Doğma yurdu Laçının düşmən tapdağında inlədiyi zamandan Sevinc xanım, qaçqınlıq həyatı başlayan vaxtda hələ uşaq olsa da həmin dövrdən keçən bu 25 ildə elə bil ki, nisgil dolu 100 illik bir ömür yaşayıb. Yəqin elə ona görə də lap uşaq yaşlarında şeir yazmağa başladığı dövrdən o, uşaq yox, yaşlı insanların düşüncəsi səviyyəsində şeirlər yazıb. Bu, özünü onun ilk şeirlərindən biri olan “Şəhidləşmişəm” şeirində çox aydın göstərir.
Güllənin altından keçib gəlmişəm,
ölümlə üz-üzə pəncələşmişəm.
Kim deyir ki, qorxub qaçıb gəlmişəm,
ruhum güllələnib şəhidləşmişəm.

Demə, gözlərində niyə qəm gəzir,
mən bahar ömrümü qışa vermişəm.
Könlüm tənələrdən usanır, bezir,
sanki mən dünyaya köçkün gəlmişəm.

Qarşımızdakı Sevinc Qəribin ilk kitabı olan “Hardasa o uzaqlarda” ilk şeirlər kitabında belə maraqlı, yurd həsrətli, Vətən dərdli şeirlər çoxdur. Mənə ən çox xoş gələn Sevinc Qəribin başqa yazarlara oxşamayan öz dəsri-xəttinin olması və həm də bu kitabda çox böyük mövzu rəngarəngliyinin olmasıdır. Belə ki, Xocalı haqqında yüzlərlə şeirlər yazılıb. Çoxu da mövzusuna görə bir-birinin təkrarıdır. Amma Sevinc Qəribin Xocalıya həsr etdiyi “O yanda bir yurd dağılıb” şeirinin hər bəndi bir haray və nisgildir:

Allah bu nə yanğıdı belə,
içimdə bir dərd ağlayır.
göynəyirəm göyüm göyüm...
qalmışam əli qoynunda
kimə açım, kimə deyim?!
saçımı yolmağım gəlir,
haray çəkib ağlamağım,
fəryad qoparmağım gəlir.

O yanda bir yurd dağılıb,
xaraba qalıb evləri,
meşəsini don vurub,
torpağına qan yağıb,
diriləri dərbədər,
ölüləri kəfənsiz
bir şəhər əsir qalıb.

Günahsız bir şəhər oyun qurbanı-
qarış-qarış güllələndi o gecə.
Namusuna haram əllər uzandı,
qeyrətinə qara düşdü o gecə...

Ümumiyyətlə Sevinc Qəribin şeirlərini oxuduqca görürük ki, onun yaradıcılığı daha çox yurd-yuva həsrətinə köklənmiş qəmli, nisgilli hekayələrdir. Amma bu dərdlərin, qəmlərin içərisindən sabaha bir inam var. “Unudacam” şeiri ilə o sabah yenidən gələcək:

Unudacam qram-qram, qətrə-qətrə...
dünənimin bu günümə “xəyanəti”
sabahıma yoluxmasın...
Dünən, sevgimi aldı,
bu günümü ayrılığa öyrətdi,
sabahım tənha olmasın barı...

Aşağıda misal gətirdiyim bu şeirdən də bir daha görünür ki, Sevinc Qərib həqiqətən də keçilmiş yollarla getmir və özü öz yaradıcılığı üçün yeni cığır açır. Öz sevgilisinə sevgisini və poeziyaya sevgisini belə formada bəyan edən aşiqlərin duyğusunu yalnız Sevinc xanımın şeirində oxumuşam:

Kipriyini duyğularla qovuşdur,
yuxu gözlərinə şeir oxusun.
Ürəyini sahmana sal, yığışdır,
düşüncən ruhuna yuxu toxusun.

Sevinc Qəribin ilk kitabı “Hardasa o uzaqlarda” kitabının Sumqayıt şəhər Poeziya evində keçirlən təqdimatı da çox yüksək səviyyədə keçdi. Bu tədbiri açan Poeziya evinin direktoru, çox maraqlı şair İbrahim İlyaslı, Sevinc Qəribin yaradıcılığı və ilk kitabı haqqında öz ürək sözlərini dedi. Sonra sumqayıtlı şairlər- Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli, filologiya elmləri doktoru Rafiq Yusifoğlu, Qənirə Mehduxanlı, Rafiq Oday, Zirəddin Qafarlı, Xatirə Fərəcli, Sabir Yusifoğlu, Ənvər Məcid, yazıçı-publisist- Əməkdar jurnalist Eyruz Məmmədov, yazıçı, Poeziya evinin bədii rəhbəri Almaz Sahilə və başqaları Sevinc Qəribin şeirlərindən misallar gətirməklə onun həqiqətən də Allah vergisi, çox istedadlı şairə olduğunu vurğuladılar. Kitabın redaktoru, şair Namiq Dəlidağlı Sevinc Qəribin Laçınla bağlı şeirlərindən parçalar söyləyərək, onun doğma yurda necə bağlılğını böyük istəklə vurğuladı. Və onun yaradıcılıq sahəsində gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə böyük ümidlə baxdığını bildirdi.
Sevinc Qəribin şeirləri bədii qiraətçi Şəms Qiyasovanın ifasında sürəkli alqışlarla qarşılandı.
Sonda Sevinc Qərib çıxış edərək, Poeziya evinin rəhbərliyinə, sumqayıtlılara belə yaraşıqlı Poeziya evi verdiyinə görə Sumqayıt çəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və öz həmkarlarına dərin təşəkkürünü bildirdi. Və öz şeirlərindən nümunələr söylədi. Onun sonda dediyi “Hardasa o uzaqlarda” şeiri bizi dərdli, nisgilli yerimiz olan və bir vaxtlar cənnətməkan bildiyimiz, amma bu gün gavurların əli ilə xaraba qalmış bir yurda çevrilən Qarabağa apardı:

Hardasa o uzqlarda
bir qərib
vətənsizlikdən üşüyür.
Əynində isti paltarı,
evinin istisinə isti çatmaz,
yenə üşüyür...
üşüyür qışın qar dodaqlarının
buza dönmüş öpüşü kimi,
üşüyür son közü sönmüş
ocağın üşüyən ümidləri kimi.
Üşüyür...
əyninə geyməyə Vətəni yoxdu...

Amma biz inanırıq ki, tezliklə əsirlikdə olan Qarabağ torpaqlarımızı, cənab prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasəti ilə Azərbaycan ordusu tezliklə geri qaytaracaq və həmin vaxtı Senic Qərib də qələbə ruhlu, öz adı sevinc kimi sevinc əhval-ruhiyyəli şeirlər yazacaq.

Lilpar CƏMŞİDQIZI
Şairə, publisit,jurnalist
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...