Firdovsi ƏLƏMOĞLU (Hacısoy)

Sevin bir anlıq

Getdi gəncliyimiz, ağız dadımız,
Daha çəkilməyir qoşa adımız,
Barı tanrı olsun qoy imdadımız,
Nə tez başımızı aldı qocalıq.

Ürəklər döyünmür əvvəlki kimi,
Nəfəsin isitmir daha qəlbimi,
Bükdü zalım fələk axır qəddimi
Uzaq keçmişlərdə qaldı cavanlıq.

Gözlərin od tutub, alışmır daha,
Könüllər düz gəlmir, barışmır daha,
Elə bil batmışıq birgə günaha,
Sönüb günəşimiz, olub qaranlıq.

Daha yastıqları qoşalaşmırıq,
Uzun gecələri şaqqıldaşmırıq,
Nə qədər istəsək, biz yollaşmırıq
Getdi yağlı tikə, qaldı yavanlıq.

Firdovsi, özünü salma nəzərdən,
Odlu gəncliyini xatırla hərdən
Sən ki, şirə çəkdin neçə gözəldən
Qayıt keçmişinə, sevin bir anlıq.

20.03.2016 saat 05:00

Tən gələ bilməz

Gözlərim önündə bir xəyal kimi,
Açıb qollarını durmusan ana.
Şirin yuxularda röyalar kimi,
Məni ağuşuna almısan ana.

Ana bir yanadır, varlıq bir yana,
Varlığı yaradan anadır, ana.
Allahın hökümüylə güc gəldi ona,
Bizləri dünyaya bəxş etdi ana.

Gecələr yatmadı dərdi- sərindən,
Gizlədi sirrini, xəcalətindən.
Kasıblıq varlığın alsa da əldən,
Yenə əyilmədi düşmənə ana.

Firdovsi, anaya tapmazsan əvəz,
Boş yerə dünyanı nə dolan, nə gəz,
Qoysan tərəziyə əgər dünyanı,
O da ana ilə tən gələ bilməz.

16.04.2016

Ürəyim

Dad eylədim ürəyimdən,
Heç yatmadım rahat mən.
Gər, yazılış belə imiş,
Ürəyim “daş ürəy” imiş.

Yuxularım haram oldu,
Arzularım taran oldu.
Dərd çəkənə, dərd nə imiş,
Ürəyim “daş ürəy” imiş.

Hər an güddü əcəl məni,
Qovdu etdi “dəcəl” məni.
Qorxudmadı “xəncəl” məni,
Mənim canım nə bərk imiş?!
Ürəyim “daş ürəy” imiş.

Gözləyirəm son günümü,
Unutmuram ölümümü,
Tanrı yazdı bu dözümü,
Demək bəxtim belə imiş,
Ürəyim “daş ürəy” imiş.

Firdovsi baxma ağrıya,
Dua et hər gün tanrıya.
Bəlkə bir gün bağışlaya,
Bu da ondan “bəxşiş” imiş
Ürəyim “daş ürəy” imiş.

02.01.2017 saat 03:30

Vaxtsız məhəbbət

Yaman isindirdin məni özünə,
Odlu baxışların alışıb yanır.
Baxa bilməsəm də, mən gözlərinə
Nədənsə əllərim sənə uzanır.

Yanağın qızılgül ləçəyi kimi,
Qızarıb allanır məni öp deyir.
Gözlərin işıldaş böcəyi kimi
Sancılır gözümə, gözümü yeyir.

Bilmirəm nə işdir vuruldum sənə
Heyif ki, ömrümün payız çağıdır.
Sən də vurulmusan bilirəm mənə,
Bu vaxtsız məhəbbət ürək ağrıdır.

10.06.2015

Yoxsa yaşamaram

Baxışla sən məni, sənə baxıram,
Neynim gözəlliyin cəzb edir məni.
Su olub qəlbinə sel tək axıram,
Alışıb yanmamış söndürüm səni.

Odlu baxışların başqa bir aləm,
Boy, buxun yerində biçilmiş sənə.
Sən olan ürəkdə nə kədər, nə qəm,
Aləm heyran qalıb gözəllliyinə.

Yerişin takka-tak, ceyran yerişi,
Gülüşün gül açan çiçəyə bənzər.
Harda öyrənmisən belə vərdişi,
Sürgün baxışların adamı üzər.

Könlümə sən yaman yatmısan mənim,
İnan ki, ölərəm sənə baxmasam.
Sənin həvəsinə vurur ürəyim.
Yoxsa yaşamaram mən səhər, axşam.

09.07.2017

İş yoldaşım
Şair-həkim Hacı Malik Şabranlıya ithaf olunur

Malik bu dünyanın dərdi, qəmi çox,
Çalış güc vurma sən, çəkə bilməzsən.
Həyat bir ümmandır baxsan sonu yox,
Atılma sən ora, üzrə bilməzsən.

Həm ögey, həm doğma anadı,
Bəxtigir insana xanadı dünya.
Demə ki, düz gedir, yanadı dünya,
Büdrəyər ayağın gəzə bilməzsən.

Dünya sonsuz səhra, biz qoca dərviş,
Həmişə düz gəlməz gördüyün hər iş.
Elə et, bilməsin nə dodaq, nə diş,
Söyləsəm dərdimi, dözə bilməzsən.

Firdovsiyəm, yaxşı tanı məni sən,
Tanımasan, yaxşı nədi? bilməzsən.
Oxuyan çox bilməz, bilər çox gəzən,
Şairsən, qiymət ver yaxşı sözə sən.

02.01.2017 saat 0430

Ürəklərdə bahar oldu

( qəzəl)
Yenə dogdu günəşimiz, yenə fəsli bahar oldu,
Açıldı qönçəli güllər, hər tərəf laləzar oldu.

Gəldi bülbüllərin səsi, yenə də coşdu nəğmələr,
Hər yan al-əlvan geyindi, yenə güllü bahar oldu.

Qəlbim fərəhləndi mənim, gördükcə gözəl növrağı,
Yetişdi, gəldi vədə ki, yenə də növbahar oldu.

Deyin insanlar mənə, kim sevməz belə dövranı?!
Xoş keçdikcə günlərimiz, hər dərdimiz hamar oldu.

Firdovsi, zövq əhli deyil, o kəski, bunu duymasın,
Yox oldu qüssə, qəmimiz, ürəklərdə bahar oldu.


25.02.2016

Qaytar
(mahnı mətni)

Mən getmirəm bilə-bilə,
Gətirəsən məni dilə.
Mən ayrılmaq istəmirəm,
Baxım sənə elə-belə.

Ürək yandı közə döndü,
Xatirələr sözə döndü.
İndi mənə get deyirsən,
Üzün məndən niyə döndü.

Qaytar onda ilk sevgimi,
Kədərimi, sevincimi.
Qaytar mənə həyatımı,
Qaytar mənə gəncliyimi.

Aldanıb şirin dilinə,
Saldım səni ürəyimə.
Daha orda yerin yoxdur,
Qayıt əvvəlki yerinə.

05.01.2017

Yaxşılıq apar...

Boğazdan yuxarı danışırıq biz,
Milləti dar gündə axtaranlarıq.
Xəbislik hissiylə yaşayırıq biz,
İnsanı xoş gündə saymayanlarıq.

Varmı öz xalqını düşünən bu gün?!
Yalançı vədələr baş alıb gedir.
Yeddi arxasına vurubdu yükün,
Haqqı söyləyənə daş atıb gedir.

Oğru doğrulara mən haqqam deyir,
Doyurub qarnını dayanır gendə.
Güclülər gücsüzün qazancın yeyir,
“Demokl” qılıncın tutub əlində.

Hara gedirik biz bu minval ilə,
Sökürük dünyanı, yoxsa tikirik?!
Qəbir qazıyırıq öz əlimizlə,
Özümüz-özmüzə yaxşı bilirik.

Dünya var dövləti dünyada qalar,
Hamının son payı beş metir ağdır.
Çalış o dünyaya yaxşılıq apar,
Bu dünya heç kimə qalmayacaqdır.

Siyəzən
20.01.2016

Məni sevməyəni, sevməyəcəyəm

Qorxmursan allahdan qəlb sındırırsan,
Birin yamayırsan, birin qırırsan.
İnan ki, cəzasız qalmayacaqsan,
O günü bəlkə mən görməyəcəyəm.

Satqınlara, çalış arxalanma gəl,
O bir gün sənə də törədər əngəl.
Vaxtı yetişəndə gələcək əcəl,
Sən məni sıxmaqla ölməyəcəyəm.

Firdovsiyəm, xeyirxahdır əməlim,
Hələ bir günaha batmayıb əlim.
Vaxt gələr, çatacaq sənə sözlərim,
Məni sevməyəni sevməyəcəyəm.

04.01.2016

Vətən əvəz olunmaz

İtirsək oğulu, itirsək qızı,
Qınamayın məni yenə taparıq.
Versək əlimizdən torpağımızı,
İtirsək vətəni əvəz tapmarıq.

Ana qucağıdırVətən hər kəsə,
İtirsək ananı, yetim qalarıq
Anasız sığınnıq yenə bir kəsə,
Özgə vətəninə biz sığınmarıq.

Qeyrət zamanıdır, düşünək bir az,
Vətənsiz heç zaman millət olmarıq.
Quruyar sevincdən bir gün Xan Araz,
Birləşib əvvəlki vətən olarıq.

04.04.2017

Bütün xəbərlər Facebook səhifəmizdə