Lilpar Cəmşidqızı. Bu ad və soyad ədəbiyyat aləmində yeni olsa da, istedadlı xanım Lilpar Cəmşidqızı yenicə çapdan çıxmış üç kitabı - “Tənhalıq içində əllər üşüyür”, “Rübailər çeşməsi” (toplu), “Qəzəllər” (toplu) kitabları ilə artıq sübut etdi ki, bundan sonra Azərbaycan və türkdilli xalqların ədəbiyyatında Lilpar Cəmşidqızı imzası yaşayacaq. Həm də bundan sonra çox maraqla, sevilə-sevilə oxunan şairə olacaq. Çünki bunu onun sosial şəbəkələrdə və saytlarda çap olunan şeirlərinə, qəzəllərinə və rübailərinə oxucu marağının həddindən artıq çox olması da sübut edir. Elə Sumqayıt şəhərində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt Şəhər Təşkilatının və Əli Kərim adına Poeziya Klubunun Lilpar Cəmşidqızının üç kitabının təqdimatı ilə əlaqədar birgə keçirdikləri çox maraqlı tədbir də bir daha sübut elədi ki, bu xanım keşməkeşli, əzablı həyat olan ədəbiyyat dünyasına çox ciddi yanaşır. Özünün bəddi yaradıcılığı ilə bu sahədə öz sözünü layiqincə demək istəyir.

Çox yaraşıqlı Sumqayıt Poeziya Evində ərsəyə gələn bu tədbirə həddindən artıq tamaşaçı gəlmişdi. Tədbiri giriş sözü ilə açan Əli Kərim adına Poeziya Klubunun direktoru, şair, Lilpar Cəmşidqızının ilk kitabı- “Tənhalıq içində əllər üşüyür” kitabının redaktoru İbrahim İlyaslı çıxışını bu sözlərlə başladı:
- Mən bu müddətdə çoxlu şairlərin kitablarının redaktoru olmuşam. Açığı həmin kitabların çoxuna bir redaktor kimi müdaxilə edib, yazılan şeirlərdə misralara düzəlişlər də etmişəm. Lilpar xanım yeganə şairədir ki, mən onun şeirlərini çox böyük həvəslə oxudum və heç bir şeirinə müdaxilə etmədim. Çünki onun şeirlərində hər şey yerli-yerində idi. Ən əsası da ədəbiyyat aləmi üçün bu şeirlərdə tapıntılar, yeni fikirlər çoxdur. Lilpar Cəmşidqızı sözlərdən ustalıqla istifadə etməyi bacarır. Onun şeirlərini oxuyan və yaradıcılıqla cəmi üç ildir ki, ciddi məşğul olduğunu bilməyən adam elə bilər ki, Lilpar xanım məhz ədəbiyyat sahəsi üzrə ali təhsil alıb və ən azından iyirmi ildir ki, şeirlər yazır və bu sahənin peşəkar ustasıdır. Bax bunu “Tənhalıq içində əllər üşüyür” şeirindəki bu misralar da sübut edir:

Qar yağır, küçələr, yollar üşüyür,
Qar yağır, dibçəkdə güllər üşüyür.
İstilik, hərarət axtarıb gəzir,
Tənhalıq içində əllər üşüyür.

Mən ona keşməkeşli yol olan bədii yaradıcılıqda böyük uğurlar arzu edirəm. Bu tədbiri aparmaq üçün sözü cavan şairə Fatimə Əlihüseynə verirəm.
Fatimə Əlihüseyn də ədəbiyyatın bir sirli, maraqlı dünya olduğunu sözünün əvvəlində bildirdi və sonra fikrini Lilpar Cəmşidqızının bu misraları ilə davam etdirdi:

Nə gözəl yaranıb ana təbiət,
Torpağın altı da, üstü də sərvət.
Cana dözüm gəlir, ürəyə qüvvət,
Hara baxıramsa şeir yaranır.

İlk sözü, yazıçı, dramaturq, rejissor, jurnalist, Respublikanın Əməkdar İncəsənət Xadimi və Lilpar Cəmşidqızını bir şairə kimi kəşf edən, onu çoxminli oxuculara daha yaxından tanıtdıran Ağalar İdrisoğluna verirəm.
- Mən Lilpar Cəmşiqızı ilə maraqlı şairə, “Azad qələm” qəzetinin baş redaktoru Nəcibə İlkin vasitəsi ilə tanış olmuşam, - deyə natiq sözünə başladı. Nəcibə xanım mənim feyzbuk səhifəmə bu ilin yanvar ayının əvvəlində Lilpar xanımın dörd şeirini göndərmişdi və xahiş etmişdi ki, bu şeirlər haqqında öz fikirlərimi bildirim. Bu şeirlər belə adlanırdı. “Ey insan”, “Vətən”, “Dağlar” və “ Yar görüşə gecikəndə” . Şeirləri oxudum və dördü də xoşuma gəldi. Birinci şeirdəki bu sətirlər gördüm ki, günümüzlə həmahəng səslənir.
İnsanlığı salma belə hörmətdən,

Niyə gözün doymur vardan, dövlətdən.
Başın gicəllənir saxta şöhrətdən,
Vaxt gəlib dünyanı dəyişən zaman,
Heç nə köməyinə çatmaz ey insan.

O biri şeirlərində də yeni misralar, yeni fikirlər, obrazlı tapıntılar çox idi. Beləcə Nəcibə xanım vasitəsi ilə Lilpar xanımla tanış olduq. Dedim ki, mənə özünün başqa şeirlərini və özü haqqında qısa məlumat göndərsin. Beləliklə, əlavə 30 şeir göndərdi. Oxudum və gördüm ki, çox peşəkar şairədir. Amma tərcümüyi-halını oxuyanda gördüm ki, Lilpar xanım bədii yaradıcılıqla cəmi üç ildir ki, çox ciddi məşğul olur. Açığı ona qarşı marağım bir qədər də artdı. Qısa həyat tarixçəsindən öyrəndim ki, Lilpar xanım Bərdə şəhərində anadan olub. Orada orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib. Atası Cəmşid kişi Dədə Şəmşirdən aşıq sənətinin sirrlərini öyrənib və az bir vaxtda Qarabağda sayılıb-seçilər aşıqlardan biri olub. Ona görə də Lilpar dünyaya gəldiyi gündən xəmiri sazla, sözlə yoğrulub. Evlərində tez-tez Qarabağda tanınmış şairləri, aşıqları görüb. Onların şeirlərini, mahnılarını eşidib. Lilpar xanımın özünün də qandan gəlmə gözəl səsi olduğuna görə orta məktəb illərində bədii özfəaliyyətlə məşğul olub. Həm də saz çalmağı öyrənib. Çox istedadlı olduğunu görüb, onu Respublika festivallarına göndəriblər. Xalq artisti Aybəniz Haşımova və başqa tanınmış müğənnilərlə həmin festivallarda iştirak edib. Bu festivallarda Lilpar xanım ən yüksək pillərə yüksəlib. Orta məktəb illərində arzusu müğənni olmaq olub. Həm də ara-sıra şeirlər yazıb və onun həmin şeirləri Bərdədə çap olunan qəzetdə işıq üzü görüb. Amma evdə razı olmayıblar ki, Lilpar xanım müğənni olsun. Ona görə də sənədlərini Azərbaycan Neft və Kimya İnstitutuna verib və ora yüksək balla qəbul olub. İnstitutu kimya-texnoloq mühəndisi ixtisası üzrə bitirsə də ailə hətayı qurduğuna görə bu sahədə işləməyib. Sonra başı ailə qayğılarına elə qarışıb ki, şeir yazmağı da yaddan çıxarıb. Amma üç il bundan qabaq yeniyetməlik illərindəki istək demək olar ki, Lilpar xanımın həyatınını büsbütün dəyişdirib. Belə ki, yenidən şeirlər, qəzəllər, rübailər yazmağa başlayıb. Bu dəfə ədəbiyyatla daha ciddi məşğul olduğuna və hər gün şeirlər yazdığına görə, demək olar ki, artıq 1000-dən çox şeirlər, qəzəllər və rübailər müəllifidir Lilpar xanım. Bu ilin yanvar ayının əvvəlində biz Lilpar Cəmşidqızının şeirlərindən, qəzəllərindən, rübailərindən seçmələr hazırlayıb, onları Sia.az və Az.PRESS az saytlarında yerləşdirdik. “Azad qələm” qəzetində çap olundu. Qısa vaxtda bu şeirlərə, qəzəllərə, rübailərə marağın çox olduğunu gördük. On minlərlə insanlar onun yaradıcılığından bəhrələndilər. Onun qəzəlində bu sətirlər həqiqətən də yeni olduğuna görə maraq doğurur:

Getmə ahəstə, gülüm, səbrinə qurban,
Xilqət yaradan qamətinin, sərvinə qurban.

Tovuz yerişinlə canımı-candan ayırdın,
Canımı alan, aləminin sirrinə qurban.

Onun yazdığı dörd sətirlik rübailər hər biri böyük məna kəsb edən bir əsərdir. Fikirimi sübut etmək üçün həmin rübaidən birini demək istəyirəm.

Nə istədin, zalım fələk bu candan?
Əzab verdin mənə eşqi duyandan.
Səy eylədim, arzu-kama çatmadım,
Sənlə məni divan etsin Yaradan.

Lilpar Cəmşidqızının yaradacılığına böyük oxucu marağının olduğunu görüb, təkilf etdik ki, kitablarını çap etdirsin. Beləliklə, qısa vaxtda bu üç kitab çap olunub, işıq üzü gördü. Hələ bundan sonra Lilpar Cəmşidqızının üç kitab da çap etdirməyə maraqlı şeirləri, qəzəlləri və rübailəri çoxdur. Yuxarıda dedyim kimi Lilpar xanım hər gün ya şeir, ya qəzəl və ya bir neçə rübai yazırsa qısa vaxtda böyük külliyatın sahibi olacaq. Ona bu müqəddəs və keşməkeşli yolda böyük uğurlar arzu edirik.
Sonra Fatimə xanım sözü maraqlı şair, publisit, Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt Şəhər Təşkilatının sədri Rafiq Odaya verdi. Rafiq müəllim Lilpar Cəmşidqızının əsasən qəzəlləri haqqında çox maraqlı fikirlər söylədi və onun qəzllərində olan yeniliklər, maraqlı tapıntıların olduğunu vurğuladı. Sona fikrini bu sözlərlə tamamaladı. Lilpar Cəmşidqızı maraqlı şairə olmaqla yanaşı, həm də maraqlı publisist və jurnalistdir. Bunu onun “Azad Azərbaycan”, “Azad qələm”, “Möhtəşəm Azərbaycan” və başqa qəzetlərdə, saytlarda çap olunan məqalələri, publisist yazıları da sübut edir. Ona görə də belə qərara gəldik ki, Lilpar Cəmşidqızını Azərbaycan Jurnalistlər Birliyinə üzv edək. Bizim bu təklifimiz idarə heyyəti tərəfindən yekdilliklə qəbul olundu və Lilpar xanım Azərbaycan Jurnalistlər Birliyinə qəbul olundi. İndi sizin iştirakınızla onun üzvülük vəsiqəsini vermək istəyirəm və ona bundan sonra da bədii yaradıcılıqla pararlel maraqlı publisist yazılar və məqalələr yazmağı da xahiş edirik. Çünki onun bu yazıları da oxucuların maraqla oxuduğu yazılardır.
Rafiq Oday tamaşaçıların alqışları ilə bileti Lilpar Cəmşidqızına verdi. Sonra söz Cəlilabad rayonundan gəlmiş şair, nasir, dramaturq, Lilpar Cəmşidqızının “Pübailər çeşməsi” kitabının redaktoru, dəyərli ziyalı Mirkamil Mirxəliloğluna verildi. Natiq öz fikrinə bu sözlərlə başladı:
-Rübai janrı ədəbiyyatın ən çətin janrıdır desəm, səhv etmərəm. Çünki burada dörd sətirdə çox böyük məna kəsb edən bir əsər yaratmalısan. Buna görə şairdən ilk öncə dərin savad, yüksək təxəyyül, böyük həyat təcrübəsi və müşahidə qabiliyyəti tələb olunur. Bu dörd misrada şair öz istedadını qəlblə idrakın vəhdətində göstərərək fikrini dolğun şəkildə izah edir. Bu sahədə Şərq poeziyasında Ömər Xəyyam, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai çox maraqlı rübailər yazıblar. Qadın şairələrimiz arasında Məhsəti Gəncəvi çox maraqlı rübailər ustası kimi ədəbiyyat aləmimizdə özünə yüksək yer tutub. Müasir ədəbəiyyatımızda Lilpar Cəmşidqızı da mənə elə gəlir ki, ən yaxşı rübailər yazan şairələrimizdən birincisidir desəm səhv etmərəm. Çünki o, öz daxili varlığında tüğyan edən İlahi eşqini, sevincini, rübailərində tərənnüm etməyə çalışır və əsasən də buna nail olur. Onun bu rübailəri mənə belə sözləri deməyə imkan verir.

Hər çiçəyin qönçələri zər olmaz,
Qönşələrdə jalə olar, sirr olmaz.
Bağban olsan, gülün dilin bilərsən,
Çiçəklərdən bülbüllərə yar olmaz.

Qaşlar özü təqlid edir qəməri,
Ala gözə düzüb müjgan çəpəri.
Lalə yanaq xalı düzüb nizamlan,
Mina gərdan, belə qıymır kəməri.

Biz, inanırıq ki, Lilpar xanım Məhsəti şamını sönməyə qoymayacaq.
Sonra söz tanınmış şairlər- Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlliyə, filologiya elmləri doktoru, şair Rafiq Yusifoğluna, qocaman şair Əvəz Mahmud Lələdağa, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Şöbəsində fəaliyyət göstərən “Zərif” Qadınlar Ədəbi Məclisinin sədri, şairə Xatirə Fərəcliyə verildi. Onlar Lilpar Cəmşidqızının şeirlərindən, qəzəllərindən, rübailərindən misallar gətirməklə onun yaradıclığını təhlil etdilər. Tanınmış şair, mərhum Xasay Cahangirovun həyat yoldaşı, şairə Solmaz Gahangir tribunaya yaxınlaşdı və belə dedi:
-Xasay müəllim haqqında çoxlu jurnalistlər məqalələr yazıblar. Amma Lilpar Cəmşidqızının yazdığı “Qoşa qanad- ağrılı-acılı məhəbbət dastanı” adlı çox geniş həcmli publisist məqaləsi qədər mənim ürəyimə yatan ikinci yazı olmayıb. Lilpar xanım bu yazısı ilə bizim keşməkeşli, ağrılı-acılı həyatımızı çox yüksək səviyyədə qələmə alıb. Buna görə belə xeyirxah, istedadlı xanıma mən sizin qarşınızda öz dərin təşəkkürümü bildirirəm. Lilpar xanım siz ki, öz yazılarınızla insanlara belə xoş ovqat, sevinc bəxş edirsinizsə çox sağ olun. Qoy Böyük Yaradan da həmişə sizə yardımçı olsun.
Bakıdan, Azərbaycanın rayonlarından gələn çoxlu yazarlar çıxış etdilər. Bu çıxışların içərisində Şəki rayonundan 400 kilometr yol gələn şair, böyük ziyalı, dəyərli insan Musa Həşimovun çıxışı daha maraqla qarşılandı və tamaşaçılar tərəfindən gur alqışlara səbəb oldu.
Tədbir boyu çox istedadlı xanəndə Məlahət Hüseynova Lilpar Cəmşidqızının qəzəllərini özünün məlahətli səsi ilə ifa etdi. Onu tarda isə Əli Quliyev yüksək peşəkarlıqla müşayət etdi. Çox istedadlı bədii qiraətçi, yaşının az olmasına baxmayaraq, hamı tərəfindən sevilən Aliyə Əliqızının, Lilpar Cəmşidqızının şeirləri və qəzəlləri əsasında hazırladığı və həmin tədbirdə söylədiyi kompozisiya gur alqışlarla qarşılandı. Eləcə də Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin şagirdləri Roza Xəlilovanın, Ayan Əliyevanın söylədikləri şeirlər də tamaşaçıların böyük marağına səbəb oldu və hərarətlə qarşılandı.
Sonda söz Lilpar Cəmşidqızının özünə verildi. O, bu tədbirə gələnlərin hamısına təşəkkürünü, minnətdarlığını bildirdi və iki rübaisini söylədi:

-Dolan qəlb evimdən, gör bir nələr var,
Bir yetim məhəbbət orda mələr, var.
İlləri ötürən bir qəm karvanı,
Ardıyca boylanan xatirələr var.

Yaralı könlümü aman incidir,
Səngimir ağrısı, yaman incidir.
Təbibi tapılmır, dəvası yoxdur,
Yaram yaşadığı zaman incidir.

Beləliklə, Sumqayıt şəhər Poeziya Evində iki saatdan çox davam edən bu tədbir, şəhərin poeziya aləmində maraqlı bir tarixə çevrildi. Bura toplaşan tamaşaçılar da bu tədirdən çox razı, böyük sevinclə getdilər. Biz də Lilpar Cəmşidqızına bundan sönra da daha maraqlı şeirlər, qəzəllər, rübailər yazmağı arzu edirik və onun yaradıcılığını bundan sonra da böyük həvəslə mətbuat səhifələrində işıqlandırmağa hazır olduğumuzu bildiririk. Gözəl bacım, yazın-yaradın. Qələminiz iti, yaradıcılığınız uğurlu olsun.
Yol boyu kitabınızdan oxuduğum bu rübai yaralı qəlbimi cuşa gətirdi.

Nanəsi, yarpızı bulaqda qalıb,
Laylası qanlıdır, dodaqda qalıb.
Vətəni yağılar viran eyləyib,
Çoban bayatısı yaylaqda qalıb.

Sizin Qarabağla, şəhidlərlə bağlı yazdığınız şeirlər, qəzəllər, rübailər inanırıq ki, insanlarımızı səfərbər edəcək və biz tezliklə həmin cənnətməkan yerlərimizi erməni gavurlarından geri alacağıq. Bax həmin vaxtı sizin yaradıcılıq gecənizi Qarabağ torpağımızda daha təm-təraqla keçirəcəyik. O günlər heç də uzaqda deyil.
Həmin vaxtı sizin bu rübainizi mən daha ucadan oxuyacam və hamını köməyə çağıracam.

Çağırın, ay ellər, dağı haraya,
Vüqarım sınıbdı, sığmır araya.
Öz kiçik xeyməmi axtarıb, tapım,
Düşməyim bu vaxtı özgə diyara.

Nəsibə KAMRANQIZ

Bütün xəbərlər Facebook səhifəmizdə