müqəddəs yoldan dönən deyiləm. İmkanım olduqca müharibə törədənləri lənətləyəcəm, ittiham eləyəcəm öz yazılarımda.

Və peyğəmbər yaşında itirdiyim qardaşımın müdrik ağlı, xoş sözləri, kəlamları bu gün mənə insanları daha yaxşı tanımaqda çox gərək olur. Yadımdadır ki, cavan yaşlarımızda o, bizi tez-tez bir yerə yığıb, maraqlı söhbətlər eləyir və deyirdi:

- Dünyada yaşayan hər bir insan hansı əməllərdən çıxırsa çıxsın, hansı günahları eləyirsə eləsin, başqalarının qanı, canı hesabına nə qədər var-dövlət yığırsa-yığsın, ətrafına nə qədər yaltaqlar, məddahlar toplaşırsa toplaşsın, onu bilin ki, heç bir xeyri yoxdur. Onların hamısı bilməli və dərk eləməlidirlər ki, həyat bir iynədir, sapı çox qısa. Və bir də insan gec-tez anlamalı, başa düşməlidir ki, axirət dünyasına gedəndə o, özü ilə yalnız iki söz aparır. "Rəhmət ya da lənət". Bu sözlərin də toxumunu insan bu dünyada əkir. Bəhrəsini isə o dünyaya, haqq dünyasına köçəndə dadır. Vay o günə ki, əkdiyin toxumlar pis əməllər ola. Onda həmin əməlin bəhrəsini o dünyada özü dadır, bu dünyada isə qoyub getdiyi övladları, qohumları, şəcərəsi, tayfası...

Bax ona görə də çalışın pis əməl eləməyin. Sonra peşmançılıq çəksəniz də, faydası olmaz. Onu da bilin ki, elin gözəl bir məsəli var. “Ağızla başın arası bir qarış yoldur”- deyib atalar. Çalışın həyatda həmişə danışanda, başınızı işlədin ki, ağızdan çıxan sözə görə beş barmağın yumruğu başınıza dəyməsin. İnsan olan şəxsin öz başını, nəslini qoruması onun özünün əlində və ağlındadır. Bax ona görə də var-dövlət yox, ağıl Ulu Tanrı tərəfindən insana əbədilk sərmayə verilib... Bu sərmayə həm bu dünyada və həm də o dünyada, haqqın dərgahında olanda insana gərək olur... Əfsus. Sədd heyif ki, bunu adamların çoxu sağlığında dərk eləmir...

Dediyn bu sözlərə, nəsihətlərə sən ömrün boyu əməl elədiyinə görə onu bil ki, indi sənə hamı rəhmət diləyir, əziz qardaşım. Sənin adın gələndə təkcə biz yox, səninlə bir stəkan çay içənlər, bir qismət çorək kəsənlər belə sızıldayır, göynəyirlər. Axı sən həmişə təmənnasız çörək verən və insanlara həmişə təmənnasız kömək eləyən olmusan əziz qardaşım... Atalar da deyib ki, “ təmənnasız çörək verən heç vaxt pis adam ola bilməz, unudulmaz və xatirələrdə, qəlblərdə əbədi yaşayar”.

Ona görə gərək insan pak, bütöv, təmiz xislətli və yüksək dərəcədə xeyirxah olmalıdır. Əfsus ki, bu gün belə insanlar az olduğundan, sən deyən kimi yer kürrəsini bəlalar bürüyüb Qardaşım. Əfsus ki, hər işdə pislik, hələ ki, düzlüyə qələbə çalır... Kim bilir, bəlkə də artıq insanlığın, dünyanın sonu yaxınlaşır Qardaşım..

Ağalar İDRİSOĞLU

Masallı, Digah kəndi

Oktyabr 2002-ci il.

P.S. Bəzi əlavələr 2018-ci ilin yanvar ayında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə