(Elegiya)

Onu təkcə Lənkəranda yox, Cənub bölgəsində hamı xoş xatirələrlə yada salır. Çünki bu insanın yeganə amalı belə olub: “Ona müraciət edən xəstələri sağaltmaq. Ana olanlara təkcə özləri yox, həm də dünyaya gətirdiyi övladlarının salamat qalması üçün əlindən gələni etmək. Həm də ana olmaq arzusu ilə yaşayan və dünyaya övlad gətirməkdə problemləri olanlara da var qüvvəsi ilə köməklik etmək və onları bu müqəddəs arzularına çatdırmaq”. Məhz buna görə Lənkəranda və Cənub bölgəsində onun adını - Sevil adını daşıyan qızlar çoxdur. Bəs kimdir bu insan? Kimdir bu həkim ki, dünyasını dəyişməsindən on il keçsə də hamı onu xatırlayır? Bu, Sevil Müzəffər qızı Ələkbərovadır.

Necə oldu ki, Sevil xanım həkim oldu sualına o, çox maraqlı cavab verirdi: “Atamın vaxtsız ölümü yaman sarsıtmışdı anam Səltənət xanımı və biz yeddi bacını. Çünki həmin vaxtı mənim doğulduğum Ağdam şəhərində yaxşı həkim demək olar ki, yox idi. Atam da öz peşəsini yaxşı bilməyən həkimlərin səhvi ucbatından dünyasını dəyişdi. Ona görə də anam çox istəyirdi ki, övladlarından, yeddi qızından biri hökmən həkim olsun. Bu qismət də mənim payıma düşdü. Azərbaycan Dövlər Tibb İnstitutunu bitirdim. Amma Ağdama qayıda bilmədim. Çünki tələbəlik illərində tanış olduğum Nəsirağa ilə ailə həyatı qurub, onun doğma yurdu Lənkərana gəldim. Amma anamgili də yaddan çıxarmadım. Ailəmizdə kimsə xəstələnəndə mən tez orada olurdum”.

Nəsirağa Rzayev cərrah idi. Sevil xanım Ələkbərova isə genekoloq-qadın həkimi. Tezliklə Nəsirağa həkim Lənkəran Mərkəzi Xəstəxanasında, Sevil Ələkbərova isə həmin xəstəxananın ginekoloji şöbəsində işə başladılar. Həmin vaxtı Lənkəranda öz peşəsinin yaxşı biliciləri olan həkimlər çox idi. Bu həkimlərin yanında da özünü sübut etmək elə də asan deyildi. Amma Nəsirağa və Sevil həkimlərin öz üzərlərində gecə-gündüz çalışmaları, həkimlik sənətinin incəliklərinə daha dərindən yiyələnmələri az bir vaxta öz bəhrəsini verdi. Nəsirağa Rzayev şəhərin baş cərrahı oldu. Sevil Ələkbərovanı isə ginekoloji şöbəyə müdir təyin etdilər. Düz 13 il bu şöbəyə rəhbərlik elədi Sevil həkim. Bu müddətdə 8 mindən çox qadın xəstəliyinə qarşı əməliyyat apardı. Onun şöbəyə rəhbərlik elədiyi vaxt nə bir ana, nə də bir övladı tələf olmadı. Az bir vaxtda sinəsini orden-medallar bəzədi Sevil həkimin. Haqqında nəinki respublika, hətta Sovetlər Birliyi mətbuatında çoxlu yazılar yazıldı. Amma özünün həmin vaxtlar dediyi kimi ən böyük mükafatı ailələrə sevinc bəxş edən saysız-hesabsız körpə gülüşü, gəlinlərə nəsib olan analıq səadəti, yenidən həyata qaytardığı insanların, onların yaxınlarının alqışları oldu. Onun həmin vaxtlar tez-tez dediyi belə bir cümlə olub: “Xəstə həkimin gözündən şəfa tapmırsa, həmin adamın həkim işləməyə haqqı yoxdur”.

Beləliklə, bu gün Sevil həkimin ömrü Sevil adını daşıyan qızların ömrünə calanıb və davam edir. Onlar Sevil həkimin çata bilmədiyi arzulara çatırlar və onu hər an yad edirlər. Onu da vurğulayım ki, Sevil həkimin oğul nəvəsinin də adı Sevildir. O, nənəsinin adını daşımaqla, həm də gələcəkdə onun sənətini davam etdirəcək. Sevil Anar qızı hal-hazırda Seçenov adına Birinci Moskva Dövlət Universitetinin Bakı filialının II kurs tələbəsidir.

Həmin vaxtı rayon rəhbərliyi və respublika səhiyyə rəhbərliyinin təkidi ilə Sevil Ələkbərovanı Lənkəran şəhərində yerləşən Regional Onkoloji Dispanserə baş həkim təyin etdilər. Cəmi 10-15 çarpayılıqdan ibarət olan bu Onkoloji Dsipanseri Sevil həkim qısa vaxtda 50 çarpayılıq bir səfa ocağı etdi. O, burada da xəstəlikdən əziyyət çəkən çarəsiz insanların sevimlisi olur. Göydə Allah, yerdə Sevil Müzəffər qızı çoxlu insanların ömrünü uzatdı. 20 il bu Dispanserə rəhbərlik edən Sevil xanımdan həmişə hamı razılıq etdi. Ona bir el anası kimi hamı hörmət elədi. Sevil Ələkbərova da Lənkəran Xalq Deputatları Sovetinin deputatı kimi bu sahədə də insanların hüququnu qorudu, onların müdafiəsində durdu.

Nəsirağa Rzayev və Sevil Ələkbərova uzun illər pedaqoji sahədə də çalışdılar. Onlar Lənkəran Tibb Texnikumunda da dərs deməklə, bu sahədə mütəxəssislər yetişdirdilər və səhiyyə maarifini yüksək səviyyədə təbliğ etdilər .

Sevil Ələkbərova şair təbiətli həkim idi. Qarşımda onun uzun illər yazdığı, amma çap etdirmədiyi şeir dəftəri var. Burada bir-birindən maraqlı şeirlər yazılıb. Onlardan biri diqqətimi cəlb elədi. “Bahar gəldi” adlanan bu şeir vaxtı ilə “Söz” jurnalında da çap olunub.

Ətrafa sal nəzər, gülür hər çiçək,
Yenə bənövşələr dəstələnibdir.
Dağlar bəzənibdir təzə gəlin tək,
Çaylarda nəğmələr bəstələnibdir.

Dönüb qaranquşlar öz yuvasına,
Bahar qaytarıbdır yarpaqları da.
Açıb yaxasını yaz havasına,
Oxuyur bu elin bulaqları da.

Verib çiçəklərlə dodaq-dodağa,
Arılar bal yığıb qayıdır şana,
Verib küləklərlə dodaq-dodağa,
Söyüdün nəğməsi daşır cahana.

Tarlalar, zəmilər dolur gülüşlə,
Ey zəhmət həvəsim sönməyəcəksən.
Bahar, sanıram ki, sən bu gəlişinlə
Bir daha geriyə dönməyəcəksən!

Sevil həkimin bütün şeirləri belə maraqlı və oxunaqlıdır. Hətta Qarabağın erməni gavurları tərəfindən işğal olunması da onun dilindən yanıqlı, mübariz şeirlərə çevrilib. Ağdamın işğalını Sevil həkim heç cürə qəbul eləyə bilmirdi. Həm də sevimli anası Səltənət xanımın, bacısı Abıhəyat xanımın, bacısı oğlu, polis mayoru Hafiz Abdullayevin, bacısı nəvəsi Yalçının Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmələri və digər qohumlarının bu döyüşlərdə şikəst olmaları Sevil Ələkbərova üçün böyük bir dərd, faciə idi. Bunlar da çox sızıltılı, qəmli şeirlərə çevrilirdi. Minlərlə insanı ölümün pəncəsindən, xəstəliyin dəhşətlərindən xilas eləyən Sevil həkim Qarabağ kimi cənnətməkan bir yurdumuzun erməni gavurlarının əlinə keçməsinə dözə bilmədi. O, əsəbindən, doğma Ağdamın düşmən əlinə keçməsinə dözməyib, bu vuruşda əsgərlərimizə kömək etməkdə gücsüz olduğunu başa düşdüyündən beyininə qan sızdı və iflic oldu. Düz il yarım yataqda qaldı Sevil həkim. Amma möhkəm iradəli xanım olan Sevil həkim bu xəstəliyə qalib gəlib, ayağa durdu. Yenidən öz işini davam etdirdi. Bu xəstəlikdən sağalmasına xəstələri onun özündən çox sevinirdilər.

Sevil Ələkbərovanın 60 illik yubileyi də Lənkəran rəhbərliyi və yerli camaat tərəfindən çox böyük təmtəraqla, məhəbbətlə keçirildi. Hətta “Cənub” televiziyası onunla bağlı maraqlı televiziya filmi çəkdi. Bu film tamaşaçıların arzusu ilə televiziyada bir neçə dəfə də göstərildi.

Sevil həkimin hələ uşaqkən yazdığı şeirləri Ağdamda əmisigildə qonaq olan və bu şeirləri oxuyan dahi Səməd Vurğun ona bu sənətin dalısıycan getməyi tövsiyyə eləsə də Sevil, anasının arzusu ilə həkim olmuşdu. Amma o, ədəbiyyat sahəsində çalışan insanlarlara da dostluq, yoldaşlıq edirdi. Hətta xalq yazıçısı Mirzə İbrahimov, xalq şairlərı Rəsul Rza, Nigar Rəfibəyli də onun yazdığı şeirlərə maraq göstəriblər. Tanınmış şair, uzun illər Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinə rəhbərlik edən Şəkər Aslan da “Evə məktub” kitabında Sevil Ələkbərovaya bir şeir həsr eləyib.

Yenə qarşımdadır şeir dəftərin,
Baxıram utancaq sətirlərinə.
Dil açır saf, təmiz düşüncələrin,
Hər sözün işlənər dərman yerin.

Artıq 10 ildir ki, haqq dünyasına qovuşan Sevil həkim haqqında söz düşəndə onun ömür-gün yoldaşı Nəsirağa həkimi qəhər boğur. Çünki onlar sevimli ömür-gün yoldaşı olmaqla birlikdə, həm də yaxşı həmkar idilər. Birlikdə çoxlu cərrahiyyə əməliyyatları eləmişdilər. Həyatda olduğu kimi çətin cərrahiyyə əməliyyatlarında da bir-birini yarım sözdən başa düşürdülər. Ona görə də onların etdiyi cərrahiyyə vaxtı heç bir bədbəxt hadisə olmamışdı. Amma 82 yaşlı Nəsirağa həkim üçün ən bədbəxt hadisə Sevil həkimin onu bu dünyada tək qoyub, vaxtından tez haqq dünyasına qovuşmasıdı. O, demək olar ki, hər gün müqəddəs kitabımız olan Quranı oxuyur və Sevil həkimə, yaxınlarına dualar deyir. Nəsirağa həkim deyir ki, baxmayaraq biz öz sənətimizin peşəkarı idik, amma cərrahiyyə əməliyyatlarından qabaq Ulu Tanrıya yalvarırdıq ki, bu çətin cərrahiyyə əməliyyatlarından bizi üzü ağ çıxarsın. Ulu Tanrı da bizi eşidirdi. İndi mən onun müqəddəs kitabını oxuyuram. Yəqin ki, Sevil həkimin ruhu da məni eşidir...
Bu gün Nəsirağa həkimin və Sevil həkimin arzularını onların qızı Aygün Məmmədova çin eləyir. O da həm atası, həm də anası kimi yüksək peşəkar həkimdir. Bioloji Təbatət Kilinikasının ən aparıcı həkimlərindən biridir. Aygün həkim də nevropatoloq kimi çoxlu xəstələrə şəfa verib. Aygün həkim anası Sevil Ələkbərovanın ədəbiyyat sahəsində də yolunu davam etdirməklə bir-birindən maraqlı şeirlər yazır. Hətta onun bioloji təbabətə həsr etdiyi şeirinə bəstəkarlar musiqi yazırlar. Bu mahnı gələcəkdə bioloji təbabətin himninə çevriləcək. “Ot kökü sütündə bitəndə daha möhkəm olur”- deyib babalar.

İnanırıq ki, Sevil həkimin ruhu da hər an qızı Aygün xanımın yanında olur. Ona öz sənəti ilə bağlı bizim eşidə bilmədiyimiz məsləhətlərini, xeyir-dualarını verir. Yəqin elə buna görə də bir həkim kimi Aygün Məmmədovaya müraciət edənlərin sayı çoxdur. Xəstələr, onu özlərinə ümid qapısı bilirlər. Necə ki, bir vaxtlar xəstələr Nəsirağa və Sevil həkimləri özlərinin ümid qapısı bilirdilər və onlara müraciət edirdilər. Ümid isə, həyatın sərmayəsi deməkdir.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə