"Xəlil Rza Ulutürk"biblioqrafiyası Yeni nəşrlər

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, türk dünyasının tanınmış şəxsiyyəti Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi ilə bağlı "Xəlil Rza Ulutürk" adlı göstərici hazırlayaraq çap edib. Göstərici X.R.Ulutürkün haqqında tərtib edilmiş ilk fundamental biblioqrafiyadır.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanasının bundan öncə həmin seriyadan bir sıra görkəmli şəxsiyyətlərə aid hazırladığı biblioqrafiyalar işıq üzü görüb. Bunlardan "Azərbaycan Respublikası Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü", "Heydər Əliyev Fondu-10", "Akademik Zərifə Əliyeva-90" və digər adlarda elektron biblioqrafiyalar, "Teymur Elçin", "Azərbaycan Milli Kitabxanası-90", "Azərbaycan ekologiyası 10 ildə", "Nizami Gəncəvi", "Mirzə Ələkbər Sabir", "Tahir Salahov", "Mir Cəlal", "Müslüm Maqomayev" (baba), "Fikrət Əmirov", "Aşıq Ələsgər" və digər onlarla göstərici Milli Kitabxananın Azərbaycan biblioqrafiya tarixinə verdiyi ən dəyərli töhfələrdəndir.

Milli Kitabxana "Xəlil Rza Ulutürk" nəşrində şairin 1948-2017-ci illərdə dərc olunan əsərləri, habelə həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında materiallar "Xəlil Rza Ulutürkün həyat və yaradıcılığının əsas tarixləri", "Xəlil Rzanın yadda qalan misraları", "Xəlil Rza Ulutürk qələm dostları haqqında", "Görkəmli şəxsiyyətlər və qələm dostları Xəlil Rza haqqında" bölmələrində öz əksini tapıb.

Azərbaycan və rus dillərində çap olunmuş biblioqrafiyaya akademik İsa Həbibbəyli rəy vermişdir. "Xəlil Rza Ulutürk" göstəricisini kitabxananın əməkdaşları Mədinə Vəliyeva, Lalə Şirinova və Gülbahar Misirova tərtib

etmişlər. 463 səhifədən ibarət biblioqrafiyanı tərtib edərkən Dövlət Arxiv sənədlərindən, Milli Kitabxananın Fondundan, AMEA-nın Elmi Kitabxanasından, universitetlərin kitabxanalarından, şairin şəxsi arxivindən və digər mənbələrdən istifadə olunmuşdur. Biblioqrafiyanın elmi redaktoru professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.

"Xəlil Rza Ulutürk" fundamental biblioqrafiyası xalq şairinin yubileyinə Milli Kitabxananın verdiyi ən dəyərli töhfədir. Göstəricidə filologiya elmləri doktoru, professor Əlizadə Əsgərlinin ön söz əvəzi "Xəlil Rza Ulutürk-Azərbaycnçılıq məfkurəsinin davamçısı" adlı məqaləsi də çap olunmuşdur. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Ədilə Qocayeva,

AJB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...