XATİRƏ FƏRƏCLİ -1966-cı il fevral ayının 12-də Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub. 1983-cü ildən Sumqayıtda yaşayır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Başkent Edebiyat Kültür Sanat ve Eğitim Derneğinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsində fəaliyyət göstərən “Zərif” qadın ədəbi məclisinin sədridi. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər bölməsində işləyir.

SAYƏNDƏ

Halına görüntü etməklə məni

Rəzillik nə imiş gördüm, sayəndə.

Demirəm səhv etdim sənə uymaqda

Səhv, düz, bu “dostluğu” gömdüm, sayəndə,

Nə şəbədə qoşsan xası özünsən

Utancdır keçdiyin ömrü gəzinsən

Elə yosma-yosma sevgi gəzdin sən

Sevgidən soyudum, söndüm sayəndə.

Ölç, öz arşınınla ölçməyində ol,

Keç, gülünc yollardan, keçməyində ol,

Get ayrı görüntü seçməyində ol,

Dinmirdim, ilişdin dindim, sayəndə.

QAYTAR BU ÜMİDİ

Sən necə anlaya bilərsən məni

Mən özüm-özümü bilə bilmirəm.

Fikrimlə şum vurub, ceşin atıram

Sökürəm sinəmi niyə, bilmirəm.

Yaşamaq dediyin hal mənlik deyil,

Qaytar bu ümidi, al, mənlik deyil

Sükut mənlik deyil, qal mənlik deyil

Niyə gəldim belə Yerə, bilmirəm.

İlləri yellərə verməkdir işim

Yorub

yollarımı

yorğun yerişim

Hansı dağa çıxım, dərəni aşım

Verim belə ömrü selə, bilmirəm.

***

sevə biləcəyin bir kimsə ola

sevgin

şübhədən, xəyanətdən uzaq

qışda uşaqların tapdağından uzaq qalan

qar tək

tərtəmiz,

əsəsən üstündə

pöhrələnə

soyuğu, qışı adlayıb

baharda pöhrələnən şiv kimi

sığıb sığışdıra bilməyəsən bu sevgini,

bu sevinci heç yerə

məst olub

sərxoş səma kimi

çətir olasan bu sevgiyə.

BAHAR GƏLİR

Təbiət

qonaq gözləyən

ev sahibi kimi tədarükdə,

var – gəldədir

ağacların qarasını

çırpıb tökən külək də,

qar yükünü atmış göy üzü

bəyaz tül,

buludlar

ağlayıb ürəyini boşaldan adam kimi

yüpyüngül,

oturub

elçi daşı üstündə Günəş

açılıb eyni,

gözləri yanır bulaqların

eşqə düşən gənc kimi,

qucağı dolu dərələr

qayaların təbəssümünə

əzilib-büzülməkdə,

ağaclar düyün – düyün,

qoca ağacların

quruyan budaqları

yaşlanan gözəlin

üzündəki qırış kimi

sezilməkdə,

qış uzunu

lüt budaqları

dayanacaq yeri seçən

sərçələr

sevincək.

... demək

bahar gəlir,

bahar gəlir demək.

AĞ ÇİÇƏK

Ay ağ çiçək, ağ çiçək,

allar düşüb gözümdən.

İçimdə bir qallıq var,

gəl, al məni özümdən.

Ürəyim ağ kəlağay,

yer tapammıram sərim.

Belə ürəklə bəlkə

çiçək olub əzəlim.

Götür, hara istəsən

apar məni, at məni.

O Bəy bəyazlığına

bələ məni, qat məni.

Gedim bir ağ yuxuya,

gedim ağ mələk kimi.

Qayıdıb bu dünyaya

gəlim ağ çiçək kimi.

***

ürəklərlə oynayıb

ürək şəkli çəkən qız,

orda sevinc, həvəs nə rəng

kövrəlməyi göstər görüm

baş ürəklə,

ürək başla yollaşmasa yaman olur

darıxmağı göstər görüm

yaşantılar rəng-rəng, xal-xal

ordan nələr ötüb keçdi, orda nə var?

baş vurub çıxanlar kimlər

başa çəkilən kim olub?

Neçə arzu, istəklərə

əsim-əsim əsib gedib,

hansı əzab o ürəyi

öz içindən söküb, didib?

hələ,

hələ sənin üçün ürəklər eyni rəngdə

bu ” rənglərlə” dolu dünya

sənin üçün hələ bəyaz

hələ bir rəng

ürəkli qız,

ay dünyası, özü göyçək

sən

qırmızı qələminlə

qanla yaşayan ürəyi

qan rəngində çəkirsən

çək.

***

Mən

bir şeir havasında,

bircə şeir havasında

dolanıram hər yeri

dolanıb gəlirəm

dünyasını bir dəqiqəyə gəzən

saniyəölçən tək

qoşulub

dağ ətəyində topa-topa bulud kölgəsinə

axıb gedir ürəyim

yuyulur dünyanın kiri,

kini

yaşananlar qar üstündə

ləpir kimi

təzə doğulan

uşaq ruhuna dönür ruhum

uçuram,

uçunuram

gəzirəm eşqli, həvəsli

sevirəm

sarır içimi gözəllik, lütf, kərəm

sevgim,

sevgilim şeridir

vəfasız çıxsa ölərəm

***

qar yağıb dünyaya

qar yağıb

hər tərəf ağappaq, tərtəmiz

baxır

ilk dəfə qar görən körpə

o körpənin ruhu,

dünyası rəngdədir hər yer

qalsa,

qalıb çirklənəcək

ləkələr düşəcək bu qara

böyüyəcək uşaq

baxa-baxa

belə yağan, əriyən qarlara

böyüdükcə bozaracaq

bozaracaq dünyası

hər dəfə naxələflik,

saxtalıq görəndə

eybəcərləşəcək o dünya.

***

bu yağışa

sevgililər yağışı deyirlər

sevgililər yağışı

sakit, narın

çıxın sevənlər, girin qol-qola

bu yağışda islanın

təslim edin ruhunuzu bu yağışa

eşqinizə rəng qatın

ömrü

yağan zamanı,

gəldiyi yolu boyda

xatirəsi bir ömür

xatirəsi uzun

yığıb saxlayın ürəyinizdə bu yağışı

bu yağış hamınındır

bu yağış ikinizin.

***

Gedir

payız ilə dərdləşə-dərdləşə

ömrünü payızlara

paylayan qoca.

Bu dünyanın

günəşində isinib,

yağışında islanıb,

sevinc görüb,

qəm yeyib doyunca.

Sinəsi xatirələr məskəni

bəlli edir görünüşü,

görkəmi.

Daha

ayağı altda yer titrəmir,

əli titrəyir

bu qocanın,

birtəhər hərləyir canın.

Gedir,

dəstələyib əllərində illəri,

kim bilir nə düşünür ?!

bir ömür yola verib

bəllimi görən ona

ömür adlı

bu nəsnənin sirləri?

Sönükən gözlərində

bu dünyaya etiraz,

bəkləntisi

bəllidir

geci-tezi var bir az.

Durub gözünə yollar

enin-uzunun ölçür,

tapdalamır xəzəli,

dönüb yanından keçir

uzanır yolu.

Gedir,

gedir qüruba doğru...

ETİBAR İTƏRSƏ

Dindirmə, əriyər könlümün buzu,

Axar yanağımdan sellənib gedər.

Yazağzı sel-sudan çaxnaşıb artan

Çeşmə tək gözündən lillənib gedər.

Gün kimi gəlmişdin boran könlümə,

Ağlımın bəlası olan könlümə,

Demədim talan sal, talan könlümdə

Pünhanlar boy verər, bəllənib gedər.

Qəlbim qan gölüdür, ləngəri əldə

Titrədər toxunsa ötəri yel də

Etibar itərsə, qayıtmaz bir də

Güllə yeri kimi güllənib gedər.

YERİN BAĞRIMIN BAŞIDIR

Ömür yolda qatar ikən

Sinəm cadar-cadar ikən,

Arzularım çapar ikən

Minib tərkinə gəlmisən.

Olub keçənlər köçündən.

Ağrılarının içindən,

Sıyrılıb fağır suçundan

Ürəklə,ərklə gəlmisən.

İllər həsrət,qəm yaşıdı

Qəlb eşqinə başdaşıdı,

Yerin bağrımın başıdı

Gəl,öz mülkünə gəlmisən

GƏLDİN

Bayquş yurdu idi içim,

Sökülürdüm için-için,

Dərd idim, dindirən üçün

gəldin.

Gözləmirdim gəlişini,

Kim bilir könül işini?!

Xəyal kimi, xülya kimi

gəldin.

Yaşanan var, gəlməz dilə,

Çəkdiyini verib yelə,

Yollaşıb ürəyin ilə

gəldin,

gəldin.

MƏNİ ARA

Hər allanıb güləndə dan,

Hər yadına düşdüyüm an,

Ürəyin istəyən zaman

məni ara.

Bircə qəfil zəng səsiylə,

Bir “necəsən” kəlməsiylə,

Ürək ilə, həvəs ilə

məni ara.

Həzin meh tək əsim-əsim

Titrəməsin kəlmən, səsin,

Təkcə sayğı, diqqət bəsim

məni ara.

Bu ömürdür, elə-belə,

Ya sevin-gül, ya dərd elə,

Aldanaq bu sevinc ilə

***

darıxmağın daşın atdım

daha darıxan deyiləm

o ilan soyuqluğunu

sinəmə sıxan deyiləm.

tapınmışdım bir diləyə

kürüyüb verdim küləyə

bir dərdi də bu ürəyə

yükləyib yıxan deyiləm.

itirdiyini hələ sən

çətin anlaya biləsən

çıx get, getməyə tələsən,

arxanca baxan deyiləm.

***

ŞAMAXI YAXINLIĞINDA “TƏNHA TÜRK MƏZARI”NA

Ey,

başına turlu-türlü müsibətlər gətirilən

bir millətin ər balası,

daşıyırsan iftixarla Türk adını

özü boyda heykəl olmaq düşüb sənin qismətinə

görən hansı ana səni

ağrısını sevə-sevə gətirmışdi bu dünyaya

beşiyini yelləyəndə bilirdimi

o bir igid ər böyüdür

iki xalqın qürur yeri, səjdə yeri

heç bildimi yavrusunun qərib sandığı məzarı

neçə-neçə anaların ürəyində,

bu ölkəni vətən sanan,

bu millətin taleyinə yananların

ürəyində

sən torpağı qucaqladın, torpaq səni

bağrı şan-şan ola-ola

qucaqladı,

qucdu bərk-bərk

bu ölkədə tam haqqınla bir vətənin oldu demək

ay Türk oğlu, Türk igidi,

vətəndaşlığın mübarək!

***

BU NƏDİ?

Sən niyə baxırsan yollara, niyə

Kimi gözləyirsən, gözüm, bu nədi?

Ürəyim, köksümü dağıtma, toxta

Yoxsa tükənibdi dözüm, bu nədi?

Nədi bu intizar, bu qüssə, ələm?

Könlümü uçurur boğulan naləm

Çökübdü çöhrəmə qəlbimdəki qəm

Solub yanaqlarım, üzüm, bu nədi?

Köçüm uzaqlarda … ömür də yarı,

Yağır, çalın-çarpaz taleyin qarı.

Yeriyir üstümə qəm karvanları,

Bəs hanı təpərin, dizim, bu nədi?

QATAR GÖZLƏYİRƏM

Bu qatar da ötüb getdi

Ünüm yetmədi, yetmədi.

Gedib, gedib gözdən itdi

Güman itmədi, itmədi.

Bir dəli inada qulam,

Könlümdə dağıntı, savaş.

Nagüman qatar gözləyib,

Nə çəkirəm biləydin kaş.

Söykənib tənha söyüdə

Budaqdan bar gözləyirəm.

Qatarlanıb illər gedir

Mənsə qatar gözləyirəm.

* * *

Bu bahar anamsızam

Yer, göy canlandı bu bahar

mən cansızam.

Bu bahar bənzəmədi əvvəlkilərə

Girmədi ürəyimə bu bahar

Qarışıb sularına

göz yaşım axdı...

Qarışmadım bu bahara

uzaqdan baxdım...

***

qısılıb səsi içinə

ad günündə

yaşının içindən keçən adamın

çöküb özünə,

titrəyir içi

ötüşüb gedən fəsillər kimi

ötüşür fikirləri

canında zamana üsyan

əlindən çıxıb yadından çıxmayan

fürsətlərin təəssüfü,

üst-üstə yüklənən illərlə

yaşlanıb yük olmaq qorxusu,

gözlərindən boylanır dünyanın yağışı

sıxıb çənəsini

fürsət gəzir haray çəkib köksünü boşalda

tullaya boşluğa bağrını yaran ağrıları

qurtula o səsdən

götürüb canını qaçır, qaçır

ağır yüklü maşını ötürən kimi

ötürür, yola verir yollar

illərin yükü çiynində,

harayı içində olan

bu yüklü, ürəyi dolu adamı

yola verir yollar

çatacaq ünvanına hələ var,

hələ var...

Bütün xəbərlər Facebook səhifəmizdə