ARB telekanalının layihəsi "Xalqın şairi"nin aqibəti

(Parodiya)

Harda Yazıçılar Birliyi üzvlərinin münsiflər heyətində təmsil olunduğunu görmüşük, orada birtərəfli qaydada tərəfkeşlik müşahidə etmişik.
Müəllif

Sürreallıq, dekadentlik teyxa çirk,
Modernizmin hər bir növü oyun, sirk,
Nizamidən götür ibrət, müdriklik
Ki, həyatda dadmayasan göynəyi.

Epos çölü - Firdovsiylə Homer tək,
Boş, lüzumsuz kəlamlardan bez, əl çək,
Nəsimidən öyrənməli ənəlhəqq,
Qorxma, boya al qanına köynəyi.

Nərgizgülü, qarçiçəyi qoxuyun,
"İzm"lərdən siz az çələng toxuyun,
Təkrar-təkrar Drayzeri oxuyun,
İblis fərddən siz ayırın mələyi.

Yuvenalın satirası gərəyim,
Xoş möcüzə bu məxəzi görməyim,
Emil Zolya naturalizmi örnəyim,
Aşıb keçər zərbi çərxi-fələyi.

Süstlük azar, geri qalar təpərdən,
Adisindən döndüm, tutdum superdən,
Hinduları öyrənmişəm Kuperdən,
Narın ələr xalq ruhunu ələyi.

"İzm"ləri xəlbirindən kənar qoy,
Başucalıq hər bir fərddə nəsil, soy,
Marağımda Dostoyevski, Tolstoy,
Oxu, isit həm də kövrək ürəyi.

İbarəli ifadələr kəsirdi,
Sənət bilib, səcdə edən yesirdi,
Sərbəst vəzn dediyiniz nəsrdi,
Fərq eyləməz: udun, ya çeynəyin.

Hər bir münsif öz elmində kamildir,
Tərəfkeşlik hər birinə şamildir,
İfrat kəlam burda vacib amildir,
O həddə ki, gərək əysin biləyi.

Bu yarışda təkrarlandı, dübarə
Dəbdəbəli, boğaza yad ibarə,
Fakt çoxunu qoydu aciz-avara,
Çörəyçiyə verməilər çörəyi.

Aman Allah, bu nə məntiq, meyildi,
Bəzən oldu sözün haqqı yeyildi,
Ona ötən əsrin şeiri deyildi,
Üzlər qarsdı bu yad səmum küləyi.

Özünə xoş bir münsifin yerişi,
Digər münsif şeiri bilir şər işi,
Epiqrafı qüsur saydı zay kişi,
Yaxşı bilir keçməyəcək kələyi.

Tərəfkeşlik od tuturdu-yanırdı,
Münsiflər də şərti belə qanırdı,
Biri dedi təcnis zəif janrdı,
Olar yalnız aşıqların gərəyi.

Bu münsiflər qəribə bir zatdılar,
Yaşlıları bircə-bircə atdılar,
Uduzanlar cərgəsinə qatdılar,
Puç edildi "xalq şairi" diləyi.

Bir şairin üzü puçur-puçurdu,
Havalıydı, xülyaları qucurdu,
Yuxusunu pəncərədən uçurdu,
Burda münsif bulaşdırdı bələyi.

Bu münsiflər hədd-hüdudu keçdilər,
Mərhələyə "güclü şair" seçdilər,
Ləpirindən sərçələr su içdilər,
Sonra suya buraxdılar ördəyi.

Münsif etdi Bombey sənət yuvamı,
Huya getməz vətənimin avamı,
Fısqırıqdı layihənin davamı,
Səbəbkarlar vurar bəri-bəzəyi.

2-4.12.2017

Əz-qəzəli azman interneti-zaman
(Parodiya)

Bu müsabiqədə mən XXI əsrin qəzəlini görmədim
Məti Osmanoğlu
Qəzəl internetin xüsusi müasir bir bəhrində qələmə alınıb
Müəllif

Yarəb, bəlayi-internet ilə qıl aşinə məni,
Bir dəm bəlayi-internetdən etmə cüda məni.

Cəzb etməkdə məni daim "Odnaklasniki" çağırışları,
İstərəm bəd nəticələrdən qorusun xuda məni.

"Facebook" ahənrüba tək sarmaqdadı cismimi,
Qorxuram yad qəmzələrinə edə rahat qida məni.

Getdikcə ilişməkdəyəm nəhəng hörümçək toruna,
Qadir Allah, vermə laməkan saytlarda bada məni.

İnternetə suvaşmaz heç Füzuli məndən füzun,
Gərçi çoxdan girləyirdi bu şəri-iblisi xəta məni.

Mirzə, cumma əbəs xəyala ki, xilas edər hay-hayın səni,
Yalnız vay-fay qərq edəcək atəşi-duzəxdə oda məni.

03.12.2017

Mirzə QƏRƏNFİL

Bütün xəbərlər Facebook səhifəmizdə