Lamiyə İsazadə

ŞƏHİDLƏR

20 Yanvar Şəhidlərinin əziz xatirəsinə...

Düşmənin alovlu güllələrinə,
qorxmadan sinəsin gərdi şəhidlər.
Vətəni yadlara veməmək üçün,
uğrunda can qurban verdi şəhidlər.

Əynində köynəyi qana boyandı,
düşmənin önündə məğrur dayandı.
Vətəni, bayrağı, torpağı andı,
canını torpağa sərdi şəhidlər

Vermiş adlarını bir Dədə ozan,
ya Dəli Domruldu, ya Salur Qazan.
Qanıyla adını tarixə yazan,
Koroğlu nəvəsi, ərdi şəhidlər.

Azadlıq hayqıran ölümləriylə,
tarixə dərs verən əməlləriylə,
qılıncsız, qalxansız boş əlləriylə,
“Azadlıq” meyvəsin dərdi şəhidlər.

Vətən var olduqca, onlar da sağdır,
vətənin özüdür, ulu ocaqdır.
Nəsillər bu ada tapınacaqdır,
ən uca, müqəddəs yerdi “Şəhidlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə