Tədbirdə “Gecikmiş şəhidin ömür yolu”na aydınlıq gətirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi" adlı layihə əsasında "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində daha bir maraqlı və yaddaqalan tədbir keçirilib. Tarix boyu Kəlbəcər rayonunun ədəbi və mənəviyyat beşiyi sayılan, erməni vandalizminin qurbanlarından biri, Xocalı kimi yer üzündən silinmiş, Dədə Şəmşirin və ustad söz sərrafı Ağdabanlı Qurbanın yurd-yuvası olan Ağdabanın igid, cəsur, qorxmaz, doğma kəndinin müdafiəsində dəyanətlə dayanaraq, erməni vandallarına, silahlı quldur dəstələrinə dəfələrlə layiqli və tutarlı cavab verərək, onların qəniminə çevrilmiş məşhur döyüşçü Saşa Hüseynovun ömür və döyüş yolundan bəhs edən "Bir şəhidin gecikmiş ömür yolu" kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini açan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini, dəyərli ziyalı Həbib Misirov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Kəlbəcər şəhidləri haqqında oçerklərdən ibarət kitabın nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatının keçirilməsi" adlı layihə haqqında tədbir iştirakçılarına çox ətraflı məlumat verib: “Cənab Prezident İlham Əliyevin müstəqil dövlətimizin hərtərəfli inkişaf etdirilməsi istiqamətində yürütdüyü dərin siyasət Ermənistanın işğal altında saxladığı ərazilərimizin azad edilməsinə hesablanıb. Hər bir Azərbaycan vətəndaşının da üzərinə düşən borcu layiqincə yerinə yetirməlidir. Biz, yalnız birlikdə düşmənə qalib gələ bilərik”.

Sonra natiq vurğulayıb ki, artıq reallaşan layihələrimizin əsas qayəsi Vətənimizin hər guşəsini, xüsusən də işğal altında qalan Kəlbəcərimizi orada dünyaya gəlməyən və o cənnət-məkan yerləri öz doğamalarından, kitablardan və sənədli telefilmlərdən öyrənən gənc nəslə tanıtmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirməkdir: "Biz istəyirik ki, Kəlbəcərlə, o cümlədən Ağdabanla bağlı çoxlu işlər görək. Dünya xalqlarına sübut edək ki, Ağdaban da Xocalı kimi erməni gavurları tərəfindən vəhşicəsinə yer üzündən silinib. Biz öz haqq işimizi dünya xalqlarına çatdırmaq üçün çox işlər görməliyik”.

Tədbirdə Kəlbəcər rayonundan olan, eləcə də respublika ədəbi ictimaiyyətinin nümayəndələri, həmçinin məktəblilər iştirak edirblər. “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, Kəlbəcərin tarixi və ədəbi dünyasının tədqiqatçılarından olan, Ağdaban faciələrinin şahidi və bu faciələri ilk dəfə qələmə alan, onlarla kitabın müəllifi, yazıçı-publisist, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu, ağdabanlı şair Qurban, Dədə Şəmşir, Qənbər Şəmşiroğlu və başqa tanınmış insanların ədəbi irsinin toplanıb nəşr edilməsinə xüsusi xidmətlər göstərən yazıçı-publisist Füzuli Ramazanoğlu, İctimai Televiziyanın əməkdaşı, jurnalist, “Ozan” verilişinin müəllif-aparıcısı Qorxmaz Firudinoğlu, “Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin layihələr departamentinin rəhbəri, 23 nömrəli Kəlbəcər tam orta məktəbin direktoru, yüksək təşkilatçı xanım Həqiqət Şükürova, təqdimatı keçirilən kitabın müəllifi, şairə-publisist, bir-birindən maraqlı ondan çox kitabın müəllifi, böyük ictimaiyyətçi, “Azad qələm” qəzetinin təsisçisi və baş redaktoru Nəcibə İlkin, qəzəlxan-şairə Gülarə Munis, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, yazıçı, dramaturq, rejissor, jurnalist, 12 kitabın və “Şah İsmayıl” kimi çox maraqlı pyesin müəllifi, bu pyesdə Hüseyn Lələ bəyin (Miskin Abdalın) dolğun obrazını qələmə almış və həm də Miskin Abdalın tədqiqatçılarından biri, 120-dən çox bir-birindən maraqlı tamaşaların quruluşçu rejissor, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Ağalar İdrisoğlu Saşa Hüseynovun döyüş yoldaşı Sarvan Cəfərov və digərləri Ağdaban faciələri barədə özlərinin maraqlı, ürəkləri göynədən dəhşətli fikirlərini söyləyib, kitab haqqında fikirlərini bölüşüblər.

Sonra düşmənə qarşı amansız olmuş, şəhidliyi ilə ailəsinə, el-obasına başucalığı gətirən Saşa Hüseynovun övladları – Gülbəniz və Mütəllim Hüseynovlar atalarına həsr edilmiş kitabın işığına toplaşmış vətənpərvər insanlara, xüsusən şairə-publisist, bu kitabı ərsəyə gətirən Nəcibə İlkinə, təqdimatın yüksək səviyyədə təşkilinə görə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını, təşəkkürlərini bildirdilər. Saşa Hüseynov Bakıda yaşamasına baxmayaraq, doğulduğu Ağdaban kəndi və Kəlbəcər rayonu darda olanda 50 yaşlı bu insan Kəlbəcərə gəlib, döyüşlərdə çox yaxından iştirak edib, qəhrəmancasına vuruşaraq şəhid olub. Ağdabanda erməni gavurlarının qarşısını kəsib və kənd camaatının kənddən çıxmasına qəhrəmancasına köməklik edib.

Sonda tədbir iştirakçıları Dədə Şəmşirin həyat və yaradıcılığını özündə əks etdirən muzeyi ziyarət ediblər. Bu muzey çox yüksək səviyyədə yaradılıb. Burada təkcə Dədə Şəmşirin yox, həm də onunla bağlı kökün - Miskin Abdalın, Aşıq Ələsgərin, şair Qurbanın haqqında çoxlu məlimatlar, foto şəkillər var. Muzeydə Dədə Şəmşirin obrazlı ayaq üstə heykəlinin düzəldilməsi, sözün həqiqi mənasında böyük bir sənət əsəridir. Hamı bu canlı sənət əsərinə böyük heyranlıqla baxır. Tədbir iştirakçıları bu müqəddəs məkanda xatirə şəkilləri də çəkdiriblər. Beləliklə, çox maraqlı bir tədbir tarixə çevrilib.

Nicat NƏRİMANOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə